Altay dağlarının mistik havası Xızıda

 

Azərbaycanda turizm sənayesini inkişaf etdirmək, müasir turizm infrastrukturunun yaradılmasına nail olmaqla ölkəmizi dünyaya daha yaxından tanıtmaq prioritet məsələlərdən biridir. Dövlətin bu sahədə siyasətini həyata keçirən Mədəniyyət Turizm Nazirliyinin üzərinə böyük məsuliyyət düşür.

Nazirlik yerli imkanları düzgün dəyərləndirmək, dünya təcrübəsini öyrənməklə yeni standartları tətbiq etmək üçün son illər mühüm tədbirlər həyata keçirir. Mətbuat nümayəndələrinin iştirakı ilə tez-tez infoturlar təşkil edir, belə tədbirlərdə ölkənin turizm sahəsindəki real imkanlar öyrənilir, problemlər müzakirə olunur. Mədəniyyət Turizm Nazirliyinin rəsmi dəstəyi ilə mətbuat nümayəndələri üçün növbəti belə tədbir Xızı rayonunda keçirildi.

İnfotur üçün Xızı rayonunun seçilməsi heç təsadüfi deyildi. Xızı Azərbaycanın Şimal istiqamətində turizm marşrutunun birinci dayanacağı sayılır. Xızının çox güclü turizm potensialı var. Təbiətin yaratdığı bu üstünlükdən düzgün istifadə etməklə bu gözəl yerləri dünyaya tanıtdırmaq olar. Sevindirici haldır ki, son illər rayonda bu sahənin inkişafına diqqət artırılıb.

Rayon ərazisində elə dağlar var ki, bir tərəfi qışlaq, o bir tərəfi yaylaqdır. Rəngbərəng, al-əlvan, xınalı dağların, sayı-hesabı olmayan Xızı bulaqlarının gözəlliyi insanı valeh edir. Rayonun ərazisi dağlıq dağətəyi zonaya bölünür. Dağlıq zonanın ən yüksək zirvəsi dəniz səviyyəsindən 2205 metr hündürlükdə yerləşən Dübrar dağıdır. Rayonun Altıağac qəsəbəsinin ərazisi turizm potensialı ilə seçilir. Xüsusilə həftəsonu istirahət üçün bura ideal yerdir. Altıağacda ekoloji turizmin inkişafı üçün imkanlar var. Yay aylarında astma xəstəliyindən əziyyət çəkən çox sayda insan buraya, sadəcə, təmiz hava almaq üçün gəlir. Təbiətdən zövq almaq, dincəlmək üçün bura çox gözəl yerdir.

Təsadüfi deyil ki, Azərbaycanda turizmin inkişafına öz töhfəsini verən "Cənnət Bağı" Şirkətlər Qrupunun ilk istirahət mərkəzi - "Cənnət Bağı" məhz burada - Xızı rayonunun Altıağac qəsəbəsində salınıb. Hər yay bu mərkəz 10 minə yaxın yerli əcnəbi turistə yüksək keyfiyyətli xidmət göstərir. Hazırda "Cənnət Bağı"nda 44 yerlik 4 ulduzlu hotel turistlərin ixtiyarındadır. Təkcə Azərbaycanın müxtəlif bölgələrindən deyil, yaxın-uzaq ölkələrdən istirahət üçün bura gələnlər təbiətin əsrarəngiz gözəlliyindən zövq alırlar.

Maral,

sən haralısan?

 

Media təmsilçilərinin Xızıda toplaşmasının özəl bir səbəbi də var idi. Hələlik Azərbaycanda yeganə olan unikal sağlamlıq müəssisəsi - "Altay maralı" Sanatoriya tipli Sağlamlıq Mərkəzi məhz burada fəaliyyət göstərir. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı sayəsində reallaşan infotur məhz "Altay maralı" ilə tanışlıqdan başladı.

Bu unikal layihənin rəhbəri Araz Qədimzadə məlumat verərək bildirdi ki, "Cənnət bağı" Şirkətlər Qrupu ölkəmizdə analoqu olmayan bir işə imza atıb. Şirkətlər qrupunun nəzdində belə bir sağlamlıq mərkəzi fəaliyyətə başlayıb. Bəs müəssisənin özəlliyi nədir? Sualın cavabını layihənin rəhbəri Araz Qədimzadənin dilindən eşidək: "Altaydan gətirilərək təsərrüfatı yaradılan maralların tam sümükləşməmiş buynuzlarından-pantlardan pant vannaları, maskalar hazırlanır. Burada həmçinin sidr ağacından hazırlanan fitoçəlləklərdə buxar prosedurları həyata keçirilir. Ötən ilin mayından rəsmi fəaliyyətinə start verilən müəssisədə aparılan müalicə və göstərilən xidmət sağlamlığının qeydinə qalan insanların böyük marağına səbəb olub".

