Şərurlu Partizan
Tağı
(hekayə)
1
Kişi evdən çıxanda, ayaqlarının tappıltısı uşaqları yuxudan oyatdı:
- Ata...
- Həəə...
- Bizə çörək gətir.
- Çörək dalıyca
gedirəm də, ay bala!
Uşaqlar daha nəsə
dedi, amma o, ya eşitmədi, ya da özünü
eşitməzliyə vurdu.
Ta axşamacan fikrindəki
"çörək" oldu. Çörək isə müharibə
başlayandan süfrələrdən
yoxa çıxmışdı.
2
Ata beli çiyninə
qoyub, həyətdən
çıxan kimi ana qazançanı götürüb şahtutun
dibinə gəldi. Dəyib, yetişmiş
şehli tut dənələriylə
qabı doldurub, yarısını damın
üstünə sərdi
ki, qurusun, qışa azuqələri
olsun, yarısını
da götürüb apardı evə. İki qardaş yerlərinin içində büzüşüb
oturmuşdular.
- Gənə də tut?! - Üzlərini yana
çevirdilər.
- Allahınıza şükür
eləyin ki, bu da var.
- Biz çörək istəyirik!
- Oldu vermədim, ay sizə qurban olum?!
Oğlanlar lap qızışdı:
- Biz çörək istəyirik.
Bildin?!
Ana da səbir eləyə
bilmədi:
- Mən də istəyirəm!
Uşaqlar çaşmış halda bir-birinə baxdı:
- Bu nə deyir, a!
- Düz demirəm?!
- Biz haçan sənin dədən olsaq, onda çörək verərik sənə.
- Elə bilin ki, dədəmsiniz!
Uşaqların qırışığı açıldı - əl
atıb qazançanı
çəkdilər qabaqlarına:
- Ana, doğrudan bu gün də çörək olmayacaq?!
- Ay bala, atanız getdi, görmədiniz?
- Hər gün gedir da!
- Neyləsin ey, yazıq, o boyda Naxçıvanda çörək
yoxdu, Şərurda hardan olsun!
- Ana, Naxçıvanda yoxdu, amma Şərurda var! - Evin kiçiyi
boynunu irəli uzatdı.
- Şad xəbər olasan, ay bala, hardadı o çörək?!
- Bəs Tağı
babanın anbarları?!
- Onun yiyəsi var, oğul! Tağı babanın olsaydı, indi paylamışdı camaata
ki, ac qalmasınlar!
Uşaqlar bərk marçıltı
salmışdılar. Ana gülümsədi:
- Naz eləyirdiniz, görürsünüz, nə
dadlıdı?!
- Çörək ki, deyil.
- Maşallah, yekə kişisiniz.... - Ana sözünün
dalını demədi.
- Bəlkə oğurluq eləyək?! - Böyük
qardaş qımışdı.
- Başından böyük
qələt eləmə!
- Ana acıqlandı.
3
Biçin qurtarmışdı, anbarlar
da ağzınacan doluydu. Bütün yayı
ayaq üstə keçirən Tağı
kişi rahat nəfəs almağa başlamışdı.
Zarafat deyil, onun rəhbərlik etdiyi Şərur Taxıl Tədarükü
Məntəqəsinə az qala bütün
ölkə - Sovetlər
İttifaqı göz
dikmişdi. Naxçıvan,
qonşu Ermənistan bir yana,
hətta uzaq Uk-rayna və Şimali Qafqazdan alman faşistlərindən
qaçırılan taxılı
belə gətirib Tağı kişiyə tapşırmışdılar. "Partizan Tağı" adıyla məşhur olan bu insanı
nəinki Bakıda, hətta Moskvada belə tanıyırdılar.
Tağı kişi armudu stəkandan bir qurtum alıb,
anbardar Məmmədə
baxdı:
- Eşidirəm, Tağı
dayı.
- Bugünkü çayına
əhsən! Yaman dadlı
çıxıb.
- Səhvin var, Tağı dayı, mənim çayım hər gün dadlı olur. Amma sənin başın işə elə qarışmışdı ki,
nə yediyini bilirdin, nə içdiyini. İndi
isə anbarların dolu, kefin kök,
özün də arxayın...
- Onu düz deyirsən.
- Tağı kişi birdən dikəldi, - Məmməd,
amnbarın meydançasından
o yana bax. - Başı aşağı
gəzən bir cüt oğlanı göstərdi, - nə gəzirlər, görəsən,
orda?
Məmməd də diqqətlə
uşaqlara tərəf
baxmağa başladı:
- Bəlkə yemlik yığırlar?
- Çınqıllıqda nə
yemlik?!
- Bu dəqiqə öyrənərəm.
- Məmməd yerindən
necə qalxdısa uşaqlar görən kimi çəkilib getdilər.
- Qaçdılar!
- Elə tərpəndin,
Allah saxlamış, mən
boyda adam
qorxdum, onda qalmış uşaq ola!
Həqiqətən də qorxulu zaman idi. Beş ədəd sünbüldən
ötrü beş
il dama salırdılar
adamı. Müharibə vaxtı taxıl
anbarına yaxın düşmək isə silah-sursat anbarına girmək kimi təhlükəliydi.
4
- Ay ana, - qardaşlar həyətə girər-girməz
bağırışdı.
Ana tez eşiyə çıxdı:
- Bıy, başıma xeyir, cındır çəkmələriniz nə
əziz olub sizə - qucağınıza
almısınız!
- Tap görək bunların içindəki nədi?
- Ayaqlarınız! - Ana zarafata
saldı.
- Bəlkə başımız?!
- Vallah, ağlıma bir şey gəlmir.
