"Vətənin cənnəti-cəhənnəmi olmur" - Aqil Abbas

 

Millət vəkili, yazıçı Aqil Abbasın AzNews.az-a müsahibə verib.

 

Adalet.az müsahibəni təqdim edir:

 

 

– Aqil müəllim, son günlər Qarabağda gedən döyüşlərin içərisində məncə, həm mənəvi, həm də fiziki baxımdan daha çox görünən millət vəkili sizsiniz. Gah mətbuata açıqlamalar, müsahibələr verirsiniz, gah da döyüş bölgəsinə gedirsiniz...

– Yox, o fikirlə razılaşmıram ki, hadisələrin içində bircə mən görünürdüm. Azərbaycanda çox gözəl ziyalılar var, onlar yeri gələndə məndən də yüksək səviyyədə ziyalıdırlar. Hər kəsin öz yeri var. Sadəcə, ola bilsin sizlərin dostuyam, yazıçıyam deyə məni daha çox görürsünüz.

 

– Sizin sosial şəbəkədə bir şəkliniz yayılmışdı...

– Hə, xəbərim var. Lağ yerinə döndərmişdilər.

 

– Yazmışdılar ki, Aqil Abbas soğan əkmək üçün ərazini nəzərdən keçirir...

– O şəkildə dayandığım post bizim ən sonuncu postumuzdu, əlini uzatsan Ağdama çatır. Oralar minalanmış yerlərdir, gedəndə iki dəfə maşınımız batdı.

 

– Gedib neylədiniz ki?

– Əsgərlərlə çay içdim, bir az söhbət elədim, Ağdama baxdım. Hətta blindajdan yaxşı baxa bilmirdim deyə çıxdım üstünə, blindajın üstü təpə kimidir.

 

– Qorxmadınız sizi vurarlar?

– Elə orada iki naxçıvanlı vardı, onlar da dedilər ki, səni vura bilərlər, təhlükəlidir. Zarafatla dedim ki, vurulsam, mənə Milli Qəhrəman adı verəcəklər. Dayım oğlu soruşdu ki, bəs mənə nə verəcəklər? Qayıtdım ki, sənin də qəbrinin üstünə yazarlar ki, Milli Qəhrəmanın dayısı oğlu.(gülür)

 

Maşını dayım oğlu sürürdü. Ayda 3-4 dəfə Ağcabədiyə, Füzuliyə, Ağdama gedirəm. Elə ay olur ki, beş dəfə gedirəm. Hər gedəndə mütləq əsgərlərlə görüşüb bir stəkan çaylarını içməliyəm. Amma heç vaxt şəkil çəkdirmərəm. Sənin dediyin şəkil isə mənim dayım oğlunun səhvi idi. O şəkli məndən xəbərsiz çəkib redaksiyaya göndərmişdi, redaksiya da sayta qoymuşdu. Buna görə dayım oğlunu bərk danladım. Qarabağın yolunu tanımayanlar, Qarabağda neçə rayon var, bilməyənlər, yüksəklik nədir, Lələ-Təpə, Talış kəndi, Madagiz, Seysulan haradadır bilməyənlər Bakının, yaxud Avropanın hansısa bölgəsində oturub yekə-yekə danışırlar.

 

– Sosial şəbəkələri özünüz izləyirsiniz?

– Sosial şəbəkədə yoxam, buna nə vaxtım var, nə də həvəsim. Amma izləyirəm.

 

– Bəs yoxsunuzsa necə izləyirsiniz?

– Evdə sosial şəbəkələrin üzvləri olanlar var... Kimsə deyir ki, sənin haqqında filankəs nəsə yazıb, girib baxıram. Bəzən də heç fikir vermirəm, deyirəm nə qədər söyürlər söysünlər. Onların da məşhur olmaq şansı budur.

 

– Sizinlə telefonda danışanda demişdiniz ki, döyüş vaxtı bizim də evə zərər dəyib.

