Gedən yerim olaydı...
(Xalq
şairi Qabilin 90 illiyinə)
O, çox maraqlı insan idi.
Ölümündən
beş ildən artıq keçir. Tez-tez onu xatırlayıram. Heç
cür mümkün deyil onu beynin və ürəyin yaddaş
səhifəsindən qoparıb atmaq. Doğrusunu deyim ki,
həm aramızdakı yaş fərqinə, həm də
xasiyyətimizə görə biz dost ola
bilməzdik. Dostluq daimi, bəlkə gündəlik
münasibətlər tələb edir. Və
onun hər gün görüşdüyü, ünsiyyət
bağladığı həmkarları vardı ki, hər
gün olmasa da, onlar bir yerdə, bir otaqda cəmləşir, ədəbi
söhbətlər aparır və sonra... bu söhbətlər
yeyib-içməklə davam edirdi. Bəli, biz dost
deyildik, öncə dediyim kimi, o, yaşca məndən 22 il böyük idi (atamdan da bir yaş
böyük idi), amma o, mənim sevimli şairlərimdən
biri idi. Yaradıcılığı barədə
bir neçə məqalə yazmışdım və
çox xoşuna gəlmişdi bu yazılar. Ona görə də anadan olmasının səksən
illiyi münasibətilə (2006. avqust) İctimai
Televiziyanın həyətində, açıq havada təşkil
olunan verilişdə aparıcı Yusif Günaydından
xahiş etmişdi ki, birinci söz Vaqif Yusifliyə verilsin.
Ölümündən sonra hər il
avqustun 12-də həmin veriliş təkrar olunur.
Söhbət Xalq şairi Qabildən gedir.
Onun yaradıcılığından, özünəməxsus,
son dərəcə bənzərsiz bir şair
olmağından danışmaq istəmirəm. Bu barədə
sağlığında çox yazıblar. Onun poeziyasında elə nümunələr var ki,
heç bir mübaliğəyə yol vermədən deyə
bilərəm ki, bu əsərlər əsrlər
üçün yazılıb. "Qoy
danışsın təbiət", "Səhv düşəndə
yerimiz", "Astara yolları", "Suqovuşanda",
"Uzaq səfərlər kapitanı", "Məhəbbət
deyil", "Tramvay parka gedir", "Yağışlı
havalarda, küləkli havalarda", "Dəniz
yandırdı məni", "Gedən yerim olaydı",
"Mərsiyə", "Ümid sənədir ancaq",
"Nəsimi bazarında"...g Və əlbəttə, bu bənzərsiz
şeir nümunələri ilə yanaşı, "Nəsimi"
poemasının ayrı-ayrı səhifələri. Deyim ki, bu şeirlərin bir qismi ədəbiyyat
tarixinin ayrı-ayrı səhifələrinin parlaq cizgiləridir.
Məsələn, Vaqif Səmədoğlu
yazır ki, bizim nəslin bir çox şairi Qabilin
"Tramvay parka gedir" şeirindən çıxıb.
Altmış
ildən artıq yaradıcılıq yolu keçən bir
şair üçün bəlkə də bu say
çox azdır, ancaq söhbət böyük poeziyadan gedir
və böyük poeziyanın yaddaşına hətta bir-iki
ölməz şeir nümunəsi ilə həkk olunmaq
xoşbəxtlikdir. XX əsrin çox
istedadlı bir şairi-Səməd Mənsuru bircə
şeiriylə ("Rəngidir") xatırlayırıq.
Halbuki, onun satirik və lirik şeirləri də az deyil.
Şairlik çox sirli bir aləmdir. Biz tənqidçilər
əksər hallarda şairin istənilən bir şeirindən
çox asanlıqla danışırıq. O şeiri təhlil
edirik, şairin göstərdiyi poetik hünəri və
ustalığı nəzərə
çarpdırırıq. Ancaq etiraf edək ki, necə nəzəri
bir təfəkkürlə, poeziya sənətinə bələd
olan bir mütəxəssis kimi "silahlansaq" da, o gözəl
şeirin yaranması möcüzəsinə baş vura
bilmirik.
Budur, "Gedən yerim olaydı" şeiri. Hər cür
ictimai pafosdan uzaq, sırf subyektiv, intim duyğuların ifadəsi.
Ancaq bu subyektiv, şəxsi, intim
duyğuların təcəssümü olan şeir
hamımızın etirafına çevrilir.
Harasa gedən yerim olaydı.
Çətin
bir ünvan axtaraydım,
Gəlişimə
inanmayan,
Gəlişimi
gözləməyən
İnsan axtaraydım.
Raketdən
sürətli nə var dünyada;
Təki...
Gedən yerim olaydı.
