Türk dünyasının qədim Şəkisi
Müasirləşən
yurdun
paytaxt olmaq səlahiyyəti
Bu günün Şəkisindən söhbət açılarkən əvvəlcə mütləq olaraq mühüm bir məsələni xatırlamaq, müqayisə aparmaq zərurəti yaranır. Təbii Şəki böyük və qədim rayondur, həm də Böyük Şəhərdir.
Hər yerdə olduğu kimi, burada da insanlar çalışır, kənd təsərrüfatı, sənaye, digər sahələr inkişaf edir, əhalinin rifah halı yüksəlir. Bəzən problemlər də olur, çatışmazlıqlar da üzə çıxır, hətta lokal təbiət hadisələri də baş verir, Kiş çayı daşıb rayona, təsərrüfatlara ziyan da vurur. Ancaq belə məsələlər Şəkinin gündəlik həyatında ümumi ritmi, düzəni poza bilmir. Onda bura Şəki olmaz ki! Olduqca təmkinli və ziyalı bir şəxs olan Elxan Usubovun da yorulmazlığı, rəhbərlik və idarəçilik işlərində bütün məsələlərə vaxt çatdırması, həmişə lazımi yerdə olması, üstəlik bu qədər respublikadaxili və beynəlxalq tədbirlərin uğurla keçirilməsini təmin edə bilməsi, açığı təəccüb doğurur. Vaxt və fiziki baxımdan təbii ki. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı və onun məmur komandası həmişəki kimi öz görəvində, öz missiyasındadır. Bu il isə xüsusi bir məsuliyyətlə, xüsusi bir fədakarlıqla... Elə bütövlükdə Şəkinin bütün sakinləri də eyni məramda. Axı onların qədim və gözəl diyarı bu il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Bilirsiniz ki, Şəkidə belə məsələlərə heç də simvolik yanaşılmır. Əgər seçilibsə seçilibdir. Bütün məsələlər yerli-yerində olmalıdır və olur da. Bəlkə elə bu səbəbdəndir ki, son dövrlər Şəki müxtəlif festivallar, bayramlar şəhəri kimi də tanınır və şöhrətlənir. O qədər şöhrətlənir ki, bütövlükdə Türk dünyasının mədəniyyət paytaxı elan olunur.
Nikbinlik:
Prezidentin etimadı
görülən
işlərlə doğrulur
Bütün bunlar haqqında inkişafın perspektivləri və rayon həyatının digər məsələləri barədə 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda ətraflı söhbət açılmış, gələcək işlər üçün daha vacib məsələlər önə çıxarılmışdır. Yığıncaqda məruzə ilə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov demişdir:
- Cənab Prezidentimiz İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin I yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sənaye potensialının gücləndirilməsi, sosial proqram və layihələrin icrası geniş müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Dövlət başçısı 2016-cı ilin I yarısında da Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini, bu müddət ərzində neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, qeyri-neft sektorunun 2,4 faiz, sənaye istehsalının 0,6 faiz, kənd təsərrüfatının 3 faizdən çox, artdığını, ölkə iqtisadiyyatına 6,3 milyard dollar investisiya qoyulduğunu bildirmişdir. Cənab Prezidentimiz Dövlət İnvestisiya Proqramının uğurla icra olunduğunu qeyd etmiş və ölkənin sənaye potensialının möhkəmləndiyini bildirmişdir. Nazirlər Kabinetinin 2016-cı ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edən cənab Prezidentimiz demişdir: "Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir. 2016-cı ildə, baxmayaraq ki, neftin qiyməti hələ də çox aşağı səviyyədədir, - Azərbaycan inamla inkişaf edir. Bunun təməlində düşünülmüş siyasət, apardığımız islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlarımız dayanır. Azərbaycan uğurla inkişaf edir".
Dağlıq Qarabağ probleminin həllində cənab Prezidentimizin mövqeyi qəti və dönməzdir: ölkənin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü təmin olunmalıdır. Azərbaycanda milli ordu quruculuğunun möhkəmləndirilməsi, dövlətin hərbi potensialının gücləndirilməsi, müdafiə sənayesinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Nazirlər Kabinetinin 2016-cı ilin I yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxış edən cənab Prezidentimiz demişdir: "Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi, əks-hücüm əməliyyatı keçirərək işğal altındakı torpaqların bir hissəsini, daha dəqiq desəm, 2 min hektar torpağı azad etdi. Azərbaycan dövləti böyük hərbi qələbə qazanmışdır" ...
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDZADƏ
Ədalət.- 2016.- 5 avqust.- S.3.