ARMUDU STƏKANDA ÇAY

 (Esse)

 

Keçmişdən gələn birisi hesab eləyib xətrimə dəysəniz də küsmərəm, incimərəm. Neyləyim, hara gedim, kimə deyim dərdimi. Köhnə, qədimi mahnıların, sənətkarların vurğunuyam. Sss. Dinməyin, səs salmayın, Şövkət xanım Ələkbərova necə məlahətlə, ilhamla oxuyur:

 

Armudu stəkanda çay,

Ürəyimiz yananda çay...

Kimin ağrıyır canı,

Qoy çay içsin mərcanı...

Adlısan-sanlısan çay,

Ətirlisən, dadlısan çay...

Öz aləmindəyəm, təkcə səsin sehri, şirinliyi deyil, müğənninin gözəlliyi, yaraşığı, duruşuğu əsl möcüzədi. Şövkət xanım indiki oxuyanlar kimi qol qaldırıb oynamır, sənə baxıb hırıldamır, bir az da kobud desəm, bədənini əsdirmir. Və anidən evimizin anası (bu ifadə Əbülfət Mədətoğlunundur) məni xəyal dünyamdan ayırır:

-Həyətə düş, darvaza döyülür, gör kimdi gələn? Odu, müəllim dostlarımdan biri. Görüşürük, əmioğlugilə gedirdim, döndüm sizə tərəf, salam vermək istədim sənə. Əl çəkmirəm, evə dəvət edirəm onu. Əyləşirik çay süfrəsinə. Tez xanım çay gətirir. Qayda belədi, qonaq kişi xeylağıdırsa, o mənimdir. Yox, əgər qadındırsa evin anasıyla əyləşib çənə söhbəti eləyir. Amma bu ənənədi pozulmayan qanundur: əvvəlcə çay, sonra çolpa...

Biləsuvar - qədim, gözəl diyarımız Muğanın bir parçasıdır, düzən ərazidə yerləşir. Yayı nisbətən istidi, qışı mülayim. 139 min hektar torpağımız, 90 mindən artıq əhalimiz var. Min bərəkət. Camaatımız qonaq- qaralıdır. Hansı evə təşrif buyursan, süfrəyə əvvəlcə çay, ardınca çörək gəlir. Bu iki təamdan ötrü heç kim qonşuya getmir. Yaradana şükür! Çörək, onun qədri-qiyməti haqqında çox yazılıb, deyilib. İstəmirəm yüzlərin, minlərin sözünü təkrarlayım. Bu gün mən ən qiymətli içki olan çay haqqında bilgilərimi dilə gətirməyə çalışacam. Məncə, maraqsız olmaz.

...Çin ölkəsində 4-5 min il bundan qabaq bir dindar ziyarətə gedəndə, səhrada bir yerdə oturub, O, Böyük Allaha dua eləyirdi. Uzaq bir yoldan gəlmişdi, yorulmuşdu deyə onu yerindəcə yuxu apardı. Səhərisi gün ayılarkən yadına düşdü ki, bəs o, günah işlətmiş, Allaha dua elədiyi vaxtı onu yuxu tutmuş və ona görə özü bilmədən yatmışdır. Bu hadisədən pərişan olan dindar günahkarı cəzalandırmaq istəmişdir. Kimdi günahkar, onu duadan ayıran? O, öz əlləri ilə günahkarı - gözünün kipriklərini kəsib atmışdır. Yazda həmin yerdə, iki yaşıl kol bitmişdir və o kolların yarpaqları ilə uzun illər bir çox xəstəliklər müalicə edilmişdir. Sonralar bu kolların yarpaqlarından ən qiymətli bir içki-yuxuqovucu içki hazırlanmışdır...

Bu, qədim bir əfsanədir. Demək, o kişi öz kipriklərini Allaha dua eləmək xatirinə qurban verməsəydi, biz bu günə qədər, belə bir qiymətli içkinin də dadını bilməzdik. Həmin o qiymətli içki çaydır. Bu sözün lüğəvi mənası çinlilərin "Ça- içki" sözündən götürülmüşdür.

Çinlilər çayı həyatın işığı, ömrün məşəli adlandırmışlar. Çayın tərkibində sağlamlıq üçün vacib olan 300-ə yaxın element aşkar olunmuşdur. Çay tərkibinin kaloriliyinə görə, dəyəri çörəyinkindən 25 dəfə artıqdır. Onun tərkibi bir çox vitaminlərlə son dərəcə zəngindir. A, B1, B2, B5, R, RR, S, K, Askarbin turşusu, (S vitamini) çayın yaşıl yarpaqlarının tərkibində limonun və ya portağalın tərkibindəkindən 4 dəfə çoxdur. "Yaşıl çayın tərkibində olan S vitamini isə, qara çayınkından 10 dəfə artıqdır.

