“Milli
Məclis regional siyasətdə
çox mühüm rol oynayır"
Cavanşir Feyziyev: “Müvafiq
iş planım var və gündəlik
fəaliyyətimdə də
bu vəzifələrin
öhdəsindən gəlməyə
çalışıram”
Milli Məclisin deputatı,
"Avromed" MMC-nin
təsisçisi Cavanşir
Feyziyevin Adalet.az-a müsahibəsi
-Cavanşir müəllim, seçkidə
növbəti dəfə
qələbə qazanaraq
mandat əldə etdiniz. Qarşıdakı müddət ərzində
hansı işlərin
görülməsi sizin
üçün prioritetdir?
-Son seçkilərdə Şəki
seçiciləri növbəti
dəfə etimad göstərərək məni
Milli Məclisə deputat seçdilər. Buna görə seçicilərimə
minnətdarlığımı bildirirəm və qarşıdakı illər
ərzində mən onların etimadını doğrultmağa, öz fəaliyyətimi seçicilərimin
arzu və təklifləri əsasında
həyata keçirməyə
çalışacağam.
-Deputatın əsas missiyası mandatı qazandığı seçicilərin
problemlərinin həllidir.
Maraqlıdır Cavanşir Feyziyevin
seçicilərinin nə
kimi problemləri var və bunların
həlli üçün
hansı addımlar atılır?
-Bəli, doğrudan da deputat seçildiyi
ərazidə yaşayan
vətəndaşların, yəni seçicilərin
ölkənin ali qanunvericilik orqanında təmsilçisidir.
Deputatın fəaliyyət dairəsini
mən üç səviyyədə görürəm.
Yerli səviyyədə, ölkə
səviyyəsində və
beynəlxalq səviyyədə.
Yerli səviyyədə fəaliyyət
seçicilərin Azərbaycan
qanunlarına uyğun
hüquqlarının təmin
olunması və onların rifah halının yüksəldilmıəsi
üçün icra orqanları qarşısında
təşəbbüslər qaldırmaq, seçiciləri
narahat edən bütün problemlərin
müvafiq icra strukturları ilə müzakirə olunaraq həll olunmasına nail olmaqdan ibarətdir. Ölkə səviyyəsində fəaliyyət
Milli Məclisdə həyata keçirilən
qanun yaradıcılığında
fəal iştirak etmək, qanunvericilik təşəbbüsləri ilə
çıxış etmək
və bütövlükdə
ölkə vətəndaşlarının
həyat və fəaliyyətini tənzimləyən
qanunların qəbul olunmasına töhfə verməkdən ibarətdir.
Beynəlxalq səviyyədə
fəaliyyət dünyanın
bütün parlamentlərində
və ya beynəlxalq tədbirlərdə
ölkəmizi, onun ali qanunvericilik
orqanı olan Milli Məclisi milli maraqlarımıza uyğun layiqincə təmsil etməkdən ibarətdir. Hər üç istiqamətdə
fəaliyyətimi həyata
keçirmək üçün
müvafiq iş planım var və gündəlik fəaliyyətimdə də
bu vəzifələrin
öhdəsindən gəlməyə
çalışıram.
-Milli Məclisdə
Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
üzvüsünüz. Komitənin fəaliyyəti
barəsində nə
deyə bilərsiniz?
-Üzvü olduğum Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsi
Milli Məclisin ən böyük, ən fəal komitəsidir və komitə kifayət qədər geniş müstəvidə işlər
aparır. Bu Komitənin
üzvü kimi mən Azərbaycan-Böyük
Britaniya parlamentlərarası
işçi qrupun rəhbəri, İsveçrə,
Fransa, Macarıstan, Yaponiya parlamentlərarası
işçi qrupların
üzvüyəm. Milli Məclisin
beynəlxalq əlaqələri
və digər ölkələrin parlamentləri
ilə qarşılıqlı
fəaliyyəti məhz
bu komitə tərəfindən həyata
keçirilir. Azərbaycan Respublikasının
xarici siyasətinin tənzimlənməsi ilə
bağlı qanunların,
dövlətlərarası beynəlxalq Müqavilələrin
ratifikasiyası da bu komitədə müzakirə olunaraq Milli Məclisin müzakirəsinə təqdim
olunur. Son çağırış
Milli Məclisdə komitələrin sayı artırılıb və indi hər bir
deputat eyni zamanda iki komitənin
üzvü ola
bilər və mən hal-hazırda həm də Mədəniyyət komitəsinin
üzvü seçilmişəm
və bu Komitənin işində də öz fəaliyyətimi həyata
keçirirəm.
-Azərbaycan
Milli Məclisinin regionda yeri və
rolu barəsində nə deyə bilərsiniz?
-Azərbaycan Milli
Məclisinin regionda yeri və rolu
Azərbaycan dövlətinin
regionda rolu və yeri ilə
mütənasiblik təşkil
edir. Azərbaycan siyasi,
iqtisadi, sosial və s. baxımdan regionun ən qüdrətli dövlətidir
və müvafiq olaraq Azərbaycan Milli Məclisi də regional siyasətə,
regionun iqtisadi inkişafına təsir baxımından çox mühüm rol oynayır.
