ADINDAN GƏLƏN AYDINLIQLA...

 

Musa Ələkbərli

 

Xalqımızın tanınmış ziyalılarından, aydınlarından biri olan Yusif Günaydının altmış beş yaşı tamam olur. Ömrünün ötən illərinə ötəri bir nəzər salsaq, onun çoxtərəfli ədəbi-elmi-ictimai fəaliyyətini izləsək, fəxarət və öyünc gətirən saysız uğurlarının şahidi olarıq.

Yusif Günaydın H.Cavid yaradıcılığının ən yaxşı tədqiqatçılarındandır. O, öz dissertasiyasını rus dilində yazıb. Yeri gəlmişkən deyim ki, Yusif müəllim bir neçə dili o cümlədən rus dilini doğma ana dili kimi bilir, dünya poeziyasının bir çox incilərini bu dildən ana dilimizə böyük sənətkarlıqla çevirib. Klassikçağdaş poeziyamızı dərindən mənimsəyən Yusif Günaydın bütün ömrü boyu şeirlə, sənətlə nəfəs almış, şairlərlə özüöncül, görkəmli şairlərlə dostluq etmişdir. Heç təsadüfi deyil ki, azman istiqlal şairimiz, ölməz Xəlil Rza Ulutürkün ən yaxın dostlarından, sevimli çiyindaşlarından biriYusif Günaydın olmuşdur. Elə "Günaydın" təxəllüsünü də Yusifə vətəndaş şairimiz özü vermişdir.

 

 

...Vədələşmə günündə

Martın 21-də.

Lapdan qopdu qasırğa,

Dedim gəlməzlər daha

Tahir, nə də Teymur.

Bəlkə Yusif tək gələ

O bir azca yovuqdur.

Qasırğanın nəfəsi

şimal kimi soyuqdur.

 

Türkan hara, Ordubad,

Borçalı, Bakı hara

Qasırğa həsrət qoydu bizi əziz dostlara,

Gedim bir az bel vurum...

Düşünərkən mən bu cür

Uca boylu Yusifim düz qarşımda

görünür...

 

Xəlil Rza Ulutürk

"Qasırğadan güclülər"

 

Yusifə sənət vurğunluğu kökündən, soyadından gəlir. Məşhur alim, akademik Marrın ilk azərbaycanlı aspirantlarından olan görkəmli dilçi alim, klassik ədəbiyyatımızın mahir bilicisi, ərəb-fars tərkiblərini mükəmməl şəkildə mənimsəmiş, vaxtilə unudulmaz şairimiz Mikayıl Müşfiqlə yaxın dost olmuş dəyərli pedaqoq, o zamankı APİ-nin sayılıb-seçilən müəllim Mirzə Cavadın ailəsində doğulub boya-başa çatmışdır. Hələ uşaq ikən əziz atası onda şeirə-sözə dərin maraq oyatmışdır.

Yusifin çox incə şeir zövqü var, o, hər şairi oxumaz, hər şeiri bəyənməz. Bir neçə il bundan öncə Yusifin "525-ci qəzet"də bir silsilə şeirlərini oxuyub, heyrətimi gizlədə bilməyib ona telefon açanda; O, özünəməxsus ahəngdar səsi ilə: - Musa, - dedi, - gözəl şairimiz Məmməd Aslan da mənə zəng çalmışdı. Hətta o mənə bir şeir ünvanlayıb, Səməd Vurğun demişkən "az-az uydururam yeri gələndə". Mən dedim "Yusif müəllim, siz Yusif Günaydın adlı bir şairin indiyədək əlini-qolunu bağlamısınız, dustaq eləmisiniz, onu elmi tədqiqatınızla, televiziyadakı aparıcılıq fəaliyyətinizlə məhdudlaşdırmısınız. Barı indən belə ilhamınızı cilovlamayın, ona sərbəstlik verin, bu cür özgür şeirlərin xatirinə...

