Muğanın Sabirabadı

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

"... Çox şadam ki, rayonda işlər yaxşı gedir. Çalışacağam ki, bundan sonra da Sabirabad rayonunun inkişafı üçün öz dəstəyimi verim. Siz yaxşı bilirsiniz ki, Ulu Öndər Heydər Əliyev Sabirabada xüsusi münasibət göstərmişdir..."

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Tarixə nəzər

 

Sabirabadin ərazisi qədim və orta əsr yaşayış yerləri və abidələrlə zəngindir. Bölgədə aparılmış arxeoloji tədqiqatlar nəticəsində rayonun Surra, Cavad, Qaratəpə, Quruzma, Bulaqlı, Zəngənə, Qalaqayın və s. kəndlərinin ərazisində aşkarlanan qədim yaşayış yerlərini və nekropolları eramızdan əvvəlki əsrlərə aid etmək olar. Quruzma kəndinin "Bud Təpəsi" adlanan yerində qədim dövrə aid saxsı qablar və müxtəlif əmək alətləri tapılıb. Cavad orta əsr yaşayış yeri IX-XV əsrlərə, kəndin "Şəhərgah" adlanan ərazisində tapılmış materiallar isə bu mədəni təbəqənin XI-XII əsrlərə aid olduğunu sübut edir.

Rayonun ən iri kəndi olan Cavad tarixi şəhər olub və mənbələrdə adı XVI əsrdən çəkilir. Cavad XVIII əsrin ortalarında Cavad xanlığının mərkəzi olmuşdu. 1768-ci ildə Cavad Quba xanlığına tabe edilib. Azərbaycanın Rusiyanın tərkibinə qatılmasından sonra çarizmin köçürmə siyasəti ilə əlaqədar Cavada xeyli rus əhalisi köçürülüb.

1931-ci il oktyabrın 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə rayona Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirin adı verilib. 1959-cu ildən Sabirabad şəhəri adlandırılıb.

 

Sabirabad bu gün

 

Sabirabad rayonu Muğan, MilŞirvan düzünün kəsişdiyi, Kür-Araz çaylarının qovuşduğu ərazidə yerləşir. Sabirabad şimaldan Kürdəmir rayonu ilə, şimal-şərqdən Hacıqabul rayonu ilə, şərqdən Şirvan şəhəri, cənub şərqdən Salyan, qərbdən Saatlı, cənubdan isə Biləsuvar rayonları ilə həmsərhəddir. Azərbaycanın bütün rayonları kimi Sabirabad rayonu da sürətlə inkişaf etməkdədir. Ölkə prezidentinin qayğısı bu rayonda da özünü bariz şəkildə göstərir. Prezident İlham Əliyevin Sabirabada son səfəri bir daha göstərdi ki, son illər rayonda abadlıq-quruculuq işləri yüksək səviyyədə aparılıb və bundan sonra da davam etdiriləcək.

Həmin görülən işlərin fonunda ölkənin hər yerində olduğu kimi, Sabirabadda da bütün sahələrlə yanaşı, mədəniyyət sahəsinə də xüsusi diqqət göstərilir. İndi paytaxtla yanaşı, respublikanın bölgələrində də fəaliyyət göstərən mədəniyyət ocaqları əsaslı təmir edilir və yeniləri tikilir.

Sabirabad rayon Mədəniyyət evinin binasının əsaslı şəkildə təmir edilməsi ölkədə mədəniyyətin və incəsənətin inkişafına diqqətin daha bir göstəricisidir. Dövlət başçısı rayona səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulan Sabirabad rayon Mədəniyyət evində yaradılan şəraitlə tanış olub. Qeyd edilib ki, Mədəniyyət evi 1976-cı ildə istifadəyə verilib. O vaxtdan bəri burada əsaslı təmir işləri aparılmayıb. İndi yenidən qurulan bu bina ən müasir səviyyəyə çatdırılıb, incəsənət adamlarının fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Bölgələrdə mədəniyyət ocaqlarının yenidən qurulması, müasir tipli yeni mədəni infrastrukturun yaradılması bu sahənin regionlarda hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır. Bu gün mədəniyyət xadimləri, incəsənət adamları ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Onların sosial məsələlərinin həllinə dövlət səviyyəsində həmişə diqqət göstərilib.

Binada Ümummilli Lider Heydər Əliyevin və prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri qayğıdan bəhs edən fotostend yaradılıb. Ulu Öndər Heydər Əliyevin 1976-cı ildə Sabirabada səfəri zamanı bu Mədəniyyət evinin açılışında iştirakının əbədiləşdiyi foto diqqəti xüsusilə cəlb edir.

Ölkənin gələcəyi olan uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması da dövlətimizin daim diqqət mərkəzindədir. Heydər Əliyev Fondu da bu istiqamətdə mühüm layihələr həyata keçirir.

Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan mühüm rol oynayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" Proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun təhsilin inkişafı ilə bağlı fəaliyyətində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Sabirabad rayonunda inşa edilmiş 100 yerlik uşaq bağçası bir daha göstərir ki, Fondun həyata keçirdiyi bu cür layihələr ardıcıl xarakter alıb.

 

(ardı gələn sayımızda)

 

Şamxal ŞƏBİYEV

Ədalət.-2015.-30 yanvar.-S.7.