İŞIĞA GEDƏN YOL

 

Haqdan yanan işığa açılan qapı...

 

 

Azərbaycan mətbuat tarixinin özülü olan və həm də bu mətbuatı öz çiyinlərinə qaldıran Həsən bəy Zərdabinin bütün həyatını bir tarixi romanda əks etdirmək və bununla da həm ədəbiyyatçı, həm ictimai-siyasi xadim, həm vətəndaş, həm də bir ailə başçısı kimi xalqın sevimlisini yenidən ona təqdim etmək olduqca çətin və məsuliyyətli bir işdir. Mənim inancıma görə, elə şəxslər var ki, onlara gərək toxunmayasan, onlar haqqında xalqın bildiyini və xalqın onu müqəddəsləşdirdiyini qəbul edib, sadəcə bu ehtiramı, bu mərhələni qorumaq, gələcək nəslə ötürmək daha gözəldir.

Amma burda bir məqam var, o məqam da həmin o müqəddəsi durduğu mərtəbədən daha yüksəyə qaldırmaq, onun özünü, dünyasını bütün çalarlarıyla, özü də bəlli olmayan tərəflərini ifadə etmək, təbliğ və təlqin etmək bacaran üçün, yükün altına çiyin verən üçün alqışa layiq bir addımdı. Bunu qiymətləndirməmək ən azından insafsızlıq olar. Bax, bu mənada Sona Vəliyevanın "İşığa gedən yol" tarixi romanı mənim inancımı həqiqətən alt-üst etdi. Yəni mən gördüm, duydum, öyrəndim ki, şəxsən bir oxucu, bir vətəndaş olaraq Həsən bəy Zərdabi haqqında bilmədiyim kifayət qədər məqamlar varmış. Həmin məqamları bu tarixi romanın müəllifi sadə, amma dəqiq faktlarla zamanının ictimai-siyasi mühitini bütün ştrixləri ilə ifadə etməklə mənə və bütün oxuculara çatdırıbdı. Deməli, romanın ikinci hissəsi əslində Həsən bəy Zərdabinin bir fərd, bir vətəndaş kimi deyil, həm də bir ailə, millət fədaisi olmasını qabardıb. Əgər xatırlayırsınızsa, mən yazımın birinci hissəsində, yəni romanın birinci bölümü ilə bağlı fikirlərimi ifadə edəndə vurğulamışdım ki, həmin zaman kəsiyi Həsən bəyin uşaqlığı, yeniyetməliyi, gəncliyi və ictimai mühitə atılması ilə bağlıdır. Amma romanın ikinci hissəsində artıq söhbət kifayət qədər oturuşmuş, hadisələrə qiymət verməyi bacaran, siyasi proseslərə təsir etmək gücündə olan bir ictimai-siyasi xadimdən söhbət gedir. Bu hissədə artıq Həsən bəy Zərdabi məmurluqdan ictimai xadimliyə, siyasi fiqura, eləcə də tanınmış ədibə doğru yol gedir. Bu yolda o artıq əvvəlki təkliyindən öz ətrafına cəm etdiyi həmfikirləri ilə, tələbələriylə, onu qəbul edənlərlə birlikdə qədəm qoyur. Bunun da bir səbəbi var, o da Həsən bəy Zərdabinin həm şəxsiyyət kimi bütövlüyü, həm cəsarətli olması, həm də təhsili. Bax, bu üç arqument Həsən bəy Zərdabini hamıdan fərqləndirib göz önünə gətirib. Artıq maddiyyat yox, mənəviyyat təsir gücünə malik olub. Varı, dövləti, malı-mülkü olan bəylər indi onunla görüşmək, onunla söhbət etmək üçün məqam axtarırlar, bunu özləri üçün şərəf sayırlar. Ona görə ki, Həsən bəyin nəsil-nəcabəti, ətrafı və tutduğu yol onları buna məcbur edir.

