YARADICILIQ HAQQINDA
Bu günlərdə imzası oxucularımıza yaxşı məlum olan dəyərli yazıçı-publisist, elm adamı Allahverdi Eminovun sanballı bir monoqrafiyası işıq üzü gördü. Öncədən xatırladım ki, Allahverdi Eminov söz məkanında, ədəbi camiyədə baş verən prosesləri yaxından izləyən, yeni nəşrlərə qayğı və canıyananlıqla diqqət ayıran tədqiqatçıdı. O, bir ədəbiyyatşünas kimi hər yeni kitaba, hər yeni imzaya dərhal öz münasibətini bildirir. Beləliklə də sözə, söz yaradana normal münasibətin, yanaşmanın necə olmasını sanki hər kəsə real bir şəkildə nümayiş etdirir.
Dəfələrlə "Ədalət"in oxucularına müxtəlif kitablar, yazarlar barəsində öz fikirlərini çatdıran Allahverdi Eminov yenicə işıq üzü görmüş sanballı monoqrafiyasını da 70 yaşını qeyd edən Oqtay Ərgünəşə həsr edib. Əslində bu monoqrafiya bütünlüklə Oqtay Ərgünəşin ədəbi fəaliyyətini, yazıçı-publisist həyatını necə deyərlər, nöqtə-vergülünə qədər süzgəcdən keçirir. Monoqrafiya filologiya elmləri doktoru İmaməddin Zəkiyevin redaktoruluğu ilə nəşr olunub. 252 səhifəlik bu monoqrafiya "Oqtay Əliyevin yaradıcılıq yol: nəsri və publisistikası" adlanır. Bu monoqrafiyada Oqtay Ərgünəşin publisistikası, bədii və satirik əsərləri təhlil olunur, onların ictimai fikir yükü oxucu diqqətinə təqdim edilir. Monoqrafiya ilə tanış olarkən aydın şəkildə bəlli olur ki, Allahverdi Eminov təqdim etdiyi müəllifin bütün külliyyatı ilə çox yaxından tanış olur, yəni Oqtay Ərgünəş yaradıcılığına köklü şəkildə bələddir. Elə bu səbəbdəndir ki, 6 fəsillik bu monoqrafiya müəllifin gərgin əməyinin bəhrəsi olmaqla yanaşı, həm də onun qəhrəmanının qələmindən çıxan müxtəlif janrlı bütün əsərlər araşdırılır. Bu əsərlərdəki sarkazmlar, ironiyalar, birbaşa deyimdər, sətiraltı ifadələr, bütövlükdə ədəbi priyomun bütün çalarları Allahverdi Eminov tərəfindən necə deyərlər, bircə-bircə önə çəkilib və onun ictimai-siyasi çəkisi bir ədəbi məhsul kimi qiymətləndirilib.
Bu monoqrafiya ilə tanış olan istənilən oxucu çoxşaxəli yaradıcılığı olan Oqtay Ərgünəşin ədəbiyyatımızda, mətbuatımızda tutduğu yeri görə bilər. Mən böyük maraqla gözdən keçirdiyim bu monoqrafiya ilə tanış olarkən iki məqamla yenidən qarşılaşdım. Onlardan birincisi Oqtay Ərgünəşin söz dünyasının rəngarəngliyi, ikincisi isə təbii ki, monoqrafiyanın müəllifi Allahverdi Eminovun həm peşəkarlığı, həm də çox köklü araşdırma aparmaq qabiliyyətidir. Deməli, hər iki məqamda uduşun sahibi Azərbaycan oxucusu, yəni ədəbi ictimaiyyətdir. Düşünürəm ki, bu monoqrafiya Oqtay Ərgünəşin 70 yaşına çox sanballı hədiyyə, töhfədir. Ona görə də həm müəllifi, həm də onun qəhrəmanını təbrik edir, uğurlar diləyirəm.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2016.- 1 iyul.- S.4.