EŞQ VƏ SƏMİMİYYƏT ADAMI

 

... Şairi sözündən tanıyarlar. Mən də Rəşad Məcidi özündən əvvəl sözündən tanımışam. Sonra şairin özünü tanıdım və bu tanışlıqdan sonra dünyamın ağappaq işıqla dolduğunu hiss elədim. Onu da hiss elədim ki, şeirlərini sevə-sevə oxuduğum Rəşad Məcidin böyük və işıqlı ürəyi var, onun kimi işıqlı, səmimi adamlara həmişə inanmaq və söykənmək olar.

 

Şeirlərini sevə-sevə oxuyub zənginləşdiyim, su kimi durulduğum Rəşad Məcidin hər şeiri bir nur damlasıdı və düşünürəm ki, bu nur damlaları olmasaydı dünya qaranlığa qərq olardı, həyat öz dəyərini və şirinliyini, dünya öz gözəlliyini itirərdi.

 

Özündən əvvəl sözünü tanıdığım Rəşad Məcidlə ilk görüşüm ərz elədiyim kimi dünyamı işıq selinə qərq elədi, ədəbi dünyamda şimşək kimi parladı və mənə düzgün istiqamət verərək şairlik yolunun nə qədər ağır olduğunu, məhrumiyyətlərlə dolu olduğunu, həm də şərəfli olduğunu, sözün ilahi bir funksiyanı yerinə yetirdiyini aydın şəkildə, özünəməxsus sadəlik və mehribanlıqla anlada bildi.

İlk tanışlıqdan sonra şairin "Bir də gəlməyəcək" (Bakı, 2015) şeirlər toplusu yenidən oxudum, necə deyərlər, bu kitabın "qapısını" açıb bir daha içəri boylandım və öz-özümə pıçıldadım: "Bu kitab adi kitab deyil. Rəşad Məcidin bu günkü və gələcək nəsillərə yadigar qoyduğu bir xəzinədir. Zaman keçdikcə bu xəzinədən faydalanacaqlar". - Bəli, Rəşad Məcid tanınmış imza sahibidi, qələmilə vətənə, millətə şərəflə xidmət eləyən, ədəbiyyata öz möhrünü vuran, şeirlərilə ölməzlik qazanan, şöhrət zirvəsinə yüksələn xoşbəxt taleli bir şairdi. Rəşad Məcidin bir xoşbəxtliyi də elnən nəfəs almağında, eldən gələn sözləri zərgər kimi cilalayıb şair kimi xalqın özünə qaytarmağında, ürəyinin xalqla birgə döyünməsindədir. Xalqa bağlı olub, xalqla nəfəs alan şair sözə də bağlı olub, sözlə nəfəs alır. O, həm də sözə nəfəs verir. Sözlər onun yaradıcılığında ülviləşir, müqəddəsləşir, daha da doğmalaşır və ruhumuza sığal çəkərək bizi vətəni, yurdu sevməyə səsləyir, sevib-sevilməyə səsləyir, yaşamağayaşatmağa səsləyir.

 

...Dikələn qayası, ucalan dağı

Əyilməz bürcüdü, yanan çırağı.

Yayılıb Kür boyu, Araz qırağı

Arazlaşan Vətən, Kürləşən Vətən.

 

Bu misralar "Bir də gəlməyəcək" kitabında yer alıb və mən o kitabda Rəşad Məcidin hər şeirinin fırtına gücünü hiss eləmişəm, sözlərinin ruhunu duymuşam, rəngini görmüşəm, səsini eşitmişəm, nəfəsini hiss eləmişəm, şairin qələminin qüdrətinə yenidən vurulmuşam.

 

Rəşad Məcidin şeirlərinə bəxtəvər bir ruh hakimdi, onun hər şeiri sanki bir ürəkdi, məhəbbətlə, sevgiylə döyünür. Xalqa, vətənə, insanlara, yurdun quru çöpünə, saralmış yarpağına, qara daşına belə ülvi məhəbbətlə döyünən şair ürəyinin böyüklüyü qarşısında heyrətlənməyə bilmirsən. Rəşad Məcid təkcə "Bayrağım" şeirini yazsaydı belə, min beş yüz illik Azərbaycan poeziyası tarixində öz layiqli yerini tuta bilərdi. Bu şeiri həyacansız oxumaq mümkün deyil. Bu şeirdə qeyrətli və igid Azərbaycan oğullarının vətənə, yurda tükənməz sevgisini görürürük, yurdun bir quru çöpü uğrunda belə canlarından keçməyə hazır olduqlarını görürük, çünki bu xalq "ya azadlıq, ya ölüm" şüarını bayraq edib, azadlıq yolunda ölməyi tərgitməyib, ona görə də bu xalqa ölüm yoxdu

Bayrağa məhəbbət anaya, vətənə məhəbbət deməkdi. Bu ülvi məhəbbəti, bu tükənməz sevgini Rəşad Məcid ustalıqla şeirə çevirə bilibbu şeiri oxuyüan hər kəs ümid edə bilər ki, Moskva qartalları Azərbaycan dağlarına bir daha qonmayacaq, azadlığı öz qanıyla alan bu millət üç rəngli bayrağını başı üstündə göydə günəş sönənə kimi dalğalandıracaq:

 

...Zaval yox indən belə,

başımın üstündən

qoymaram yerə.

