Palıd ömrü

 

Hər məfhumun ifadə etdiyi məna çalarları var... Ömür ifadəsinin yozumu çoxdu... Ömür xalq üçün, millət üçün, dövlətçilik üçün yaşanılan aylardı, illərdi. Min illərdi belə olub, əbədiyyən belə də olacaq... Yaz-payız binəsinə gedəndə atam dəyəmizi palıd ağacına yaxın yerdə tikərdi. Maraqlananda "Palıdın xırman kölgəsi olur, oğlum", - deyərdi. "Həm də palıd müqəddəs ağacdı, bədxahlığı sevmir, qəlbitəmizlərin ağacıdı. Palıd ömrü yaşayanlara əməlisaleh deyilib. İstəyirəm palıd kimi böyüyəsiniz..." Palıd ömrü ifadəsi o vaxtlardan yaddaşımdadı...

Abdulla Qurbani Şərurda gəlib dünyaya. Palıdlığı şərtləndirən xarakterlə böyüyüb - dözümlü, səbrli-təmkinli, iradəli. Palıd kimi bağlanıb torpağa. Torpağı sevib - Vətəni sevib. Həm də kimsənin sevə bilmədiyi kimi sevib. Elə sevib ki, ürəyi vətənləşib; ürəyinin gözləriylə baxıb dünyaya. Abdulla Novruz oğlu Qurbanovu Abdulla Qurbani edən bunlardır!..

Hələ orta məktəbdə oxuyanda çöldən tapdığı xışı məktəbə gətirəndə də, neçə yüz illərin o üzündə rəncbərin "qolunun zoru" olan bu xışı, yaşı bəlli olmayan sınıq bir küpü gələcək muzeyə eksponat eləyəndə də, bu haqda Firuz Mustafanın "Azərbaycan gəncləri" qəzetində "Sınıq küpün harayı" məqaləsi dərc olunanda da, hərbi xidmətdə olanda "Krasnaya Zvezda" qəzetində məqalələri dərc ediləndə də, Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) teatrşünaslıq fakültəsində təhsil alanda da, Şərur rayon Mədəniyyət şöbəsinin müdiri olanda da, beynəlxalq folklor festivallarının laureatı olanda da, ağır vaxtlarda orduya könüllü gələndə də, "Murovun qəm karvanı", "Ana, Murovdan gəlirəm", "Meşəli od içində", "Gəzdim Naxçıvanı mən səngər-səngər", "Şəhidlik dastanı", "Gültəkin qayası" ... kitablarını yazanda da, palıd ömrü yaşayıb şair Abdulla Qurbani, publisist Abdulla Qurbani, ssenarist, rejissor Abdulla Qurbani; bu gün bu ömrü polkovnik hərbi rütbəsində müdrikcəsinə yaşayır...

Silahlı Qyvvələrimizin ilk hərbi paradının aparıcısı oldu Abdulla Qurbani. Həmin anlarda gördüklərindən-təqdim etdiklərindən qürurlandı, televiziya tamaşaçılarını, radio dinləyicilərini də qürurlandırdı...

...Tufarqanlı Abbas dağları çənli-çisəkli görəndə "Duman, gəl get bu dağlardan..." deyib. Söylənilənlərə görə, duman çəkilib. Bu zəruri təsadüfü təbiətin şair sözünə ehtiramı bilmişəm. Nədən xatırladım bunu?

Xocavənddə Əməkdar İncəsənət Xadimi polkovnik Abdulla Qurbaninin ssenarisirejissorluğuyla kütləvi vətənpərvərlik bayramı keçirilirdi: "Qarabağa yaz gələcək." Göy üzü gah bozarır, gah qızarırdı; Xocavənddə yağış qoxusu vardı. Abdulla Qurbaninin rəh-bərliyiylə tərtibat tamamlanmaq üzrəydi. Elə bil bu sənət fədaisi bayaqdan bəri havanın necəliyini hiss eləmirmiş. Qəflətən göy üzünə baxdı. Baxışlarını narahatlıq bürüdü. Tufarqanlı Abbas, Tufarqanlı Abbasın "Dağlar"ı düşdü yadıma. Və sanılı saniyələr ötüşüncə buludlar dağıldı... Bu, "Qarabağa yaz gələcək" inamına, bu inamın söykəndiyi palıd ömrü yaşayanlara - Azərbaycan əsgəri adını ömür yoluna bayraq edənə, Azərbaycan əsgərinə təbiətin xeyir-duasıydı sanki...

