Haqqın var yaşamağa

 

Müasir Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri də şeirləri dildə-dodaqda gəzən, əsərləri geniş oxucu kütlələri tərəfindən böyük məhəbbətlə qarşılanan Məmməd Arazdır. Gözəl şairimizin "Yazı masama" adlı kiçik bir şeiri var. Cəmi iki bənddən ibarət olan həmin şeir belə tamamlanır:

 

Ölə-ölə yazmıram,

Yaza-yaza ölürəm.

 

Bu şeir, xüsusilə onun son misraları sevimli şairimizin bütün yaradıcılığı üçün epiqraf ola bilər. Doğrudan da, M.Araz "elə-belə" yazan, söz üçün dağa-daşa düşən şairlərdən deyildir. Şairin şeirləri bulaq kimi ürəkdən süzülüb gəlir, o, yazdığı hər kəlməni ürəyinin odunda isidir, sözlərə qəlbinin hərarətini hopdurur, sonra onları oxucuların ixtiyarına verir. Buna görə də müəllifin qələmindən çıxan hər bir əsər asanlıqla oxucuların dilində əzbər olur, özünə əbədi (və ədəbi) həyat qazanır.

Aşağıda misal gətirəcəyim misralar da böyük şairimizin yaradıcılıq idealını, müəllif qayəsini açıq şəkildə bizə çatdırır:

 

Ürəyimsiz kəlmə yazan deyiləm,

Nə qədər ki, öz əlimdir yazanım.

 

Kiminsə diktəsinə yox, öz şair ürəyinin hökmünə qulaq asmaq onun əsas məziyyətlərindəndir. Bu səbəbdən də Məmməd Arazın şeirləri bizə fikirli, kədərli günlərimizdə bir doğmalıq, məhrəmlik, qışın soyuğunda, sazağında ilıqlıq, yayın cırcıramasında sərinlik gətirir. O, öz böyük sələflərinin-Nizaminin, Nəsiminin, Füzulinin, Sabirin daşıdığı müqəddəs şair adına layiq olmağa çalışır. Əlinə qələm alan hər kəsə "Söznən zarafat eyləmə"- deyən müəllif özü də yazdığı hər kəlməyə uca varlıq kimi yanaşır, onları doğma övladı kimi əzizləyir. Yuxusuz gecələrinin, həyəcanlı günlərinin şahidi olan qələmini özü üçün dünyanın bütün nemətlərindən üstün tutaraq "Qələm mənim yol yoldaşım, Qələm mənim oxum, nizəm, Qələm mənim söz qardaşım, Qələm mənim mübarizəm", - deyir. Bizböyük əminliklə söyləyə bilərik ki, M.Araz bütün yaradıcılığı boyunca bircə dəfə də olsun öz söz qardaşına xəyanət etməmiş, onun təmizliyini, ucalığını göz bəbəyi kimi qorumuşdur.

Vətən sevgisi, doğma yurda, torpağa bağlılıq həmişə Məmməd Araz yaradıcılığının şah mövzusu olmuşdur.

Azərbaycan - qayalarda bitən bir çiçək,

Azərbaycan - çiçəklərin içində qaya.

Mənim könlüm bu torpağı vəsf eləyərək,

Azərbaycan dünyasından baxar dünyaya, -

 

deyən şair vətənin hər daşını, çiçəyini sevə-sevə tərənnüm eləyir, xalqımızın qəhrəmanlıq tarixindən vəcdə gəlir. Ancaq "mənə " deyərək bir kənara çəkilənlərin, yurdumuzun sinəsində Araz boyda şırım açanların namərdliyi, biganəliyi onun qəlbini göynədir, bu haqsızlıqları bağışlaya bilmir. Tarix məhkəməsi quraraq satqınları mühakimə edir. Şairi yandıran bir odur ki, torpaq dəllalları yenə dinc oturmurlar. Bütün bunları görən müəllif "mən torpağı bölünməyə öyrəncəliyəm", - deyərək için-için sızıldayır. 90-cı illərdə şairin tutduğu fəal vətəndaş mövqeyi, xalqı öz azadlığı uğrunda mübarizəyə səsləyən poetik hayqırtıları hamımızın yaxşı xatirindədir. Məmməd Arazın o illərdə qələmə aldığı şeirlər istiqlal poeziyamızın ən dəyərli nümunələrindəndir. Onun əsil şairə xas olan xüsusiyyətlərindən biri budur ki, yazdıqlarını gözə soxmur, onlardan təmənna ummur. "Vətən mənə oğul desə, dərdim, mamır olub qayasında bitərdim" arzusu ilə yaşayan yaradan şairin umacaqları budur:

 

Bu torpağın daşı olub qalaydım,

Yoxdu özgə umacağım.

