Nə yaxşı ki, müfəttiş gəldi...
Yoxsa məmurların bu qədər gülünc vəziyyətə düşməsinə
tamaşa edə bilməzdik
Lap bəri
başdan deyim ki, səhnədə
tamaşaçıların maraqla izlədiyi
hadisə bizim məmləkətdə baş verməyib. Hər halda
özümüzü buna
inandıraq. Paytaxtdan hansısa bir müfəttişin
gələcəyi ilə bağlı xəbərdən
başını itirən, hadisələr inkişaf
etdikcə daha da gülünc vəziyyətə düşən
məmurlar haqqında Puşkin kimdənsə
eşidib və Qoqola
danışıb. Mirzə Cəlilin rəhmət oxuduğu bu məşhur rus yazıçısı və dramaturqu da 180 il əvvəl şair dostunun danışdıqlarını qələmə
alıb. "Müfəttiş" öz
gəlişi ilə XIX əsr rus ədəbiyyatında
dönüş yarada
bilib.
Bizə nə
aidiyyəti? Yəqin elə bu üzdən
Akademik Milli Dram Teatrı Qoqolun qocalmayan bu əsərinin komik qəhrəmanlarını
tamaşaçılara görüşdürməkdə uzun müddət maraqlı olmayıb.
"Niyə
gülürsünüz?”
Təxminən
50 illik fasilədən sonra
"Müfəttiş" yenidən akademik
Milli Dram
Teatrının səhnəsinə qayıdıb. Sabit Rəhmanın tərcüməsi əsasında
hazırlanan tamaşaya Mikayıl
Mikayılov quruluş verib.
Mikayıl Mikayılov öz
istedadını təkcə Azərbaycanda deyil,
hətta Rusiyanın teatral mühitində
realizə etməyi bacaran gənc
rejissorlarımızdandır. Onun Akademik Milli Dram Teatrının səhnəsində quruluş verdiyi "Xanuma", "İlahi oyun", "Şah və
şair", "Yuğ"
teatrında hazırladığı "Medeya.
Sekvensiya 01" tamaşalarına
baxmışam. Mikayıl Mikayılov istər klassik,
istərsə də müasir əsərlərə
özünəməxsus yanaşması, tamaşanı aktyor oyunu üzərində
qurması ilə seçilir. Gənc rejissorun tamaşalarındakı mizanların səliqə-sahmanı
dərhal diqqət çəkir. Zalda oturan tamaşaçının gözü və beyni
mürəkkəb dekorasiya, musiqi ilə yüklənmir. Bəri başdan qeyd edim ki, "Müfəttiş"
də istisna olmadı. Tamaşanın quruluşçu rəssamı, Əməkdar
mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov bu səhnə
əsərində öz uğurlu
işləri ilə quruluşçu rejissorun fikrini tamamlaya biliblər.
Tamaşanın
özünə gəlincə...
Qoqolun həyat
və yaradıcılığına bələd olanlar yaxşı bilir ki, yazıçının ömrü
kimi, əsərləri də mistik məqamlarla doludur. Quruluşçu rejissor
Mikayıl Mikayılov "Müfəttiş"in yeni yozumunda həmin detallardan tamaşanın əvvəlində və
finalında uğurla istifadə edib.
Hə,
tamaşanın əvvəlindən danışırdım
axı. Bizdən çox-çox uzaq olsun, əyalət
şəhərlərinin birinin rəhbəri
mərkəzdən müfəttiş gələcəyi xəbərini
alıb. Aldığı xəbərdən yuxusu
ərşə çəkilib. Tabeliyindəki məmurları
başına toplayıb vəziyyətdən
çıxış yolu axtarmaq
istəyir. Çıxış yolu tapmaq isə asan deyil. Şəhər rəisi və ətrafına
topladığı məmurların savadsızlığı,
rüşvətxorluğu, tamahkarlığı və səriştəsizliyi
üzündən buralar cəhənnəmin
bir küncünə çevrilib.
Cəhənnəmin bir küncünü
xatırladan bu şəhərə kosmetik bərbəzək vurub
gələn müfəttişə cənnət adı ilə
necə sırımaq olar?