Hər bir insanın qəlbində belə həzin,
çox kövrək duyğular yarana bilər. Qabil də
insan tənhalığının poetik şeiriyyətini
yaradıb. Mən bunu neçə il
əvvəl iki müxtəlif xəstəxanada, təngə gəldiyim,
havasına öyrəşməyib fiziki gücümün
tükəndiyi palatalarda açıq hiss elədim. O zaman
"Gedən yerim olaydı" şeirinin yadımda qalan
misralarını öz-özümə
pıçıldayırdım və birdən-birə
içimdəki sağalmamaq qorxusundan yaranan o ümidsizlik qəlpələri
parça-parça olurdu. Bax, poeziyanın gücü bunda
imiş!..
Qabil və onun poeziyası ilə mənim çox
sevdiyim Əli Kərim və poeziyası arasında demək
olar ki, heç bir üslubi və semantik bağlılıq
görmürəm. Bunlar tamam ayrı-ayrı şairlərdir.
Deyim ki, altmışıncı illərin əvvəllərində
Qabil də M.Rahim, N.Xəzri, O.Sarıvəlli ilə bir "cəbhədə"
yeni, modern şairlərə qarşı mübarizə
aparırdı. Amma çox keçmədi
ki, altmışıncı illərin o cavan novator şairləri
özlərini təsdiq etdilər və necə deyərlər,
döyüşlər bitdi. Xatırlayıram ki,
heç cür yenilikçiləri bəyənməyən,
onları klassik ədəbiyyatımızın ənənələrinə
qarşı mübarizədə suçlayan Məmməd
Rahim İsa İsmayılzadənin "Güllələr demədi"
şeirinə ayrıca bir məqalə həsr etmiş, tərifləmişdi.
Mətləbdən uzaq düşmək istəmirəm. Qabil və
Əli Kərim həm fərdi üslub, həm də poetik
düşüncə etibarilə fərqli şairlər
olublar. Ə.Kərim zənnimcə. Heç vaxt "Qoy danışsın təbiət"
və "Səhv düşəndə yerimiz" tipli qabilanə
şeirlər yazmazdı. Qabil də
"İki sevgi", "Atamın xatirəsinə",
"Babəkin qolları" poetik düşüncəsinə
məhrəm şair olmamışdır. Hətta
Ə.Kərimin Nəsimiyə həsr etdiyi "Şəhidliyin
zirvəsi" və Qabilin "Nəsimi" poeması da eyni
mövzuya həsr edilsə də, tamam fərqli nümunələrdir.
Lakin Qabilin şeirlərini oxuyanda elə məqamlarla
üzləşdim ki, istər-istəməz Əli Kərimin
poetik məna dolu misraları arasında canbirlik, qanbirlik hiss
etdim. Qabilin "Tramvay parka gedir" və
onlarla bu tipli yarı istehsalat, yarı qəlb
dialektikasını əks etdirən şeirləri ilə
Əli Kərimin o zaman neftçilərə həsr etdiyi
şeirlər yan-yana düzülsə, qətiyyən
aralarında ciddi bir fərq nəzərə çarpmaz.
Məncə, Qabilin "Küləkli havalarda,
yağışlı havalarda", "Suqovuşanda"
şeirləri, "Sənsiz dənizə çıxdım,
Dəniz yandırdı məni" misraları ilə Ə.Kərimin
bir çox sevgi şeirləri bir sevgi təndirində
bişiblər. Bir dəfə, televiziya verilişlərinin
birində Əli Kərim yaradıcılığından
söz açan Qabil dedi ki, Əli Kərim doğrudan
böyük şairdir və heç kim
buna şəkk eləməsin.
Qabil müəllimin bir ayağı klassik poeziya ərazisində,
bir ayağı isə bu çağların şeir məkanındaydı. Çox az
şair tapılar ki, klassik poeziya ənənələrini
yaradıcı şəkildə Qabil kimi davam etdirə bilsin. Söhbət ondan getmir ki, sən əruzu bilirsən,
klassik şeir formalarına yaxşı bələdsən.
Yox! Əsas odur ki, XXI əsrin polifonik şeir
üslubları arasında klassik şeir üslubunu yeni,
müasir poetik təfəkkür modelinə
sığışdıra biləsən. Bu
mənada Qabilin 20 yanvar şəhidlərinin xatirəsinə
həsr etdiyi "Mərsiyə" şeiri klassik şeir
formasının ehyası kimi qiymətləndirilməlidir.
Tutulub
vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib
Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eləyir, gözdən axır sel bu səhər.
Gəmilər nalə çəkir, ərşə
çıxır zil bu səhər.
Gecəni
atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi
güllə-baran eylədilər!
