MƏHƏBBƏTSİZ ÖTƏN
BİR İL
Buna inanmaq mümkün deyil
Ötən həftənin şənbə
günü
köhnə dostum
İlhamla
(İlham Alışanov
Ə.M.) üzbəüz oturmuşdum, ordan-burdan danışırdıq...
Dağı arana çəkirdik, aranı da dağa. Birdən
İlham dedi ki, yəqin unutmamısan, 28-də Məhəbbət
Kazımovun il
mərasimidi...
Doğrusu, bir anlıq İlhamın dedikləri mənə yuxu kimi gəldi. İnana
bilmədim ki, zaman bu sürətlə
ötüb keçir...
İnana bilmədim ki, bir il artıq tarixə çevrilib... Və inana bilmədim
ki, biz bir il Məhəbbətsiz yaşaya bilmişik!..
Bəli,
düz bir il bundan
öncə elə-belə
yağışlı, çiskinli
bir gündə döydü qapımızı
qara bir xəbər. Dostların, onun sənətinin pərəstişkarlarının üstünə od
ələndi, su ələndi, qar yağdı, şaxta düşdü. Hamımız
don vurmuş kimi bir anda qıc
olduq, keyləndik, haldan, heydən düşdük. İnana bilmədik
bu xəbərə.
Çünki inanılması mümkün
deyildi. Ürəyi Laçın boyda
olan, dili Laçın söyləməkdən
yorulmayan bir səsin sahibi bizi tərk edib gedə bilməzdi. Çünki bizim arzularımız
var idi, niyyətlərimiz var idi. Biz o arzuları,
niyyətləri Laçında
gerçəkləşdirəcəkdik.
Şuşaya qələbə bayrağı sancılan günü Məhəbbət
o bayrağın altında
üzü Laçına
dayanıb "Laçınım"
mahnısını oxuyacaqdı.
Və sonra da biz o "Laçınım"
mahnısının sədaları
altında üzü Laçına gedəcəkdik...
Ona görə də mən həmişə sözündə, vədində
dəqiq olan, dilinə yanlış bir fikir gətirməyən
Məhəbbətin arzumuza,
niyyətimizə belə
biganəlik, etinasızlıq
göstərəcəyini qəbul
edə bilmədim.
Üstəlik də, öncələr
onun barəsində bir neçə dəfə şayiələr
yayıldığından düşündüm
ki, bu dəfə
də onun bədxahları belə bir qara xəbəri
dillərinə gətiriblər.
Amma sən demə...
Onda da oturmuşduq İlhamla birlikdə Məhbbətin
özünə çəkildiyi
"Məhəbbət" restoranında. Yenə özümüzdən, ailəmizdən, Laçından,
Tuğdan danışırdıq.
Təzəcə başlamışdıq qismət kəsməyə.
Qapı açıldı. Həmişəki təbəssümüylə, həmişəki
ərkiylə od-alov kimi daxil oldu
içəri. Öpüşdük, görüşdük. Üzünü
İlhama tutdu:
- Bəs gəlmisiniz niyə xəbər vermirsiniz?
Hər ikimiz bir az günahkar kimi gülümsədik. Və İlham dedi ki:
- Uşaqlardan soruşdum, dedilər dincəlirsən.
Ona görə narahat etmədik.
Yenə
Məhəbbət həmin
o səmimiyyətiylə, həmin
o doğmalığıyla:
- Mənim dincəlməyim dostlarla, sizlərlə, doğmalarla, camaatımla bir yerdə olanda ürəyimə yatır. Ayrı cür dincəlməyi
mən bacarmıram - söylədi.
Bəli,
üçümüz də
bu görüşdən
məmnun halda yedik, içdik, söhbət etdik və hətta Məhəbbət İrana
gedib gələndən
sonra özünü necə gümrah hiss etdiyini elə bir şövqlə dedi ki, içimizdəki
sızıltı sanki
bir anda qeybə çəkildi. Tamam unutduq onun hansısa
bir ağrı-acı
yaşadığını. Başladıq yenə zarafatlaşmağa,
yenə dostlara zəng vurmağa. Öncə xalq artisti Yasin
Qarayevin telefonunu yığdı, onunla zarafatlaşdı. Sonra
Afiq Vəlimətovun telefonunu, onun ardınca Etibar Hübətovu, Nəsib Qosayevi axtardı... Təsadüf elə gətirdi
ki, bu dostlar
şəhərdən kənarda
olduqlarından bizimlə
bir masa ətrafında toplaşa bilmədilər. Amma ürəkləri,
xeyir-duaları, arzuları
bizimlə birlikdə oldu. Hətta biz məclisdən durub ayrılanda Məhəbbət imkan vermədi ki, hansısa bir taksini saxladaq. Əlini çiynimə qoyub İlhamı da özünə tərəf çəkib
gülə-gülə dedi:
- Bəs bu maşını
nədən ötəri
almışam?
Sualına da özü cavab verdi:
- Özümüz üçün.
Əyləşin, uşaqlar sizi
harda desəniz düşürüb qayıdıb
gələrlər.
Ona etiraz etməyin yeri yox idi. Çünki o, dediyinin həyata keçiməsini elə səmimiyyətlə istəyirdi
ki, bunu nəyəsə görə
edilmədiyi aydın olurdu. Bilirdin ki, el arasında
deyildiyi kimi, bu, xalaxətir təklif deyil, içdən gəlir.
Biz də onun iç dünyasına özü qədər bələd idik. Ona görə də onunla sağollaşıb ayrıldıq...
