«ƏLLƏRİNDƏKİ
GÖYÜZÜ»
Qalib Şəfayətin kitabı barəsində
bir neçə söz
Bəri başdan deyim ki, barəsində söhbət açdığım müəllifi mənimlə dəyərli şairimiz Musa Ələkbərli tanış etdi. Günlərin birində Musa müəllim
mənə bir ismarıc göndərdi:
- Qağa, bir istedadlı cavan oğlan göndərirəm yanına.
Özü də müharibə görmüş
oğlandı, şeirləri
də xoşuma gəlir. Sən də bax, yəqin
xoşuna gələcək…
Bəli, belə başladı tanışlığımız. Öyrəndim ki, dağlar qoynunda, Gədəbəydə
doğulan Qalib həkim-kardeoloqdur. Özü də
cəbhə bölgəsində,
yəni Füzulidə
hərbi həkim kimi xidmət göstərir. Əsgərlərimizin, bütövlükdə səngərdə
olan insanlarımızın
ürəyinin qayğısına
qalır. Onun bu addımı sözün yaxşı mənasında
ürəyimi oxşadı.
Üstəlik bu cavan oğlanın səmimiyyəti
mənə çox doğma gəldi. Bax beləcə başladı
tanışlığımız. Elə iş otağımdaca onunla poeziyadan daha çox ordudan, səngərdən danışdıq.
Və Qalibin peşəsini mükəmməl bilməsi,
üstəlik bu peşəyə bağlılığı
mənim yaralı yerim olduğu üçün suallarım
bitib-tükənmirdi.
Oxudum Qalibin şeirlərini və Musa
müəllimin fikirlər
ilə yüzdə-yüz
razılaşdım. Duydum, hiss etdim
ki, bu cavan
oğlan ürək həkimi olduğu üçün elə misraları da ürəyində dünyaya
gətirir, ürəyində
böyüdür, sonra
kağıza köçürür.
Ona görə də misralar həm səmimidi, həm də diridi. Zənnimcə, səmimi və diri misralar
istənilən qapını
öz əli ilə aça bilir…
İllər ötdü, bizim dostluğumuzun bir qazancı da Qalib Şəfayətin imzasını izləməyim,
onun uğurlarına sevinməyim oldu. Elə bu
günlərdə şair-həkim
dostum mənə özünün «Alatoran» nəşriyyatında işıq
üzü görmüş
kitabını avtoqrafla
bağışladı. Və mən kitabı açanda bilmirəm təsadüfdənmi, yoxsa
zərurətdənmi ilk qarşılaşdığım
şeir bir növ xatirə kimi gəldi mənə. Yəni əlimdən tutub həmin o ilk görüşümüz
olan günə qaytardı məni…
Ömrümü
banka qoydum,
əmanət
kimi.
dar gündə
çıxararsan,
gərəyin olar.
sonra
acı-acı
xatırlarsan
Məni.
Və…
Nəsə deyinərsən,
Özün üçün.
Bəli, əslində bizim və bütövlükdə
hər bir insanın ömrü yaddaş bankındadı. O bankı
açanda hər şey xatırlanır, vərəqlənir. Bax, Qalib Şəfayət də ürəyindəkinə
elə bunu xatırladıb və üstəlik də deyib ki,
İtirdim qəlbimi oyuncaq
kimi,
Bir yoldan ötəni, tapanı olar.
Bir gün tapıb əzizləyib, oynadan –
Bir gün bəyənməyib, atanı
olar.
Hə, doğrudan
da sevgi elə bir şeydir
ki, o, həm ürəyi, həm də insanın özünü bəzən
göz önündəcə
itirir. Və onda hiss edirsən ki, Qalib demiş,
«içinə soyuq dolur».
Mən Qalibin şeirlər kitabında uğurlu fikirlərə, fərqli təqdimatlara rast gəldikcə onun poetik qələbəsinə
sevindim və istər-istəməz içimdən
bir işıq axıb keçdi. O işığı
mən həm də Musa Ələkbərliyə
ünvanladım. Çünki Musa müəllim Qalib Şəfayətin poeziya yolundakı addımlarının
xeyir-duaçısı, xeyirxahı
kimi yadımda qalıbdı. Hər halda
bu mənim bir söz adamı
kimi qəlbimdən keçənlərdi. Düşünürəm ki, Qalib Şəfayət
kitabında işarə
vurduğu «redaktə
et ürəyimi» fikri
yazdığım fikirlərə
aid deyil. Amma ürəyi
redaktə etməyin özü isə sevən üçün,
sevilən üçün,
sevgini günəşə
çevirən üçün
yaxşı tapıntıdı.
Mən qələm
dostumun sizə təqdim etdiyim kitabı barəsində bu fikirləri də deməyi özümə borc bilirəm. Belə ki, Qalib Şəfayətin kitabı
həm tərtibat baxımından, həm də şeirlərin özünün səhifələrdə
düzümü baxımından
da çox səliqəlidi. Kitabı əlinə
götürəndə sənə
elə gəlir ki, çox zəif, duyğusal bir təmas yaşayırsan. Bəlkə
də bu şairin həm də həkim olmasından irəli gəlir – özü də ürək həkimi!
Çöl yaman soyuqdu, gülüm,
Yatır məni ürəyində.
Sən ümman ol, mən bir qayıq,
Batır məni ürəyində.
Dərdə yara düşən
kimi,
Qəlbə qara düşən
kimi,
Bir az dara düşən kimi,
Götür məni ürəyində…..
Hə, bu
şeirlə Qalib Şəfayətin
«Əllərindəki göyüzü»
kitabı haqqında fikirlərimi tamamlayıram. Özü də bilərəkdən bu şeiri seçdim
və bu qoşmanın yalnız bir hissəsini sizə təqdim etdim. İstədim ki,
ürək həkiminin ürəyə necə bələd olduğunu siz də
biləsiniz və ürəyiniz istəsə bu
kitabı tapıb elə bu qoşmanın
son bəndinə kimi
oxuyasanız və sizə üz tutduğuma görə məni
qınamayasınız.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2016.-19 fevral.-S.3.