"Ögey
ana"nın Cəmiləsi: "Biz çaya
yıxılanda artıq oktyabrın əvvəli idi, su soyuq idi..."
“Ögey ana”nın Cəmiləsinin Milli.Az-a müsahibəsi
Miqyas etibarilə
kiçik bir ölkə olan
məmləkətimizin elə
təkcə kino
tarixinə nəzər salıb ötən əsrdə çəkilmiş filmlərin bir
çoxunun bu günə qədər
baxımlılıq iqtidarından düşmədiyinin fərqinə varanda
qürur keçirməmək
mümkünsüzdü. “Azərbaycanın kino incilərindən” adlı layihəmizin bu
səhifəsi “Ögey
ana” ekran əsərinə
həsr edilib. Həmsöhbətimiz isə filmdə Cəmilə
rolunu ifa etmiş Sevinc
Axundovadı. Sevinc xanım ömrünü pianino
çalmağın sirlərini
tədris etməyə həsr
edib. Tələbələri
arasında böyük səhnəyə
və hətta dünya
səhnəsinə qədər
yüksələn gənclər var.
Cəmiləni görmüş,
ya Sevinc xanımı görmüş - həmin
qızcığaz kimi bu
xanım-xatın qadın da mehriban, gülərüz,
ünsiyyətcildi. Özü də
qəhrəmanını sevə-sevə
canlandırmağı ötəri
hiss kimi solmayıb – iki qız övladından böyüyünün
adını Cəmilə qoyub.
İncəsənətə
olan sevgisi,
sayğısı qızlarının peşə seçiminin
azadlığına mane olmamaqda
da özünü
göstərib - Cəmilə xanım
modelçi-rəssam,
Çinarə
xanım isə ixtisasca rejissordu,
hazırda Uşaq Filarmoniyasında
çalışır.
“Ögey ana”
bədii
tammetrajlı ağ-qara filmi
1958-ci ildə
Bakı kinostudiyasında lentə
alınıb. 1959-cu ildə
Kiyevdə baş tutan Ümumittifaq kinofestivalında III mükafata layiq görülüb. Film 42
yaşlı Nəsibə Zeynalovanın kinoda ilk böyük
işidi.
Ekran əsərinin ssenari müəllifləri Həbib İsmayılov və eston ədibi Anna Yan, quruluşçu rejissoru Həbib İsmayılov, quruluşçu operatoru Xan Babayev, quruluşçu rəssamları Elbər Rzaquliyev və Məmməd Hüseynov, bəstəkarı Tofiq Quliyev, mahnıların mətninin müəllifi Zeynal Cabbarzadə, mahnıları ifa edən Şövkət Ələkbərovadı.
Filmdə
Nəcibə Məlikova (Dilarə),
Fateh Fətullayev
(Arif), Həqiqət Rzayeva
(Qəmər), Ələsgər
Ələkbərov (Hüseyn
dayı), Hacı Murad Yagizarov
(Ayaz), Nəsibə Zeynalova
(Fatmanisə), Ceyhun Mirzəyev
(İsmayıl), Sevinc Axundova
(Cəmilə), Şəfiqə Qasımova (Zeynəb) və başqaları
çəkiliblər. Dilarə obrazını
Hökümə Qurbanova, Hüseyn dayı
obrazını Məmmədrza Şeyxzamanov
səsləndiriblər.
“Sonra
aktrisa olan qız Cəmilə roluna sınaqdan keçməmişdi”
- Cəmilənin böyüdüyü mühitlə Sevincin böyüdüyü mühit bir-birindən çoxmu fərqli idi?
- Bir o qədər də yox. Mənim həyatdakı anam da tibb sahəsində idi, əməkdar həkim idi. Atam isə “AZİ”-nin dosenti olub. Bir
bacı, bir qardaşıq. Amma heç birimiz nə atamızın yolunu davam
etdirmədik, nə də anamızın. İkimiz də musiqi sahəsini seçdik. Mən incəsənəti çox sevirəm. Hesab edirəm ki, incəsənətsiz həyat çox maraqsız
olardı. Mənə aktrisa olmağı tövsiyə edənlər də var idi. Amma musiqiyə olan məhəbbətim üstün gəldi, pianino müəlliməsi oldum. Bu da müəyyən mənada incəsənətə bağlı olmaqdı. Həm də atamın ürəyincə olmazdı aktrisa olmağım.