Şəhər
rəisi və ətrafındakı məmurlar bu
barədə müzakirə apararkən paytaxtdan
gələn müfəttişin artıq necə gündür şəhərdə olduğu, buradakı mehmanxanada
qaldığı xəbəri yayılır.
"Kimə
gülürsünüz?”
Bundan
sonrakı bütün hadisələr mehmanxanada qalan bu qonağın-İvan Aleksandroviç
Xlestakovun ətrafında cərəyan edir. Xlestakov özü də əyalət şəhərlərinin
birində doğulub, yaxşı karyera qurmaq arzusu ilə paytaxta gedib. Lakin xarakterinin
zəifliyi üzündən heç nə
əldə edə bilməyib. Özünü
sübut etmək əvəzinə şəhərin
yazılmayan mənfi qayda-qanunlarının əsirinə çevrilib, qumar, kef məclislərinin zahiri
gözəlliyi bu gənci məhv edib. Bu üfunət iyi verən mehmanxana
adlı xarabaxanada da
kefindən qalmır, əlində-ovcunda qalan
pulunu qumarda uduzub, özü və
nökəri Osip neçə gündür ki, yeməyə
bir şey tapmır.
Artıq heç kim onlara nisyə yemək vermir.
Şəhər
rəisi və onun rüşvətxor, kütbeyin məmurları Xlestakovu
paytaxtdan gəlməsi gözlənilən
müfəttiş kimi qəbul edirlər.
Onların bu səhvi Xlestakovun işinə yarayır, bitib-tükənmək
bilməyən yalanlar uydurur,
paytaxtda, sarayda mühüm şəxslərə dostluğundan danışaraq şəhər
rəisindən, ətrafındakı gözükölgəli
məmurlardan borc adı ilə
rüşvət alır. Şəhər rəisinin arvadı
və qızı ilə sevgi macərası
qurmağa belə imkan
tapır. Sonra isə aradan
çıxır.
Paytaxtdakı
dostuna yazdığı məktuba isə əyalətdə
qarşılaşdığı bu
insanların əsl dəyərini belə verir:
"...Şəhər rəisi axta at kimi axmaqdır, poçt müdiri əclafdır,
araq içəndir. Xeyriyyə müəssisələrinin
müdiri elə bil
başına araqçın qoymuş donuzdur. Məktəblər müdiri
başdan ayağa soğan iyi verir. Məhkəmə sədri çox murdar
adamdır..."
Şəhər
rəisi və onun kütbeyin
komandası Xlestakovun aradan
çıxmasından və dostuna
göndərdiyi məktubda yazdığı fikirlərin şokundan ayılmamış daha
bir zərbə alırlar. Məlum olur ki, gəlişi
gözlənilən əsl müfəttiş artıq
mehmanxanadadır...
"Axı
siz özünüzə gülürsünüz!”
Yazının
əvvəlində qeyd etdiyim
kimi, quruluşçu
rejissor Mikayıl Mikayılov
tamaşanı aktyor oyunu
üzərində qurub. Xalq
artisti Rafael Dadaşovun ifasında şəhər rəisi
Anton Antonoviç Skovznik-Dmuxanovski Xlestakovun
məktubunda qeyd olunduğu
kimidir. Bu qəribə
cavan oğlanın yalanlarına ən tez və ən çox inanan da elə odur. Vəzifəsini itirməmək üçün hər şeyə
hazırdı, hətta qızını ilk
dəfə gördüyü bu qonağa nişanlamağa belə razı olan birisidir. Yeri gəlmişkən, "Müfəttiş"
Xalq artisti Rafael Dadaşovun 70 illik yubileyi münasibəti
ilə hazırlanıb.
İvan Aleksandroviç Xlestakov
obrazının dünya dramaturgiyasında
və ədəbiyyatında özünəməxsus yeri var. Qoqol
özü bu
obrazı belə xarakterizə edib:
"...hər kəs bir neçə dəqiqə
olmasa da, bir dəqiqə Xlestakov olub və ya olur, lakin təbii ki, bunu etiraf
etmək istəmir... Mahir bir
qvardiya zabiti də, bəzən
dövlət xadimi də Xlestakov
ola bilər... Uzun sözün qısası, çox
az adam tapılar ki, ömründə heç
olmasa, bir dəfə Xlestakov olmasın".