 

Yaxud:

 

Bircə sağolun da bəsimdir, vətən.

 

Məmməd Arazın təbiət mövzusunda da xeyli əsərləri vardır. Uzun illər "Azərbaycan təbiəti" jurnalına rəhbərlik edən şair bu mövzuda yazdığı şeirlərdə doğma yurdumuzun əsrarəngiz təbiətini bədii boyalarla əks etdirməklə kifayətlənməmiş, bu gözəlliyi qorumaq, onun qədrini bilmək üçün həyəcanlı, narahat çağırışlarını da oxucularına çatdırmışdır.

Şairin məhəbbət mövzusunda yazdığı əsərlərdə təmiz, ilahi sevgiyə yüksək qiymət verilir. Müəllifin lirik qəhrəmanı qışqırıb haray salmır, öz sevgisi haqqında aləmə car çəkmir. Təvazökarlıqla "Səndən mənə bir ömürlük xatirə, məndən sənə qalacaq, bilim", - deyir. Təmiz məhəbbəti saf bulağa bənzədən şair onu hər cür böhtandan qorumağa çağırır:

 

Qoru eşqimizi,

böhtandan qoru,

Məhəbbət bulaqsa,

böhtan da lildir.

 

Görkəmli şairimizin şeirlərində narahat dünyamızdan nigaranlığı da özünü göstərir:

Bəd xəbərlər qoymur məni şeir yazmağa.

Zəmanənin korlanmasından, yaxşı-yamana qiymət qoyulmamasından şikayətlənir:

 

İti bazarında atından baha,

Mən belə

dünyanın nəyindən küsüm?

 

Heç nəyə əli çatmayanda haray salır:

Dünya düzəlmir ki,

düzəlmir, baba!

 

Ancaq tiranlara xatırlatmağı da unutmur ki:

 

Dünya sənin, dünya mənim,

dünya heç kimin!

 

M.Arazın əsərlərinə geniş oxucu rəğbəti və ədəbiyyatşünas alimlər tərəfindən yüksək qiymət qazandıran səbəblərdən biribudur ki, onun yaradıcılığında, sözün həqiqi mənasında, məzmun və forma vəhdəti var. Özünəməxsus ifadə tərzi, şeir üslubu olan müəllifin əsərlərinin altına imza qoyulmasa belə, onların kimin qələminin məhsulu olması dərhal bəlli olar. Şair öz estetik görüşlərinə güzgü tutan "Köhnə qafiyələr-çaylaq daşları" şeirində həmkarlarına müraciətlə belə yazır:

 

Şairlər, sözləri buxovlamayın,

Gəlin yığışdıraq qafiyələri!

Təzə fikirlərə yaxın qoymayın

Üzülmüş, süzülmüş qiyafələri.

 

Orijinal poetik təfəkkür tərzinə malik olan şairin şeirlərindən misallar seçmək istəyəndə çaşıb qalırsan. Bilmirsən, bir-birindən gözəl, ətirli olan bu çiçəkləri necə ayırasan, fərqləndirəsən? Məmməd Arazın söz gülşəni bax, beləcə bənzərsiz və doyumsuzdur.

Yəqin ki, diqqətli oxucu məqalədəki bir məqamı fərqləndirə bildi-mən sevimli şairimiz haqqında indiki zamanda söz açıram. Bəli, Məmməd Araz öz dəyərli yaradıcılığı və şəxsiyyəti ilə bu günbizim müasirimizdir, çünki o, əbədiyaşar sənətkarlarımızdandır.

Haqqın var yaşamağa, haqqın var, Məmməd Araz!

 

Mayis Səlim,

Şəki.

Ədalət.- 2016.- 9 iyul.- S.10.