Hacıqəhrəmanlı qəsəbəsi ötən ilə yekun vurdu

 

 Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

"... Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır, heç kimdə şübhə doğurmur. Azərbaycan hətta dünyanı bürümüş böhran illərində öz inkişafını təmin etmişdir, inamla irəliyə getmişdir, insanların rifah halı yaxşılaşır, iqtisadiyyat artır. İqtisadiyyatın bütün sektorları inkişafdadır. Şaxələndirmə siyasəti öz nəticəsini verməkdədir. Beləliklə, uğurlu inkişaf üçün bütün imkanlar vardır. Sadəcə olaraq gələn illərdə biz bu ardıcıl siyasəti aparmalıyıq”.

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Kürün sahilində öz sakit həyatını yaşayan Hacıqəhrəmanlı qəsəbəsi tabe olduğu Şirvan şəhərindən o qədər uzaqda yerləşmir. İqtisadiyyatını əkinçilik maldarlıq təşkil edən bu qəsəbədə bu gün 2476 nəfər insan yaşayır. 517 təsərrüfatı özündə birləşdirən qəsəbənin işgüzar, halal zəhmətlə yaşayan insanları həmişə dövlətə, dövlətçililyə sadiq olmuşlar. 1975-ci ildən qəsəbə statusunu almış Hacıqəhrəmanlıda bu gün kifayət qədər iri xırdabuynuzlu mal-qara da var. Kənd təsərrüfatı ilə birgə digər sahələrdə çalışan qəsəbə sakinlərinə 6 ticarət obyekti xidmət göstərir. Bu sakinlərin firavan yaşamalarında onların böyük zəhmət nəticəsində ərsəyə gətirdikləri istixanaların da öz rolu var. Bu istixanalardan sakinlər hər il kifayət qədər pomidor, xiyar, bibər kimi ərzaq məhsulları əldə edə bilirlər.

 

İlk söz icra nümayəndəsinindir

 

Soyuq yanvar günlərində Hacıqəhrəmanlı qəsəbəsinə Şirvan şəhərinin idarə təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri bu dəfə bir məqsədlə gəlmişdilər. Bu dəfə onlar Şirvan şəhər İcra Hakimiyyəti başçısının Hacıqəhrəmanlı inzibati ərazi vahidi üzrə nümayəndəsi Şakir Hacıyevin hesabatını dinləyəcəkdilər. İcra Hakimiyyətinin birinci müavini Samid Abıyevin ümumi çıxışından sonra icra nümayəndəsi söz aldı. Şakir müəllim bildirdi ki, 2014-cü il Hacıqəhrəmanlı qəsəbəsinin həyatında uğurlu il olmuşdur. Qəsəbəyə 12 kilometrlik internet xətti çəkilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq qəsəbədə 14 kilometr uzunluğunda asfalt yol inşa edilərək sakinlərin ixtiyarına verilmişdir. Hacıqəhrəmanlıların daha bol kənd təsərrüfatı məhsulları yetişdirmələri üçün 2 su nasosu təmir edilərək istehsalçıların ixtiyarına verilmişdir. Bu müddət ərzində elektrik enerjisinin, mavi qazın, içməli suyun verilməsində heç bir problem olmamışdır. Qəsəbəyə pənah gətirmiş qaçqınlara, məcburi köçkünlərə daha çox diqqətin, qayğının ayrılmasından da bəhs edən Şakir müəllim qəsəbənin tikinti, abadlıq işlərindən eyni həvəslə danışdı bu işlərin davam etdiyini bildirdi.

 

 

Məktəb direktoru deyir

 

Hacıqəhrəmanlı qəsəbəsində regionların sosial-iqtisadi inkişaf Dövlət Proqramına əsaslanan daha bir lahiyə 2011-ci ildə əsaslı təmirinə başlanan 630 yerlik tam orta məktəb binası olmuşdur. 2012-ci ilin 15 sentyabrında şagirdlərin ixtiyarına verilmiş bu məktəbin ayrıca su, elektrik, istilik sistemi var. 3 mərtəbəli bu binada idman akt zalları, kompüter otağı, kitabxana fəaliyyət göstərir. Məktəb bəlkə regionda yeganə təhsil ocağıdır ki, 1 hektarlıq həyətyanı sahəsində yerli şəraitə, relyeftə uyğun olaraq ən müxtəlif çinar ağacları əkilmişdir.

2010-cu ildən bu təhsil ocağına rəhbərlik edən məktəbin direktoru Bədirxan Qurbanov bildirdi ki, hazırda 374 nəfər şagirdin, 44 nəfər müəllimin çalışdığı məktəb ötən il tədrisin keyfiyyətinin yüksəldilməsinə diqqəti daha da artırmışdır. Əlavə etdi ki, nəticədə 7 nəfər məzunumuz müxtəlif ali məktəblərə daxil olmuşdur. Fərəhli haldır ki, bunlardan biri H.Əliyev adına ali hərbi məktəbdə, digəri Türkiyənin Uşşaq Universitetində təhsil alacaqlar. Şagirdlərin dərsə davamiyyətlərindən, müxtəlif fənn yarışmalarında həvəslə iştirak etmələrindən görünür ki, son vaxtlar Hacıqəhrəmanlı qəsəbəsində elmə, maarifə maraq xeyli çoxalıb. Valideynlərin məktəblə daha sıx əlaqə yaratmaları da işimizə xeyli dərəcədə təsir göstərmişdir. Bütün bunların sonunda isə daha böyük uğurlar durur.

 

Sağlam ruhun sağlam daşıyıcıları

 

Hesabat yığıncağında şübhəsiz ki, çoxluq təşkil edən Hacıqəhrəmanlı sakinlərinin daha maraqla dinlədikləri həkim tibb məntəqəsinin müdiri Namiq Heybətov oldu. Məntəqə müdiri Namiq Heybətov bildirdi ki, məntəqəyə ötən il sakinlər tərəfindən 1462 müraciət olunmuşdur. 2014-cü il ərzində aparılmış profilaktiki tədbirlər nəticəsində qəsəbədə heç bir ciddi xəstəlik qeydə alınmamışdır. Digər xəstəliklərlə də müqayisədə ötən il bu faktlar xeyli azalmışdır. Ötən il qəsəbədə 43 doğum qeydə alınmış, heç bir ölüm faciəsi baş verməmişdir. Həkim sonda bildirdi ki, ruhən sağlam olan hacıqəhrəmanlılar fiziki cəhətdən də kifayət qədər sağlamdırlar.

 

Qəsəbə qayğılardan da xali deyil

 

Səmimilik şəraitində keçirilən yığıncaqda o da məlum oldu ki, qəsəbədə həllini gözləyən məsələlər də var. Suvarılan torpaqlarda suyun çatdırılmasında yaranan çətinlik buna misaldır. İçməli su qayğısını həll etmək üçün qəsəbədə 2 modul tipli qurğunun quraşdırılması da 2015-ci ilə təsadüf edəcək. Məktəbə şagirdlərin daha tez və tətilsiz getmələri üçün küçələrin birindən əlavə piyada yolunun açılması da vacib işlərdən biridir. Və sair və ilaxır...

Hacıqəhrəmanlı qəsəbəsində həyat öz ritmi ilə davam edir. Qayğıları, sevincləri, fərəhləri ilə. Elə həyat da budur.

 

Səxavət Məmmədli

 

Ədalət.-2015.-27 yanvar.-S.7.