SAKİT TƏBİBLƏ SÖHBƏT
(əvvəli ötən şənbə
saylarımızda)
Sözün ən
gözəli, söyləyənin doğru söylədiyi,
dinləyənin də faydalandığı sözdür.
Aristotel
III YAZI
- Ən varlı adamlar belə nə geyimdə, nə yeməkdə sadə insanlardan artıq edə bilmirlər. Bu qədər var-dövləti yığmaqla nə əldə etmək istəyirlər?
-Bu mərəz adamı maddiyyatın quluna çevirir. Bu da xəstəlikdi. Əgər o maddiyyata şüurla yanaşa bilirsənsə burada xeyirxahlıq ortaya çıxır. Dərk edəndə ki, dünyada müvəqqətisən, qonaqsan və xeyirxah işlərlə məşğul olursan, məktəb, xəstəxana və s. tikirsən. Burda artıq şüur maddiyyata hakim olur. Haşiyə üçün deyim ki, mən uzun illər sufi təfəkkürünün ana xəttini araşdırdım və bu qənaətə gəldim ki, bu təlimin ana xətti nəfslə cihad və ona qalib gəlməkdir.
O yerdəki maddiyyat şüura qalib gəlir, orada insanlıq itir. Və ölüm yaddan çıxır. O elə bilir ki, əbədi yaşardı...
- Bunları müalicə etmək olurmu?
Gülür...
- Xeyr, olsaydı nə yaxşı olardı. Dominantlığın bir
kökü də burdadı. Buna aqressiv dominantlıq deyilir.
-Xəstələri
necə müalicə edirsiniz?
- İki cür müalicə növü var. Bir var xəstəliyi
müalicə etmək, bir də var xəstəni müalicə
etmək. Xəstəni müalicə etmək
üçün onun psixologiyasını bilməli, onun
intellektual səviyyəsini başa düşməli və ona
uyğun müalicə aparırsan. Tutaq ki,
bir elmlər namizədi həkimə müraciət edir. Həkim isə ona deyir, sizə soyuq dəyib. O
dəqiqə o həkimə inamsızlıq əmələ gəlir.
Gərək onun səviyyəsində söhbət
etməyi bacarasan. Tutaq ki, hər ikisi ağ
ciyər iltihabından əziyyət çəkir. Biri çoban, biri alim. Həkim
çobana desə ki, sən pnevmaniya olmusan, çoban vəsvəsəyə
düşəcək. Ona görə xəstəliyi yox,
xəstəni müalicə etmək lazımdı...
Sakit Təbiblə söhbətimiz bizə çay
içməyi belə unutdurmuşdu. Demək olar ki,
poeziyada könlünə hakim kəsilmiş Məmməd
Arazdan danışmaqdan yorulmurdu. Odur ki, mətləbi
yenə poeziyaya yönəltdim.
-Dünyanı
necə dərk edirsiniz. Söhbətlərinizdən
anladım ki, bu dərkə tibbin prizmasından
baxırsınız.
-Dünya
anlayışı çox mücərrəddi. M. Araz
"Dünya" şeirində deyir:
Bir zərrənin
işığına milyonlar şərik,
Dünya sənin, dünya mənim, dünya heç
kimin.
Bir talenin
oyunda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik...
Sual olunar, M. Arazın zəri niyə qoşa
düşmür? Nərd oyununda qoşa atmaq o deməkdir
ki, hər iki zərdə bir rəqəm düşür.
Yəni bir olan Allahdı. Qaşa
düşməmək, iki rəqəm düşür.
O həyat rəmzidir. Gecə-gündüz, kişi
qadın, xeyir- şər. Maraqlı olan da budur.
Niyə şair deyir - dünya sənin, dünya
mənim, dünya heç kimin. Burda zaman
anlayışı var. Dünya sənin - keçmiş zaman,
Dünya mənim - indiki zaman, dünya heç kimin - gələcək
zaman anlamına gəlir.
- Bu məşhur
mahnıdı, demək olar ki, çoxlarının ən
sevimli mahnılarındandı. Amma inanmıram
ki, kimsə bu qədər həssaslıqla mətnin fərqinə
varalar.
- M. Araz -
"Bu get-gəllər bazarında həvədi
dünya..." S. Vurğun isə "Bir yandan boşalır,
bir yandan dolur" - fikirləriylə, həmin fikirləri
söyləyirlər.
