MÜASİR
AZƏRBAYCAN ROMANI
ƏDƏBİ
HƏYAT
(icmal)
(Əvvəli
ötən şənbə saylarımızda)
XX əsrin sonları-XXI əsrin əvvəlləri Azərbaycan nəsrində yeni roman axtarışları ilə diqqəti cəlb edir. Bu axtarışlar bir neçə istiqamətdə reallaşır: əvvəla, dünyada, məmləkətdə, ictimai-siyasi həyatda baş verən hadisələrin ədəbi həyata, o cümlədən, roman yaradıcılığına birbaşa təsiri əhəmiyyətli dərəcədə hiss olunur.
Total rejimin çökməsi, zamanın nisbi sabitliyinin pozulması, Azərbaycan deyilən bu gözəl məmləkətimizin əvvəl müharibə, sonra isə Atəşkəs ölkəsinə çevrilməsi, işğal olunmuş torpaqlarımızın maddi-mənəvi itkilərindən doğan ağrı-acılar, müstəqilliyimizin elan olunması, bir daha yüksələn qırmızı, yaşılı və mavi bayrağın bir daha enməməsi, bununla yanaşı hələ də xaosun, hərc-mərcliyin hökm sürməsi və nəhayət, dövlətçiliyimizin tam bərqərar olması, iqtisadi, mədəni sahələrdə əldə etdiyimiz nailiyyətlər, beynəlxalq aləmdə siyası nüfuzumuzun güclənməsigbütün bunlar son iyirmi beş ilin tarixi mənzərəsidir və bu mənzərədə bədii prosesin necə inkişaf etməsi, hansı meyl və tendensiyalarla müşayiət olunması da gözlərimiz qarşısında cərəyan edib. Deyirlər ki, Zamanın ədəbiyyata təsiri danılmazdır və biz bu təsiri, Zamanın qısa bir müddət ərzində bədii təfəkkürdə, onun ideya-məzmun qatında necə əks olunmasını ötən yazıda yığcam şəkildə qeyd etmişdik. Bu haqda söhbətimizi yenə davam etdirəcəyik. Ancaq ədəbiyyatda hər hansı dəyişmə, yeniləşmə təkcə ideya-məzmun müstəvisində deyil, forma-struktur "ərazisi"ndə də baş verir. Bədii ədəbiyyat, o cümlədən, roman öz ənənəvi "geyimini", ona oturdulmuş "libasını" bir sıra dəyişmələrlə əvəz etməyə meyl göstərir. Biz ötən yazıda yetmiş-səksəninci illərdə yazılan romanlarda bu yeniliklər xüsusunda ötəri də olsa, söz açmış, Elçinin "Mahmud və Məryəm", Çingiz Hüseynovun "Fətəli fəthi", Mövlud Süleymanlının "Köç" və b. romanlarda janrın tipoloji hüdudlarının genişləndiyini nəzərə çarpdırmışdıq. Sonrakı onilliklərdə də bu proses davam edir. "Azərbaycan romanı: 120 il" (Bakı, "Elm", 2011) monoqrafiyasında tədqiqatçı Nəzmiyə Axundova ilk dəfə olaraq Azərbaycan romanının forma-struktur xüsusiyyətləri ilə bağlı bir təsnifat aparır. O, yeni roman axtarışları ilə bağlı belə bir bölgü ilə bizi tanış edir: 1.Azərbaycan ədəbiyyatında modernist və postmodernist cərəyanların təsirilə yaranan romanlar (Kamal Abdulla-"Yarımçıq əlyazma", İlqar Fəhmi - "İlk sui-qəsd", "Qarğa yuvası"). 