XOCALI KÖMƏK GÖZLƏYİRDİ...

(Əvvəli ötən saylarımızda)

- Səninlə bir balaca gizli söhbətim olacaq.

Gizir heç bir tərəddüd etmədən dedi:

- Buyurun, sizi dinləyirəm.

Nəsimi Quliyev vəziyyəti tam təfərrüatı ilə gizirə danışdı. O, Nəsimini dinlədikdən sonra dedi:

- Bu hərbi hissə Zaqafqaziya Hərbi Dairəsində ən böyük və ən möhkəm qorunan hərbi hissələrdən biridir.

Nəsimi oğlana dedi ki, o, burada xidmət edən uşaqları bir yerə toplasın, onlarla söhbət aparmaq istəyir. Gizir dedi ki, burada bir kapitan rütbəli naxçıvanlı oğlan var. O, arxa cəbhənin, polk komandirinin müavinidir. Nəsimi həmin kapitanla necə görüşmək olduğunu soruşdu. Gizir cavabında bildirdi ki, bura gələndə gecə gəlsin, gündüz gəlməsin. Çünki hərbi hissə möhkəm nəzarət altındadır. Nəsimi gördü ki, həqiqətən də gündüzlər iki BMP və iki tank hərbi hissənin ətrafında dolanır.

Nəsimi Quliyev evə gedib, bir də axşam yenidən Qobuya qayıtdı. Həmin gecə o, 4 proporşik və bir kapitanla görüşdü. Nəsimi özünü saxlaya bilməyib dedi:

- Qeyrətiniz olsun, mən Xocalıdan buraya silah-sursat aparmağa gəlmişəm. Amma silah tapılmasında mənə kimsə kömək etmək istəmir.

Başqalarına nisbətən söhbət zamanı özünü qorxmaz oğlan kimi göstərən Firudin adlı proporşik Nəsimiyə dedi:

- Nəsimi, komandirləri ancaq bu kapitan ələ ala bilər. Qaldı silahları çıxartmağa, bunun üzərində işləmək lazımdır.

Nəsimi soruşdu:

- Uşaqlar, biz buradan nə çıxara bilərik? Digər tərəfdən də, qabaqcadan xəbərdarlıq edirəm. İçərinizdə xəyanətkar varsa, bu başdan desin, biz də işimizi bilək. Mən heç, ələ keçsəm, özümü bu silahla öldürəcəyəm, - deyə həmişə üstündə gəzdirdiyi iki tapançanı onlara göstərdi.

Millətin, xalqın ümumi mənafeyi üçün oradakı uşaqların hamısı bu işə qol qoydular. Nəsimi bu hərbi hissədən əvvəlcə üç top çıxarmağı qərara almışdı. Buna görə anbarı arxa tərəfdən yarmaq lazımdı. Təbiidir ki, anbarı yaran zaman səs olacaqdı. Bunun üçün həmin gecə gözətçi tanış adam olmalı idi. Sonra da həmin gecə Qobunun işığı söndürülməlidir. Bu zaman hərbi hissənin generatoru işə düşəcəkdi. Uşaqların dediyinə görə, həmin generatorun səsi düz Lökbatana qədər gedir. Bütün Qobu bu generatorun səsinə qərq olur. Generatorun bu səsindən istifadə edib anbarlara girmək mümkün olacaqdı. Proporşiklər dedilər ki, oradakı topların təkərləri açılıb, onları bağlamaq lazımdır. Sonra topları çəkib bayıra çıxarmaq üçün 3 ədəd ağır maşın lazımdır. Nəsimi uşaqlara dedi ki, Qobunun işığını söndürmək və maşınları gətirmək onun işi olacaq.