Qoqol özü də bir vaxtlar Xlestakov kimi yaxşı karyera qurmaq ümidi ilə əyalətdən
Peterburqa gəlib, lakin
yalnız kiçik məmur ola bilib. Həmin kiçik məmur Qoqolu bu gün heç
kim tanımır, amma
yazıçı və dramaturq Qoqolun dünya ədəbiyyatında
özünəməxsus izi, yeri var.
Əməkdar
artist Elşən Cəbrayılov belə
bir mürəkkəb obrazın öhdəsindən
məharətlə gəlir. Aktyor təbii ifası ilə zalda əyləşən
tamaşaçını inandırır ki,
kütbeyin məmurları barmağına
dolamaqla pul qazanmaq, qarın dolusu yemək
yemək, üfunətli və qaranlıq bu əyalət şəhərindən baş götürüb qaçmaq üçün
yalan danışmaq ən yaxşı yoldu. Elşən Cəbrayılov bir çox tamaşalarda əsas rolları ifa
edib, lakin Xlestakov obrazını istedadlı aktyorun yaradıcılığında yeni bir mərhələ saymaq olar.
Məhkəmə
sədri Ammos Fyodroviç
Lyapkin-Tyapkin rolunu
Rövşən Kərimduxt ifa edir. Akademik Milli Dram Teatrında
son vaxtlar hazırlanan
yeni tamaşalarda bəzi
səbəblərdən nadir hallarda görünən Rövşən Kərimduxt
bu rolu ilə sübut etdi ki, aktyor kimi
onun potensialından düzgün
istifadə olunsa həm teatr
qazanar, həm də tamaşaçı.
Təbii ki, aktyor
özü də inkişaf
edər.
Daha çox
dramatik rollarda görməyə
alışdığımız Əməkdar artist
Kazım Həsənquliyevi quruluşçu
rejissor bu tamaşada komik obrazda (Xeyriyyə müəssisələrinin müdiri Artemi Flippoviç Zemlyanika)
sınayıb və nəticədə hər iki
yaradıcı insanın birgə əməyi sayəsində
maraqlı iş ortaya
qoyulub.
Öz fərsiz əməlləri
ilə şəhəri bərbad hala salan bu məmurlar - Poçt müdiri İvan Kuzmiç Şpekin (Əməkdar artist
Elxan Quliyev), Məktəblər
müdiri Luka Lukiç Xlopov (Rəşad
Bəxtiyarov), qeybət etmək, söz gəzdirməkdən
başqa əllərindən bir iş gəlməyən Pyotr İvanoviç Dobçinski (Əməkdar artist
Aslan Şirin) və Pyotr İvanoviç Bobçinski (Ramil
Şıxəliyev), tamaşa boyu ancaq almanca
danışan Xristian İvanoviç
Qibner (Əməkdar artist
Feyruz Xudaverdiyev), cavan Xlestakova xoş gəlmək üçün
bu yaşında hətta balet
oynamağa çalışan Anna Andreyevna, paytaxtdakı
xoş günlərin xəyalını
quran Mariya Antonovna (İlahə Həsənova) sonda gülünc vəziyyətə
düşürlər. Xalq artisti Rafiq Əzimov əsərdə
bəlkə də yeganə müsbət obraz
olan nökər Osipi
inandırıcı boyalarla
çatdırır. Gənc aktyor Elgün Həmidov isə tamaşada
bir-birindən fərqlənən Svistunov,
Meyxana xidmətçisi, Mişa
və Şeytan rollarını oynayır.
Akademik Milli Dram Teatrı Qoqolun bu ölməz əsərini
uğurlu, bitkin bir quruluşla
tamaşaçıya təqdim edib. Yoxsa məmurların bu qədər
gülünc vəziyyətə düşməsinə
tamaşa edə bilməzdik. "Müfəttiş"ə
baxanlar başqa
ölkədə baş verən hadisələrə
doyunca gülürlər. Qoqolun
sualı isə həmişə aktual olaraq qalır: "Niyə gülürsünüz?
Kimə gülürsünüz? Axı siz özünüzə gülürsünüz!"
Etibar CƏBRAYILOĞLU
Ədalət.- 2016.- 16 iyul.- S.10.