Xalq təbabəti yolxucu xəstəliklərin, soyuqdəymə xəstəliklərinin müalicəsində, çay içkisindən bilavasitə istifadə olunmasını məsləhət görür. Hiportoniya (qan təzyiqi həmişə aşağı olan) xəstəliyindən əziyyət çəkən xəstələrə çaydan istifadə etmək vacibdir.

Çay müalicəvi əhəmiyyətli içki olduğuna görə onu çox içmək qəti qadağandaır. Hiportoniklərə - qan təzyiqi yuxarı olanlara qara çayı çox içmək olmaz. Qan təzyiqi aşağı olan xəstələr yaşıl çayı içməsə yaxşıdır.

Müəyyən yaş həddindən sonra yuxusu pozulanlara axşam yeməyindən sonra çay içmək qəti qadağandır. O, əgər dözə bilmirsə, bir stəkan qaynanmış, ilıq su içə bilər.

Ürək, ağ ciyər və qan təzyiqindən əziyyət çəkən xəstələrə çaydan son dərəcə az istifadə etmək məsləhətdir.

Dərman preparatlarının qəbulundan sonra çay içmək olmaz. Çay ləzzətli içki olmaqla yanaşı, həm də çox xeyirlidir. Onu düzgün dəmləyib, düzgün içsən sağlamlığın möhkəmlənər.

Dünyanın bütün xalqları iqlim şəraitindən, sürdükləri həyat tərzindən asılı olaraq, çayı müxtəlif üsullarla dəmləyirlər.

Çinlilər əvvəlcədən qızdırılmış çaynikə quru çayı atıb, üstünə qaynar suyu töküb, qapağını örtürlər, 3 dəqiqədən sonra, farfordan hazırlanan fincanlara süzüb, qaynar-qaynar, özü də qəndsiz içirlər.

Yaponlar çayı əvvəlcə, xüsusi hazırlanmış həvəngdəstədə əzib, toz halına salırlar. Sonra əvvəlcədən qızdırılmış çaynikə atıb, üstünə hərarəti 70 s-dən yuxarı olmayan qaynanmış su töküb, 2-3 dəqiqədən sonra içirlər. Yaponların dediyinə görə, bu cürə dəmlənən çay öz müalicəvi əhəmiyyətini saxlamaqla yanaşı, həm də çox ətirli olur. Onlar da çayı 40-50 qramlıq kiçik fincanlarda içirlər.

İsveçlilər qaynayan südə qaynaya-qaynaya əvvəlcə qənd atırlar, onun ardınca, quru çayı atıb, odu söndürürlər. Tam soyudub, sonra içirlər.

İngilislər quru çayın üstünə qaynamış suyu qaynar-qaynar töküb, 5 dəqiqə gözləyirlər. Başqa bir fincanda, qaynar südün üzərinə dəmlənən çayı əlavə edib içirlər.

Biz azərbaycanlılar, çayı çox düzgün qaydada dəmləyirik. Şüşə və saxsı qablara əvvəlcə çayı atıb, bir çaynikə, üstünə isə qaynanmış suyu 60 dərəcəyə qədər soyudub, tökürük çayın üstünə. Təxminən 5-7 dəqiqədən sonra çay hazırdır, özünün bütün komponentləriynən. Belə çayı lap 5 stəkan da içmək olar. Əlbəttə, yeməkdən ən azı 1 və ya 1 saat yarım sonra.

Çayın tərkibi bədən üzvlərinin sərbəst və müntəzəm fəaliyyəti üçün çox qiymətli və əvəzolunmaz efir yağları ilə zəngindir. Bu yağlar 57-60 dərəcədən yuxarı istilikdə buxarlanır və öz müalicəvi təsirini itirir.

Məncə, çay haqqında bu qədər. Can ağrımasın deyə 5 şərtə əməl edək:

1.Dini qanunlara və özümüzə inam

2.Düzgün qidalanma

3.Düzgün yatmaq

4.İşləmək

5.Oxumaq-mütaliə etmək və öyrənmək

Birinci şərtə nə izahat, ikincidən başlayaq:

Əcəm hökmdarlarından biri Məhəmməd Peyğəmbərin yanına bilikli həkim göndərdi. O, bir neçə il qaldı Ərəbistanda, lakin heç kim ona müraciət eləmədi. Nəhayət o, Peyğəmbərə şikayətləndi ki, Sizin adamlardan bir nəfər belə müalicə üçün mənə müraciət etmir. Peyğəmbər dedi: Bu camaatın bir adəti var, acmamış yeməzlər, doymamış yeməkdən əl çəkərlər. Həkim çıxıb getdi öz vilayətinə.