"Sənə inanırıq, ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri" deviziylə keçirilən kütləvi vətənpərvərlik tədbiri mahiyyəti etibarilə ordu ilə xalqın birliyinin təntənəsi hesab edilməlidir; ssenari müəllifi (və rejissor kimi) Abdulla Qurbani gördüyü, müşahidə etdiyi həqiqətləri bir tədbir müstəvisində təqdim etməyə nail oldu: xalq Prezidentinə inanır, inanır ki, Qarabağ problemini danışıqlar yolu ilə həll edəcək, qarşı tərəf bu danışıqlarda hesablaşmasa, son sözü Azərbaycan əsgəri deyəcək. Xalq son sözü deyəsi əsgərlərinə güvənir. Bilir ki, Azərbaycan əsgəri torpaqlarını işğaldan azad etməyə qadirdir. Bu inam az sonra - aprel döyüşlərində öz təsdiqini tapdı; vətənpərvərlik tədbirləri gerçəkliyə söykənən tədbirlərdir və onların mahiyyəti gerçəkliyin tarixləşdirilməsi üçündü. Xalq da, ordu da Ali Baş Komandanın hər bir əmrinə hazırdır!..

Zaman anlamında hərb tariximizin dünəninə də sayğı milli-xəlqi ruhun yaşarılığı üçündü. Abdulla Qurbaninin ssenarilərində bu amil sayğılarla, sevgilərlə əhatələnir. C.Naxçıvanskinin, S.Mehmandarovun, Ə.Şıxlinskinin yubiley tədbirləri, bu tədbirlərin kütləviliyi, sələf-xələf münasibətlərinin yaşarılığını bir tədbir miqyasında təmin edirbu, gənclərin, yeniyetmələrin vətənpərvərlik duyğularının kükrəyişinə vəsilə (bəlkə də vasitə!) olur; Abdulla Qurbaninin ssenariləri, bir qayda olaraq, milli-xəlqi ruhdan gəlir.

...Söz duyana sirdaş olub, çətinə düşənə qardaş olub, əndişələrlə üzləşənə könül-daş, müharibədə döyüşçüyə səngərdaş. Abdulla Qurbaninin poeziyasının da, Abdulla Qurbaninin publisistikasının da rişələndiyi söz bu qüdrətdədi. "Ana, Murovdan gəlirəm", "Murovun qəm karvanı" kitablarını oxuyanda özünü döyüşlərin içində hiss edirsən: səngər qazırsan, döyüş növbəsi aparırsan, düşmənə güllə atırsan, döyüşün içindən yaralı çıxardırsan, döyüşürsən, nəfəsin üstündə olsa da, şəhidlərlə şəhid olursan...

Bu kitablar söz-söz, kəlmə-kəlmə, mətləb-mətləb ruhuna hopur...

Abdulla Qurbaninin ssenarisi ilə keçirilən kütləvi vətənpərvərlik tədbirlərinin hər biri ayrılıqda mükəmməl vətənsevərlik dərsidi, ümumilikdə vətənsevərlik düsturu.

Gədəbəydə keçirilən "Hər kənddən bir ağsaqqal, hər səngərdən bir əsgər" tədbirinin mahiyyəti ordu ilə xalqın birliyinə hesablanmışdı; bu birlik vardı, bu birliyi möhkəmlətmək, onun dönməzliyini təmin etmək niyyətiydi bu tədbir. Bir müddətdən sonra - aprel döyüşlərində bu birliyin təntənəsini gördük. "Hər kənddən bir ağsaqqal, hər səngərdən bir əsgər" tədbirinin mənəvi təsirini unutmaq mümkünsüzdü; şair Abdulla Qurbaninin şeirləriylə, publisist Abdulla Qurbaninin kəlamlarıyla, rejissor Abdulla Qurbaninin quruluşuyla süslənən tədbir toplaşanlara, toplaşanların timsalında məmləkətə bir daha xatırlatdı ki, ordu xalqın, xalq ordunun dayağıdı (yeri gəlmişkən, Abdulla Qurbaninin ssenarisirejissorluğuyla keçirilən tədbirlərdən biri məhz bu devizlə təqdim olunub)...

Şəhidliyə ehtiram yaşam fəlsəfəmizin tərkib hissəsidi.

Şəhidlik, şəhidlər həm də sözlə yaşadıla-yaşadıla hər birimizin ömürdaşımız olub. Beyləqanda keçirilən teatrlaşdırılmış kütləvi vətənpərvərlik tədbirində şəhidlər ruh qiyafəsində göründü. Şəhid ruhlarının dedikləri çağırışçılara, əsgərlərə, veteranlara, uşaqlara, ümumən məmləkətə ünvanlanmışdı. Nə deyirdi şəhidlər? - sevin Vətəni, torpağı qoruyun, torpaqlarımızı işğaldan azad edin. Bu kəlmələr Abdulla Qurbaninin təxəyyülündən, düşüncələrindən, Vətən sevgisindən süzülüb gəlirdi, icraçısı şəhidlərin ruhuydu; bu tədbirdə Abdulla Qurbani palıd ömrü yaşamaqla şair olaraq, publisist, ssenarist olaraq, rejissor olaraq yaşarı ruhların ruh qardaşıydı...

