Nəriman Həsənzadənin yubileyi qeyd edilib

 

Sumqayıt şəhər Poeziya Evində Azərbaycanın xalq şairi Nəriman Həsənzadənin 85 illik yubileyinə həsr edilmiş ədəbi-bədii gecə keçirildi.

 

Tədbiri şairin "Zirvə” şeiri ilə açan Əli Kərim adına Poeziya Klubunun direktoru, şair İbrahim İlyaslı yubilyar şairin ömür və yaradıcılıq yolundan söz acdı və şairi yubileyi münasibətilə təbrik etdi. Sonra söz zaman-zaman Nəriman Həsənzadə haqqında sanballı ədəb-tənqidi məqalələr yazmış ədəbiyyatşünas alimlərə - f.e.d. professor Rüstəm Kamalaf.e.d. məşhur tənqidçi Vaqif Yusifliyə verildi. Hər iki alim-tənqidçi Nəriman Həsənzadə yaradıcılığına fərqli münasibətlərini sərgilədilər.

 

Sumqayıt ədəbi camiəsinin öncül namayəndələri, şair Əşrəf Veysəlli və şair Ofelya Babayeva çıxış edərək şairlə bağlı maraqlı xatirələrini söylədilər, tanınmış rejissor Ağalar İdrisoğlu Nəriman Həsənzadə dramaturgiyasın incə məqamlarına toxundu. Şairin yubiley gecəsinin qonaqları olan şair Hacan Hacısoy, yazıçı-publisist Atababa İsmayıloğlu və cənublu şair Aqşin Ağkəmərli Nəriman Həsənzadənin ədəbiyyatımıza qayğısından danışdılar.

 

Yubiley gecəsinə öz musiqi çələngi ilə rəng qatan məşhur Aşıq İlham Aslanbəyli, tanınmış xanəndə Təhmiraz Şirinsəs, Aşıq Şəhriyar Qaraxanlı, Aşıq Pəri məclisinin gənc nümayəndələri, habelə şairin şeirlərini söyləyən sumqayıtlı bədii qiraətçilər Gülbəniz Abbasova, Amil BabayevElvin Əlizadə öz çıxışları ilə ədəbi-bədii gecəni daha da rəngarəng etdilər.

 

Tədbirin gedişiboyu fasilələrlə və sonda öz ürək sözlərini dilə gətirən xalq şairi Nəriman Həsənzadə oxuculara öz ömürlüyünün bəzi ilginc məqamlarını çatdırdı və şeirlərindən örnəklər söylədi, Sumqayıtda son zamanlar gedən quruculuq işlərindən söz açdı və tədbirin təşkilatçılarına öz səmimi minnətdarlığını bildirdi.

 

Ədalət.-2016.-2 dekabr.-S.4.