O, arada zarafatından da qalmadı:

-Siz şairlərin çörəyinə şərik olmaq istəmirdim, - dedi. Söhbətimiz belə bitdi. Sonra mən həmin "525-ci qəzet"də söz zərgəri, duyğusal şairimiz, unudulmaz Məmməd Aslanın ona həsr etdiyi şeiri oxudum. O şeirin iki bəndini dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirəm:

 

Buludlar sıyrılıb, "Gün Aydın" olub,

Şahlanmış bir şair boy verib birdən.

Gözəllər səfinə üz tutub gedib;

Mələklər səsinə hay verib birdən.

 

şahanə gəliş, yeriş idi!

Sözün pərvazıydı; diriliş idi!

Şair karədi; Allah işidi:

Bir aylı-ulduzlu göy verib birdən.

 

Yusif Günaydının İctimai Televiziyadakı aparıcılıq (bu sözü yaradıcılıq sözü ilə əvəzləmək olar) fəaliyyəti onun ömürlüyünün ən parlaq, ən görümlü səhifələrindən biridir. O kütləvi fonda birbaşa, canlı verilişlərin çox yetkin, mahir aparıcısı idi. Minlərin, milyonların sevimlisinə çevrilmişdi. Həm dərin elmi təfəkkürü, erudusiyası, hərtərəfli məlumatlılığı, həm sakit, rahat danışıq tərzi, həm səbirli, dözümlü obrazı, həm şeirə, sözə müstəsna həssaslığı, hər kəsi öz təbinə, tövrünə görə danışdırmaq qabiliyyəti onun belə verilişlərdə uğurlarını şərtləndirirdi. Mən onun bir çox verilişlərinin qonağı olmuşam. Yusif müəllim qonağına elə yanaşır, onu elə dindirirdi ki, telekamera həyəcanı anındaca sovuşurdu, onun xoş, mülayim aurası adamı son dərəcə sərbəstliyə kökləyirdi. Nəticədə olduqca maraqlı, səmimi, ürəyəyatımlı veriliş alınırdı. Xüsusən İctimai Televiziyanın Novruz çərşənbələrində təşkil edib yayımladığı kütləvi bayram verilişləri, ayrı-ayrı ustad şairlərimizin televiziyanın həyətində düzənlənən yubiley verilişləri Yusif Günaydının aparıcılığı ilə yaddaşlardan silinməyən uğura imza atmışdı.

Yusif Günaydının müəllifi aparıcısı olduğu "Qərib axşamlar" verilişi dünyanın hər yerində özünə tamaşaçılar toplamış, dünya azərbaycanlılarının ən baxımlı verilişinə çevrilmişdi.

Yusif Günaydın xalqımızın ən dəyərli ziyalılarının hörmət rəğbətini qazanmış ziyalıdır. Onun altmış illik yubileyində görkəmli söz adamlarının çox isti, ürəkdən gələn təbrikləri diqqətimi cəlb etdiyindən onlardan bir neçə örnək gətirmək istəyirəm.

"Yusif Günaydın bizim o azsaylı aparıcılardan biridir ki, özünün yüksək peşəkarlığı, mədəniyyəti savadı, dünyagörüşünün genişliyi ilə ən tələbkar tamaşaçıların da hörmətini qazanıb artıq neçə illərdir ki, həmin tamaşaçı hörməti onunla bir yerdədir".

Elçin

Xalq yazıçısı

 

 

"Təmkinli adamdı. İstəyir ki, təkcə səsi yox, həm fikri eşidilsin. Buna görə pafosla, qışqıra-qışqıra deyil, sakitcə danışır. Görürsən ki, qarşında bir ziyalı prototipi dayanıb. Onun verilişləri tədqiqat xarakterlidir; hansı müəlliflə söhbət aparırsa, onun yaradıcılığını ətraflı öyrənir, əlavə ədəbiyyat oxuyub gəlir. Mehribandı, alicənabdı".