- “Ögey ana” filminin çəkiliş meydançasına düşməyiniz
necə
baş verdi?
- Rəhmətlik dayım oğlu Elxan Əliyev kinostudiyada operator
işləyirdi. Bu film üçün müsabiqə keçiriləndə məni də gətirdi. Məndən başqa çox uşaq
var idi. “Keçi” şerini dedim. Sonra isə mənə dedilər ki, ağlamalı, ya məzəli situasiya olsa,
özünü necə apararsan, göstərə bilərsənmi? Mən də həmin situasiyaları göstərdim. Nə isə, beləliklə, müsabiqədən keçdim. Cəmilə roluna sınaqdan keçməyə gələnlər arasında bir qız da var
idi, adını çəkmək istəmirəm, sonra o, aktrisa oldu. Onu da deyim ki, rejissorun
özünün qardaşı oğlu da İsmayıl roluna
sınaqdan keçirdi, elə həyatda da adı İsmayıl idi,
yadıma gəlir, gözəl oğlan idi, iri qara gözləri var idi, amma obrazı ifadə eləyə bilmirdi, ona görə o, təsdiq olunmadı, Ceyhun Mirzəyev təsdiq olundu. Həm də Ceyhun ondan əvvəl başqa filmlərdə epizodlarda çəkilmişdi. Demək istəyirəm ki, seçim
çox ciddi idi.
Nə isə, rejissor məni bəyəndi, dedi ki, bax, mən Cəmiləni bu cür təsəvvür eləyirdim. Saçım da uzun
idi, atamdan icazə aldılar ki, əl boyda kəssinlər. Nə əl boyda?! Ta çiynimə qədər kəsdilər. Ceyhunla mən və başqa uşaqlar, onlar da
Bakı məktəbliləri idi, təsdiq olunandan sonra bizi qrim elədilər, pavilyonda sınaq çəkilişləri aparılandan sonra İsmayıllının
Qalaçıq kəndinə yola düşdük. Çox gözəl yerdi. Orada müxtəlif kənd sakinlərinin evində qalırdıq, çox
mehriban adamlar idi, mən anamla və Ceyhun anası ilə eyni ikimərtəbəli bir evdə yaşayırdıq. Bir dəfə Nəcibə xanımın oğlu gedib
tövləyə girmişdi, inək az qala onu vuracaqdı. Yaxşı ki, ev yiyəsi vaxtında təhlükənin qarşısını
aldı. Dərsdən geri qalmamaq üçün bir müddət kənd məktəbinə də getdik. Bu dərəcədə biz uşaqların
qayğısına qalırdılar. Pioner baş dəstə rəhbəri Solmazı oynayan qız da
Bakıdan idi, ondan başqa daha heç bir filmdə çəkilməyib, sonra da ailə qurdu, mənimlə, Ceyhunla həmsöhbət idi. Bir gün mənə, Ceyhuna, bir-iki cavan
işıqçılara dedi ki, gəlin, dağa çıxaq.
Ceyhunun ayağına nə oldusa, heç dağa çıxmağa
başlamamış geri qayıtdı. Elə bil bilirdi ki, getməsək, yaxşıdı,
çünki dağa qalxmağımıza peşman olduq - enə bilmirdik, çox çətinliklə geri qayıtdıq, kifayət qədər təhlükəli yol idi, meşənin lap içinə girmişdik, ayıya da rast
gələ bilərdik. Üzüm də
cızılmışdı. Rejissor məni, o qızı o qədər danladı ki... Yeri gəlmişkən, Solmaz roluna Əminə Yusifqızı da
sınaqdan keçməyə dəvət olunmuşdu. Amma Əminə xanım sonra görün necə gözəl aktrisa oldu. Hələ qiraət
ustası olmağını demirəm - ayrı aləmdi.
“Qorxaq deyildim”
- Birinci hansı epizod çəkildi?
