Poeziyamızın daha bir vaqifi - Vaqif Aslan

 

Ədəbiyyat tariximizdə həm özü, həm adı ya təxəllüsü Vaqif olan sənətkarlarımız az deyildir: Molla Pənah Vaqif, Vaqif Səmədoğlu, Vaqif Bayatlı, Vaqif İbrahim... Şəki rayonunun Kiş kəndində yaşayıb-yaradan, on beş ilə yaxındır ki, AYB-nin Şəki bölməsinə rəhbərlik edən istedadlı qələm sahibi Vaqif Aslanı da cəsarətlə bu sıraya əlavə etmək olar. Özü mərkəzdən uzaqda olsa da, necə deyərlər, sözü həmişə poeziyamızın mərkəzində səslənən şair bu dünyaya arxalandığı Böyük Qafqaz dağlarının ucalığından baxır həyat haqqında öz fəlsəfi-poetik qənaətlərini fikir süzgəcindən keçirərək obrazlı şəkildə oxucularına çatdırır. Vaqif Aslanın yaradıcılığı çoxşaxəlidir - elmi əsərləri, bədii tərcümələri, pyes ssenariləri müəllifin hərtərəfli bədii təfəkkür düşüncə sahibi olmasından xəbər verir, ancaq onun parlaq istedadı özünü daha çox poeziyasında göstərir - desək, yanılmarıq. Elə buradaca vaxtı ilə mərhum tənqidçi-alim Aydın Məmmədovun Vaqif Aslan poeziyasının əsas məziyyətləri haqqında yazdığı məqaləsindən kiçik bir parçanı misal gətirmək yerinə düşər: "Vaqifin şeirlərinin mərkəzində həmişə insan, onun hiss həyəcanları durur. Səmimiyyət onun şeirlərində nəzər-diqqəti cəlb edən əsas xüsusiyyətdir. Toxunduğu mövzudan asılı olmayaraq, onun yazıları dağ çeşməsi kimi saf, uşaq gülüşü qədər səmimidir".

Onu da qeyd etmək yerinə düşər ki, Vaqif Aslan Türkiyə İran mətbuatında da dəfələrlə çap edilmiş, İranda ötən il şeirlər kitabı oxucuların ixtiyarına verilmişdir.

Hər dəfə gözəl şairimiz Vaqif Aslanın poeziyası haqqında düşünəndə yaddaşımda dərhal onun "Səndə şair olmamaq da günahdır" şeiri canlanır. Düzdür, bu şeir şairin doğma kəndinə müraciətlə yazılıb, ancaq şübhə yoxdur ki, müəllifin xoş yazını, sərt qışını, qərənfilini, laləsini, nəğməkar bulaqlarını öydüyü, kol-kosuna, qanqalına belə vurulduğu bu yurd yeri, əslində, bütöv Azərbaycanımızın poetik obrazıdır:

 

Şair sənsən, şeir deyən dilin - mən,

Sərkərdəsən, qılınc vuran əlin - mən.

Gözəl sənsən, sevgilin - mən, dəlin - mən,

Bilmirsənmi, oğlun Kərəmsayaqdır,

Səndə şair olmamaq da günahdır.

 

Bu şeir düz otuz il bundan qabaq qələmə alınıb. Vaqif Aslan bu gün ilk sevgisinə sadiq bir aşiq kimi o dağların qoynunda yaşayır, yazda güllərin-çiçəklərin xoş nəfəsini, bülbüllərin cəh-cəh səsini, qışda boy-boya dayanan, dümağ libasa bürünən dağların əzəmətini, bəzən haylı-haraylı, bəzən sakit-sakit axan Kiş çayının səsini-sədasını özünəməxsus poetik deyimlərlə, maraqlı bənzətmələrlə ifadə edərək varaqlara köçürür. Görün, özünü oxucusuna necə tanıdır:

 

Tanımaq istəsən məni dünyada,

Dolaş səhər-səhər bağçanı, bağı.

Lalə bitməyirmi sizin bağçada?

Şair sinəsindən tanınar axı!

 

Vaqif Aslan poeziyasında özünü qabarıq şəkildə göstərən cəhətlərdən biri onun tariximizə möhkəm tellərlə bağlı olmasıdır. Bu bağlılıq heç ayrı-ayrı tarixi hadisələri quru, sxematik bir şəkildə təsvir etməkdən ibarət deyildir. Tarixilik bu poeziyanın ruhunda, mayasındadır. "Daş əlifba", "Saxsı qırığı üstdə yazı", "Qılınc", "Qalalar", "Kişilər", "Kərbəla faciəsi" bu tipli başqa şeirlər müəllifin keçmişimizə üz tutaraq gələcəyimizi görməsinə, müxtəlif tarixi faktlara məhz şair gözü ilə baxaraq onları poetik deyimlə oxucusuna çatdırmasına əyani misaldır. Bir saxsı qırığı üstündə yazılmış tariximizi Qobustanla - Azərbaycanın daşlaşan əlifbası ilə oxuyan şairi ikiyə parçalanmış torpağımızın yaraları göynədir, "Diriykən ayrılıq ölümdən acı, bizim başımıza tale salıb daş", - deyir. Təsəllisi isə bu olur ki, "Keşik çəkər ulu Azərbaycana, Əsrləri yara-yara qalalar, Daş köynəyi para-para qalalar!" Şair üstümüzə ayaq alanları, bizi arxadan vurmaq üçün girəvə gözləyənləri görəndə hayqırır, əlini qəhrəman babalarımızın yadigarı olan qılınca uzadır:

 

Sən ulu babamın yadigarısan,

Səbrin illər yorub, əsrlər yorub.