– Hə, xalamgilin evinə minamyot düşmüşdü. Xalamgilin evindən o yana ev yoxdur, ondan o tərəfə Ağdamdır. Bir də mənim doğulduğum kənd var, 12 minamyot da o kəndə düşmüşdü. Amma çox qəribədir ki, 12 minamyotdan 6-sı partlamamışdı. Həmin kənddə bir pir var, Seyid Heydər Ağanın piri. İnsanlar o pirə ziyarətə gedirlər. Kənd camaatı düşünür ki, minamyotlar o pirə görə partlamayıb.

 

– Pirə görə idisə, bəs niyə 6-sı partlayır, 6-sı yox? Kənd camaatını anladıq, bəs siz necə, belə şeylərə inanırsınız?

– Mən Allaha, peyğəmbərə inanıram, seyidləri də sevirəm...

 

– Minamyotların pirə görə partlamadığı məsələsini deyirəm...

– Seyid ocağına, pirə inanıram. Sadəcə, düşünmürəm ki, kəndə düşən minamyotlar Seyid Heydər Ağanın pirinə görə partlamadı. Nə edim, kənd camaatı belə düşünürsə, onlara nə deyə bilərəm ki? Bəzə deyirlər ki, seyid ocağına niyə gedirsiniz, hər şeyi Allahdan istəyin, seyiddən yox. Heç kim seyiddən heç nə istəmir. Axı hamının Allahın yanında hörməti yoxdur. Amma Allahın yanında hörmətli insanlar var. O cümlədən də seyidlər peyğəmbər övladları olduğu üçün Allahın yanında hörmətlidirlər. Deyirlər ki, ya Allah, seyidlərin cəddi, cənabi peyğəmbər xətrinə mənə kömək ol. Çünki onun xətri var Allahın yanında... Cəmiyyətdə də belədi də, hamı nüfuzlu, sözükeçən ola bilmir ki...

 

– Sizi əl tutan adam kimi tanıyırlar. Maraqlıdır, hamıya kömək eləyirsiniz, yoxsa?

– Bəli, gücüm çatan hər kəsə əl tuturam. Hətta mənə pislik edənlərə də kömək edirəm. Ən pis cəhətim odur ki, kinli adam deyiləm. Həyatım boyu bir adamın toyuğuna daş atmamışam, atmaram da.

 

– Hərdən belə təəssürat yaranır ki, siz vətənin Ağdam tərəfini daha çox sevirsiniz...

– Mənim "cənnət Qarabağ” ifadəsindən zəhləm gedir. Vətənin cənnəti-cəhənnəmi olmur. Kürdəmirdə meşə yoxdur, sərin bulaq yoxdur deyə, ora cəhənnəm deyəcəksiniz? Vətənin hər qarışı cənnətdir. Mənim üçün Kürdəmirlə Şuşanın fərqi yoxdur. Sadəcə olaraq hadisələr Qarabağdadır, mən orda doğulmuşam, mənim nəslimin qəbirləri oradadır, şəhidlərimiz oardadır... Ona görə Ağdama daha çox bağlıyam.

 

– Aqil müəllim, içinizdə torpaqlarımızın geri qaytarılacağına həqiqi inam hissi varmı?

– Kim buna inanmırsa, iki metr kəndir alıb özünü assın.

 

– Bəzən fikirlər səslənir ki, son döyüşlər zamanı verdiyimiz şəhidlərin qarşılığında aldığımız ərazilər çox kiçikdir... Siz necə düşünürsünüz?

– Bu sözü ancaq bizim ermənilər deyə bilər. Yəni içimizdəki erməniyosunlulardan söhbət gedir. Kim dövlətçiliyi, vətəni sevmirsə, bu sözü onlar deyə bilər. Bütün ərazi boyu düşmən hücum eləyib, 92-93-də olduğu kimi qaçaydı əsgərlərimiz?

 

Əsgərlərimiz sinələrini qabağa verib torpağı qoruyublar, onunla da bərabər düşməni geri oturdublar.

