"Baş" özünəməxsus roman tipi kimi

 

 

Bütün bunlar göstərir ki, Elçinin müasir dövr nəsri, xüsusən “Baş” romanı indiyədək mövcud olan bədii model, forma və konstruksiyaları transformasiya edərək yeni bədii paradiqmaların köməyi ilə dəyişdirməyə meyllidir. Bizə belə gəlir ki, Elçin yaradıclığında bu cəhət modernizmlə yeni realizmin ( yəni postrealizmin) formalaşmasını, hər iki istiqamətlərin sintezini bir araya gətirmək və təsvir etdiyi gerçəkliyin bədii cəhətdən mənimsənilməsini ənənəvi realizimlə birləşdirməklə modernizmə xas olan dünyanın subyektiv görüntüsünə təkan vermə  üstünlük təşkil edir.

 

Məlum olduğu kimi, müasir dövrdə yazıçılar mövzu və obrazların yeni təqdimat üsullarının intensiv axtarışındadırlar. Bu axtarışlar həm də ədəbi tənqid və ədəbiyyatünaslıqda realizimin yeni təyinlərini ortaya çıxarır. Tədqiqatçılar və estetlər ədəbi dövriyyəyə yeni terminoloji əlamətlərin çıxdığını söyləməklə “transmetarealizm”, “hiperrealizm”, “postmodernist realizm”, “ yeni realizm” və s. yanaşı, hətta “mistik realizm”, “simvolik realizm”, “romantik realizm”, “metafizik realizim” və s. kimi realist ədəbiyyatda üslub novasiyaları ( yenilikləri) təqdim edirlər.”Baş” romanının mətnində fərqli şriftlə verilmişlər  həm də mistik realizm kimi nəzərdən keçirilə bilər. “Baş” – müasir Azərbaycan romanı olmaqla yanaşı, həm də müəyyən mənada nəsrimizin dönüş nöqtəsi hesab olunmalıdır. Bu  romanın ortaya gəlməsi ilə ədəbiyyatımızda tam mənada bədii mətn fenomeninin özündə radikal dəyişikliklərə aparan böyük proses başlayır. Bu proses Böyük Sistemin öz təbiətində hər həlqədə “Müəllif-Mətn-Oxucu” ( eyni zamanda Tədqiqatçı) tiradasında dəyişikliyə gətirəcək məqamları özünü əks etdirməkdədir.

 

Əsərin unikallığı, hər şeydən öncə, onun məzmununda və kompozisiyasında daha yaxşı müşahidə olunmaqdadır. Romanda əslində Qafqaz canişini Pavel Sisianovun qətli ( daha doğrusu, Başı) ilə bağlı hadisələr  çevrələnilsə də, əsər daxilinə müəllifin sığışdırdığı böyük və faciəvi tarixi dövrdə - Azərbaycan, xalq, tarix, həyat, türklər və s. bağlı sığışdırdığı tarix daha monumental görünməkdədir. Elçin əsəri elə qurmuşdur ki, Başın “epopeyası” zaman daxilində və ondan kənarda (Sisianovun özü tərəfindən həm görünməkdə, həm də görünməməkdədir) ortaya qoyulmaqdadır. Əsərin arxitektorinikasının digər maraq doğuran məqamı, fikrimizcə, real tarixiliyin, modernist antitarixiliklə dəyişdirilməsidir. Romanda müəllif indiyə qədər həmin tarixi dövrə yanaşma xətlərindən əl çəkib, ənənələrdən imtina edib öz yanaşmasını sərgiləyir. Ənənəvi təsvir əvəzinə müəllif tanınmış tarixi nüfuzlu simalara üz çevirməklə, onların bəzilərindən iqtibaslar gətirir, bəziləri ilə mübahisə edir, gözlənilməz analogiyalar aparır, eyni zamanda nəzərdə tutulmayan, eyndən keçməyən assosiasiyalar kaleydoskopu yaradır ki, belə gəzişmələri yalnız nəhəng modernist mənzərə, yaxud mozaika və şəbəkə ilə müqayisə etmək olar ki, burada hər bir hissə, hər bir rəng kiçik hissəciklərdən ibarət klassik həll kimi də nəzərdə tutula bilir ki, bütün bunlar bədii xülyaya müvafiq olaraq müəllif təfəkküründə bir yerə yığılıb sistemləşdirilmişdir.

 