 

 

 

Təbii ki, romanın müəllifi əsərin ikinci hissəsində Həsən bəyin necə böyük fiziki gücə, dərin zəkaya malik olduğunu göstərmək üçün onun təkcə özünü yox, həm də onun yanında olanların dilindən, hərəkətindən, ifadə etdiyi fikirlərdən istifadə etmək üsulu ilə Həsən bəyi bir az da önə çəkir, bir az da qabardır. Məsələn, dövrün aydınları, ziyalıları, ölkənin hansı bölgəsində yaşamasından asılı olmayaraq Həsən bəylə münasibət qurmağa çalışır, onunla tanışlığı, dostluğu şərəf sayır, onunla məsləhətləşir. Bax, belə bir məqamda sıravi vətəndaşlar da Həsən bəyə ümid yeri kimi yanaşırlar, ondan məsləhət alırlar, ondan kömək umurlar. Yazıçının məharəti də burda ortaya çıxır. O, ictimai zümrənin bütün fiqurlarını diqqət mərkəzində saxlayır, amma bu diqqətin mərkəzində təbii ki, Həsən bəy dayanır. Və məhz bu mərkəz, yəni Həsən bəy Zərdabi bir ictimai-siyasi fəal, bir ədib kimi deyil, həm də bir ata kimi, bir müəllim kimi də hər kəs tərəfindən bir örnək kimi qəbul olunur. Çünki onun ailəsi vahiddir, bütövdür, onun ailəsi bir yumruqdur. Eyni cür düşünür, eyni cür münasibət bildirir, bu eyniliyin alt qatında isə, yəni ailənin, evin içində isə onlar müzakirə etmək, fikir bölüşmək, ortaq məxrəc tapmaq qabiliyyətlərini elə sərgiləyirlər ki, sonda nəticə etibarilə fikir yekdilliyi alınır.

Bəli, "İşığa gedən yol" romanının ikinci hissəsində artıq Həsən bəy Zərdabi bir qəzetçi kimi, "Əkinçi"nin yaradıcısı kimi təqdim olunur. Onun bu yolda nələrdən keçdiyi oxucuya təqdim edilir. Və o da göstərilir ki, məqsəd, məram naminə Həsən bəy dincliyindən imtina edir, dayanmır, durmur. Müxtəlif variantlar, müxtəlif vasitələr axtarır, əlaqələri, münasibətləri elə cilalayır ki, məqsəd çin olsun. Mən bu romanda xalqımızın çox böyük qayğıkeşlərindən biri olan Hacı Zeynalabdin Tağıyevin bir şəxsiyyət kimi, bir millət fədaisi kimi göstərdiyi fəaliyyətin bir neçə sahəsi ilə tanış olmaq imkanı qazandım. Xüsusilə də onun Həsən bəy Zərdabiyə, eləcə də dövrün ziyalılarına hamilik etməsi, dəstək verməsi, bunu da içdən, məqsədli şəkildə inancla etməsini çox böyük heyrət hissiylə izlədim. Və inanın ki, müəyyən məqamlarda bu cür insanların varlığına görə Tanrıma şükürlər etdim. "İşığa gedən yol" romanının ikinci hissəsində müəllif Həsən bəy Zərdabinin ailə həyatını, onun çiyindaşı, ömür-gün yoldaşı Hənifə xanımın düşüncələrini, duyğularını, bütövlükdə varlığını izləmək olduqca maraqlı idi. Azərbaycan qadınının ən mükəmməl simalarından biri olan Hənifə xanımın bir qadın, bir ev xanımı, bir ana, bir müəllimə, bir ziyalı, nəhayət, bir ömür-gün yoldaşı kimi tutduğu mövqe, özündə təlqin etdiyi hisslər o qədər səmimireal detallarla oxucuya çatdırılır ki, o, bir növ həm rəssamlıq məharətini, həm insan psixologiyasını dərindən bilmək qabiliyyətini üzə çıxarır. Aydın olur ki, müəllif bu obrazın üzərində çox məsuliyyətlə, həm də sevə-sevə işləyib. Onu oxucuya təkrar sevdirmək üçün elə ştrixləri qabardıb ki, bundan yan keçmək, bunu görməmək mümkün deyil. Məsələn, kirayənişin yaşadığı evdə ailəni idarə etmək və yaxud ömür-gün yoldaşının təkcə qayğısına qalmaq yox, həm də onun daşıdığı yükə çiyin vermək və digər məqamlar söylədiklərimə nümunə ola bilər.

