Gənc mütəxəssisin "tapıntısı"

Yumoristik hekayə

 

 

Milis idarəsinin rəisi Həsənovun oğlu ali məktəbi bitirib təyinatını da atasının işlədiyi rayona almışdı.

Atası bir rayonun milis idarəsinin rəisi ola, onun da oğlu ali təhsilli kadr ola, deməli mütləq tapılmalıdı! Bu fikirlə yoldaş Həsənov işdə, evdə çox götür-qoy elədi, oğluna layiq, münasib bir yeri axtarışına başladı...

Hələlik tikinti idarəsində müdir müavini olsun, sonrasına baxarıq...

Bəlkə "kommxoz"da sədir müavini?..

Bəlkə qaz idarəsində müdir müavini?

Bəlkə kənd təsərrüfatı idarəsində mütəxəssis?..

Bəlkə "ispolkom"da mühüm bir vəzifə?

Fikirləri yoldaş Həsənovu rahat buraxmırdı, çox götür-qoy elədi, bir-bir yerlərini, təşkilatları gözdən kecirtdi...

Fikirləşdi ki, elə bəlkə "raykom"da yaxşı bir vəzifə? Niyə də olmasın, elə bir kadr kimi yetişər, öyrənər, hər şeydən başı çıxar, gələcəkdə mühüm bir vəzifə sahibi olar...

Düşündü ki, özüm gedim "raykoma katibdən" xahiş edim oğluma bir versin. Deyim öz balan kimi yanında öyrət, onu gələcəyin kadrı kimi yetişdir...

Belə də etdi. Sözünü yerə salmadılar, onun xahişi nəzərə alıb "Raykom"-da kənd təsərrüfatı şöbəsində boş yer vardı, özü də mütəxəssis yeri-Həsənovun oğlu işə qəbul olundu...

Rayonun süd istehsalı azaldığına görə məsələ müzakirə olunurdu. "Raykomun" məsul işçiləri hərəsi bir kolxoza təhkim olundular ...

Sağıcılar inəklərin südünü sağıb, bidonlara tökdülər, ölçdülər. İşlər başa çatmışdır. Tövlədən çıxmaq istəyəndə "raykomun" nümayəndəsi Həsənov ucadan səsləndi:

- Dayanın, kolxozun sədri haradadı, bu saat buraya çağırın onu.

Kolxozun sədri özünü yetirdi:

- Buyurun yoldaş Həsənov. Nə tapşırığınız var?

- Yoldaş sədri, ilk gündən sağıcı Nərgiz xalanı tərifləyirdin, belə qabaqcıl işçidi deyirdin, mən bayaqdan fikir vermişəm beş inəyi sağmayıbdı. Bəlkə onu gizlədib, sonra gəlib sağacaq, öz evinə aparacaqdı. Yaxın gəl, yoldaş sədr, mən onları bir-bir göstərim, hələ fotoaparatla şəklini çəkmişəm, səhər "raykoma" aparıb, göstərəcəyəm...

Onlar tövlənin baş tərəfinə söhbət edə-edə getdilər. Həsənov cərgə ilə düzülmüş heyvanları göstərdi və dedi:

- Bax, Nərgiz xala bu heyvanları sağmayıbdır.

Kolxoz sədri gülümsədi və ...

- Yoldaş Həsənov, bu heyvanları...

Həsənov isə sədrin sözünü ağzında qoydu.

- Sağıcı Nərgiz xalanı çağırın, - dedi.

Nərgiz xala gəldi.

- Nərgiz xala, sən qabaqcıl işçisən, hələ orden, medal da almısan, sənin cərgəndə olan bu beş heyvanı niyə sağmadın? - deyə səsini ucaltdı.

Nərgiz xala qızardı, bozardı və təəccüblə sədrin üzünə baxdı.

- Axı onlar...

Sədr Həsənova baxıb gülümsədi.

- Şəklini çəkmisən lap yaxşı etmisən, necə lazım bilirsən, elə də et...

- Həsənov daha da əsəbiləşdi,

- Mən bu barədə "raykoma" məlumat verəcəyəm, foto şəkillərini də təqdim edəcəm...

Səhərisi gün Həsənov fotoşəkilləri hazırladıb yazdığı məlumatın üstünə tikdi və "raykomun"qəbul otağına gəldi, görülən işlər haqqında məlumat verdi.

"Raykomun" katibi onu axıra qədər dinlədi və məlumatı, fotoşəkilləri nəzərdən keçirdi. Və şəkillərə bir də baxdı və təəccüblə başını qaldırıb Həsənovun üzünə baxdı...

Həsənov təəccübün səbəbini hələ başa düşməmişdi. "Raykomun" katibi bərəlmiş gözləri ilə ona yenə baxdı:

- Bunlar ki, buğaların fotoşəkilləridir, Əhsən, rəis oğlu süd istehsalının artırılmasının əsl yolunu tapmısan...

 

 

Nemət

Baxtiyar,

Azərbaycan

Jurnalistlər

birliyinin

üzvü

Ədalət.- 2016.- 1 iyul.- S.4.