Üçüncü şərt:

Düzgün yatmaq. XVI-XVII əsrlərdə qələmə alınan nağıla qulaq asaq.

Ağıllı Şahzadə kasıb balıqçı qızına aşiq olur. Padşah oğluna bu məsələdən uzaqlaşmağı məsləhət bilir. Oğlu deyir: o, noolsun, kasıbdı, amma ağıllıdı, öldü var, döndü yoxdu. Şah o qızı yanına çağırıb deyir:

-Eşitmişəm çox ağıllısan, odur ki, səni imtahan eləyəcəm. Üç sual! Düzgün cavab versən, sizə toy eləyəcəm, yox, məni qane eləyən cavab verməsən, oğlumun adını unut.Qız razı oldu.

Birinci sual:

-Dünyada ən şirin şey nədir?

-Yuxudu, - deyib qız təzim etdi.

Cavab Padşahın xoşuna gəldi.

İkinci sual:

-Sənə, sabah bu vaxta qədər möhlət verirəm. Mənə elə bir hədiyyə gətirməlisən ki, o məni təəccübləndirsin.

Bütün gecəni qız fikirləşdi: padşahın nəyi yoxdu? Hər şeyi var, bəs onu nəylə təəccübləndirim?

Vədə tamam olanda, qız əlində bir qutu gəldi saraya. O, təzim etdi və əlindəki qutunu qoydu şahın qabağına. Şah maraqla qutunun qapağını açdı. Elə bu anda, qutunun içindən bir sülh quşu-göyərçin çıxdı və elə bir göz qırpımında qanad açıb gözdən itdi. Şah bir anda səksənib dik atıldı. Mat-məəttəl qaldığını heç cür gizlədə bilməyib, donmuş baxışlarını qızın gözlərinə zillədi. Nəhayət şah özünə gəlib, qıza dedi:

-Səni üçüncü sualdan azad edirəm, oğlumla evənməyə xeyir-dua verirəm. Allah sizi xoşbəxt eləsin.

"Şirin yuxu" nədir? Səhər-səhər yuxudan dururuq. Belimizdən, başımızdan sanki qara daş asılıb. Bəzən ilan kimi qıvrılaraq, heç yorğan-döşəkdən qalxmağa cürət eləmirik. Qaynar çay, mürəbbə, limon və s. köməyə gəlmir. Ağrıların səbəbini ilk növbədə onurğa sümüyündə-bel sütununda axtarmaq lazımdır. Ona görə bel sütunu həmişə düppədüz və möhkəm olmalıdır. Atalar deyib: burnunu dik tutma, belini dik tut.

İnsan ömrünün üçdəbir hissəsini yuxuya sərf edir. O yatmaq, fiziki və zehni yorğunluğunu aradan qaldırmaq üçün yox, bel sütununu düzəltmək, yeri-yerində onurğa sümüyü fəqərələrini tənzimləmək üçün ən gözəl vasitədir. Odur ki, düzgün yatmaq ideyası birmənalı şəkildə qəbul olunmalıdır. Yatdığımız çarpayı taxt kimi bərk və düz olmalıdır. Əyri yerimək və əyri yatmaq kimi pis vərdişlərdən çəkinməliyik. Yumşaq yorğan-döşəkdə yatanda bədənin ağırlığı ayrı-ayrı əzələ üzvlərinə, onurğa sümüyünün müəyyən bir hissəsinə düşür və burdan da fəqərələrdə yavaş-yavaş yerdəyişmə prosesi gedir. Amma düz və bərk çarpayıda yatanda özü də əsasən arxası üstə, bədənin ağırlığı bütün əzələ üzvlərinə bərabər şəkildə paylanır, gün ərzində baş verən kiçik deformasiyalar aradan qalxır. Səhər yuxudan oyananda nə başın ağrıyır, nə qıçın. Yatdığınız döşəyin altına düz taxta qoya bilərsiniz.

Unutmayaq, daş dövrünün insanları harda gəldi yatıblar və bədənləri sağlam olub deyə hər hansı vəhşi heyvanı qovub tutublar.