Mənə elə gəlir ki, "Dünya" şeirlərinin
arasında M.Araz zirvə kəşf elədi. M. Arazın Vətən
mövzusu da çox maraqlıdır. Deyir
ki," Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim...", "Bu torpaqsız
harda, nə vaxt, nə dərdim, Xəzanımdı, xəzanımdı,
xəzanım". İndi gəlin bunun
açılışına baxaq. Mamır
qayada bitir, deməli, mamırın vətəni qayadı.
Kənardan baxanda mamır qayaya bir bəzək də
verir. İkinci mahiyyəti bir
başqadır. Qayaya gələn zərbələri
mamır öz üzərinə alır, sonra qayaya keçir.
Qızmar günəş şüaları, ildırım,
dolu vəhşi küləklər və s. mamıra toxunur. Beləliklə mamır simvolik olsa da qaya
ömrünü uzadır. Qayanın
parçalanmasının, dağılmasının nisbətən
də olsa qarşısını alır. Deməli,
Vətənin əsil oğulları vətəni
qoruyanlardı. Vətəni
parçalanmağa, aşınmağa qoymayanlardı. Bu mənada deyir, M.Araz.
İkinci, "xəzanımdı, xəzanımdı, xəzanım". Xəzan bitkilərin
yarpaq tökümüdü. Yarpağın
vətəni nədi? - ağacdı.
Yarpaq nə zaman düşür? Yarpaq o zaman düşür ki, o hiss edir ki, artıq
vətəni üçün gərəkli deyil. Ona görə də özünü
könüllü olaraq ölümün qucağına
atır. Gəlir düşür
torpağa. İndi gəl görək bu nə
cür ölümdü? Bu elə bir
ölümdü ki, o torpağa qovuşur, yerlə ortaq olur.
Çürüyür və yenidən torpaq
ömrünə qovuşur, gübrə olaraq yenidən vətəni
olan ağaca xidmət edir. Ölümündən
sonra belə vətənə xidmət eləmək deməkdi.
Bax budur M. Arazın böyüklüyü.
Bu baxımdan Şəhidlərimiz
ölümündən sonra da vətənə xidmət edənlərdi.
Torpağın altına getsələr də
zaman-zaman onların adları çəkiləndə
düşmənə nifrət hissi oyadırlar.
-Məmməd
Araz fəlsəfəsi zaman-zaman böyüyəcək,
çözüləcək və çözüldükcə
bir daha böyüyəcək .
- M. Araz Azərbaycanın müstəqilliyini
görün sovetlər dönəmində necə kəskin
formada deyir. "Qoltuq ağacı" şeirinə nəzər
salaq.
Sən
yerini tapdın, haqqını qandın,
Bir el hikmətinin dodağı qaçır.
Qoltuğa
öyrəndin, qoltuqda qaldın,
Qol-budaq atmadın, qoltuq ağacı.
İndi fikir verin. Azərbaycan, SSRİ imperiya- sının
qoltuğundaydı. Azad deyildi, inkişaf edə
bilmirdi. İndi müstəqillik qazanandan
sonrakı inkişafına baxın. M. Arazın
"Qızıl qaya" şeirinə də nəzər
salaq. Səhv etmirəmsə Kəlbəcərdə qonaq olan
şairə deyirlər ki, burda da bir qaya var, adına
Qızıl qaya deyirlər. Bəlkə ona da
bir şeir yazasan.
Yaxşı
ki, bu boyda qızıl deyilsən,
Adicə qayasan, adicə daşsan.
İllərin
gözündən gilələnibsən,
Birinin boynundan asılmamısan.
Nə qədər xoşbəxtsən, a Qızıl
qaya.
Bu boyda
daş oldun, qaya olmadın,
Şöhrət
aparmadın özgə torpağa
Fateh xurcununda, oğru cibində.
Əgər o qaya qızıl olsaydı, deməli, fatehlər
gəlib onu aparacaqdılar. İndi burda şair
sevinir. Nəyə görə sevinir?
Qayanın qızıl olmamağına sevinir.
Ona görə ki, qızıl
olmadığı üçün vətənə qalır.
Daşın Vətəndə qalmağına
sevinir. Bax böyüklük, Vətənpərvərlik
budur.