Ertəsi gün Nəsimi yenidən Rüfət Ağayevin yanına gəldi. Merə dedi ki, o, Qobudan bir az mərmi çıxarmaq istəyir. Buna görə ona bir az kömək lazımdır. Rüfət Ağayev dedi ki, ona necə kömək lazımdır. Nəsimi dedi ki, ona Abşeron rayon İcra Hakimiyyətinin, bir də rayon Polis İdarəsinin köməyi lazımdır. Bir də Binəqədi rayon İcra Hakimiyyətinə tapşırılsın ki, Dərnəgüldə yerləşən yalnız KamAZ maşınlarından ibarət qarajdan sürücüləriylə bərabər 3 KamAZ-ı ona versin. Rüfət Ağayev Nəsimiyə bildirdi ki, dediklərinin hamısını yerinə yetirəcək.

Axşam olanda Nəsimi 3 KamAZ-la Qobuya getdi. Uşaqlar orada onu gözləyirdilər. Onlardan biri - proporşik əməliyyatda iştirak etməkdən imtina etdi. O, dedi ki, onun yanında satqınlar var və onu dərhal ələ verə bilərlər. Sonra bildirdi ki, anbarın ümumi qapısı gözətçi məntəqəsinə baxır. Topların qapıdan çıxarılması mümkün olmayacaq. Uşaqlardan biri dedi ki, əgər bu işə girişmişiksə, niyə "Qrad"lardan çıxarmayaq? Nəsimiyə də elə bu lazım idi. Uşaqlar "Qrad"ın layihəsini bilən daha bir azərbaycanlı proporşiki gətirdilər. Proporşik dedi ki, anbarda yerləşən 50 ədəd BM-21-in hamısı kalotkaların üstündədir və üç-üç bokslarda qoyulub. Onların heç birində akkumulyator yoxdur. Hər maşına bir cüt akkumulyator və yanacaq çənlərinə salyarka tökmək lazımdır. Eyni zamanda onların işəsalma cihazları da başqa anbardadır.

Nəsimi düşündü ki, ona 6 ədəd güclü akkumulyator gərək olacaq. Nəsimi anbardan 3 ədəd BM-21 çıxartmağı qərara almışdı. Buna görə də o, bir neçə gün BM-21 layihəsi üzərində işlədi.

Arif Salahov Nəsimiyə kömək məqsədilə Şıx qəsəbəsindəki hərbi hissədən daha iki nəfər cəsur əsgər vermişdi. Bundan başqa, 3 "Zil" maşınını idarə edən 3 sürücü, Qobudakı cavanlar və birdə Nəsiminin qaynı Oruc Məmmədov "Qobu" əməliyyatını həyata keçirməyə hazır idilər. Qabaqcadan Nəsimi Binəqədi rayon İcra Hakimiyyətinin başçısı ilə söhbət etmişdi ki, zavodda 3 ədəd maşın gizlətmək üçün yer hazırlasınlar. Amma onlara 3 ədəd BM-21 barədə heç nə deyilməmişdi. Hər şey plan üzrə gedirdi...

Nəsimi yanğınsöndürmə idarəsindən bir neçə ratsiya ala bilmişdi. Onları cavanlara verdi. Çünki əməliyyat zamanı bir-biri ilə əlaqə bu ratsiya vasitəsilə həyata keçiriləcəkdi. Çünki KamAZ-lar əvvəlcədən ora gələ bilməzdi. Ona görə də onlar bir az Qobudan kənarda gizlənib Nəsimidən siqnal gözləməli idi. Əməliyyat planı tam hazır idi. Həmin gecə saat 24:00-da Abşeron rayon İcra Hakimiyyətinin göstərişi ilə Qobunun işığı söndürüldü. Onu da qeyd edək ki, işıq 3 saat müddətinə söndürülməli idi. İşıq sönən kimi hərbi hissənin generatoru işə düşdü və səsi aləmi götürdü. Nəsimi düz bir saat gözlədi və sonra hamıya "evlərinizə dağılışın!" komandası verdi. Əməliyyat üzvlərinin çoxusu bu komandaya təəccübləndi. Amma Nəsimi bunu ona görə etdi ki, görsün bu işdə xəyanət var, ya yox. Həmin vaxt generator işləyə-işləyə anbarın ətrafında hərbi texnika hərəkət edirdisə, deməli, əməliyyat barədə sızma vardı. Amma bir saat ərzində heç bir hərbi texnika hərəkət etmədi. Anbarı gecə-gündüz iki BMP və iki T-72 tankı mühafizə edirdi.

