Səhnədə Pərvanə kimi...
Xalq artisti: "Bu yolu özüm
seçdim"
Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası,
Xalq artisti, Prezident Mükafatçısı, "Qızıl Dərviş" mükafatı
laureatı Pərvanə Qurbanova ilə görüşmək üçün onun yaşadığı və çalışdığı Nizami yurduna getməyə ehtiyac olmadı. Son vaxtlar teleseriallara
müntəzəm dəvət
aldığından tez-tez
Bakıya gələn
istedadlı səhnə
ustası ilə elə paytaxtda görüşdük.
Teleseriallardakı rolları ilə qısa müddət ərzində
populyarlaşan Pərvanə
xanım əldə etdiyi uğurlara görə özünü
1981-ci ildən bəri
çalışdığı Gəncə Dövlət
Dram Teatrına borclu sayır. Müsahibim
telekameraların qarşısından
fərqli olaraq, səhnədə daha rahat hiss etdiyini deyir.
- Pərvanə xanım, son
zamanlar sizinlə Bakıda tez-tez görüşürük. Paytaxta
budəfəki gəlişiniz
də yəqin çəkilişlərlə bağlıdır...
- Yox, bu dəfə
şəxsi işlərimlə
bağlı Bakıdayam,
teleseriallarla bağlı
işlərimi bitirmişəm.
Hələlik sonuncu dəvət
aldığım "Tufanlı
səma"dır, onun
da çəkilişləri
bu günlərdə tamamlandı, 17 hissəli yeni teleserial "Lider" TV-dən yayımlanacaq. Yenə də
tanıdığım və
inandığım rejissorla
- Sain Qəhrəmanovla
çalışmışam. Yaradıcılıq potensialımı duya bilən və mənim də ona etibar
etdiyim rejissorların serialında çəkilməyə
üstünlük verirəm.
İstər "Pərvanələrin rəqsi",
istərsə də
"Toy gecəsi" kimi
reytinqli teleseriallarda məhz bu prinsipi
əsas tutmuşam.
- Yəqin maliyyə məsələləri ilə
bağlı da prinsipiniz var...
- Təbii ki, var, üstəlik çəkiləcəyim obrazda
özümü görməliyəm,
bu şərtlər olmayınca niyə də çəkilməliyəm?
- Şərtləriniz
sıralanınca öndə
hansı gəlir?
- Səmimiyyətimə inanın
ki, mənim üçün öndə
sənət məsələsidir,
sonra maliyyə tərəfi. Hər bir aktyor, aktrisanın daxilində bir sənət yanğısı var, imkan yarandıqca bu yanğını üzə çıxarmaq
istəyir. Maraqlı ssenari,
dolğun obraz, keyfiyyətli rejissor işi duyulan serial olunca niyə də çəkilməyəsən?
Bu arada əlverişli
maliyyə şərtləri
olan bir neçə serialdan dəvət almışdım,
lakin çəkiləcəyim
obraz ürəyimcə
olmadığından imtina
etdim. Min bir əziyyət bahasına topladığım
hörməti bir andaca itirmək mənim tərzim deyil.
Özüm çəkildiyinə görə demirəm,
"Pərvanələrin rəqsi"ndə
həqiqətən gözəl
bir iş ortaya qoyuldu və düşünürdüm
ki, növbəti teleseriallar daha uğurlu və keyfiyyətli olacaq, rəqabət artacaq. Təəssüf ki, illər
ötdükcə, bu sahədə təcrübə
artdıqca serialların
səviyyəsi aşağı
düşür, yəqin
elə ona görə də Azərbaycan tamaşaçısı
yerli seriala baxmaq istəmir. Sıravi tamaşaçı da, sənət adamları da gözlədiklərini
ala bilmədilər. Çox
heyf... Sanki bu
gün sənətin xeyri üçün çalışan yoxdur.
- Sizə bunun səbəbi nədir?
- Səbəblər çoxdur,
sadalamaqla bitməz ki... Bunun nədən qaynaqlandığını
sizli-bizli hamımız
bilirik. Mən sadəcə, yalnız
öz sahəmə
aid olanı deyə bilərəm, təsəvvür
edin ki, bəzi yeni çəkilən teleseriallarda
bir dənə də olsun peşəkar
aktyora rast gəlmək olmur.
- Çəkilişlərə görə
tez-tez Gəncədən
Bakıya gəlmək,
sonra da bu yolu geri
qayıtmaq sizi yormur ki?
- Yox, çünki artıq alışmışam.
- Bəzən deyirlər ki, filan aktyor
yol gedəndə belə oynayacağı obraz barədə düşünür...
- Buna inanırsız?
- Yox.
- Elə mən də inanmıram. Amma onu da deyim
ki, həmişə məşqlərə, çəkilişlərə
hazırlıqlı gəlməyə
çalışmışam.
- Sıravi tamaşaçı Xalq artisti, müxtəlif təltiflərin sahibi Pərvanə Qurbanovanı
teleseriallardakı rollardan
tanıdı. Buna görə
özünüzü narahat
hiss etmirsiz?