Bel sütunu fəqərələrinin düzümü:

1. Boyun fəqərələri. 2. Döş fəqərələri. 3. Qurşaq fəqərələri. 4. Sığrı fəqərələri.

Boyun nahiyyəsində pozuntu olarsa göz, üz, boyun nahiyyəsi, ciyər, qara ciyər, ürək, dalaq, böyrəküstü vəzifələr, dişlər, boğaz, burun və qulaqlar zərər çəkir.

Qısası, düz və bərk çarpayıda yatmaq vacibdir.

4-cü şərt: İşləmək! Geniş izahata ehtiyac duymuruq. Lap 80 yaşın olsa belə bekar dayanma, fiziki işlə çalış, mal-qara saxla, torpaqda əlləş. Allahı sev, təbiəti sev, zəhməti sev...

5-ci şərt: Oxumaq! O, heç vaxt gec deyil. Oxuduqlarını təkrarla. Təkrar biliyin anasıdırsa, həyatda təcrübə biliyin atasıdır. Sədi Şirazi: "Bildiyini həyatda təcrübədən keçirməyən, xalqdan gizlədən alim, gündüz əlində şam gəzdirən kora bənzər". Atalar sözü var: "Nadan oxuya-oxuya alim, molla olar, alim oxumasa gəlib nadan ola bilər".

Bu qədər. İndi tibb elminin atası Hippokrat haqqında.

Bizim e.ə 377-ci ildə Yunanstanın Kos adasında doğulub. Anası, babası türkəçarə müalicələrlə məşğul olurmuş. O, 20 yaşına çatanda təcrübəli həkim kimi bütün Yunanstanda məşhur imiş. Uzun illər ərəb ölkələrində məharətini, qabiliyyətini nümayiş etdirib. O, tibb elmi ilə bərabər fizika və kimya elmləri ilə də məşğul olurdu. O, doğulduğu Kos adasında dünyada ilk dəfə olaraq tibb məktəbi açmışdır. Öz xəstələrini müalicə etmək üçün 200-dən artıq bitki və ot növlərindən istifadə etmişdir.

Hippokrat bizim e.ə. 460-cı ildə vəfat etmişdir.

Kifayətdi, məncə, sağlamlıq üçün hər kəsin imkanı var ki, özünə fikir versin, yuxarıda qeyd etdiyimiz kimi 5 şərti yerinə yetirsin. Belə olsa uzunömürlülərin cərgəsinə qoşulmaq mümkündür.

Azərbaycan uzunömürlülər diyarıdır. Ölkə başçısının tapşırığı ilə Lerikdə belə bir muzey yaradılmışdır. Mən 2009-cu ildə o muzeylə tanış olub, 40 il əvvəl dostum olan yazıçı Əlisa Nicatın- o, bu muzeyin bələdçisidir-söhbətləri əsasında yazı hazırladım və onu Bakı qəzetlərinin birində çap etdirdim.

Qapıdan içəri daxil olan kimi Şirəli Müslümovun borelyefi ilə qarşılaşırsan. 168 il ömür sürüb. (26 mart 1805- 2 sentyabr 1973) 136 yaşı olanda, 0, 57 yaşlı Xatın xanımla evlənmiş və hətta bir qızları da olmuşdur.

Mən onun kiçik heykəlinin yanına istifadə elədiyi məişət əşyalarına, pal-paltarına diqqət edərkən bir qutu tütün gördüm. Ə.Nicat dedi: "Hə, Şirəli baba həmişə trubka çəkib, amma mağazadan siqaret almayıb. Öz həyətində tütün əkib, vaxtında yarpaqları toplayıb, talvarda qurudub, doğrayıb və öz məhsulunu trubkaya tökərək, od vururmuş. Maraqlıdı, Ş.Müslümov talışca danışıb, azərbaycanca bir kəlmə söz bilməyib".

İkinci bölüm 152 il ömür sürən Mahmud Eyvazov haqqındadır (1808-1960). Bir zamanlar Moskvaya-SSRİ Xalq Təsərrüfatı Nailiyyətlərinin sərgisinə aparıblar onu. Sərginin qızıl medallarını təqdim edən direktor İ.Korotkin zarafat edib ağsaqqalla:

-Hə, Eyvazov, sən yenə kişisən?

Direktorun hara, nəyə işarə elədiyini anlayan Mahmud baba çox sərrast cavab verib:

-Yan-yörəndə nə qədər matışka var. Axşam cavanının birini göndər yanıma, səhər ondan soruş, gör kişiyəm, ya kişi deyiləm?!.

 

Əlibala Rəhimov,

publisist, filoloq

"Qızıl qələm" mükafatı laureatı

Ədalət.- 2016.- 21 iyul.- S.4.