- Təəssüf ki,
xatırlamıram. Birinci məhz hansı epizodun çəkilməsi yadımda qalmayıb. O
yadımdadı ki, səhər gəlirdik kinostudiyanın pavilyonuna, o vaxt kinostudiya
Hökümət Evinin yanında idi, bizi qrim edirdilər, sınaq çəkilişləri olurdu, sonra bizi
aparırdılar indiki Muzey Mərkəzinin yanında “Ana və uşaq” adlı kafe var idi,
orada nahar edib yenidən kinostudiyaya qayıdırdıq, axşama kimi rejissor biz
uşaqlarla işləyirdi, hər bir detalı incəliyinə qədər başa salırdı ki, ekranda hər şey təbii görünsün. Həbib İsmayılovun həyat yoldaşı,
Hökümə Qurbanovanın bacısı Qəmər xanım konservatoriyanın
müəllimi idi, tez-tez çəkiliş meydançasına baş
çəkirdi. Mehriban, ziyalı xanım idi, anamla da söhbətləri tuturdu. Özü də mənim bantımı
bağlamağı Həbib müəllim həmişə ona tapşırırdı. Həbib İsmayılov çox
mülayim adam idi. Rejissor kimi də çəkiliş heyətində mehribanlıq
yaratmağı bacarırdı. Mehribanlıq olmayan yerdə axı keyfiyyətli iş ərsəyə gəlmir.
- Qalaçıqda
nə
qədər qaldınız?
- Nə qədər qalmağımız
yadımda deyil. Bircə o yadımda qalıb ki, biz çaya yıxılanda
artıq oktyabrın əvvəli idi, su soyuq idi. Çünki çəkiliş üçün ən uyğun yeri seçmək çox vaxt
aparmışdı. Biz hətta azarlamışdıq. Ümumiyyətlə isə
çəkilişlər bir
ilə
yaxın çəkdi.
- Çaya
yıxıldığnız epizod, görünür, bir
neçə dubla çəkilib,
ona görə xəstələnmisiniz?
- Bəli, beş
dubla çəkildi. Hava artıq soyuduğu üçün hər dəfə suya yıxılanda anam bədənimizi spirtlə ovxalayırdı ki, soyuq
bizi tutmasın. Anam həm də müəyyən mənada çəkiliş qrupunun həkimi idi. Beş dəfə paltarımızı dəyişdik. Ceyhun çox
zarafatçıl idi, birinci dubl çəkiləndə məni qorxutmaq üçün
yalandan dedi ki, orada şüşə var, yıxılsaq, bədənimizə batıb kəsəcək. İkinci dublda mən onu itələyib qaçdım. Axırda
rejissor şıltaqlıqlarımızdan bezib bizə təpindi. Beləliklə, ən uğurlu dubl çəkilənə qədər beş dəfə çaya
yıxılmalı olduq. Çəkiliş bitəndə tir-tir əsirdik.
- Yarasa ilə olan epizodun çəkilişi necə alındı? Gerçəkdən qorxmadınız ki?
- Yox,
qorxaq deyildim. Həm də mənə demişdilər ki, otağa buraxılan yarasa oyuncaqdı, amma həqiqi yarasa da var idi. Görmüşdüm.
- Həqiqi yarasa
nədən ötrü imiş?
- Yəqin ki, oyuncaq yarasanı həqiqiyə lap uyğun şəkildə düzəltmək üçün gətirmişdilər. O epizodun çəkilişindən sonra Ceyhun zarafatla
demişdi ki, gördün,
necə
qorxdun?
“Böyük
dayaq”da məxsusi rol, “Arşın mal alan” və “Bir cənub şəhərlərində” filmləri
və
“VQİK”...
- Natura çəkilişlərinin hamısı Qalaçıqda
aparılıb?
- Bəziləri Qərbi Azərbaycanın Dilijan, o
vaxtkı Kirovakan şəhərlərində aparıldı. Məsələn, Cəmilənin anası ilə əvvəl maşınla, sonra atın belində kəndə gəldikləri yol Dilijanda çəkilib. O maşın da Nəcibə xanımın Dilijanda həkim işləyən rəfiqəsi Qönçə xanımın oğlunun
“Volqa”sı idi. Alma bağları olan epizod isə Qubada çəkilib. Səhv eləmirəmsə, mənim cücə ilə olan epizodum da orda çəkilib. Sonra o cücəni mənə bağışladılar, gətirdim şəhərə, bir az böyütdüm. Hətta yolda qaçmaq istəmişdi
tutmuşdum.
- Yəqin ki, belə baxımlı filmdə çəkiləndən sonra başqa filmlərə də dəvət olunmusunuz. Elədi?