Sənə təşnəyəm, acam-

əlim-qolum yorulsa,

dişimlə saxlayacam.

Gücü çatmaz

daha nəsə tərpədə,

kimsə əyə...

 

Uzun illərdir ki, Qarabağ dağlarında "bayatı", Qarabağ bağlarında "təsnif" oxunmur. Məhz ona görə də şair dərdini, şair qəmini duymamaq, görməmək mümkün deyil:

 

Sən dostum Ağdamdan danışma mənə,

Sən də heç Laçından, Şuşadan demə.

Məni yandıracaq xatirələri

Sakitcə pıçılda, ucadan demə.

 

Rəşad Məcidin şeirlərini oxuduqca istedadlı qələm sahibindən çox şey öyrənirsən, yurdu necə sevməyi öyrənirsən, vətənin hər qarış torpağının müqəddəs olduğunu öyrənirsən, vətən yolunda lazım gələrsə canından keçməyə hazır olduğunu dərk eləyirsən və ən əsası da yurddaşlıq, soydaşlıq, vətəndaşlıq borcunu ləyaqətlə, şərəflə yerinə yetirməli olduğunu anlayırsan. Rəşad Məcid Dədə Qorqud öyüdlü müdrik bir ağsaqqal kimi bizə yol göstərir və o zərif ruhlu şairin şeirlərində min illərin sirri açıqlanır, hardan gəlib hara getdiyimiz, vətən üçün nə etməli olduğumuz göstərilir...

 

Sözün qüdrətindən, sözün sərkərdə gücündən məharətlə istifadə eləyən Rəşad Məcid daha çox gələcəyin şairidi, zamandan zamana qala biləcək şairdibir şair kimi ürəyinin süzgəcindən keçirib qələmə aldığı şeirlərilə ədəbiyyatın ədəbi dünyasında əbədi qərar tutan şairdi. O, şair olmasaydı belə rəhbərlik etdiyi "525-ci qəzet"lə də əbədi yaşamaq hüququ qazanan bir ziyalı kimi, publisist kimi seviləcəkdi və bir ziyalı olaraq o, həm işıqdır, həm də işıqdan çox, işığın fəaliyyətidir. Rəşad Məcid ziyalı siması, ziyalı ləyaqəti, ziyalı nüfuzu ilə həmişə milli mənafedən çıxış eləyən, hər birimizin ağrı-acısını ürəyində gəzdirən, paralanmış vətənin harayını, yaralı torpaqlarımızın iniltisini, yadların tapdağı altında inləyən yurd yerlərimizin fəryadını, sönmüş ocaq yerlərinin yetim görkəmini, şah vüqarlı Qarabağ dağlarının axıtdığı göz yaşlarını can yanğısı ilə qələmə alan bir şair kimi daha çox tanınır və sevilir. Bir vətəndaş-şair kimi, əsl ziyalı və vətən oğlu kimi vətən üçün, xalq üçün çox işlər görən, Yazıçılar Birliyinin katibi kimi gənc yazarlara mənəvi atalıq qayğısı göstərən, istedadlı gənclərin ədəbiyyatın böyük yoluna çıxmalarına kömək eyləyən Rəşad Məcid kimi işıqlı adamlara həmişə böyük ehtiyac olub. Bu ehtiyac indi daha çox hiss olunur. Ziyalı, şair, yazıçı, jurnalist adının yükü çox ağır olsa da, bu yükü öz çiyinlərində məharətlə daşıyan Rəşad Məcidin hər şeiri qiyməti olmayan Tanrı payıdı. Bu şeirlərin işığında haqq yoluna çıxıb, haqqın dərgahına doğru yol gedən şair, sanki yazıb-yaratmaq üçün yaradılıb.

Rəşad Məcid sevgi şairidi. Sevməsə yaşaya bilməz, yaza bilməz. Onu yaşadan da, ona şeirlər yazdıran da sevgidi. Onun sevgisi ilahi bir gözəllikdən yoğrulub. Bu gözəllikdə həyat var, yaşamaq var, yamyaşıl bir ümid var. Onu həyata bağlayan bu yamyaşıl ümiddi bu yamyaşıl ümid sevgidən yaranıb.