2. Sinxron romanlar. İzahı belədir: "Yəni bir roman daxilində yuxu ilə reallığı, fantaziya ilə gerçəkliyi, ciddi poza ilə yumoru qarışıq şəkildə vermək dünya roman təcrübəsindən məlumdur. ...Sinxronizm romana nə verir? Birincisi; romanda təsvir üsulunun çoxşaxəliliyini, predmetə baxışın müxtəlifliyini şərtləndirir, obrazların və hadisələrin zaman və məkan yerdəyişmələrini mütəhərrikləşdirir. İkincisi; mahiyyət etibarilə bir-birinin əksi olan qütbləri - yuxu ilə reallığı, gerçəkliklə fantaziyanı, reallıqla irreallığı eyni bucaq altında "birləşdirir". Üçüncüsü; bu "qatışıqlıq" bədii məntiqə əsaslanırsa, romanın bütün ideyası, forma-struktur elementləri vahid məqsəd ətrafında birləşir, əksinə olursa, roman "parçalanır", hissəciklərə səpələnir" (Adı çəkilən əsər, səh. 261). Bu bölgüyə E.Hüseynbəylinin "Tut ağacı boyunca", "Balıq adam", "Yovşan qağayılar", "Metro vadisi" romanları daxil edilir. 3. Roman-reportaj (Əkrəm Əylisli - "Ətirşah Masan"). 4.Roman-dialoq (Seyran Səxavət - "Nekroloq", "Yəhudi əlifbası"). 5.Roman-xronika (E.Hüseynbəyli - "Don Juan", "Şah Abbas", Yunis Oğuz - "Nadir şah", "Təhmasib şah", N.Əbdülrəhmanlı - "Könül elçisi"). 6.Roman-utopiya (Sabir Əhmədli - "Ömür urası"). 7. Roman-pamflet (Afaq Məsud - "Azadlıq", Aslan Quliyev- "Yazıçının savaşı"). 8. Roman-besseller (Varis - "Sənə inanıram", "Bir ovuc torpaq", Əyyub Qiyas - "Sonuncu büt", Aslan Quliyev - "Keçmiş döyüşçü və oğlan").
Biz tədqiqatçının təqdim etdiyi birinci və ikinci bölgünün romanın tipoloji təsnifatına daxil edilməsini mübahisəli sayırıq. Çünki hər hansı bir ədəbi cərəyanın adı ilə roman təsnifatı aparmaq doğru olmazdı. "Sinxron roman" ifadəsini də şərti qəbul etmək lazımdır. Hər bir romanın daxilində müxtəlif bədii elementlər ola bilər. Bunu dünya romanının bir sıra nümunələri də təsdiq edir. Romandaxili bu mənzərə bizim nəsr əsərlərində də nəzərə çarpır. Ancaq tədqiqatçının digər romanlarımızla bağlı təsnifatı ilə tam razıyıq. Beləliklə; Roman-reportaj, roman-dialoq, roman-xronika, roman-utopiya, roman-pamflet, roman-besseller kimi çeşidlənən təsnifat müasir Azərbaycan romanının forma-struktur xüsusiyyətlərinə uyğun düşünülmüşdür. Qeyd edək ki, bu adların bəzilərini müəlliflərin özləri müəyyənləşdirmişlər. Hər bir müəllifin yazdığı romana qabaqcadan-hazırlıq mərhələsində öz baxışı və münasibətindən asılı olaraq bu cür adlar seçməsi təbiidir. Biz roman-məzhəkə (Qəni Camalzadə - "Fosforlu əkizlər"), psixoloji-fantastik roman (Vüsal Nuru - "Eybəcərlər adası"), roman-dekorasiya (İlqar Fəhmi - "Akvalanq"), fantastik roman (Nisə Bəyim - "Online"), teatral roman (İlqar Fəhmi - "Akvarium"), roman-assosiasiya (Nəriman Əbdülrəhmanlı- "Yalqız"), mifoloji-fantastik roman (Sadıq Elcanlı - "Qanlı Quzğun meydanı", "Əbədi sevginin xatirələri", "Yaddaş yarası"), sürətli oxu romanı (Aydın Talıbzadə- "Kəpənək modeli-102"), gerçək roman (Vidadi Babanlı - "Gizlinlər"), eşq hekayətləri (Rasim Qaraca - "On bir gecə"), yarımtarixi roman (İlqar Fəhmi- "Qarğa yuvası"), roman-xatirə (Ağarəhim Rəhimov - "Yaddaşda yaşar xatirələr") və s. romanların bu cür adlarla təqdim olunmasını müasir nəsrimizdə ciddi bir hadisə kimi qəbul edirik. Deməli, müasir romanlarımızda janrdaxili qruplaşma gedir.