- Elədi. Bir neçə filmə dəvət olundum. Amma yalnız “Onun
böyük ürəyi” filmində Səmayənin qızı Lalənin uşaqlığını oynamışam. Balaca bir
epizod idi, elə məktəbdən gəlib aparmışdılar məni. Həbib İsmayılov məni “Böyük dayaq” filminə də çəkmək istəyirdi, Şeyxzamanovla bir
epizodda. Hətta məxsusi mənim üçün ssenariyə Qaragöz obrazını da əlavə eləmişdi, deyəsən, çobanın
qızı olaraq. Amma qismət olmadı. Biz anamla Tovuza getdik,
çəkilişlər orda aparılırdı, iş elə gətirdi ki, Şeyxzamanov xəstələndi, biz qayıtdıq
Bakıya, bir müddətdən sonra atam yenidən Tovuza getməyə icazə vermədi, dedi ki, dərslərindən geriləyərsən. Sonralar mən artıq konservatoriyada oxuyanda “Arşın mal alan”da Asya
roluna dəvət elədilər. “Bir cənub şəhərində” filminə də dəvət eləmişdilər, jurnalist qız roluna. Düzdü, o filmin çəkiliş meydançasına
getdim, amma yaradıcı qrupda oğlanların, kişilərin çox olması,
ümumiyyətlə, filmin mövzusu məni bir az qorxutdu. Amma çəkilə bilərdim, bəlkə də çəkilsəydim, yaxşı olardı.
Tofiq Tağızadə atamla bir sinifdə oxumuşdu. Təhsilimi “VQİK”də davam etdirməyi çox tövsiyə edirdi. Amma belə perspektiv atamın o qədər də ürəyincə deyildi. Heç
özüm də
baş qoşmadım, fikirləşdim
ki, onsuz da, bu sahəyə getməyəcəm,
bu epizodlara çəkilsəm, dərsimdən qalacam.
Nəcibə Məlikova aktrisa
olmağımı məsləhət
görmürdü
- Qayıdaq “Ögey ana” filminə... Ceyhun Mirzəyevi necə
xatırlayırsınız? Həyatda necə
uşaq idi?
- (gülərək) Demək olar ki, elə roldakı kimi idi. Uşaq idik - tez-tez küsüb-barışırdıq.
- Barışmağınız necə baş verirdi? Birinci kim
təşəbbüs göstərirdi?
-
Böyüklər barışdırırdı. Çox qıvraq,
zarafatcıl oğlan idi. Yaşca da məndən bir az böyük idi. O, həyatdakı bacısı ilə də anabir idi. Hacı Murad
Yagizarov kimi o da Azərbaycan dilində yaxşı danışa bilmirdi. Hətta Ələsgər Ələkbərov Hacı Murada şərt qoymuşdu ki, Azərbaycan dilini öyrənsin, bir konyakdan mərc gəlmişdi. Ceyhunun anası
Marqo ilə də, Hacı Muradın anası Tamara ilə də anam
dostlaşmışdılar. Mən fikirləşirdim ki, Ceyhun
böyüdükcə özündən razı adam olacaq. Amma qətiyyən belə olmadı - sənətkarlığı inkişaf
edib böyüdükcə insanlığı da böyüdü. Sonralar
tez-tez görüşməsək də, əlaqəni
saxlayırdıq, ünsiyyətimiz
var idi, yoldaşı Lidiya ilə
indi də dostluq edirik.
- Bu filmdə görkəmli və ustad aktyorlarla ya tərəf-müqabili, ya da ən azı eyni çəkiliş meydançasında
olmusunuz. Nəcibə xanımı necə qavradınız?
Ekranda onunla ana-qız ünsiyyəti
necə
yarandı?
- Nəcibə xanım çox gözəl, mehriban, ünsiyyətcil, mülayim qadın idi.
Onunla ailəvi dostluğumuz uzun müddət davam etdi, bir-birimizin ad
günlərinə də gedirdik. Çəkilişlər vaxtı isə məni həvəslə başa salırdı. Pavilyon çəkilişlərinə musiqi məktəbindəki dərslərimi yarımçıq qoyub
gəlməli olurdum və ona gileylənirdim ki, Nəcibə xala, bəs mənim dərslərim necə olacaq? Deyirdi ki, bu, çox
çətin sənətdi, məsləhət görmürəm ki, böyüyəndə bu sənətin dalınca gedəsən. Bəlkə də, elə onun o tövsiyəsi məni aktyorluğa həvəsləndirmədi.
“Ögey
ana”nın çəkilişləri bitəndən sonra Nəcibə xanım oğlu Saqibi bizim yanımızda qoyub
“Aygün” filmində çəkilməyə getdi. Biz də İrəvanı bir az gəzib qayıtdıq. Onda artıq atam da yanımızda idi.