Şüurun fasiləsiz axını getdiyi müstəvidə Elçin qavrayışında ətraf aləmin dərki XIX əsrin lap əvvəllərinin sonrakı dövrün həlqələri ilə sıx əlaqədə olduğunu göstərir. Lakin bu əlaqələrdə real tarixi faktların, həyatın realist təsviri Elçində assosiativ məqam kimi görməklə sonuclanır. Romanda Onun (başın) gözlənilməz keçmiş “xatirələrə” dalması, tamamilə yersiz assosiasiya olsa da, yazıçı onları əsərin strukturunda uğurla yerləşdirmişdir. Elçinə görə bu dünyada gedən proseslər, baş verən hadisələr,  bir-birilə qarşılıqlı əlaqədədir. Elə buna görə də romanda baş verənlər möcüzəli dərəcədə bir-biri ilə əlaqədədir: xülya və reallıq, müəllif fantaziyası və roman infrastrukturunda ustalıqla quraşdırılıb montaj edilmiş bütünvarsa, qeyri-ədəbi personajların əlaqələri sıxdır, lokaldır. Romandakı assosiativ qavrayışlar gözlənilmədən nəinki xatirələrə, həm də müxtəlif xalqların-azərbaycanlıların, gürcülərin, rusların, farsların tarixi keçmişi ilə birgə dünyəvi problemlər, dünya və həyat üzərində düşüncələr, fəlsəfi və mənəvi məsələlər, ən müxtəlif insan instinktlərinin xüsusiyyətləri üzərinə keçirilir. Əsərin belə yeni forması, yazıçının dünyanı belə qeyri-adi üsulla modelləşdirməsini, Umberto Ekonun tədbirincə desək, elə bir labirintlə müqayisə etmək olar ki, orada müxtəlif istiqamətlərdə hərəkət etməklə, əsərin daxilində saysız-hesabsız cərgələr seçmək imkanı əldə edilə bilər. Bu keyfiyyətinə görə “Baş” romanını ədəbiyyatımızda yeni nəsr nümunəsi, yeni bədii qəlib və qanunların kəşfi və tapıntısı hesab etmək olar ki, bu səmtdə də ədəbiyyatımız bundan sonra irəliləyişlər etməyə borcludur. Elə bunun özüyeni realizmi ifadə  etmək üçün “postrealizm”ə  üztutma, köklənmədir. Eyni zamanda bu da qeyd olunmalıdır ki, bu termin əsasən postmodernizm mərhələsində realizmin mövcudluğunu inikas etdirməklə, həm də dünyanın realist görüntüsünün xüsusiyyətlərini verməyə can atan bir yazı tərzidir. Çünki dünyanın özü daim dəyişkənliyə məruz qaldığı kimi, həmin dəyişkənliyə bədii baxışların özünün də məruz qalması qaçılmaz olurbu da qanunauyğun bədii-estetik münasibət kimi ədəbi əsərlərdə özünə yer tutmalıdır.

 

Postrealizm estetikasına və strategiyasına müraciət Elçinin son illərdə qələmə aldığı əsərlərində özünü daha çox büruzə verməkdədir. Bu tipli əsərləri ilə Elçin sanki klassik realizmlə müasir yazı-roman texnikası arasında dialoq – mükalimə münasibətləri qurmağa çalışır. Bununla belə Elçin bəzi postmodernist yazıçılar kimi sosial-psixoloji-ictimai problemlərdən üz döndərib diqqətini bugünkü həyatın ekzistensial interpretasiyası üzərində qurmur. “ Baş” romanında  müəllifin 200 ildən bəri rus fitvası, diqtəsi və göstərişi ilə ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi, Azərbaycan xanlıqlarının (ilk növbədə Bakı xanlığının, digər xanlıqlar da istisna olunmamaq şərti ilə) işğalına, bu işğalın sonrakı dövrlərdə  günümüzə qədər müharibə ocağı kimi közərən faciələrinə özünəməxsus bir üslubeyhamla münasibət sərgiləməsi özəldir. Elçin bu romanda dünyanın dərkin (bizim təqdirdə Azərbaycanın işğalının) Azərbaycana uzanan xain əllərin nəticədə ona vurduğu ziyanı, ortaya gətirdiyi fəlakəti göstərməyi qarşısına məqsəd qoymuşdur. Bu yöndə Elçinin, heç şübhəsiz ki, özünəməxsus maraqlı bədii-estetik axtarışlarla məşğul olduğunu, bu əsəri ilə müasir ədəbiyatımızın inkişafını və onun transformasiya modelini mükkəmməl fərdi bədii forma ilə əldə etdiyini söyləyə bilərik. Digər realist məzmunlu əsərlərində olduğu  estetik baxışları ilə yanaşı, Elçin öz yaradıcılığını nəinki realist, postrealist,  həm də modernistpostmodernist məzmunlu əsərləri ilə zənginləşdirməyə səy göstərir. “ Baş” romanında Elçin manerasını xarakterizə edən cəhət təsvir edilən dövrdəki “həyat həqiqətləri”ni, “özünəməxsus sənədliliyi” saxlamaqla yanaşı, realist yazı dəst - xətti, üslub səciyyəviliyini qorumaqla bu roman fərqli və danılmaz keyfiyyətləri özündə əks etdirməkdədir...  Bizə belə gəlir ki, oxucuların ixtiyarına yenicə verilmiş ElçininBaş” romanı baş, yüksək nəsr nümunəsi kimi çağdaş Azərbaycan nəsrinin nəbzini tutub kompas rolu oynaya biləcək bir örnək kimi ədəbi tənqidin prioriet problemləri sırasında uzun müddət təhlil və müzakirə predmetiobyekti kimi  diqqət mərkəzinə çəkiləcək, önun fərqli, özəl məqamları ilə fikirlər səsləndiriləcəkdir.

 

Nizami Tağısoy

Ədalət.- 2016.- 2 iyul.- S.11.