Xalq şairi Məmməd Arazı Murovdağa apardı Abdulla Qurbani. O ucalıq neçə gün sözün ucalığına sığındı. O neçə gündə əsgərlər Məmməd Araz sözünün istisində isindi-lər. Şairlə Murovdağın o üzündə də kəlmələşmək niyyətiylə Murovdağın o üzünə şeirin işığından baxdılar. O görüş əsgərlərin ürəyini telləndirmişdi. Əsgərlər bu biçim görüşə görə "dağı dağ üstə qoymağa da" hazırıydılar; onda palıd ömürlülər palıd ömürlülərin əhatəsində bir boy da dikəlmişdi. Onda Vətən Məmməd Araza da, Məmməd Araz şeirinin işığına yığışanlara da, bu ələdüşməz görüşün səbəbkarına da oğul deyirdi. Həm də qürurla deyirdi!..

İkiqat paralimpiya çempionu İlham Zəkiyev döyüşçü olub. 1994-cü ilin yanvarında Füzuli rayonunun Əbdürrəhmanlı kəndində döyüşdə ağır yaralanıb, gözlərinin işığını itirib. Abdulla Qurbani Murovdağda keçmiş döyüşçü İlham Zəkiyevi əsgərlərin görüşünə aparmaqla ordu sıralarından tərxis olunanlara da, yeniyetmələrə də, müxtəlif bölgələrdə xidmət edən əsgərlərə də, ... bir mətləb aşılayırdı: hər birimiz Vətən üçün bir əsgərik (bu devizlə ssenari müəllifi və rejissoru Abdulla Qurbani olan kütləvi vətənpərvərlik tədbiri keçirilib)...

Vətənsevərlik ifadəsinin məzmunun necə göz nuru bilməyəsən? - Abdulla Qurbani kütləvi vətənpərvərlik tədbirlərindən birində iştirakçılara (deməli, məmləkətə!) xitabən

 

Bu Vətənin seli ilə vətənləşək,

Tər çiçəyi, gülü ilə vətənləşək,

Güllərinin ləçəyində şehi ilə vətənləşək,

Yarpağına sığal çəkən mehi ilə vətənləşək,

Şimşəyiylə, yağışıyla vətənləşək,

Əsgərlərin baxışlyla vətənləşək!.. -

 

deyirdi. Bu, şair amalıydı, hərbçi-şair amalıydı, hərbçi-şair təmənnasıydı. Bu təmənna Şuşaya, Laçına, Kəlbəcərə, Ağdama, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Zəngilana aparacaq yola xeyir-duaydı. Bu təmənnanın ruhlara hopduğu aprel döyüşlərində təsdiqləndi...

...Ötən il Əməkdar İncəsənət Xadimi polkovnik Abdulla Qurbani "Vətən uğrunda" medalıyla təltif edildi. Abdulla Qurbani üçün bütün medallar dəyərlidi, çox dəyərlidi. O, bu təltifə medalın adında ehtiva olunan Vətən kəlməsinə görə qədərsiz sevinirdi; Vətənə xidmət edə-edə "Vətən uğrunda" medalıyla təltif olunması bu duyğusal, bu istedadlı, bu yorulmaz, bu qətiyyətli, bu vətənsevər zabitə qədərsiz könül xoşluğu vermişdi...

...Aprel döyüşlərinin nəticəsi kimi Lələtəpə işğaldan azad edilmişdi. Abdulla Qurbani də ordaydı, bu qədərsiz sevinci əsgərlərin əhatəsində yaşayırdı. Bu günü zaman anlamında dünənlərdən, görənlərdən biriydi Abdulla Qurbani...

Bu qələbə məmləkət boyu sevinc haləsinə dönmüşdü. Sevincdən camaatın ürəyi köksünə sığmırdı. Abdulla Qurbani bunu duyurdu, görürdü. Ağsaqqalların baxışlarında çırpınan istəyi də gördü və... "Gəlin", - dedi. "Qəbiristanlığa gedirik, rəhmətə gedənlərin ruhunu yad eləməyə..." getdilər. 23 il bu avaza, bu kəlamlara tamarzı qalan məkanda "Yasin" oxundu. Azərbaycan əsgərinin adından; Abdulla Qurbani həm də ənənələrin yaşarılığının cəfakeşidi...

O anlarda ağsaqqalların şükranlığı göy üzünün göylüyünə qarışmışdı. Lələtəpənin o tərəflərinin də belə bir sevinclə əhatələnəcəyinə inam vardı. Ağsaqqalların baxışlarında...

Əməkdar İncəsənət Xadimi polkovnik Abdulla Novruz oğlu Qurbanovun Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdünə layiq görülməsi Vətən üçün yaşanılan ömürə verilən yüksək dəyərdi...

Palıd ömrü ifadəsi, könlümə yatan ifadədi; torpağa bağlılığı, torpaq - Vətən sevgisini görürəm bu ifadənin apaydın işığında...

 

Əsgər ömrü palıd ömrü deməkdi...

 

Abdulla Qurbaniyə xitabən deyirik ki:

 

Vətən - qibləgahın, Vətənə görə,

Səngərlərdən gəlir sənin səsin .

Ürəyin üçrəngli bayrağa dönür,

Palıd ömürlülər əhatəsində!..

 

Rəşid Faxralı

 

Ədalət.- 2016.- 21 iyul.- S.4.