- Qətiyyən yox. Bütün fəxri adları, titulları, hörməti teatr səhnəsindəki yaradıcılıq fəaliyyətimə görə qazanmışam. Sadəcə, çalışdığım və buna görə də həmişə qürur duyduğum Gəncə Dövlət Dram Teatrı paytaxtdan kənarda yerləşdiyindən o qədər də populyar olmamışam. Reklam, populyarlıq həmişə Bakıda çalışan həmkarlarımız üçün əlçatan olub. Rayonlardakı biz aktyorların, aktrisaların öz dünyası var. Gəncə Azərbaycanımızın ikinci böyük şəhəri olsa da, hər halda paytaxt deyil. İnanın ki, bundan heç vaxt darılmamışam, çünki bu yolu özüm seçmişəm. Zaman-zaman Bakı teatrlarında çalışmaqla bağlı təkliflər almışam. 20-25 il öncə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul olunmaq imkanım olub, bu gün də rəsmi dəvət edirlər. Hətta indi sözarası deyirlər ki, artıq bütün titulları almısan, çalışmaq sənin üçün çətin olmayacaq.
- Bir tərəfdən baxanda bəlkə də düz deyirlər...
- Ola bilsin. Lakin mənim yanaşmam fərqlidir, başqa bir teatrda sıradan biri olmaq istəmirəm. Bilirsiniz ki, Gəncə Dövlət Dram Teatrı yarandığı gündən həmişə ən güclü yaradıcılıq kollektivlərindən biri sayılıb, bir çox qüdrətli sənətkarlarımız ilk addımlarını məhz bu sənət ocağında atıblar. Onların arasında başqa teatrlara gedənlər də olub, doğma Gəncədə qalanlar da. 1981-ci ildən mənə də bu səhnədə çalışmaq, müxtəlif obrazlar yaratmaq nəsib olub. Bayaq yaradıcı insanın daxilindəki sənət yanğısından danışdım. Mən teatrımızın səhnəsində bu yanğını dəyərli və teatrı yaxşı anlayan tamaşaçılarımıza ötürəndə özümü çox rahat hiss edirəm. Kinoda, kamera qarşısında bu həzzi, ləzzəti almaq mümkün deyil. Söhbətimizin əvvəlində seriallarla bağlı danışdıq, həmin mövzuya qayıtmaq istəmirəm, amma çox qəribədir, iki bədii filmə çəkilmişəm, hər ikisini də daha çox teatr rejissoru kimi tanıdığımız insanlar lentə alıb. Kinoda debütüm 1992-ci ildə "Haray" filmində oldu, Xocalı hadisələrindən bəhs edən həmin filmi Oruc İzzətoğlu çəkib. Rövşən Almuradlı isə mənə "Cavad xan" bədii filmində rol verdi. Sözün açığı, film böyük qəhrəmanımız Cavad xanın həyatından bəhs etdiyindən hətta kütləvi səhnəyə də çəkilməyə razı idim.
- Teatra belə bağlılığınızı görəndən sonra kino ilə ilgili başqa sual vermək istəmirəm...
- Yəqin sizi böyük kinoya yeni təkliflər alıb-almadığım maraqlandırırdı...
- Təxminən.
- Hələ ki, təklif yodu, amma bunu özümə dərd eləmirəm və tez-tez kinoya çəkilmək arzusu ilə alışıb yanmıram da. Doğma kollektivlə, dedi-qodudan uzaq, yalnız yaradıcılıqla məşğul olan dəyərli iş yoldaşlarımla əl-ələ verib çalışırıq. Direktorumuz Əli Qasımovla demək olar ki, eyni vaxtda teatra gəlmişik. Əli müəllim təşkilatçı kimi də bacarığını ortaya qoya bildi, Gəncə Teatrının zəngin ənənələrini davam etdirdi.
Bu gün dövlətimiz bütün teatrlara diqqət və qayğı göstərir, binalar təmir edilir və yenidən qurulur. Gəncə teatrı üçün isə yeni bir möhtəşəm bina inşa tikilir. Azərbaycanda son 55 ildə ilk dəfədir ki, yeni teatr binası inşa olunur.
- Teatrınıza yeni baş rejissorun təyin edilməsi də lap yerinə düşdü...
- İradə Gözəlova gənc və çox istedadlı rejissordur. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə minnətdarıq ki, belə bir bacarıqlı insanı bizə baş rejissor göndərdilər. İradə xanım bu kollektivlə əvvəllər çox uğurlu tamaşalar hazırlayıb və hamımız ümid edirik ki, bunun davamı gələcək. Baş rejissorumuz Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" kimi monumental tamaşaya quruluş verməyə hazırlaşır.
- Sona
obrazını sizə həvalə edib?
- Təxmininiz doğrudur.
Əməkdar incəsənət xadimi Bəhram
Osmanov isə Əli Əmirlinin "Aktrisa" əsərini hazırlayacaq. Bu tamaşa mənim benefisim olacaq.
Ədalət.-2015.-31 yanvar.-S.12.