-Adətən
Millət vəkilləri
ilə İcra Hakimiyyətləri və ya bir sıra
məmurlar arasında
müəyyən soyuqluq
olur. Sizdə bu
sarıdan nə kimi problemlər var?
-Bizim halda belə
deyil. Seçki dairəsi ərazisində
vətəndaşlar tərəfindən
qaldırılan bütün
məsələləri müvafiq
olaraq yerli və ya mərkəzi
icra orqanları qarşısında qaldırıram
və onların həllinə çalışıram.
Həll olunan məsələlər
də olur, olunmayan da, amma
bu hər hansı problem yaratmır.
Problemin olub-olmaması
icra və qanunverici orqanlar arasında birgə iş ahəngdarlığının
mövcud olub-olmamasından
asılıdır. Mənə elə
gəlir ki, bizim halda bu
ahəngdarlığı müşahidə
etmək mümkündür.
-115 saylı Şəki kənd ikinci seçki dairəsindən
millət vəkili seçilmisiniz. Şəki ipəkbaramaçılığı
ciddi problemlər içindədir. Bu sahənin inkişafı ilə bağlı nə kimi təklifləriniz
var?
-Şəkidə ipəkçiliyin
tarixi inkişaf mərhələləri olub. Hal-hazırda
Şəkidə ipəkçilik
bir az
yumşaq desək, özünün durğunluq
dövrünü yaşayır.
Bu da ölkəmiz
öz müstəqilliyini
bərpa etdikdən sonra bu böyük
istehsalat müəssisəsinin
yeni iqtisadi şəraitə uyğun
perspektiv inkişaf planının olmamasından
irəli gəlib.
Hal-hazırda Şəki
İpək ASC-nin yeni rəhbərliyi daha çox iş yerlərinin
açılması ilə
bağlı yeni biznes-planın hazırlanması
ilə məşğuldur.
Çox
güman ki, yaxın zamanlarda Şəki İpək
ASC-nin fəaliyyətində
müsbət dəyişikliklərin
şahidi olacağıq.
-Son zamanlar ölkədə dərman
istehsalında yerli müəssisələrin yaradılması
istiqamətində iş
aparılır. Bu kimi müəssisələrin
fəaliyyətə başlaması
bazar münasibətlərinə
nə kimi təsir göstərə
bilər?
-Bizim ölkəmizdə hələ sovet dönəmindən dərman
preparatlarının istehsalı
prioritet sayılmayıb.
Həmin
dövrdə mərkəzləşdirilmiş
iqtisadiyyat rejimində
yaşadığımızdan bunun elə də böyük təsiri yox idi. Lakin indi, müstəqillik
dövründə hökumətimizin
qarşısında Azərbaycanın
özünü həyat
üçün zəruri
olan əmtəə növləri ilə, o cümlədən, ən zəruri dərman preparatları ilə təmin edə bilməsi vəzifəsi durur. Bu hökumətin
fəaliyyətində strateji
istiqamətlərindən biridir
və mətbuatdan da məlumdur ki, bir sıra
ölkələrin hökumətləri
və biznes dairələri ilə bu barədə danışıqlar aparılmaqdadır.
Yəqin
ki, yaxın illərdə biz əczaçılıq
sahəsində yerli istehsal müəssisələrinin
açılmasının şahidi
olacağıq. Bu həm
yeni iş yerlərinin açılması,
həm də ölkəmizin xarici bazarlardan asılılığının
azaldılması baxımından
olduqca əhəmiyyətli
bir hadisə olacaq.
- Azərbaycana idxal ediləndərman vasitələrinin ƏDV-dən
azad edilməsi təklif olunur. Siz bu məsələyə necə baxırsınız.
Bu mümkündürmü?
-Məlum olduğu kimi, keçən ilin sonunda həyata
keçirilmiş devalvasiyadan
sonra sahibkarlığın
inkişafını stimullaşdırmaq
məqsədilə cənab
prezident tərəfindən
bir sıra mühüm sərəncamlar
verilmiş və fərmanlar imzalanmışdır.
Bütün bu qərarlar
iqtisadi fəallığın
artırılmasına və
son nəticədə neft
gəlirlərinin azaldığı
bir şəraitdə
əhalinin həyat səviyyəsinin yüksəldilməsinə
yönəlmiş tədbirlərdəndir.
Bu kimi tədbirlərin
sırasında ölkəyə
idxal olunan dərman preparatlarının
satışından ƏDV ödənişinin aradan qaldırılması təklifi
də vaxtaşırı
mətbuatda və müvafiq icra qurumlarında müzakirə
olunmaqdadır. Bir sıra
ölkələrdə dərman
preparatlarının satışı
ƏDV-yə cəlb olunmur, yəni belə bir presedent
mövcuddur. Yəqin ki,
bu müzakirələrdən
sonra bizim ölkəmizdə də bunun hansı dərəcədə məqsədəuyğun
olub-olmaması haqqında
müvafiq qərar qəbul olunacaq.
Ədil
Ədilzadə
Ədalət.-2016.-13 aprel.-S.2.