Araz Qədimzadənin sözlərinə görə, Altaydan gətirilən marallar ilk aylarda uyğunlaşma ilə bağlı müəyyən problemlərlə üzləşiblər. Lakin adaptasiya dövrünü keçəndən sonra bu marallar Altıağac vadisində özlərini rahat və təhlükəsiz hiss edirlər.

İnfotur iştirakçıları "Altay maralı" Sanatoriya tipli Sağlamlıq Mərkəzində çalışan həkim və mütəxəssislərin müşayiəti ilə bu unikal müəssisədə yaradılan şəraitlə yaxından tanış olmaq imkanı əldə etdilər, onların prosesini izlədilər, ortaya çıxan suallara cavab ala bildilər.

 

"Cənnət bağı"nda

faydalı müzakirələr və şaman şou

 

"Cənnət bağı"nda qısa istirahətdən sonra infotur iştirakçıları, turizm sahəsində çalışan mütəxəssislər hotelin konfrans zalında bir araya gəldilər. "Altay maralı" Sanatoriya tipli Sağlamlıq Müəssisənin təqdimatına həsr olunan tədbirdə son günlər qardaş Türkiyənin İstanbul şəhərində törədilən terrorda həyatlarını itirən insanların xatirəsi anıldı.

Sonra infoturun təşkilatçısı Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev çıxış edərək ölkəmizdə turizmin inkişafı ilə bağlı görülən işlərdən danışdı, son vaxtlar dövlət səviyyəsində həyata keçirilən tədbirləri müsbət qiymətləndirdi.

Ruslan Quliyev bildirdi ki, turizmin inkişafı üçün qəbul edilən dövlət proqramları, hazırlanan qanunlar ölkədə bu sahəyə göstərilən diqqət və qayğının göstəricisidir. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə turizmə bağlı Azərbaycanda müxtəlif beynəlxalq festival və sərgilərin təşkil olunduğunu diqqətə çatdıran çıxışçı atılan addımların müsbət nəticə verdiyini bildirdi.

"Altay maralı" Sanatoriya tipli Sağlamlıq Mərkəzinin fəaliyyəti barədə danışan layihə rəhbəri Araz Qədirzadə ölkədə adamlarına yaradılan şəraitdən razılığını ifadə etdi. Layihə rəhbəri qeyd etdi ki, "Cənnət bağı" Şirkətlər Qrupu ölkədə turizm sektoruna ilk yatırım qoyan özəl şirkətlərdən biridir. 1994-cü ildən bu sahəyə diqqət ayıran Şirkətlər Qrupu yeni layihələr üzərində çalışır, bundan sonra da Azərbaycanda turizmin inkişafına töhfə vermək istəyir. Araz Qədirzadə tədbirə dəstək verən Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, turizmin inkişafını daim diqqətdə saxlayan mətbuat nümayəndələrinə minnətdarlıq etdi.

Xızı Rayon Mədəniyyət və Turizm İdarəsinin müdiri Möhsün Bağırov rayonun turizm potensialı, son illər bu sahədə həyata keçirilən işlər barədə toplantı iştirakçılarına məlumat verdi, belə infoturların səmərəsinə inandığını ifadə etdi.

Azərbaycan Turizm Assosiasiyasının təmsilçisi Müzəffər Ağakərimov, Turizm Peşəkarları Təşkilatı - Skal Bakı qurumunun vitse-prezidenti Ceyhun Aşurov ölkədəki turizm potensialından düzgün istifadə etmək, bu sahənin inkişafına nail olmaq üçün beynəlxalq təcrübədən yararlanmağın vacibliyini diqqətə çatdırdılar. Turizm sahəsində çalışan özəl şirkətlərin nümayəndələri təcrübələrini bir-biriləri ilə bölüşdülər, təkliflərini səsləndirdilər.

"Altay maralı" Sanatoriya tipli Sağlamlıq Mərkəzinin həkim-konsultantı, tibb üzrə fəlsəfə doktoru Zahir Kərimov Altay marallarının buynuzundan hazırlanan pant vannalarının insan orqanizminə göstərdiyi müsbət təsirlər barədə təqdimat etdi.

Sağlamlıq Mərkəzinin rəhbərliyi infoturda iştirak edən jurnalistlərin dincəlməsi üçün gözəl şərait yaratmışdı. Mətbuat nümayəndələri iki gün ərzində "Cənnət bağı" otelinin təqdim etdiyi milliAvropa mətbəxinin nümunələrinə qonaq oldular, burada salınan zooparkın ərazisini gəzdilər. Gecə aşıq səma altında qədim insan məskənlərindən sayılan Altayın mistik ovqatını yaradan şaman şousuna tamaşa etməklə unudulmaz anlar yaşadılar.

 

Etibar Cəbrayıloğlu

Ədalət.- 2016.- 2 iyul.- S.9.