Nəcibə xanımın ürəyindən keçirdi ki, “Aygün”də də onun qızını mən oynayım. Amma
alınmadı. Həm
də yəqin ki, bu, o qədər də
maraqlı görünməzdi
- iki müxtəlif
filmdə
eyni tərəf-müqabilləri.
“Ələsgər Ələkbərov məni mahnı ilə dindirmişdi”
- Bəs
atalığınızı canlandıran Fateh Fətullayevi necə
xatırlayırsınız? Ələsgər Ələkbərov sizdə hansı təəssüratı
buraxıb? Filmdə çəkilən başqa
uşaqlarla münasibətiniz qalıbmı?
- Fateh Fətullayevdən də, Ələsgər Ələkbərovdan da çox gözəl təəssürat qalıb. Bu yaxınlarda Fateh Fətullayevin qızı Zemfira
xanımla tanış oldum. İsmayılın
dostları Dadaş rolunu oynayan Məhluqə Sadıqovanın
oğlu Ceyhun Şərifovla,
Səməd rolunu oynayan Fərhad Bakıxanovla hərdən bir şəhərdə rastlaşanda
salamlaşırıq.
Ələsgər Ələkbərov həyatda da çox parlaq insan idi. O da bizimlə yaxın idi. Hər dəfə çəkiliş meydançasında
rastlaşanda özünəməxsus intonasiya ilə belə deyirdi: “Áóäóùàÿ êèíîçâåçäà!” Bir də, heç yadımdan
çıxmaz, bizim evimiz “Beşmərtəbə”də idi, orda məni görəndə “Ay qız, kimin
qızısan” mahnısını oxumuşdu. Özünə və başqalarına
qarşı son dərəcə tələbkar aktyor idi. Hər bir detala xüsusi diqqət yetirirdi. Qrimçilər onunla daha artıq işləməli olurdular. Ümumiyyətlə, filmin çəkiliş qrupunun bütün
üzvləri çox güclü sənətkarlar idi. Ona görə film yaxşı
alınıb, indiyə qədər kimə rast gəlirəmsə, o filmdə çəkildiyimi bilən kimi hər kəs bu film haqqında gözəl sözlər söyləyir, hər dəfə baxdıqlarını deyirlər. “Ögey ana”nın premyera
nümayişləri də yadımdadı. İlk premyerası eyni gündə həm “Azərbaycan”, həm də “Nizami” kinoteatrlarında
oldu, sonra “28 Aprel” (indiki Uşaq Filarmoniyası), “Araz”, “Vətən” kinoteatrlarında göstərildi. Biz də hamısında
iştirak elədik,
nümayişdən
əvvəl səhnəyə
çıxıb tamaşaçılarla
görüşürdük.
- Həqiqət Rzayeva, Nəsibə Zeynalova
yadınızda necə qalıblar?
- İstedadlı şəxsiyyətlər və gözəl insanlar kimi. Nəzərə alsaq ki, Həqiqət xanım opera müğənnisi idi, aktrisa deyildi, onun
öz rolunun öhdəsindən gəlməyi xüsusi heyranlıq doğurur. Nəsibə xanım da ki göz
qabağındadı... Cavan qadın olaraq belə fakturalı qarı
obrazını ifa eləmək, həm də necə ifa eləmək, artıq şərh tələb eləmir. O da çəkilişlərə oğlu Cahangirlə gəlirdi, Cahangir yaşca bizdən kiçik idi.
“Qəribə bir məsuliyyət hiss edirdim”
- Şəhər uşağının kənd həyatına gəlib düşməyini kamera
qarşısında canlandırmaq sizin üçün
hansısa çətinlik törətdi?
- Sizə deyim ki, yox. Məsələn, məni ata mindirəndə heç bir diskomfort hiss eləmədim, elə bil elə həmişə atda gəzmişdim. Hətta at bir dəfə büdrəsə də, heç nədən qorxub-çəkinmədim. Qəribə bir məsuliyyət hiss edirdim -
düşünürdüm ki, mənə deyiblər belə etmək lazımdı, vəssalam, mən bunun öhdəsindən
gəlməliyəm.
- “Ögey ana” filmi televiziya
ilə nümayiş olunanda özünüz də hər
dəfə baxırsınız?
- Bəli, hər dəfə baxıram. Və hər dəfə də
kövrəlirəm...
Ədalət.-2015.-29
yanvar.-S.8.