CƏNAB NAZİR
Sizə təbrik
yazmağı ürəyim istədi
Adətən şənbə günləri
üçün yazdığım yazıları zaman-zaman
içimdə gəzdirib sonra ürəyimin
pıçıltısı kimi bilgisayara diktə edirəm. Və həmin
o yazıları sonradan oxuyanda da nəyisə unutduğuma, nəyinsə
yanından keçdiyimə görə çox da narahat
olmuram. Bilirəm ki, bu yazılar
günün, ayın istənilən vaxtında yenidən bir də
qapımı döyəcək, yenidən bir də hansısa
formada mənimlə üz-üzə gələcək. Mən də onda həmin unutduğum, yanından
keçdiyim məqamın ətəyindən tutub o
yazını indi də başqa bir ampulada araya-ərsəyə
gətirəcəm. Amma...
Bilmirəm təsadüfdür, yoxsa zərurət, bu həftənin
şənbə yazısı çox ciddi bir günə təsadüf
edir. Elə bir günə ki, onu təqvimdə də
qırmızı rəngə boyayıblar, elə həyatımızın
özündə də bir ciddilik kimi özünü bizə
xatırladır. Ən azından ona
görə ki, biz hər gün onlarla bir yerdəyik, bizim
dincliyimiz, rahatlığımız, əmin-amanlığımız
evimizdə qayğısız yatıb, küçələrdə
qayğısız, təhlükəsiz
dolaşmağımız hamısı onların xidmətidir.
Lap konkret ifadə etsəm, bizim
yaşamımız üçün qanunların
ölçüb-biçdiyi bütün çərçivələri,
bütün müstəviləri nəzarətdə saxlayan,
burada hər şeyin yerli-yerində olmasına göz qoyan məhz
onlardır. Və biz hər birimiz də ən kritik məqamda
əlimizi telefona atıb köməyə onları
çağırırıq! Bu gün isə...
Azərbaycan
müstəqillik əldə etdikdən sonra bütün
dövlət qurumarı kimi daxili işlər orqanları da
yeni müstəvidə, müstəqil dövlətin
qanunlarının verdiyi, yaratdığı şəraitin
içərisində təşəkkül tapmağa və
bir az da təkmilləşməyə
başladı. Sovet dönəminin bir çox
inzibati xidmət elementləri bu qurumdan ələnib
götürüldü. Necə deyərlər,
müstəqil Azərbaycanın digər dövlət
qurumları kimi, Daxili İşlər Nazirliyi də onun
"boyuna biçildi". Bu, həm həyatın
tələbi idi, həm də müstəqil dövlətin
özünün mövcudluq, fəaliyyət, yaşam prinsiplərinin
bir bölümü, bir xətti idi. Deməli,
həyat elə gətirdi ki, digər qurumlardan daha çox məhz
bu qurum döyüşə-döyüşə səngərdə,
küçədə, meydanda yeniləşməyə, yenidən
qurulmağa başladı. Çünki bu
qurum artıq Dağlıq Qarabağ hadisələrinin fonunda
həm də əsgərə çevrilmişdi. Onun üçün asayişin qorunması ilə
yanaşı, kəndlərin, evlərin, torpağın
qorunması da bir tələb kimi, bir zərurət kimi, bir vətəndaş
vəzifəsi kimi gündəmə gəlmişdi.
Əgər bir anlıq 90-cı ilin əvvəlinə
qayıtsaq, xüsusilə 1988-ci il fevral
ayından hadisələrin alt qatına işıq salsaq, onda
görərik ki, o vaxtkı milis, bugünkü polis bir əlində
avtomat, bir əlində ərizə-şikayətlər
növbə çəkirdi. Gecələr səngərdə,
kəndlərin giriş-çıxışında,
gündüzlər isə iş otaqlarında, hadisə yerlərində.
Mən bu kiçik cümlədə elə
bilirəm ki, təsəvvür yarada bildim. Hər kəs, xüsusilə gənc nəsil 1988-ci
ilin fevralından başlayan o prossesləri gözünün
önünə gətirdi. Amma mən burda
bir məqama da toxunmaq istəyirəm. Bəzilərindən
fərqli olaraq həmin hadisələrin canlı şahidlərinin
biri mənim özüməm. Həm Dağlıq
Qarabağda, həm onun ətraf rayonlarında bu prosesi anbaan,
necə deyərlər, nöqtə-vergülünə qədər
izləmişəm, görmüşəm. Elə
ona görə də mən bir vətəndaş olaraq
bugünkü Azərbaycan polisinin 1988-ci ilin fevralından 2
iyul 2016-cı ilə qədər olan dövrü bir era hesab
edirəm, bir zaman kəsiyi kimi təsəvvürümdə
formalaşdırmışam. Bu zaman kəsiyinin içərisində
tanıdığım, gördüyüm, dost, qohum
olduğum kifayət qədər polis əməkdaşları
var ki, onlar mənim gözümdə, mənim ürəyimdə
hər gün pillə-pillə böyüyüblər, ucalıblar
və... Həmin o ağır döyüşlərdə,
müharibənin "daş dövründə" onlar hər
gün nişangah olublar... onlar hər gün
ölüb-diriliblər. Onların
sırasından hər gün kimsə şəhid olubdu.