Nəsimi geri qayıdandan sonra zəng edib dedi ki, işığı yandırsınlar. Aradan bir neçə gün keçdi. 1992-ci il fevralın 12-də gecə Nəsimi əməliyyatda iştirak edəcək cavanlarla birlikdə Qobuya gəldi. Nəsiminin planına əsasən ilk növbədə gözətçilər zərərsizləşdirilməli, sonra işıq söndürülməli idi. Gözətçi postuna yaxınlaşmaq üçün Nəsimi buradakı proporşiklərin birindən istifadə etdi. O, həmin proporşiklə birlikdə bir-bir gözətçi postuna yaxınlaşır və gözətçi də "stoy, kto idyot?" soruşur. Proporşik də "eta ya", - deyə cavab verir. Nəsimi də yavaşcadan mühafizəçiyə yaxınlaşır, cəld əl atıb avtomatı onun əlindən alır və deyir: "sınok, spokoyno, idi sadis na maşine". Beləcə, Nəsimi 7 postun mühafizəçisinin avtomatını əlindən alaraq onları özünün "UAZ" maşınına mindirdi. Onların üstündə Arif Salahovun Şıx hərbi hissəsindən verdiyi əlində avtomat olan iki əsgər dayanmışdı. Nəsimi girov götürülmüş mühafizəçilərə dedi ki, əgər sakit otursalar, əməliyyat başa çatandan sonra onları evlərinə buraxacaq. İşıqlar söndürüldü, hərbi hissənin generatoru işə düşdü. Generatorun səsindən istifadə edərək arxa qapıdan bokslar açıldı və "ZİL" maşını ilə boksdakı 3 BM-21-i bir-bir çəkib anbardan çıxardılar. Sonra dərhal akkumulyatorlar maşınlara bağlandı və maşınlar işə salındı. Nəsimi onlara Binəqədiyə, B.Sərdarov zavoduna hansı marşrutla gedəcəklərini qabaqcadan başa salmışdı. Sonra Nəsimi başqa anbarda yerləşən BM-21-lərin cihazlarını götürdü. Çünki bu cihazlar olmadan qurğunu işə salmaq mümkün deyildi. Daha sonra 4 KamAZ maşınlarına BM-21-in mərmilərini yüklədilər və dərhal hərbi hissəni tərk etdilər. Nəsiminin əyləşdiyi maşın Lökbatan dairəsinə çatanda hərbi hissədən həyəcan siqnalı eşidildi. Demək, növbə dəyişmişdi...

Nəsimigil hərbi maşınları zavodda yerbəyer edəndə artıq səhər saat 5:00 idi. Nəsimi hərbi hissədən girov götürdüyü 7 əsgəri Binəqədi rayon Polis şöbəsinə gətirib təhvil verdi. O, əsgərlərlə bərabər onların avtomatlarını da polisə təhvil verdi. Şöbədə soruşdular ki, onları neyləyəcəklər? Nəsimi də cavabında: "Daha orasını siz bilərsiniz. İstəyirsiniz həbs edin, istəyirsiniz buraxın. Bundan sonrası sizlikdir" - dedi.

Yuxusuzluq Nəsiminin gözünü çıxardırdı. O, birbaş evə gəldi və paltarlı halda çarpayıya uzanıb yatdı.

Səhər açılar-açılmaz Arif Salahovun sürücüsü Nəsiminin evinə gəldi və Arif müəllimin onu təcili yanına çağırdığını bildirdi. Onu da qeyd edək ki, Nəsimi "Qobu" əməliyyatı barədə Arif Salahova və Rüfət Ağayevə ətraflı məlumat verməmişdi. Yəni həmin hərbi hissədən 3 BM-21-in çıxarılması barədə onlara deməmişdi. Onlara oradan ancaq top mərmiləri çıxaracağı barədə söyləmişdi.