Böyük maraqla oxunan "İşığa gedən yol" romanında Həsən bəy Zərdabi qəzetçilikdən artıq siyasi xadimliyə doğru da addım atır və müəllif bunu ölkəni idarə edən məmurlarla, qubernatorla, canişinlə və digərlərilə olan görüşlərində ustalıqla qabardır. Təsəvvür edin ki, qubernator Bakıdan Zərdaba Həsən bəyin görüşünə durub gəlir və israr edir ki, o, Bakıya qayıtsın. Bu Həsən bəyin real həyadakı nüfuzu olsa da bu reallığı ustalıqla təqdim edən də yazıçıdır. Oxucu Həsən bəylə qubernatorun dialoqunda heç bir süniliyə rast gəlmir. Sanki bütün hadisələr hamımızın gözü qarşısında baş verir. Ona görə də bu təqdimat forması bizi inandırır. Üstəlik Həsən bəyin siyasi hadisələrə təsiri, Dumayla bağlı çıxışları, ən vacibi isə zamanında ermənilərin tutduğu mövqeyə kəskin münasibəti onun necə böyük uzaqgörənliyə malik olduğunu təcəssüm etdirir. Aydınca görünür ki, necə deyərlər, gəmidə oturub gəmiçiylə altdan-altdan düşmənçilik edən ermənilər xalqımızın aydınlarına qarşı zaman-zaman məkrli mövqe tutublar. Və öz məkrlərini daha da şaxələndirmək, daha da inandırıcı etmək üçün bəzən bizim savadsızlığımızdan, səmimiyyətimizdən gen-bol istifadə ediblər.

Bu romanda Həsən bəy Zərdabinin bölgə ziyalıları ilə əlaqələri, onları bir ideya ətrafında birləşdirmək yolunda apardığı fəaliyyət, həmçinin "Əkinçi"dən sonra "Kaspi", "Həyat" qəzetlərinin nəşri üçün göstərdiyi çabalar, bu işdə Zeynalabdin Tağıyevin böyük qətiyyəti, həmçinin Həsən bəylə yanaşı onun kürəkəni, həm də məsləkdaşı Əlimərdan bəy Topçubaşovun bütün fəaliyyəti ən kiçik detallarına qədər oxucu diqqətinə çatdırılır.

Romanı oxuduqca kürəkən-qayınata münasibətlərinin fonunda tələbə-müəllim, əqidədaş münasibətləri daha çox önə çıxır. Burada ailədən gələn və milli varlığa söykənən ailə münasibətləri, qayınana-gəlin, qayınana-kürəkən istiqamətləri də çox köklü və səmimi bir şəkildə qələmə alınıbdır. İstər Mənzər xanımla Hənifə xanımın, istər Hənifə xanımla Əlimərdan bəyin münasibətlərində hörmət, ehtiram, səmimiyyət əsas ştrixdir. Xüsusi ilə Həsən bəyin yuxuları formatı çox uğurludu. Və birbütün roman boyu ən çox qabardılan məsələ təhsildir, səhiyyədir. Böyüyən nəslin elm, savad sahibi olması, dünyaya inteqrasiya etməsidir. Buna görə də istər Zərdab, istərTiflis, istər Bakı mühitləri bir-birindən müəyyən qədər fərqlənsə də, əsərin qəhrəmanının və onun əqidədaşlarının məsələyə münasibətdə həmfikirlilikləri dəyişmir. Onlar həmin məqamda təhsilin, səhiyyənin, siyasi azadlığı, özünüdərki unutmurlar, əksinə, bunun daha geniş müstəvidə şaxələnməsinə çalışırlar.

Bəli, mən böyük maraqla oxuyub başa çatdığım "İşığa gedən yol" romanının ikinci hissəsində Həsən bəy Zərdabini millətin şəhidi, fədaisi obrazında gördüm. O, sağlamlığını, maddi imkanlarını məhz millətə fəda etdi. Onu görə də bu millətin ən böyük Şəhidi oldu!

Bu gün oxucu dünyasına daxil olan "İşığa gedən yol" romanı mənim düşüncəmə görə mətbuatın, mənəviyyatın milli kimliyi, böyük fədaisi, böyük şəhidi Həsən bəy Zərdabiyə çox dəyərli bir abidədir. Yəqin ki, ədəbiyyatşünaslar, eləcə də Həsən bəy Zərdabinin həyat-fəaliyyətini araşdıranlar bu tarixi romandan yararlanacaq, ona öz münasibətlərini bildirəcəklər. Mən isə bir oxucu olaraq sanballı, kifayət qədər tarixi materiallarla zəngin olan tarixi romanın müəllifinə yeni yaradıcılıq uğurları arzu edirəm.

 

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.- 2016.- 2 iyul.- S.8.