 

Bu insanların müharibədən xəbəri yoxdur. Lələ-Təpə deyilən yer kimdədirsə Füzuli və Cəbrayıl onun nəzarətindədir. Talış kəndi kimdədirsə Goranboy da, Ağdərə də, Tərtər də onun əlinin altındadır. Seysulan boyda böyük bir kənd azad olunub. Seysulandan daş atanda gedib Ağdərəyə düşür. Bu adamlar Seysulan tanıyır?

 

Dilə gətirəndə ki, əsgərlərimiz canı ilə vətəni qoruyub, mənə deyirlər ki, niyə oğlanların gedib döyüşmür, niyə oğlanların ölmür? Niyə hamıya ölüm arzulayırlar?! Mənim oğlumun biri 4 il əsgər olub, o biri də bir il Hərbi Hava Qüvvələrində qulluq eləyib. Axı ölkədə səfərbərlik elan olunmayıb. Gərəkən vaxt hamının oğlu gedəcək, mənimkilər də. Amma bizim düşmənə cavab verəcək qədər ordumuz var, əsgərimiz var, döyüşən qüvvələrimiz var, xüsusi təyinatlılar var...

 

– Bir fikir də səslənir ki, torpaqlarımız işğaldan azad olunandan sonra məcburi köçkünlər ora qayıtmayacaq. Çünki onlar Bakıda və Azərbaycanın müxtəlif yerlərində artıq möhkəmləniblər.

– Bunu deyən də öz ermənilərimizdir, başından böyük səhv eləyir. Ağdamın işğal olunmamış ərazisində 45 min əhali yaşayırdı. Sonra dövlət həmin yerdə məcburi köçkünlər üçün qəsəbələr saldı. İndi həmin ərazidə 90 min adam yaşayır. Niyə qayıtdılar?

 

– Bizim işğal olunmuş torpaqlarımıza sanki insanlar istirahət zonası kimi baxır. Gedim gəzim, yeyib-içib Bakıya qayıdım. Bu fikrə münasibətiniz necədir? Bu günə kimi təbliğat maşınımız belə qurulub deyə insanlar bu fikirdədir?

– Yox, elə deyil. Kəlbəcərlilərin özləri yayda istirahət üçün dağlara çıxırdılar. Eyni zamanda Şuşalılar da bu cür edirdi. Axı Qarabağa ancaq yaylaq kimi baxmaq düz deyil. İsti olanda hərə bir tərəfə gedir, istirahət edir...

 

– Maraqlıdır, danışdıqlarınız millət vəkili Aqil Abbasın sözləridir, yoxsa yazıçı Aqil Abbasın?

– Mən ümumiyyətlə, danışanda yazıçı Aqil Abbas kimi danışıram, insan kimi danışıram. Zarafatçılam, çox səmimiyəm... Deyim ki, həddindən çox səmimi olmaq pis şeydir. Ona görə camaat məni çox istəyir. Ağdamda camaat üstümə yüyürür, məni evinə qonaq aparmaq istəyir. İcra başçısı mənə deyir ki, axşama nə hazırlatdırım, nə yeyirsən? Deyirəm mən çörəyimi camaatla yeyəcəyəm. Onları başıma yığıram, danışıram. Axırda da yekə-yekə çıxardıb hesabı verirəm, ləzzət alıram. Özü də bir adətim var, lap polkovnik olsun, Qarabağın hansısa bir restoranında otururamsa, orada əsgər çörək yeyirsə, o hesabı mən verməliyəm.

 

– Hesab verməkdən xoşunuz gəlir?

– Ləzzət eləyir.

 

– Bəs pulunuz qurtarmır?

– Xərclənən pul heç vaxt qurtarmır. Xərclənməyən pul qurtarır.

 

– Bayaq dediniz ki, həddindən artıq səmimi olmaq pis şeydir. Nəyi pisdir ki?