Və mən də bu şəhidlər
üçün, bu əlil olanlar üçün göynəyən,
ağlayan insanlardan biri olmuşam. Çünki mən
onları özüm qədər tanımışam...
çünki mən onlara özüm qədər güvənmişəm...
çünki mən onlara özüm qədər inanıb
sadə şəkildə desəm, hətta həyatımı
etibar etmişəm...
İndinin özündə, lap elə bu dəqiqə, bu
an mən həmin zaman kəsiyini yaddaşımdan,
gözümün önündən keçirəndə
hamısı bir-bir gəlib dururlar mənlə üzbəüz. Sifətlər tanış, baxışlar doğma, təbəssüm
mehriban, sıxılmış yumruq qətiyyətli, söz kəsərli
və sərt. Bu adamlar elə bil ki, əyindəki
o mundiri geyinmək üçün, çiyinlərindəki
yükü daşımaq üçün dünyaya gəlimişdilər.
Elə ona görə də onlar ölkənin
müxtəlif güşələrindən Dağlıq
Qarabağa və ətraf rayonlara ezamiyyətə gələndə
də tərəddüd etmirdilər. Nə
üçün göndərildiklərini, niyə gəldiklərini
suala çevirmirdilər. Gəlib onlar kimi
düşünən, onlar kimi vəzifə daşıyan həmkarıyla
bir səngərdə duranda hər şey elə o səngərin
içindəki auarının tələbləriylə,
biçimiylə eyniləşridi, daha "gəlmə" və
"yerli" milis- polis söhbəti qalmırdı
ortalıqda. Çünki onlar hamısı həmin andan həm
əsgər olurdular, həm də milis-polis!
Bəli, xatırlatdığım bu zaman kəsiyinin
içərisində yaşayan və hələ də
yaşamaq haqqının Allahın verdiyi qədər olacaq
xeyli sayda polis əməkdaşının adını birnəfəsə
diktə edə bilərəm. Onların içərisində
sıravi də var, zabit də, hətta şöbə rəisi
də. Çox da uzağa getmirəm.
Eləcə polkovnik Binnət Məmmədov - Füzulidə...
Rəhmətlik Rəşid Məmmədov - Cəbrayılda,
Ağdamda... Sahib Həsənov - Xocavəndə Vaqif Məhərrəmov
- Cəbrayılda... Sadir Məmmədov - Xankəndidə...
Sabir Məmmədov - Xocalıda... Laçında Akif Səlimovu...
Səədin Səfərov - Zəngilan... Faiq Kərimov -
Qubadlı... Hüseyin Qarayev - Xocavənd... Mən bu
adamların iş otaqlarının az qala
bir qərargah olduğunu, bir müvəqqəti gözün
acısını çıxarmaq üçün yuva
olduğunu dəfələrlə müşahidə etmişəm.
Bu rəislərin öz əməkdaşları ilə bir
yerdə necə silaha sarıldıqlarını da
görmüşəm... necə müharibənin verdiyi fasilədə
ailə quran həmkarlarının toyunda qol
qaldırdıqlarını da... şəhid həmkarları
üçün göz yaşları tökdüklərini də...
Və eyni zamanda dediyim bu zaman kəsiyinin
içərisində fəaliyyət yolu Qarabağdan
Şirvana, Naxçıvana, yenidən hadisələrin cərəyan
etdiyi ən qaynar nöqtəyə gəlib çıxan bir
polis zabitinin daxili işlər naziri olmasını da
yaddaşıma yazmışam. Mən Xankəndidə
pasport rejiminin yoxlanmasını və bu tədbir çərçivəsində
qəbul olunan qətiyyətli qərarların da həm
iştirakçısı, həm şahidiyəm... Mən daxili qoşunların səngər, kazarma həyatını
da izləmişəm. Onlarla birlikdə
çörək də kəsib mərasimlərində
iştirak etmişəm. Laçın
polkunun səngəri tərk etməyən və şəhidlik
zirvəsinə yüksələn polis nəfərlərini bu
gün də unuda bilmirəm. Ağdam polkunun komandiri Məmməd
Hacıyevi yaddaşıma ən doğma adam
kimi yazmışam... General Ramiz Xosrov oğlu Məmmədovu
Qarabağda, xüsusilə Füzulidə necə təşkilatçı
kimi, rəhbər kimi, öz tabeçiliyində olanlara
valideyn kimi yanaşmasının müşahidəçisiyəm.