- Buğ-da!
- Buğ-da!
- Nəəə?! - Ana heyrətlə
içini çəkdi.
- Buğdaaa?! Buğda hardandı
sizdə?!
Qardaşlar ağız-ağıza verdi:
- Oğurlamışıq!
Birdən ananın rəngi boğuldu. Güclə dili söz tutdu:
- Nəəə?! Dəli olmamısınız ki?!
- Dəli niyə oluruq?! O boyda taxıl anbarları ağzınacan dolub daşır, biz də ac qalaq, deyirsən burda?!
Bayaq ana əl atıb
oxlovu götürüb
cumdu uşaqlara:
- Çıxın həyətdən!
Uşaqlar yanı üstə dönüb durdular.
- Deməli, Partizan Tağının anbarından
oğurluq eləmisiniz?!
- Başımızın üstündən
çəkil, danışaq.
- Böyük qardaş
çömbəlib çəkmələrini
qoydu ayaqlarının
arasına.
Ana çığırdı:
-Tez elə!
- Anbarın meydançası
var, ey, onun yaxınında yerə tökülən buğda dənlərini tapıb yeyirdik. Birdən Məmməd dayı bizə tərəf gəlməyə başladı
- qaçdıq. Bir azdan
yenə geri qayıtdıq. Bu dəfə
Tağı baba çağırdı bizi:
- Bala, o çınqıllıqda
neyləyirdiniz?
- Taxıl dəni axtarırdıq!
- Tez-tez yerə əyilib götürdüyünüz
dən idi?
- Bəli.
- Tozlu-tozlu yeyirdiniz?!
Uşaqlar gözlərini yerə
dikdi:
- Bir həftədi çörəyimiz yoxdu.
- Ay Məmməd, - Tağı
kişinin qaşlarının
arasına düyün
düşdü, - aç
anbarın qapılarını,
qoy bu uşaqlar
sərində oynasınlar.
Məmməd qaş-qabağını salladı:
- Taxılı dağıdıb
tökəcəklər yerə.
- Gecə siçanlar dağıdıb tökəndə
nə yaxşı narahat olmursan?!
- O günü bəs Əjdəri qoymadın girib içəridə oynaya?
- Əjdər oğlumdu.
- Bəs...
Tağı kişi onun sözünü ağzında qoydu:
- Bunların gözlərinə
baxsana - ağı gedib, sarısı qalıb!
Məmməd ayağa durub, anbara tərəf yeridi.
- Bala, nə yaxşı
çəkmələriniz var. - Tağı kişi
uşaqlara baxdı.
- Tağı baba, altı deşik-deşikdi,
ayağımız yerə
dəyir. - Balaca qardaş dilləndi.
- Eyb etməz. Girin anbara, sərində həm oynayın, həm də qarnınız tutduğu qədər də yeyin. Bir şərtlə.
Uşaqlar gözlərini zillədi
Tağı kişinin
ağzına:
- Nə şərt?
- Amma apardı yoxdu!
5
Anbara girən uşaqlar sıra dağlar kimi yan-yana düzülmüş
taxıl tirələrini
görüb mat qaldılar.
- Gör nə qədər buğda var, ey! - Kiçik
qardaş dedi. - Anam yazıq əlində qab, gəzmədiyi qapı qalmayıb. Gedəndə deyərik, gəlib
Tağı babadan istəyər?
- Tağı baba verə bilməz.
- Bu boyda anbardan bir qazan götürməklə
əskiləcək?!
- Taxılı müharibəyə
göndərir Tağı
baba.
-Müharibəyə niyə?!
- Kiçik qardaş təəccüblə soruşdu.
- Düşmənlə vuruşan
əsgərlərimiz ac qalmasın.
Kiçik qardaş bir az fikirləşəndən
sonra elə bil sevincək oldu:
- Atam da müharibəyə
getsəydi nə yaxşı olardı?!
- Nəyi yaxşı olardı?
- Aldığı çörəkdən
bizə də göndərərdi.
- Sən bilirsən, müharibə nə deməkdi?!
- Nə deməkdi?
- Adamları öldürülən
yer!
- Kim öldürür adamları?
- Düşmənlər.
- Düşmənlər?! - Kiçik
qardaş əlini ağzına apardı.
Bir azdan Tağı kişi anbara
girdi:
- Tez çəkmələrinizi
çıxarın! - Uşaqlar
cəld yerə oturdu.
Tağı kişi başıyla taxılı
göstərdi.
Oğlanlar bir göz qırpımında
çəkmələrini buğdayla
doldurub, ayağa durdular.
- İndi isə, xudahafiz!
Qardaşlar güllə kimi anbarın qapısından
çıxıb götürüldülər.
6
Çox keçmədi ata çiynində bel həyətə girdi - qanı bərk qara idi.
- Ay kişi, - ana
qabağına yeridi,
- Allah imanını kamil
eləsin, Tağı
dayı uşaqlara azı 4 kilo buğda verib.
- Nə danışırsan?!
- Kişi həyəcanlandı.
- Vallah!
Ata birdən qaşlarını
çatdı:
- Bəlkə uşaqlar oğurlayıb?!
- Mən də şübhələnmişdim, indi yanından gəlirəm.
- Allah ömrünü uzun eləsin Tağı dayının!
7
O axşam kasıb həyətinin
çoxdan qaralan ocaq yerindən qalxan alov mis qazanın altına
sığal çəkirdi. Ətrafı təzə buğdadan bişirilən yarma
ətri bürümüşdü.
Qəşəm
İsabəyli
Ədalət.- 2016.- 2 iyul.- S.13.