– Çünki həddindən artıq səmimi olursan, bəzən qarşındakı adam bunu dəyərləndirməyi bacarmır, elə bilir ki, sən də onun tayısan, nə istəsə deyə bilər, səninlə yekə danışa bilər...

 

– Görəsən, torpaqlarımız işğaldan azad olunandan sonra sizin Qarabağ mövzusunda yazdığınız əsərlər öz aktuallığını itirəcəkmi?

– Heç vaxt itirə bilməz. "Hərb və Sülh” aktuallığını itiribmi?

 

– Axı sizin əsərlər bəşəri dəyərləri təbliğ eləmir...

– Mənim üçün bəşəri dəyər anlayışı yoxdur. Mənim üçün vətən anlayışı var. Necə olur ki, sən Amerikanın "Rembo"suna baxa bilirsən, mənim "Dolu”ma baxa bilmirsən? Özü də Amerikada Rembo yoxdur... Ona görə də fransızın, amerikanın "Dolu” filminə baxıb-baxmaması mənim üçün maraqlı deyil. Əsas odur ki, xalqım, millətim baxsın. İkincisi, müharibə qurtarsın bəşəri bir əsər yazaram, yaxşıdır, yazmaram da, yazmaram...

 

– Aqil müəllim, müharibə, yoxsa sülh?

– Sülh bir halda mümkündür ki, torpaqlarımız işğaldan azad olunur. Dağlıq Qarabağdakı ermənilər əgər istəyirlərsə, Azərbaycan vətəndaşlığını qəbul eləyib yenə orada yaşayırlar.

 

– Yəni Qarabağ problemi bizim xeyrimizə həll olunandan sonra ermənilərlə barışıb, dost olmağımıza razısınız, elə?

– Biz qonşuyuq. Təbii ki, sülh olandan sonra insanlarımız bir-birinə qaynayıb-qarışacaq. Ermənilərin də içində ağıllı adamlar var, onların da ziyalıları var...

 

– Erməni ağsaqqalları və ziyalıları ilə Azərbaycan ağsaqqalları və ziyalılarının görüşü keçirilə bilməzmi? Özünüz dediniz ki, onların içində də ağıllı adamlar var...

– Mənasız bir şeydir. Axı müharibəni ağsaqqallar və ziyalılar aparmır. Müharibəni aparanlar böyük qüvvələrdir... Erməni müharibə aparır?

 

– Sizə görə qisas nə deməkdir? Məsələn, biz Xocalını işğaldan azad ediriksə 1992-ci ildə orada öldürülən insanların intiqamı alınmış hesab olunurmu?

– Bəli... Xocalını, Ağdamı alırıqsa şəhidlərimizin intiqamını almış oluruq. Başqa neyləməliyik ? Biz də erməni deyilik ki, dinc əhalini qıraq!

 

– Bəzi insanlar sizi kobud sözlərlə danışan millət vəkili, yazıçı kimi daha çox təbliğ edirlər. Bundan narahat olmursunuz ki?

– Onda belə çıxır ki, adamlar kobud söz eşitmək üçün gəlir yanıma? Niyə cəmiyyətdə hər hansı problem yaşananda birinci Aqil Abbası axtarırsız? Mənim yadıma gəlmir ki, atamın bir dəfə ağzından biədəb söz çıxsın. Sadəcə, müharibə ki başladı, yanımda ölüm-itim oldu. Əsgərlərin söyüşlə danışdığını gördüm. Bunların hamısını görən adam kimi mənə təsir elədi, elə o vaxtdan mən də hərdən onlar kimi danışmağa başladım. Romanımda da var. Deyirlər ki, Aqil söyüş yazır. Mənim əsərlərimin dilində heç vaxt ədəbsiz söz olmayıb. Döyüşçülərin dilində olub. Əsgər düşmən üstünə gedirsə nə deməlidir? Qardaş, xahiş edirəm, çəkil qırağa, mən torpağımı almağa gəlirəm?!

 

Ədalət.-2016.-14 aprel.-S.2.