 

Şairin yaradıcılığında qırmızı xətlə keçən sevgi şeirlərindəki sözlər ülviləşir, məcnunlaşır, məhəbbətləşir bu sözlərdə vüsala qovuşmağın xoşbəxtliyi duyulur. Hər sevgi şeiri müəllifin sirrinə bir xatirədir. Bu şeirlərin hər misrasında Rəşad Məcidin ruhu çırpınır:

 

Səndən uzaqlarda sənsiz qalmadım,

Bu şaxta, bu qarda sənlə yaşadım.

Yanımda nəfəsin, dilimdə adın,

Səndən uzaqlarda sənlə yaşadım.

 

Darıxmaq sevginin kodudu, - deyirlər. Haqlı deyirlər. Elə "darıxdım", -deyən şair haqlıdı:

 

Sənsiz qaldım, qəlbimin

Artdı qəmi - darıxdım.

Yanına qayıtmağın

Yetdi dəmi - darıxdım.

 

Rəşad Məcidin sevgisi Tanrının yolladığı işıq payıdı:

 

Ömrümün ən qatı qaranlığında

Tanrı yolladığı işıq payımsan.

 

Rəşad Məcidin özü kimi sözü safdı. Özü kimi sözü saf olan, təmiz olan, halal qələminə xəyanət eləməyən şair Tanrıya çox yaxındır. Tanrıya çox yaxın olduğuna görə Tanrının pıçıltılarını o biri şairlərdən daha yaxşı eşidir Tanrının bir zərrəsi kimi yaşayıb-yaradır.

 

O, Tanrının pıçıltılarını bizə çatdıran bir şair kimi, həm bizi saflıqda, duruluqda saxlayır biz onun şeirlərində özümüzü tapırıq. Məhz buna görə insanlar daha çox onun kimi yaradıcı adamların kölgəsinə can atırlar. Sual oluna bilər. Niyə? Çünki yaradıcı adamların kölgəsində işıq var. Bəli, Rəşad Məcidin hər şeiri bir işıqdı, bir rəngdi, ürəkləri titrədən bir səsdi... Hər işığın öz təsir gücü, hər rəngin öz çaları, hər səsin öz könül xoşluğu var. Bu işığa can atmağın, bu rəngləri görməyin, bu səsləri eşitməyin özü bir könül ziyarətinə, Məkkə ziyarətinə bərabərdi.

 

Rəşad Məcid çoxcəhətli yaradıcılıq fəaliyyətilə seçilən, orijinal bir şair kimi, ədəbi dünyamızda özünəməxsus görkəmli yeri olan yazıçı-publisist kimi, eləcə zəngin işıqlı dünyası olan sadə, mehriban, təvazökar bir ziyalı kimi onu şəxsən tanıyanların da, tanımayanların da böyük hörmətini, məhəbbətini qazanıb.

 

Böyük ədəbiyyata gedən yolla ümidlə, inamla addımlayan, poetik söz sahibi kimi özünü təsdiqləyən, imzası imzalar içində seçilən Rəşad Məcidin "Bir gəlməyəcək" şeirlər toplusunu oxuyub başa vurandan sonra içimdən gələn səsləri qələmə almağa çalışdım. Çalışdım ki, o gözəl şair haqqında, hamının dost kimi yanaşdığı o işıqlı ziyalı haqqında fikir düşüncələrimi qələmə alım. Bacarmadım. Çünki Rəşad Məcidə Azərbaycanın ən görkəmli ədəbiyyat elm xadimləri yüksək dəyər veriblər, onun bir şair kimi böyüklüyünü təsdiq eləyiblər. Akademik İsa Həbibbəyli, xalq şairləri Məmməd Araz, Bəxtiyar Vahabzadə, xalq yazıçıları Anar, Elçin, Aqil Abbas başqa tanınmışlar Rəşad Məcidin poeziyasını bir yazıçı kimi nəsr əsərlərini yüksək qiymətləndiriblər, həm onun çoxcəhətli yaradıcılığını müxtəlif istiqamətlərdən təhlil edərək o böyük ürək sahibinin böyüklüyünü göstərə biliblər. Məhz ona görə sevimli şairimiz, işıqlı, nurlu ziyalımız Rəşad Məcid haqqında öz ürək sözlərimi şairin "Sənin sirrin" şeirinin ilk misraları ilə tamama yetirirəm:

 

Dünyanın ən gözəl şairi sənsən,

Dünyanın ən gözəl şeiri sənindi.

Qəlbindən boylanıb, qol açıb gələn

Sözlərin işıqdı, ruhun dərindi.

 

Tural CƏFƏRLİ

Ədalət.-2016.-2 fevral.-S.4.