Vətənpərvərlik
haqda ikinci bir misalı deyim. Bunu
tələbələrimə də demişəm. Lomonosov İngiltərə Elmlər Akademiyasında
Maddə kütləsinin itməməsi qanunu doktorluğunu
müdafiə edir. Ordan çıxanda bir İngilis
jurnalisti sual verir ki, siz bununla nəyə nail ola
bildiniz". Nkanes, miravaya nauka priznal Russkuyu
nauku". Nəhayət dünya elmi rus
elmini etiraf etdi. Vətənpərvərlik
budur. Gərək vətən naminə elə bir iş
görəsən ki, tarixdə yaşasın.
-Dünya
öz yolu ilə düz gedirmi?
-Mənə
belə gəlir ki, bu svilizasiyadı. Bu
svilizasiyanın gedişində həmişə bir
dalğavari hərəkər olur. Yüksəliş
və eniş olur. Hardakı yüksəliş
maddiyyata doğru gedir, mənəviyyat azalır.
-Bu elmi tərəqqinin
sürətlə inkişafı gəlcəyimizə necə
təsir edəcək.
-Müsbət.
Bütün svilizasiyalar əvvəlki
svilizasiyalardan daha yaxşı yaşayıb, ancaq o keçid
dövrünü keçdikdən sonra.
-
Texnologiyanın yüksəlişinin ziyanlı tərəfləri
də var məncə. Gənclərimizin əksəriyyəti
qızıl vaxtlarını telefon əyləncələrinə
həsr edir, oxumaq, elmlənmək məsələsi unudulur.
Bu ziyanlı hal deyilmi?
-Bunlar
müvəqqəti haldır. Bütün
zülmət gecələrin sonu nurlu səhərdi. Bunların zəka inkişafı qabaqkılarına
nisbətdə güclü olur. Elə bilməyin
ki, bütün gənclər boş əyləncələrlə
məşğuldu. İnkişaf eləmiş
gənclərə də nəzər salaq. Onlar gələcəyin aparıcı qüvvələridi.
Bu bəşəri və təbii haldır ki,
bundan qaçmaq da mümkün deyil. Svilizasiyadan
qaçmaq mümkün deyil, əksinə ona doğru getmək
lazımdır. Hətta bir az da
sürətlə getmək lazımdır ki, bu keçid
dövrü də tez keçsin.
-
Texnologiyanın bu sürətli inkişafı ona gətirib
çıxara bilərmi ki, insanlar işsiz qalsınlar?
-Allah
yaratdığını təmin edir. Yol
aydınlığa doğrudur. Əslinə
qalanda biz inkişafda ləngiyirik. Yəni
bu təbii və qaçılmaz bir prosesdir. Amma insan ilkin vəziyyətini dəyişmir. Elmi və bioloji cəhətdən nə qədər
inkişaf etsə də, insan olaraq qalır. Yenə də insan insanı öldürür. Əli Kərimin "Daş" şeirini misal gətirək.
Yarı
çılpaq yarı vəhşi qədim insan,
Düşmanına bir daş atdı.
Qana batdı.
Daş düşmədi amma yerə.
Uçdu-uçdu üfüqlərdən üfüqlərə.
Deməyin ki, daş yox oldu.
Daş çevrilib bir ox oldu.
Oldu
güllə oldu mərmi,
Nəhayət daş çevrilib atom oldu.
.........................................................
Ey həm
əsrin, həqiqətin qan qardaşı,
Dayandırmaq
olmazmı, de,
Yarı çılpaq, yarı vəhşi qədim insan
atan daşı.
A kişi, vəhşi vəhşini
öldürmür, dalaşırlar, ayrılırlar. İnsan insanı, ana balasını, bala
atasını öldürür. İnsan
daxilindəki bu ilkin vəhşilik var ki, bəzən
onları dayandırmaq üçün poeziya köməyə
gəlir. Deməli, insan ilkin vəziyyətindən tam
xilas ola bilməyib. Elm
inkişaf etdikcə insanın daxilindəki dominantlıq hissi
də onunla bərabər inkişaf edir.
-Başqa
nə fikirlər söyləyə bilərsiniz?
-Poeziya mənim
həyatımın bir hissəsidir. Poeziyasız
yaşamaq mənim üçün çətindir. Yeni bir poetik nümunəyə rast gələndə
elə bilirəm ki, nəsə tapmışam.
-Deməli,
poeziya insanın formalaşmasında mühüm rol
oynayır? Bir "Ol" sözündən
dünya var olubsa, deməli, söz insanın özündən
də qabaq yaranıb.
Sözün zamanı odur ki, söz həmin məqamda
deyilmir. Saxlanılır, lazım gəldiyi məqamda deyilir.