Əlbəttə, hər hansı bir romanın hansı ad altında təqdim olunmasının onun bədii keyfiyyəti ilə, qaldırdığı problemin həlli ilə nə dərəcədə səsləşməsi ayrı məsələdir. Ancaq bu təsnifatda janrdaxili prosesin inkişafı göz qabağındadır. Amma bu təsnifatın yarımçıq olduğu da nəzərdən qaçmır. Məsələn, Yusif Həsənbəy "Sualtı döyüşlər" və "Next" əsərlərini səyahət romanları kimi təqdim edə bilərdi. Mövlud Süleymanlının "Erməni adındakı hərflər" əsərini roman-tədqiqat, yaxud etnoqrafik roman adlandırmaq olar. Sabir Əhmədlinin "Yazılmayan yazı"sı sırf memuar xarakteri daşıyır. Pərvizin "Yad dildə" romanı siyasi-dedektiv roman nümunəsi deyilmi? Yaxud Cavid Zeynallının "Günəşi gözləyənlər" və "Leyla" romanları melodrama-roman kimi düşünülməmişmi? Seymur Baycanın "Qukark" romanını hansına aid etmək olar, yəqin ki, siyasi-macəra tipinə. Bunları dəqiqləşdirmək, hər bir romanın öz tipini müəyyənləşdirmək romanşünaslığımızda öz elmi həllini gözləyən məsələlərdən biridir.
Yeni əsrin Azərbaycan nəsri ilk növbədə, mühüm yaradıcılıq axtarışları ilə səciyyələnir və bu fikri söyləyərkən postmodernizm ədəbi cərəyanının təsirini xüsusi qeyd etməliyik. Artıq postmodernizm anlamı termin-istilah çərçivəsindən sıyrılıb çıxır və təkcə ədəbiyyatda deyil, ictimai-mənəvi həyatımızın bir çox sahələrində aktiv "iştirakçı"ya çevrilir.
2004-cü ildə görkəmli dilçi, amma bədii yaradıcılıqla da müntəzəm məşğul olan Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı çapdan çıxdı. Roman ədəbi aləmdə müəyyən əks-səda doğurdu və deyək ki, düz on ildir ki, mətbuat səhifələrində "Yarımçıq əlyazma" haqqında söhbət bitmir. Bu əsər və eləcə də Kamalın "Sehirbazlar dərəsi" və "Unutmağa kimsə yox" romanları təkcə ciddi elmi-tənqidi söhbətlərin mövzusu olmaqla qalmır, xarici ölkələrdə də çap olunur (xüsusilə, "Yarımçıq əlyazma"), həmin əsərlər haqqında xarici mətbuatda müəyyən mülahizələr də söylənilir. Roman çap olunandan az sonra onun geniş müzakirəsi də keçirildi və müxtəlif nəsillərdən olan yazıçılar, tənqidçilər bu əsərin müasir Azərbaycan nəsrində böyük bir hadisə olduğunu qeyd etdilər.
