BU, AFAQ MƏSUDDUR...
Afaq Məsudun "Qəza" hekayəsində belə bir cümlə var: "Hə, demək hər şey təzədən başlayırdı". Bu cümlə fikrimizi az-çox sübuta yetirə bilər.
Həmin hekayədə ərinə nifrət edən bir qadının qəlbindəki bütün hisslər məchulluqlar örtüyündən çıxır, həmin qadın daxili bir tənhalığın əsiridir, ruhən azad deyil və ərinin ona münasibətində bir istinad nöqtəsi tapa bilmədiyindən ölüm haqqında fikirləşir. Ümumiyyətlə, Afaqın bir çox qəhrəmanlarını səciyyələndirməli olsaq, onlara belə bir ad verərik: "ölə bilməyənlər". Bu ölə bilməyən insanlar fikrən ölümün zenitinə, intihara tapınmağa gəlib çıxsalar da, buna nail olmaq onlara qismət olmur, çünki onlar üçün bəzi məqamlarda ölüm elə bu həyat kimidir.
"Daranmamış fikirləri"nin birində Afaq ölüm haqqında yazır: "Ölüm barədə fikirləşəndə təsadüfən düşündüyüm çox da rahat olmayan mənzilin qapısından, pəncərəsindən yox, döşəməsinin altından keçən darısqal yollarla sürünə-sürünə, ürəyim partlayıb ağzıma gələ-gələ sivrilib harasa qaranlıq, havasız, əbədi dərinliyə getməyə məhkumluğunu dərk eləyirəm..."
Deyərdik ki, Afaqın nəsrində ÖLÜM özü də bir obrazdır. Bu obrazı Afaq HƏYAT obrazı qədər sevir, çünki çox-çox ölümlərin, yaşanılmamış, bir kimsə və kimsələr tərəfindən duyulmamış sevgilərin, müqəddəs hisslərin, dəyərləndirilməmiş anların, məqamların son ucu Ölümə aparır.
Afaq müsahibələrinin birində deyir: "Böyük ədəbiyyat şüurlarda, hisslərdə dəyişikliklər yaratmaqdan savayı daha ayrı-sirli və hətta deyərdim ki, təhlükəli günlərə və təsir dairəsinə malikdir".
Söhbət Q.Markesin "Patriarxın payızı" romanından gedir (bu əsəri Afaq çox uğurla Azərbaycan dilinə tərcümə edib). Deyərdik ki, Markesin həmin romanı ilə Afaqın "Azadlıq" romanı müəyyən mənada böyük ədəbiyyatın ayrı-ayrı səviyyələrində iki adekvat nümunəsidir.
Q.Markeç "Patriarxın payızı" romanını indiyə qədər yazdıqlarından daha əhəmiyyətli hesab edir və hətta qəti əmin olduğunu bildirir ki, "məni unuduluşdan xilas etməyə qabil olan əsərim məhz "Patriarxın payızı"dır. Mən bu fikirdəyəm ki, təkcə "Yüz ilin tənhalığı" deyil, əvvəl yazdığım əsərlərin hamısı "Patriarxın payızı"nın prelüdüdür. Başqa sözlə desək, mənim həmişə axtarışında olduğum və yazmaq istədiyim əsər "Yüz ilin tənhalığı" yox, "Patriarxın payızı"dır".
Heç şübhəsiz, çağdaş dünyanın bu nəhəng yazıçısı bütün başqa əsərlərini "Patriarxın payızı"nın prelüdü hesab eləməkdə qətiyyən yanılmır (adətən, böyük yazıçılar öz əsərləri haqqında belə ürəklə, inamla söz aça bilərlər). Tərcüməçi xanım da haqlıdır ki: "Müxtəlif taleli, müxtəlif təbiətli, müxtəlif mənşəli, müxtəlif milliyyətdən olan hakimiyyət hərislərinin qoca bir diktatorun simasında ümumiləşdirilməsi Qarsia Markesin bir yazıçı kimi romanda əldə etdiyi ən böyük nailiyyətidir".
Deyirlər ki, şeirin tərcüməsində mütərcim daha çox sərbəstliyə, tərcümə etdiyi şairi "özününküləşdirməyə" meyllidir (Xəlil Rza Ulutürkün tərcümə praktikası buna canlı sübut deyildimi?), ancaq nəsr əsərlərinin tərcüməsində mütərcim "qul əməyinə" məhkumdur, çünki başqa çarəsi yoxdur. Ancaq heç şübhəsiz, "qul əməyinə" boyun əymədən də hər hansı nəsr tərcüməsində orijinalın gözəlliyini hifz eləmək mümkündür. Romanın dilimizə tərcüməsi barədə təəssüf ki, mütəxəssis rəyi və sözü eşidilmədi, ancaq tam qətiyyətlə bunu demək olar: Afaq Məsud dünyanın məşhur bir romanını ilhamla, dilimizin gözəlliklərinə ram edə-edə tərcümə edə bilib. Üstəlik, "Patriarxın payızı" yazıçı-tərcüməçini "hökmdar" mövzusuna sövq etdi. "Romanın tərcüməsindən sonra anladım ki, buna qədər yazdıqlarımda da, bundan sonra yazacaqlarımda da "hökmdarın" nəfəsi bu və ya digər şəkildə olub və olacaq".