Vaxtilə Abbas Səhhət yazırdı ki, Mirzə
Ələkbər Sabirin şeirləri İran məşrutə
hərəkatına bir ordudan ziyadə xidmət etmişdir. Doxsanıncı
illərdə də poeziyamız bu missiyanı yenidən
üzərinə götürdü. Qabilin həmin illərdə
qələmə aldığı "Çalsın Azərbaycan
haray zəngini", "Qeyrət, a vətəndaşlar",
"Çalma, qaboy", "Bu gün idman vaxtı
deyil", "Xəcalət", "Qərənfillərdən
uzaq", "Çadırlar", "Çadırlara
alışmayın", "Yanıq Kərəmi",
"Nəsimi bazarında", "Rəqs", "Haray, tələsir,
gəlin!" və nəhayət, "Ümid sənədir
ancaq..." şeirləri vətəndaşlıq cəsarətindən
doğan poetik nümunələrdir. Həmin
şeirləri Qabil xaos və hərcmərclik
dövrünün yaratdığı ictimai-siyasi, mənəvi-psixoloci
ab-havaya kəskin etiraz kimi qələmə
almışdır. "Çadırlara
alışmayın!" - bu, o deməkdir
ki, ruhunuz sönməsin, xarici ölkələrin pay-puşuna
göz dikməyək, əlinizə silah götürüb
torpaqları azad edək. "Yanıq Kərəmi"yə
oynamaq olmaz, bu gün hər kəs işğal olunmuş Vətən
torpaqları barədə düşünməlidir.
Qabilin bu şeirləri fransız yazarı Apollinerin belə
bir fikrini xatırladır: "Yaddan çıxarmayaq ki, hər
hansı bir millətdən ötrü ruhən işğal
olunmaq silah gücünə işğal olunmaqdan daha təhlükəli
ola bilər".
Dəyirmi
masalarda
İzi var dirsəklərin.
Ağla
sığan söhbəti,
Sözü
var dəstəklərin,
Yardım
bağlamasında
Özü var dəstəklərin.
Lap ləl-cəvahir
olsun
Hər yardımın dəyəri.
Ümid sənədir
ancaq
Azərbaycan
əsgəri!
***
Bu məqamda mən Qabilin dillər əzbəri olan
"Qoy danışsın təbiət" şeirinə
üz tuturam.
Əgər Azərbaycan təbiətinin gözəlliklərini
əks etdirən şeirlərdən ibarət bir poetik toplu tərtib
edilsə, Qabilin bir neçə şeiri və heç
şübhəsiz, "Qoy danışsın təbiət"
şeiri orada özünə yer tapacaq. Bu
şeiri xarakterizə edən bir səhət diqqəti
xüsusilə cəlb edir - sünii və qeyri-təbii
görünə bilən heç nə yoxdur - "patetika
istisi, ritorika soyuğu" (Yaşar Qarayev) bu şeirə
yaddır.
Budaqdan
ayrılan hər sarı yarpaq
Elə
bil uşaqdır, yetim bir uşaq
Üşüyür,
büzüşür saplağında nəm,
Vüsalla, hicranla doludur aləm.
Xoşdur o ilk bahar, bu son bahar da.
Ürək
məna gəzir bu duyğularda
Hansı məxluqda var belə şeiriyyət?
Qoy
danışsın təbiət!
Professor
Tofiq Hacıyev "Qabilin qabilliyi" adlı məqaləsində
yazır: "Qabil deməli olduğu sözü heç vaxt
saxlamayıb. Həmişə düşünüb: Tanrı
bu şairlik istedadını ona verib ki, xalqına gərək
olan sözü desin". Bu mənada Qabili
sözün əsl mənasında xalqa bağlı olan bir
şair hesab edirik. O heç vaxt xalq haqqında mücərrəd
danışmayıb, onun sevincinə şərik olub, dərdindən-sərindən
yazıb.
Bu isti yay
günündə böyük şairimiz Qabili
xatırladığım yazını başa
çatdıranda birdən-birə onun 61 il
öncə qələmə aldığı bir şeiri
xatırladım: "Küləkli havalarda,
yağışlı havalarda". Dəhşətli istinin əlindən
necə can qurtarmaq olar, qoy payız gəlsin, qoy küləklər
əssin, yağışlar yağsın, sanki Qabilin şeiri
məni o küləkli, o yağışlı payız
havasına çəkib apardı.
Külək
əsir... üşüyür yenə daş-divar,
Səkilərin üstünə düşür
damcılar.
Küçələrdən
tələsik keçib gedirlər,
Səni
xatırlayıram, qəlbimdə kədər-
Biz də belə gedərdik.
Küləkli havalarda, yağışlı havalarda.
Külək
əsir közərir odum, yanıram,
Yağış
yağır, gözümdən yağır sanıram,
Səni, səni axtarır, səni gəzirəm.
Başqa
vaxtı hicrinə bir cür dözürəm,
Ancaq
dözə bilmirəm
Küləkli havalarda, yağışlı havalarda.
Bu yazını mən böyük şairimizin
90 illiyinə həsr etdim...
Ədalət.-2016.-18 avqust.-S.3.