Nəsimi həmin maşınla birbaşa Arif Salahovun yanına getdi. O, Nəsimini görən kimi:

- Nəsimi, sən nə etmisən?! Bilirsən, Gürcüstandan Zaqafqaziya Hərbi Dairəsinin komandanı Bakıya gəlib? Hazırda onlar Ayaz Mütəllibovun yanındadırlar. Sən bizə demişdin ki, oradan ancaq mərmi çıxaracaqsan. İndi aləm qarışıb bir-birinə. Bunun altından necə çıxacağıq? Bizi çağırıblar, gedək, görək nə deyirlər, - dedi.

Nəsimi Quliyev, Arif Salahov və Rüfət Ağayev Prezident Aparatına gəldilər. Onları dördüncü mərtəbədə oturtdular, yanlarında da əli avtomatlı iki mühafizəçi. Prezidentin yanında generallar söhbət aparırdılar. Onlardan sonra prezident Nəsimigili qəbul etdi. Ayaz Mütəllibov üzünü Arif Salahova tutub soruşdu:

- Bu nə işdi qaynatmısınız?! Bu nə olan şeydir?

Arif Salahov dedi:

- Cənab Prezident, bu işi Rüfət Ağayev bilir.

Rüfət Ağayev dedi:

- Cənab Prezident, bu yoldaş Xocalıdan gəlib, orada vəziyyət gərgindir. Gedib, özü bu işi təkbaşına görüb. İndi bunu tutmalıyıqmı?

Ayaz Mütəllibov başını yırğaladı və dedi:

- Onların danışığından məlum oldu ki, siz bu maşınları Bakıdan çıxara bilməyəcəksiniz. Yaxşı, siz gedin, bir şey fikirləşərik.

Rüfət Ağayev prezidentin yanında qaldı, Nəsimi Quliyev və Arif Salahov bayıra çıxdılar. Sonra Rüfət Ağayev də çıxdı və dedi:

- Gedin, hələ gözləyin. Bizdən xəbər olmadan heç bir hərəkət etməyin.

Fevralın 17-nə qədər Nəsimi heç bir hərəkət etmədi. Çünki Bakının bütün giriş və çıxışları ciddi nəzarət altında idi. Şəhərin üzərində də vertolyotlar dayanmadan dövrə vururdular. Sonra Nəsimi öyrəndi ki, B.Sərdarov zavodunun yanındakı hərbi hissədə onlara lazım olan mərmilər də var. Gecəykən Nəsimi yoldaşları ilə həmin hərbi hissəyə hücum etdi. O, hərbi hissənin əsgərlərinə atəş açmamaq barədə göstəriş verdi və onlarla danışıqlar yolu ilə, ölümsüz-qadasız oradan 8 KamAZ maşın və mərmi çıxartdılar. Həmin KamAZ-lardan 4-nü Nəsimi Milli Orduya verdi. Artıq hər şey hazır idi, Ağdama yola düşmək olardı.

Ağdam niyə susurdu?..

Fevralın 17-də gecə Nəsimi Ağdama yola düşmək haqqında əmri verdi. Kalonda 3 BM-21, 3 KamAZ maşını, 2 "Ural" maşını və minə qədər mərmi olmaqla Ağdama yola düşdülər. Səhər tezdən onlar Ağdama çatdılar. Dərhal Nəsimiyə dedilər ki, "Qrad"ın biri təcili Şuşaya göndərilməlidir. Yuxarıdan belə göstəriş verilib. Nəsimi də BM-21-in birini onlara verdi.