Beləliklə, "Azadlıq" romanı yaranır. Şübhəsiz, bu romanda Markesin "Patriarx"ından nəsə bir təsir dalğası hiss edirsən. Nədir bu? Afaq etiraf edir ki: "Markesin "Patriarx"ı ilə mənim "prezidentimi" birləşdirən yeganə məqam isə ...hakimiyyət hərisliyi və ölüm qorxusudur". Fərqinisə belə izah edir: "Markes patriarxın üz həyatını, mən isə onun iç həyatını yazıram".
Müəlliflə fikirlərimiz demək olar ki, üst-üstə düşür. Yalnız bunu əlavə eləmək olar ki, Markesin qoca diktatoru da, Afaq Məsudun qoca generalı da, nə qədər ümumiləşdirilmiş obrazlar olsalar belə, yenə bu obrazlar müəyyən mənada milli xüsusiyyətlərə malikdirlər. "Patriarxın payızı"ndakı qoca diktatordan Latın Amerikası, "Azadlıq" romanındakı generaldan isə sırf Azərbaycan hökmdarının (təbii ki, zamanı da unutmaq olmaz) xarakteri boylanır. Bunu Markes özü də etiraf edir: "O ki qaldı Qomesə-Xuan Vmsente Qomes ayrı aləm idi, elə nadir bir şəxsiyyət idi ki, venesuelalılar özlərini tamahdan saxlaya bilməyib ona bəraət qazandırmışdılar. Bütün diktatorlardan məni ən çox Qomes maraqlandırırdı və mənim personajım daha çox ona oxşayır".
Afaqın "Azadlıq" romanı həm canr xüsusiyyətinə, həm də üslubi yönünə görə ilk baxışda qəribə təsir bağışlayır. Yəni roman publisistik bir ahənglə, templə başlayır, sonra sırf psixoloji səpgidə davam edir, sonda yenə publisistik ton qabarıq görünür. Çox maraqlıdır ki, Afaqın digəır nəsr əsərlərinə xas olan və ümumilikdə onun fərdi üslubunu səciyyələndirən bir çox cizgilər romanda sanki qeyb olur, əvvəlki sakit, hətta çoxlarına darıxdırıcı təsir bağışlayan təhkiyə tərzi itilik, sürəklilik kəsb edir, hətta Afaqın nəsr leksikonu sürətlə yeni sözlər hesabına zənginləşir. Başqa bir məqamı da nəzərdən qaçırmayaq. "Azadlıq" Afaq Məsudun insandan cəmiyyətə, fərdin daxili dünyasından ictimai-siyasi hadisələrə sıçrayışını tam şəkildə açıqlayır. Əslində, onun "dörd divar arasında" təsvir etdiyi gerçəkliyin özü də cəmiyyətin mikromodeli təsiri bağışlayırdı, ancaq "Azadlıq"da cəmiyyət, konkret ifadə etsək, Azərbaycan gerçəkliyi bütün reallığı ilə əks olunur.
Təbii ki, romanda humanist prezident də, "Millət Atası" gerenral da, digər surətlər də prototipləri etibarilə oxuculara məlum obrazlardır. Ancaq bu məlum obrazlar gerçəklikdəkindən fərqli olaraq yazıçının məharətlə ümumiləşdirdiyi obrazlara çevrilir. Ümumiyyətlə, obraza məxsus kiçik bir cizgini, xarakterik xüsusiyyəti, hətta hərəkəti, jesti bir və ya bir neçə abzasda qabarıqlaşdırıb bunu uğurlu hiperbolaya, yaxud kəskin qroteskə çevirmək Afaqın nəsri üçün səciyyəvi bir haldır. Məsələn, Millət Atasının qayıdışını təsvir edən səhnəyə diqqət edək: "Deyirlər Ata həımin o qəzəbli üzü ilə, boz gözləri ilə bir müddət beləcə göyə-göyün üzünü neçə gündən bəri tutan boz buludlara baxıbmış. Deyirdilər, Atanın bu baxışından hava limanına vahiməli bir sükut çökübmüş...
Camaat and içirdi ki, çox keçməmiş, göyün üzünü neçə gündən bəri zəbt edən acıqlı buludlar elə bil Atanın bu qəzəbli baxışlarına davam gətirməyib əfsanəvi qala qapıları kimi aralanmış, axşam günəşinin zəif şəfəqləri elə bil rahat bir istilik gətirmişdi...
-...Onun o vahiməli baxışlarına davam gətirmək çətin idi... -camaat deyirdi- ...baxdıqca, elə bil, hamımız özümüzdən xəbərsiz, ayağımızın altında yer sürüşə-sürüşə ona tərəf gedirdik... Bizi elə bil, yerin özü ona sarı çəkib aparırdı..."