Nəriman Həsənzadə

Xalq şairi

 

"Yusif ədəbiyyatımızın təəssübkeşidir. Ən dəyərlisi odur ki, o, ədəbiyyatı qiymətləndirir, ancaq özü ədəbiyyata müdaxilə etmir. O, harada işləyirsə, mən görürəm ki, imkan dərəcəsində ədəbiyyatı qiymətləndirmək üçün əsl təəssübkeşləri, istedadları dəvət edir, həm yaxşı verilişlər aparır".

Fikrət Qoca

Xalq şairi

 

"Sən millətin ləyaqətli oğlusan, haqq sevənsən. Sənin kimi adamlar millətin sevinci ilə sevinir, kədəri ilə kədərlənir. Halal olsun o millətə ki, sənin kimi ziyalıları var! Sənə indən belə uzun ömür diləyirəm! Həmişə bu səviyyədə, bu müstəqillikdə, bu savadda, bu idrakda, bu kamillikdə qalmağı arzu edirəm".

Fikrət Sadıq

"Yusif Günaydın mənim üçün bütövlükdə aydındır, ona görə ki, o anadan olanda ona atası çox istəkli peyğəmbərimizin adını qoyub: Yusif. bu da təsadüfi deyil. Adı kimi özü gözəl olan Yusif Günaydını bu gün hamı gözəl tanıyır".

Zəlimxan Yaqub

Xalq şairi

 

"Hörmətli Yusif müəllim

Sizi - tanınmış telejurnalisti, istedadlı filoloqu 60 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, ən xoş diləklərimi yetirirəm. Sizin istər teleməkanda, istərsə yazılı mətbuatda çıxışlarınız ümumən yaradıcılığınız daxili aləminizi, dünyagörüşünüzü, həyata baxışınızı bütün boyları ilə göstərir mən məmnunam ki, bu görsəniş ən xoş sözlərə layiqdir".

 

Nizami Cəfərov

Azərbaycan Elmlər Akademiyasının

müxbir üzvü, Atatürk Mərkəzinin müdiri,

millət vəkili

 

Bu örnəklərin sayını istənilən qədər artırmaq olardı. Respublikamızın ən dəyərli sənət adamları onun haqqında xoş sözlər deyib, altmışillik yubileyini təbrik etmişdir.

İndi Yusif müəllim 65 illik yubileyi ərəfəsindədir. O, Əlyazmaları institunda elmi fəaliyyətini davam etdirir, eyni zamanda bədii yaradıcılığa da geniş önəm verir. Şeirləri ilə dövri mətbuatda müntəzəm çıxış edir. Mən də bu yığcam yazımla onu təbrik edir və vaxtilə ona həsr etdiyim "Qərib axşamlar" adlı şeirimlə bu yazını tamamlamaq istəyirəm.

 

 

Qərib axşamlar

 

Gecənin yarısı nur, işıq saçır,

Sabaha ötürür "Qərib axşamlar",

Dərdli könüllərdə gül-çiçək açır

Qönçələr bitirir "Qərib axşamlar".

 

Vətən sevgisinə qoşursa hamı,

Bu yerdə susarmı şair ilhamı?!

Ürəklərdə dustaq qalan salamı,

Ünvana yetirir "Qərib axşamlar".

 

Xalqım, çox bəlalar çəkibdir başım,

Yad əldə göynəyir torpağım, daşım.

Dünyaya səpilən min-min soydaşım

Köksünü ötürür "Qərib axşamlar".

 

Ya Vurğundan söz , ya Üzeyirdən

Qoy sənət yolları keçsin xeyirdən.

Bir şirin nəğmədən, yaxşı şeirdən

Payını götürür "Qərib axşamlar".

 

Üzünə gün doğsun Yusif Günaydın,

Bu gecə səsimi dünyaya yaydın.

Məramı işıqlı, məqsədi aydın

Doğmalıq gətirir "Qərib axşamlar".

Məhəbbət gətirir "Qərib axşamlar".

 

Ədalət.-2016.-4 fevral.-S.3.