Gizlənilir söz. Yəni həmin an deyilsə qiymətini almır. Amma zamanın sözünü mən bir bayatı ilə
izah edim.
Əzizinəm
qız gəlin,
Əl-ayağı düz gəlin.
Yeddi
oğul istərəm,
Bircə dənə qız gəlin.
Bu bayatını xalq yaradıb. Burada qadına
münasibət zəifmi olub? Xeyr. Biz analarımızın, bacılarımızın
şərəf və ləyaqətini qorumuşuq, onların
uğrunda vuruşmuşuq. Hətta
qadınlarımız da zamanı gələndə at belində
çiyin-çiyinə vuruşublar. Deməli,
qadına münasibət mənfi olmayıb. Bəs onda niyə yeddi oğul, bir qız istəyiblər?
Deməli, Vətəni itirmək təhlükəsi
olub. Xalq yeddi oğul istəyib. Amma OĞUL istəyib. Yəni bu
istək zamanın diktəsi ilə deyilmiş sözdür,
fikirdir.
Mən
yenə M. Araza müraciət edəcəm:
Məndən ötdü, qardaşıma dəydi.
Ey
daşlaşan, torpaqlaşan ulu babam,
Bu
günümdən dünənimə uzaqlaşan ulu babam,
Əl
yetməyən səs çatmayan qədim tarix dərəsindən
Səs ver mənim səsimə sən.
Sənə gələn, səndən ötən nəydi
belə?
Səndən ötüb qardaşına dəydi belə?
O zamanmı
ata oğul, qardaş hissi haçalandı?
Bir şəhərin
beş qardaşın xanlığına
parçalandı.
O
zamanmı bitdi bizim, sənin, mənim damarı da,
O
zamanmı bitdi bizim dilimizin haralısan qabarında...
Bunu dedi
Şəki xanı, Bakı xanı ...
Onlar
"Mən", "Mən" deyən yerdə sən
olmadın, Azərbaycan!
Şair daxili çəkişmələr ucbatından
düşmənə qarşı vahid cəbhədə birləşə
bilməyən babalarımızı sanki zamanın məhkəməsinə
verir. Biz də Qarabağ torpaqlarımızı
özümüzə qaytara bilməsək, gələcək
nəsillər bizi qınayaraq zamanın məhkəməsinə
verəcək.
-Pul dəyər
vahididir. Elə olur ki, bu dəyər vahidinin
özü dəyərdən düşür. İnsan nə zaman dəyərdən
düşür?
-İnsan ikili varlıqdı. Biri - İnsan sosial
varlıqdı, yəni o cəmiyyətin bir üzvüdü.
Və insanını funksiyasını məhz cəmiyyətdə
göstərir. Damla dəryadan ayrı yaşaya bilmədiyi
kimi, insan da cəmiyyətdən kənarda yaşaya bilməz.
Yəni mövcud olmaq məndə yox, bizdədir,
yəni ümumdadır. Millətin
mövcud olması ümumda, yəni birlikdədir. İnsanın qiyməti gərək olmaqdadır.
Gərəklik isə zaman və məkan
anlayışı ilə bağlıdır. Tutaq ki, bizim milli pulumuz qırmızı
körpünün o tayına düşüb. Orada həmin pulun dəyəri yoxdur. Amma külək vurub bu üzə salarsa, həmin pul
öz dəyərini tapar. Deməli,
insanın qiyməti onun vətənindədir.
Ona görə H. Arif deyirdi ki, "İstəsən qəbrini
tapdamasınlar, Yaşa vətənində, öl vətənində".
Tutaq ki, sənin araban qırılıb, təkərləri
boşalıb.
Oraya həkim çağırmaq lazım deyil.
Bura sənətkar lazımdı. Amma birinin ürəyi ağrısa ora həkim
çağıracaqlar. Meşədə
balta nə qədər gərəksə, yazı
masasının arxasında qələm və kağız o qədər
gərəklidir. Bu sosial
varlığın gərəkliliyidir. İnsan
var gərəksizdir. İnsan var bir ailəyə,
insan var bir millətə, insan var bütöv bəşəriyyətə
gərəkdi. Təklikdə olan insan
heç kimə gərək deyil. İnsan cəmiyyətdə
insandır...
Söhbətimiz bitmək bilmirdi. Amma bitirmək
məcburiyyətində qaldıq.
Ədalət.-2015.-31 yanvar.-S.10.