Əlbəttə, romandan çox belə misallar gətirmək olar ki, Afaq Məsud istedadlı bir nasir kimi yaşadığımız bu mürəkkəb, dramatik, fəci, son dərəcə ziddiyyətli həyatımızı, ictimai-siyasi hadisələri, bu hadisələrdə mühüm rol oynayan şəxsiyyətləri necə orijinallıqla əks etdirir... doğrudur, bir müsahibəsində Afaq yazır ki, "...əslində, "Azadlıq" son ilərdə baş verən hər hansı siyasi dəyişikliyə reaksiya kimi yaranmayıb". Amma inanmaq olmaz ki, bütün bu baş verən hadisələr təbiəti etibarilə son dərəcə emosional yazıçıya təsirsiz qala...
"Emosional" ifadəsini təsadüfi işlətmədik. Ümumiyyətlə, yazıçı emosional olmaya biləırmi? "Dahi" və "Prezident" hekayələrini oxuyandan sonra yazıçı ömrünə emosionallıq deyilən cövhərin necə paylandığının şahidi olduq. 1997-ci ilin 30 oktyabr günü... respublika prezidentinin cavan yazarlarla görüşündə bir sıra istedadlı şairlərə, o cümlədən, Ramiz Rövşənə ev verilməsi ədəbi mühitdə böyük əks-səda doğurdu (bu sətirlərin müəllifi də həmin görüşün iştirakçısı idi). Bu hadisə Afaq Məsudu dahilik, hökmdar və şair əbədi problemlərinə çəkib aparır... və nəticədə, orijinal bir hekayə yaranır. Olsun ki, bu hekayədəki təfsilat bir az qarmaqarışıq təsir bağışlasın, olsun ki, ədəbi mühitdəki söz-söhbətlərin bəzi məqamlarda publisistika səviyyəsinə enməsi diqqəti cəlb eləsin, amma müəllif elə bir sonluq təqdim edir ki, həm öz gözlənilməzliyi, qəfilliyi (novellanın klassik nümunələrində olduğu kimi), həm də hekayədəki bütün mətləblərin paradoksu kimi yaddaşa həkk olunur. Və elə sonda qəfil bir sual doğur - kimdir dahi?
Yəni Afaq Məsud öz yazılarından tam arxayındı. Əgər bu arxayınlıqda istedada məxsus inam hissirni duya bilirsənsə, o zaman ona haqq qazandırırsan.
Afaq müxtəlif ədəbi zövqə və temperamentə malik sənətçilərdən yazdığı esselərdə də həqiqətçidir. Bu esselər ilk növbədə, yazıçı əqliyyətinin hüdudlarını aşıb keçmək gücündədir. Yəni Anar, Yusif Səmədoğlu, Vaqiflər, Aydın Məmmədov haqqında sənətçi kimi danışılırdısa, bu olardı adi bir esse, amma diqqətini kifayət qədər tanınmış bu sənətkarların kimsəyə məlum olmayan elə cizgilərinə yönəldir ki, bu cizgiləri yalnız o aşkarlaya bilərdi. Bu mənada Afaqın həmin tipli yazılarını esse-portret adlandırmaq daha doğru səslənər.
Anar haqqında yazıda bircə sual həqiqəti aydınlaşdırır: Bəzən fikirləşirsən ki, Anar Azərbaycanda anadan olmasaydı, Azərbaycan nə itirərdi?
Vaqif Səmədoğlunun eynəyi arxasındakı gözləri Afaqı onu duymaq üçün yetər...
Natiq Səfərov haqqında yazılan essenin elə adı kifayətdir: "Adamsız səhnənin tənha skripkaçısı".
Bu da Vaqif Bayatlı Önər haqqında bir tənqidçi kimi mənim də yüz faiz razılaşdığım bir cümlə: "Vaqifin yaradıcılığına "Azərbaycan poeziyası", "Azərbaycan şeiri ənənələri" baxımından yanaşmaq-yağışın regionunu təyin etmək, buludların istiqamətini müəyyənləışdirmək kimi bir şeydir".
..Bilmirəm, bu yazıda Afaq Məsudun yeni və hələlik ən yaxşı kitabı barədə nə söz deyə bildim, nə dərəcədə istəyimə nail ola bildim. Təbii ki, çox şey dedimsə, bəlkə də çox az şey dedim. Amma bu yazı Afaq Məsud haqqında gələcək yazılarım üçün bir növ məşq oldu. Mən heç onun "İzdiham" əsərindən söz açmadım. Zəifliyimmi bu, ya əsəri sevməməyimdənmi? Yox, heç birindən deyil. Bu əsər ayrı bir söhbətin, yazının mövzusudur. ...O yazıçı ki, haqqında danışmağa hələ sözümüz qalır... hər halda... xoşbəxtdir.
Ədalət.-2016.-10
avqust.-S.4.