"Bənövşə"nin ilk addımı

 

Arxada qalan səkkiz ilə yaxın müddət ərzində hər rübdə bir dəfə oxucu ünvanı soraqlayan "Mingəçevir leysanı" ədəbi dərgisinin yeni ilin əvvəllərində işıq üzü görən otuz birinci sayı ədəbiyyatsevərlərə "Bənövşə" adı ilə təqdim olunmuşdur. Jurnalın baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin dediyinə görə dərginin əvvəlki adının dəyişdirilməsinə səbəb bundan sonra daha geniş əhatə dairəsində təmsil olunmaq arzusuyla bağlıdır.

Əvvəllər olduğu kimi jurnalın budəfəki sayında da çeşidli ədəbi janrlarda yazılan əsərlər üstünlük təşkil etmişdir. Poeziya bölümündə tanınmış qələm sahiblərindən İsmayıl İmanzadə, Mübariz Dözümlü, Məlahət Yusifqızı, Zümrüd Rəhimova, Ramiz İsmayılov, Səidə Asimanın yer alan poetik nümunələri ilə yanaşı, bölgələrdə yaşayan şairlərdən Məmməd Mərzili, Musa Heydərov, Bəhman Gülövşəli, Hikmət Həsənov, Səxavət Kəlbəcərli, Rəfael Dəmiroğlu, Ülviyyə Məmmədli və Çələbi Dönməzin şeirləri də dərc olunmuşdur. Bunlarla bərabər AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən "Mingəçevir qönçələri" ədəbi məclisinin üzvü olan bir neçə istedadlı məktəblinin imzası ilə sərgilənən şeirlər də diqqəti cəlb etməkdədir.

Həmişə olduğu kimi jurnalın yeni sayında da nasirlərimizin yaradıcılığından nümunələr çap olunmuşdur. Elçin Hüseynbəylinin "Məzar gəlini", Tural Sahabın "Çörək oğrusu", Mirsədi Cəliloğlunun "Bizim uçitel" və Nazim Çərkəzoğlunun "Otuz dörd il sonrakı görüş" adlı hekayələri ədəbi dərgiyə əlvan çalarlar qatmaq baxımından dəyər kəsb edir.

İmmi Kamalqızının görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin yaradıcılığından bərs edən "Sevimli sənətkar", tanınmış şairə, "Ulduz" jurnalının əməkdaşı Fərqanə Mehdiyevanın gənc şair Ruslan Ələkbərliyə ünvanladığı sualların cavablarını özündə əks etdirən "Fərqanə təqdim edir" adlı yazılar da dərginin uğurlu sayılacaq yazılarındandır.

Mingəçevir Turizm Kollecinin direktroru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubovun "Məşhəddən Kərbalaya", "Turizmmehmanxana təsərrüfatı" və gənc nasir Samir Zəngəzurlunun "Kədərinə vəfalı" adlı kitablarının təqdimat mərasimlərindən, o cümlədən ünlü sənətkarımız Bəxtiyar Vahabzadənin anadan olmasının doxsan illik yubileyinə həsr olunmuş tibb kollecində keçirilən tədbirdən bəhs edən yazılar da jurnalın əhatə dairəsinin geniş olduğunu əks etdirir...

Heç şübhəsiz ki, maliyyə dəstəyi olmadan səkkiz ilə yaxın zaman kəsimində oxucularla ünsiyyət qura bilən ədəbi dərginin uğurları birinci növbədə jurnalın baş redaktoru, tanınmış şair-publisist İsmayıl İmanzadənin və onun qələm dostlarının halal sözə-kəlməyə sonsuz istəklərindən irəli gəlir. Sonda bir daha dərginin yeni sayının maraqlı yazılarla zəngin olduğunu qeyd etməklə, onun araya-ərsəyə gəlməsində pay sahibi olan mingəçevirli yazar dostlarımızın "Bənövşə"li günlərinin davamlı olmasını arzu edirik.

 

ƏBÜLFƏT

Ədalət.-2016.-3 fevral.-S.4.