Nənəmin sehirli nağıllarısan,

Adın cinlər qovub, tilsimlər qırıb.

 

Matəm paltarındır bu qın, soyun, çıx!

Sinəmin qanıyla silim pasını.

Göynəyən əlimlə bir zərbə çalım,

Doğra, tök Vətənin qəm libasını!

 

Dədəmiz Qorquda üz tutaraq yazdığı şeirlərində müəllifin soy-kökümüzə, milli adət-ənənələrimizə möhkəm bağlarla bağlandığının əyani sübutunu görürük. Gəlin, onun ağban evli, qızıl otaqlı, kafirlərə baş əyməyən igid oğuz bəylərinə, döyüşdə at minən, qılınc oynadan vəfalı oğuz xatunlarına verdiyi salamı eşidək:

Salam, ağban evləri qızılı tağlı bəylər,

Qızıl dirəkli bəylər, qızıl otaqlı bəylər!...

Salam, Burla xatunlar, salam, analar, salam,

Nağılları şipşirin noğul nənələr, salam!

 

Poeziyamızın əzəli əbədi mövzularından olan məhəbbət mövzusundan Vaqif Aslan da yan keçməmiş çoxlu gözəl sevgi şeirləri yaratmağa müvəffəq olmuşdur. Bu şeirlərdə tərənnüm olunan sevgi safdır, təmizdir, lirik qəhrəmanın ilk dəfə heyrətdən çatılan qaşıdır, haqq yolçusunun arxası-dayağıdır, ancaq neyləyəsən ki, ağrısı-acısı da boldur onun, çox vaxt gözdə yaşa, üzə çırpılan şilləyə çevrilməyi var. Bütün bu əzablarına, sitəmlərinə baxmayaraq şair belə qənaətə gəlir:

 

Mən Cumayoğluyam, qandığım budur,

İnsanın başına tacdır məhəbbət.

 

Şairin şeirlərini oxuyanda elə bilirsən ki, onunla üz-üzə oturub söhbət edirsən. bu söhbət o qədər axıcı, maraqlı olur ki, onun uzandıqca uzanmasını istəyirsən. Bu da ondan irəli gəlir ki, Vaqif Aslan Azərbaycan ədəbi dilinin zəngin ənənələrindən bol-bol yerli-yerində bəhrələnməklə yanaşı, yeri gəldikcə doğma Şəki ləhcəsinin şəhdi-şirəsindən, duzundan da öz poetik dilinə qatır, bu da onun şeirlərinə məxsusi bir üslub, xoş ahəng vermiş olur. Rüstəm Kamal demişkən: "V.Aslanın şair xoşbəxtliyi ondadır ki, onun həyatı, ömrü-günü canlı folklorun, şirin-şəkər ləhcənin içindədir, onun bir hissəsidir. Şəki ləhcəsinin yaratdığı magik çevrədən kənara çıxa bilmir. Dil oyunları, söz oynatmaları, ləhcənin zarafat-kinayə enerjisi V.Aslan lirikasına ayrı bir rəng, ayrı bir dad verir".

V.Aslan həm pedaqoji fəaliyyətlə məşğul olur - ADPU-nun Şəki filialında baş müəllimdir. Gələcəyin filoloqlarına ədəbiyyat tariximizi tədris edir. Keçmiş tələbələri arasında respublikamızın müxtəlif mətbuat orqanlarında bədii yazılarla çıxış edənlər, kitab müəllifi olanlar da az deyil.

Əlbəttə, kiçik bir qəzet yazısında Vaqif Aslan yaradıcılığının özünəməxsus cəhətlərini, əlvan bədii-poetik çalarlarını, mövzu-ideya xüsusiyyətlərini ətraflı, dolğun şəkildə təhlil etmək mümkün deyildir. İndiyə qədər onun haqqında bir çox görkəmli alim-tənqidçilərimiz - Yaşar Qarayev, Tofiq Hacıyev, Aydın Məmmədov, Hüseyn İsmayılov, Rüstəm Kamal başqaları irili-xırdalı məqalələr yazıb çap etdirmişlər. İnanırıq ki, bundan sonra da Vaqif Aslan yaradıcılığına geniş elmi-tənqidi aspektdən yanaşanlar çox olacaqdır. Mənim məqsədim isə qələm dostum Vaqif Aslan haqqında öz ürək sözlərimi, səmimi duyğularımı ifadə etmək cəhdindən başqa bir şey deyildir.

 

Mayis Səlim,

Şəki.

Ədalət.- 2016.- 16 iyul.- S.14.