QƏDİRŞÜNASA
QƏDİRŞÜNASLIQLA
Vaqif Yusifliyə məktub
Əzizim Vaqif müəllim,
"Ədalət" qəzetində çap olunan "Yaş o yaş olmasa da..." (Bölgələrdə ədəbiyyat silsiləsindən - Binnət Eloğlu) adlı maraqlı yazını oxudum. Məqaləndə Tovuzu "Şanlı-şöhrətli sənət ocağı" kimi qəbul etdiyinə, Tovuz aşıq-şairlərindən Hüseyn Bozalqanlı və Mikayıl Araflının yaradıcılığına yüksək qiymət verdiyinə, professor Məhərrəm Qasımlı və məni yada saldığına, şair Binnət Eloğlunu ədəbi ictimaiyyətə layiqincə təqdim etdiyinə görə bütün tovuzlular adından sənə səmimi minnətdarlığımı bildirirəm.
Qardaşım, bölgələrdə yaşayan şairləri ədəbi ictimaiyyətə təqdim və təbliğ etmək həm savabdır, həm də poeziyamızın zənginliyinin göstəricisidir. Sənin bir ədəbiyyatşünas kimi, tənqidçi-alim kimi fəaliyyətin ədəbi və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Təkcə bir faktla kifayətlənəcəyəm. Doktorluq dissertasiyanı müdafiə edəndən sonra, mənə belə gəlir ki, son vaxtlar ədəbiyyatşünaslar arasında Ali Attestasiya Komissiyasında təsdiqini ən tez alan sən oldun. Bu, sənin bir alim kimi elmi potensialına, yaradıcılığına verilən yüksək qiymət idi. Elm aləmində nüfuzlu söz sahibi kimi tanınırsan. Odur ki, bölgələrdə yaşayan ədib və şairlərimiz haqqında yazıların təqdirlə qəbul edilir. "Ədalət", "Ədəbiyyat" və "525-ci qəzet"lərdə çap olunan məqalələrin sənə - təmənnasız ədəbiyyatşünas alimimizə başucalığı gətirir.
Bütün bunlarla bərabər, bu maraqlı məqaləndə yer alan "Ünlü şairlərimizdən Məstan Günər, Məmməd İsmayıl, Zirəddin Qafarlı Tovuzun Azərbaycana bəxş etdiyi qüdrətli qələm sahibləridir" ətrafında söz açmaq, gileyimi bildirmək istərdim. Məni bağışla, qənaətindən belə çıxır ki, Tovuz elə adını çəkdiyin üç ünlü şair və 75 yaşlı Binnət Eloğlunu yetişdirib. Əgər böyük elmi əhəmiyyəti olan doktorluq dissertasiyan çağdaş Azərbaycan poeziyasına həsr olunmasaydı, bəlkə də bu məsələyə toxunmazdım.
Axı yaxşı bilirsən ki, Tovuz Azərbaycana Cahan Əfruz, Rasim Kərimli, Şəmşad Rza, Telman Tovuzlu, Həsən Mülkülü, Əziz Məftun, Səlim Sinədəftər, İsa Cavadoğlu, Nəsir Əhmədli, Akif Əhmədgil, Murad Köhnəqala, Elxan Zal və başqa şairləri də bəxş etmişdir. Adlarını çəkdiyim şairlərin ilk yeddisi dünyalarını dəyişiblər. Hamısının ruhu şad olsun! Təkcə Cahan Əfruz və Rasim Kərimlinin yaradıcılığından bəzi məqamları yada salmaq istərdim. Cahan Əfruz 1957-ci ildən SSRİ və Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Bakıda və Moskvada kitabları çıxmışdı. Pyesləri vardır. "Qanqın işıqları" pyesi Moskvanın "Romeo" qaraçı teatrında tamaşaya qoyulmuşdu. Rasim Kərimlinin isə sovet dönəmində əl-əl gəzən "Dostluq ilk sözümdür", "Şəfqət bulağı", "Dünya mərdlər dünyasıdır", "Biləydin kaş", "İntizarda qoyma məni" adlı beş kitabı çıxmışdı. Sözlərinə bəstələnmiş mahnıları çoxdur: "Səndən savayı", "Biləydin kaş", "Bir qız bir oğlanındır", "Qurban olum", "Sənsiz", "Min yaşasın", "Axtarar səni" və duetləri indinin özündə belə şənlik, toy və dövlət tədbirlərində oxunur.
Bunları nəzərinə çatdırmaqla gileyimin doğru olduğu qənaətindəyəm.
Bunlar öz yerində. Tovuzdan başqa elm sahələrində akademiklər, Sovet İttifaqı qəhrəmanları, Sosialist əməyi qəhrəmanları da çıxıb.
Vaqif müəllim, neçə illərdir ədəbiyyatşünaslıq elmimizin flaqmanı Nizami adına Ədəbiyyat İnstitutunda çiyin-çiyinə çalışırıq. Yaxşı bilirəm ki, ömrünü təmənnasız olaraq ədəbiyyatşünaslıq elmimizə həsr edibsən. Bunu ədəbi ictimaiyyət görür və qiymətləndirir. İnstitutumuzda "Tənqid şöbəsi"nə rəhbər seçilməyin çox şey deyir. Səni fərqləndirən bir cəhəti də burada deməsəm ən azı insafsızlıq olar.
Tanınmış ədib və şairlər haqqında hamımız yazırıq. Tanınmamışları tanıtmaq sənin payına düşüb. Doğrudur, bölgələrdə yaşayan Ramiz Qusarçaylı (Quba), Barat Vüsal (Qazax), Vaqif Aslan (Şəki), Xanəli Kərimli (Naxçıvan), rəhmətlik Məmməd Alim (Gəncə), Ağamir Cavad (Lənkəran), Mehman Qaraxanoğlu (Astara), Əlirza Həsrət (Cəlilabad) və başqaları ölkəmizdə gözəl şair kimi yaxşı tanınırlar. Lakin tanınmayanlar da az deyildir. Onları da tanıtmaq vacibdir. Bu baxımdan "Yaş o yaş olmasa da..." qəbildən olan yazıların böyük əhəmiyyət kəsb edir. Düzdür, ara-sıra bölgələrdə yaşayan yaradıcı adamlar haqqında başqa qələm sahibləri də yazırlar. Lakin bu zəruri işi sistemli şəkildə görən sənsən. Odur ki, ədəbiyyat tarixində sən tanınmış ədəbiyyatşünas, tənqidçi-alim kimi qalmaqla bərabər, bölgələrdə yaşayan, yazıb-yaradan ədib və şairlərin müqtədir tədqiqatçısı kimi də qalacaqsan. Bu yolda sənə uğurlar, itirdikdən sonra qədrini bildiyimiz cansağlığı diləyirəm.
Ədalət.-2015.-31 yanvar.-S.8-9.