İndi də o məqamı, o günü xatırlayanda içimdə bir qəribə hiss baş qaldırır. Öncə Allahıma minnətdar
oluram, sonra dostum İlhama. Çünki həmin yerdə əyləşib
qismət kəsməyi,
bir az
qayğılardan uzaqlaşmağı
məhz İlham təklif etdi. Və bu təklifi
də mənə Məhəbbət Kazımovla
ölümündən 10-15 gün öncə üzbəüz oturmaq, onun səsini, onun özünü gözlərimə, ürəyimə,
yaddaşıma köçürmək
imkanı verdi.
Və həmin vaxt vədələşdik ki,
yaxın vaxtlarda bayaq adını çəkdiyim dostlarla birlikdə bir gen-bol oturarıq. Təəssüf... Biz bu arzuya da
qovuşa bilmədik.
Söhbət əyləşib hansısa
nemətləri dadmaqdan
getmir. Söhbət Məhəbbəti dinləməkdən,
onun dostların xatirinə etdiyi zümzümələrin qanadında
Qarabağı dolaşmaqdan,
Laçına getməkdəndi...
Nə isə...
İki gün öncə nəşriyyatın birinci
mərtəbəsində Etibar
mənə bir kitab verdi
- "O səsin sehri".
Bu kitab Məhəbbət
Kazımov haqqında xatirələr toplusudu.
Həmçinin bu kitabda Məhəbbətin ömrünün
müxtəlif anlarını
tarixiləşdirən fotolar,
ona ithaf edilmiş şeirlər də yer alıbdı.
Mən kitabın üz qabığında Elnur Baxış imzasını
görüb maraqla vərəqlədim. Öncədən
deyim ki, Elnur bəy çox savab bir iş görüb.
Məhəbbətin ruhu qarşısında
onun bu kitabı
yaxşı bir xatirədi, abidədi.
Və düşünürəm
ki, bu kitabda
söylənilən bütün
fikirləri toplum halında Məhəbbət
sevənlərə hədiyyə
olunması Məhəbbət
Kazımovun ölməz
ruhunun və səsinin əbədiyaşarlığına
həm də sübutdu, təsdiqdi. Çünki
bu kitabda Azərbaycanın çox
böyük ziyalılarının,
sənət adamlarının,
o cümlədən Zeynəb
Xanlarovanın, Şəfiqə
Axundovanın, Sara Qədimovanın,
Əlibala Məmmədovun,
Habil Kamanın, Kamil Cəlilovun, Ağaxan Abdullayevin, Arif Babayevin, Ramiz Zöhrabovun, Qədir Rüstəmovun, Niyaməddin Musayevin, Rasim Balayevin, İslam Rzayevin, Süleyman Abdullayevin, Mənsum İbrahimovun, Alim Qasımovun və daha neçə-neçə
ünlü simaların,
həmçinin dəyərli
şairlərimiz Ramiz
Rövşənin, Ramiz
Qusarçaylının, Zöhrab
Tahirin, Zəlimxan Yaqubun, Paşa Qəlbinurun, Məmməd
Aslanın, Rəşad
Məcidin, Əli Mahmudun, Fərqanə Mehdiyevanın və digərlərinin fikirləri,
poeziya çələngləri
toplanıbdı. Ümumiyyətlə,
bu kitabda Məhəbbət Kazımova
ehtiram, sevgi dolu bir söz
abidəsi ucaldılıb,
Bəli, mən bir ilin
necə keçdiyini düşünə-düşünə onun barəsində dəfələrlə yazdığım
məqalələri, onunla
olan müsahibələrimi,
söhbətlərimi bir
daha vərəqlədim.
Həmin
köhnə yazıların
arasında Məhəbbət
haqq dərgahına qovuşandan sonra onun adına
bağışladığım şeirə rast gəldim. Mən o şeiri bu
gün Məhəbbətin
cismən bizdən ayrıldığı günün
bir illik həsrəti fonunda sizlərə təqdim edirəm.
Demə,
nə çal-çağır,
ya nə mağardı -
Özünə tutduğun toydu, Məhəbbət!
Bir az yubansaydı,
durub baxardı -
Hoydu söyləyərdi, hoydu,
Məhəbbət...
Gördü kim əl gəzdi, kimlərsə ətək
Kimlər
baş oynatdı, kimlər də göbək...
Arı nə daşıyır, göstərir pətək
-
Səsini
ortaya qoydu Məhəbbət...
Çox
duydum, çox gördüm hayandan baxsam
Yanırdı ürəyi - sanki
bir ağ
şam!
"Laçınım" söyləyən
hər səhər, axşam -
Laçınsız qalmaqdan doydu Məhəbbət...
Tanrıdan pay idi istedad ona
İlk sevgi... söyləyib od salmaq
cana.
Səsin
bağışlayıb Azərbaycana
-
Fələyin köksünü oydu
Məhəbbət!
... Hə, biz bir ildi sənsizik. Amma mən bizsiz deyilsən. Çünki sənin ruhun həmişə bizimlədi, bizim yanımızdadı. Biz onu görmürük, amma duyuruq, eşidirik. Ona görə də sən əlçatmaz və əbədisən. Sadəcə, cismini aparmısan. Biz insanlar cismləri görməyə öyrəşmişik, ruhları yox. Ona görə də bizlər günahkarlarıq. Haqq dünyası ruhların oylağıdı. Sənin bir oylağın da Laçındı, Azərbaycandı. Ruhun şad olsun, qardaş! Görüşənədək!
Ədalət.-2015.-28 yanvar.-S.5.