Kamal Abdulla və eləcə də bir çox müəlliflər qeyd edirlər ki, "Yarımçıq əlyazma" postmodernizm nümunəsidir (Nizami Cəfərov, Əsəd Cahangir, Vaqif İbrahimoğlu, Akif Hüseynov, Tehran Əlişanoğlu, Niyazi Mehdi, Arif Hacılı, Rüstəm Kamal və b.). Fikrimizcə, əsərə birbaşa elə bu nöqteyi-nəzərdən qiymət vermək lazımdır. Hərçənd ki, Qərb ədəbiyyatşünaslığında indi postmodernizmdən yeni bir cərəyan kimi danışmırlar. Ancaq Azərbaycan ədəbiyyatı üçün bu, "xam torpaqdır". Postmodernizm haqqında ilk bilgini 90-cı illərin axırlarında-qısa müddətdə nəşr edilən "Cahan" jurnalında oxumuşuq. Sonrakı illərdə yenə bir sıra məqalələr yazıldı və eyni zamanda bir çox cavan şairlər və nasirlər ilk "postmodern" nümunələr yaratdılar. Həmin sözü ona görə dırnaq arasına alırıq ki, doğrudan da bu nümunələrin əksəriyyətinin postmodernizmlə heç bir əlaqəsi yox idi. O yazıların çoxu sadəcə əllaməçilik nümunəsiydi. Ancaq təbii ki, Azərbaycan ədəbiyyatında da həmin ədəbi cərəyanın görüntüləri aşkar olmalıydı və qeyd edək ki, bunun ilk nümunələrini nəsrimizdə Kamal Abdulla yaratdı. Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı postmedernizmin poetikası ilə birbaşa səsləşən əsər olduğu üçün onu Azərbaycan ədəbiyyatında ilk postmodernist roman kimi qəbul etmək olar.
İstər xaricə mətbuatda, istərsə də son illərdə bizim mətbuatda postmodernizmlə bağlı xeyli məqalələr çap edilib. Ancaq bu elə mürəkkəb bir cərəyandır ki, tutaq ki, realizm, yaxud romantizm kimi dəqiq bir anlayış araya gətirmir. Belə çıxır ki, postmodernizmdə hər şeyin üzərindən xətt çəkilir, bütün köhnələr dekonstruksiya nəticəsində əvvəlki görkəmində yox, tamam başqa yöndəmdə nəzərə çarpır. Deməli, məlum mətn yenidən söylənilir, nəql edilir. Postmodernist "oyunda" həqiqət yoxdur, amma inandırıcılıq da mövcuddur, hadisələr elə nəql edilməlidir ki, "görünməzlər" tarixi həqiqət kimi qəbul edilsin.
Kamal Abdullanın romanına da məhz bu prinsiplərlə yanaşdıqda, onun doğrudan da postmodernist əsər olduğuna şübhə eləmirsən. "Bizlərə indi gəlib çatan" (Anar) postmodernizmin ilk nümunələri haqqında söz açarkən məhz bu prinsiplərdən çıxış etməliyik. Kamal Abdulla bir alim kimi heç şübhəsiz, postmodernizmə, bu cərəyanın estetik prinsiplərinə çox yaxşı bələd olduğu üçün belə bir əsəri qələmə almışdır. Əslində, onun bu sahədə ilk təşəbbüsləri bundan öncə yazdığı iki pyesində - "Casus" və "Hamı səni sevənlər burdadı" pyeslərində meydana çıxmışdı, ancaq o zaman bir kimsə bu pyeslər barədə, yəni həmin əsərlərin postmodernist mahiyyəti barədə söz söyləmədi (bəlkə ona görə ki, postmodernizm söhbəti hələ ədəbi gündəmə gəlməmişdi).
"Yarımçıq əlyazma" nəsrimizdə maraqlı bir təşəbbüs kimi qiymətləndirilməlidir və təbii ki, bu tipli əsərlərin bundan sonra yazılacağına şübhəmiz yoxdur. Sadəcə, öyrəşmək lazımdır. Ancaq hər belə bir əsər meydana çıxdıqda onu Azərbaycan ədəbiyyatında yeni bir ədəbi şouya və reklama çevirmək lazım deyil (K.Abdullanın müzakirədəki sözlərini xatırlayaq: "Reklama mənim ehtiyacım yoxdu").
(ardı gələn
şənbə sayımızda)
Ədalət.-2015.-31 yanvar.-S.15.