Və yaxud "Qara Polkovnik"in, yəni Fətulla
Hüseynovun döyüş bölgəsindəki xidmətləri
şahidi oluğum tarixdi... Ümumiyyətlə,
mən bu müharibədə Milli Qəhrəman adı
qazanmış, eləcə də neçə-neçə fəxri
adlar, mükafatlar sahibi olmuş saysız-hesabsız polis əməkdaşlarını
bu gün fəxrlə, ən doğma adamlarım kimi
xatırlayıram. Onların
çoxları ilə münasibətlərim bu gün də
davam edir. Mən Tuğda şəhid olan polis nəfəri
doğmam Oqtay Hüseynovu... mən Xocalıda şəhid olan
əzizlərimi, eləcə də taleyi barəsində dəqiq
məlumat olmayan Şahin Kamran oğlunu necə unuda bilərəm?..
Bütün bunlar bəlkə də bir ömrə
sığmayan, bir yaddaşda sıxılıb qalan bir həyat
hekayəsidi.
Amma inanın ki, bu bədii hekayə deyil.
Bu, reallıqdı... bu, yaşadıqlarımızdı... Və mən həmin o yaşadıqlarımızdan
çıxış edərək indi, yəni bu bayram
günündə bir məqamı da diqqətə
çatdırmaq istəyirəm. Ona görə də hər
kəsə, xüsusilə bayramını qeyd edənlərə
və Sizə cənab nazir, üz tutarım:
- Müstəqil Azərbaycanın bugünkü real
durumu, onun əmin-amanlığı, onun yaşamaq
üçün rahat olması iki şərtdən
keçir. Onun birincisi bu məmləkətin Azərbaycan
olması və bu məmləkətin memarının
-dünyanın qəbul etdiyi Ümummilli Liderimizin adı ilə
bağlıdı. Məhz Azərbaycan
adlı məmləkətin Ulu Öndəri bu topağın
taleyini müsbət istiqamətdə müəyyənləşdirə
bildi, onun yolunu, səmtini seçdi, onu istiqamətləndirdi.
Və layiqli varisi, bu işin sükanı
arxasında Ulu Öndərə layiq bir səviyyədə
dayandı və bu gün də dayanır. İkincisi, daxili işlər orqanının idarəçiliyi,
rəhbərliyi məhz Sizə tapşırıldı, Sizə
etibar edildi. Siz göstərilən
etimadı bu məmləkətdə doğrultdunuz, onu görmək
üçün dörd gözə ehtiyac yoxdur, hətta biri
də kifayət edər. Təkcə xaos
dövrünü, vətəndaş müharibəsi
dövrünü, keçid dövrünün ilk illərini,
silahlı dəstələrin ləğvini, Azərbaycanda
keçirilən möhtəşəm beynəlxalq tədbirlərin
- istər mahnı, istər idman, istər siyasi tədbirlərin...
Bütün bunları əmin-amanlıq şəraitində
başa vurmaq, təhlükəsizliyi təmin etmək, hər
kəsə özünü evindəki kimi hiss etmək şəraiti
yaratmaq - Sizin xidmətinizdir!
Mən
bir vətəndaş olaraq görürəm, hiss edirəm,
eşidirəm, oxuyuram və bilirəm ki, bugünkü daxili
işlər orqanı Azərbaycan iqtidarının ən
bitkin, ən mükəmməl, ən mütəşəkkil
bir güc qurumudur... bir köklü, təməlli güc
strukturudur. Və bu struktur hər gün
cilalanır, hər gün müasirləşir, hər gün
böyük dünyayla bir müstəvidə durub
yanaşı addımlayır. Hələ
bəzən onlar sizdən öyrənirlər də.
Cənab
Nazir!
Bu bayram günündə həyat yolunu, yəni 1988-ci
ilin fevralından bu günə qədər olan bir zamanı
gözümün önündə canlandırdığım
daxili işlər orqanlarının fəaliyyətinə dair
içimdən keçənləri dilə gətirməyi
bir vətəndaş kimi özümə borc bildim. Və böyük sevgiylə,
güvənclə Sizə və rəhbərlik etdiyiniz
dövlət qurumunun bütün əməkdaşlarına,
Peşə bayramınız mübarək olsun! - deyirəm. Düşünürəm ki, həmin
o zaman kəsiyini milis-polis dostlarımla birlikdə
keçdiyim üçün mənim bu təbriki dilə gətirməyə
azacıq da olsa haqqım var. Elə həmin haqqa və
Böyük Haqqa güvənib bir daha deyirəm:
- Cənab Nazir, bayramınız mübarək!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2016.- 2 iyul.- S.3.