Ertəsi gün Ağdamda əməliyyat planı hazırlandı. Həmin əməliyyat planında Şirin Mirzəyev, Fəhmin Hacıyev, Allahverdi Bağırov, Fred Asif (Asif Məhərrəmov), Qatır Məmməd (Yaqub Rzayev), Faiq Baxşəliyev (OMON) iştirak edirdilər.

Həmin vaxt Xocalı ilə əlaqə artıq tamamilə kəsilmişdi. Xocalıya vertolyot son dəfə fevralın 13-də uçmuşdu...

Əməliyyat planına əsasən Nəsimi Quliyev iki "Qrad" raketi ilə Əsgəranı və onun sağ-solunda yerləşən kəndləri atəşə tutmalı, sonra canlı qüvvə və hərbi texnika Xocalı yolunu açmaq üçün hücuma keçməli idi. Mənə verilən məlumata görə, o zaman Ağdamda təxminən 2000-2500-ə yaxın özünümüdafiə qüvvələri və 70-ə yaxın hərbi texnika - BRDM və T-72 tankları vardı.

Bu əməliyyat barədə artıq Nəsimi Quliyev Xocalıya məlumat vermişdi. Nəsimi iki BM-21-lə Əsgəranı və onun kəndlərini atəşə tutdu. Plan da belə idi ki, "Qrad" raketləri susan kimi, canlı qüvvə və hərbi texnika hücuma keçəcək. Amma "Qrad"lar susandan sonra Əsgərana heç bir hücum olmadı. Nəsimi təəccübləndi: "Nə baş verir? Niyə hücuma keçmirlər?!"

Fevralın 23-nə kimi Nəsiminin dəstəsi "Qrad" raketlərlə Əsgəranı, Xanabadı, Naxçıvaniki, Həsənabadı, Kətiyi və digər kəndləri fasiləsiz olaraq atəşə tutdu. Hər gün Xocalı yolunu açmaq üçün döyüş planı hazırlanırdı, ancaq bu plan kimlər tərəfindənsə son anda pozulurdu. Həmin döyüş planına əsasən Şirin Mirzəyevin dəstəsi Fərrux kəndi istiqamətində, Qatır Məmmədin dəstəsi Xanabad istiqamətində, Allahverdi Bağırov və Fred Asifin dəstəsi isə Əsgəran istiqamətində hücuma keçməliydi. Amma nədənsə hücum olmurdu. Bu, indiyə qədər də sirr olaraq qalır...

Fevralın 25-nə kimi Tuğ, Xocavənd, Malıbəyli, Quşçular, Qaradağlı, Kərkicahan, Cəmilli, Qarabağlı, Meşəli artıq rus hərbi birləşmələrinin köməyi ilə ermənilər tərəfindən işğal olunmuşdu.

Xocalı dörd bir tərəfdən düşmən əhatəsində yalqız və köməksiz qalmışdı. Xocalının ümidli baxışları Ağdama dikilmişdi. Bu şəhər ancaq umduğu yerdən, Ağdamdan ona kömək gələcəyini gözləyirdi. Ağdam isə Xocalıya kömək əlini uzatmaq barədə nədənsə susurdu...

 

Camal ZEYNALOĞLU

Düzəliş: Məqalənin 1-ci hissəsinin 5-ci abzasında kiçik xətaya yol verilmişdir. Buna görə həm oxuculardan, həm də adı çəkilən şəxsdən üzr istəyirik. Əslində həmin abzas belə oxunmalıdır:

"1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Parlamenti Milli Ordunun yaradılması barədə qanun qəbul etdi. O zaman Bakının Səbayel rayonunun Şıx qəsəbəsində 701 saylı hərbi hissə yaradıldı. Həmin hərbi hissənin briqada komandiri BDU-nun hərbi hazırlıq kafedrasının müdiri Zaur Rzayev idi. Həmin hissədə Cəbhənin qərargahı da yaradılmışdı. Həmin vaxt Cəbhə komandiri Dadaş Rzayev, qərargah rəisi isə polkovnik Arif Salahov idi".

Ədalət.-2016.-25 fevral.-S.4.