Sirli ədəbiyyat: "Üçbucaq poeziya"

 

Tarix göstərir ki, bütün əsrlərin sonu, digər əsrlərin başlanğıcı inqilablarla zəngin olub. Bu inqilablar təkcə siyasi müstəvidə deyil, texnoloji, ədəbi, mədəni, dəb və s. sahələri əhatə edib ki, əsrin növbəti davamı həmin dirçəlişin kölgəsində "sərinlənib”. Xronoliji ardıcıllıqla mövzunu başqa yönə aparmaq niyyətində deyiləm, çünki bu inqilablar arasında ən həssasını diqqətə gətirmək istərdim: ədəbi-mədəni inqilabın kölgəsində xumarlanan seksual inqilab! Başqa cür desək "romantizm”, "simvolizm, "modernizm" adı altında ağılalmaz üçlükçoxluq (poliqamiya). Maraqlıdır ki, yaşadığımız əsr də daxil, bütün dövrlərdə şərq dünyasını poliqamiyada, siğəçilikdə günahlandırıb üstünə də cahil damğası vurublar. Amma qərb dünyası müxtəlif sevgi üçbucaqları, orgiyalar, insestləri həyatının bir parçası edərkən "İntibah”, "Gümüş əsr”, "Mədəni dirçəliş”, "Postmodernizm” və s. adlarla bəzəyib təfəkkürləri korlayıblar. Elə çox guleylənmədən sevgi üçbucağının istər ədəbi-mədəni, istər elmi mühitdə normal sayıldığı "Gümüş əsr” sevgilərini "Sirli ədəbiyyat”da işıqlandıraq.

Vladimir Mayakovski, Aleksandr Blok, Anna Axmatova kimi adlar nəinki Rusiya, hətta onun sərhədlərindən kənarda da tanınıb sevilir, əsərləri kitab rəflərinin ən görkəmli sıralarında özünə yer alır. Başqa sözlə, bu adlar və onların bəhrəsi ölməzlər sırasındadır. Amma düşünəndə ki, həmin ədəbi nümunələrin ilham mənbəyi necə bir sevgi olub, ən yaxşı, ən tolerant halda təəccüblənirsən. Pisini özünüz oxuyanda hiss edərsiniz. Təəssüratlar sərbəstdir!

XX əsr nəinki texnoloji yenilikləri ilə digər əsrləri üstələdi, həm də elmi, ədəbi-mədəni mühitdə yaradıcılıqdan tutmuş, davranışa, şəxsi münasibətlərə qədər kökündən dəyişdi. Bu əsrə qədər dəfələrlə cinsi azadlıq və ya qapalılıq növbələşərək tarixdə öz izlərini qoymuşdu. Deyək ki, qədim Roma əxlaqsızlığından sonrakı dövrdə Xristian dininin gətirdiyi özünənəzarət uzun müddət davam etsə də yenidən "İntibah” adı altında əski dəyərlərin üstündən xətt çəkməklə açıq-saçıqlıq baş qaldırdı. İstər ədəbiyyat, istər incəsənətdə tərənnüm edilən çoxünvanlı sevgi macəraları kübar cəmiyyətlə yanaşı, ən sıravi ailələri də əhatə edirdi ki, arzuolunmaz qan qohumluqları, bir evdə qarışıq fərdlərlə sevgi münasibətləri baş alıb gedirdi. Sonrakı dövrdə yenə ülvi hisslər qalib gəldi, mənəviyyat əxlaqsızlığı üstələdi. Amma "Gümüş əsr”in gözqamaşdıran çoxsevgililiyi yenidən kölgəyə çəkilmiş əxlaqsızlığı ədəbi-mədəni cərəyanların müxtəlif adı altında işıqlandırmağa başladı. Yuxarıda adlarını çəkdiyim qələm adamları bu insanlardan sadəcə bir neçəsidir, daha doğrusu, dünya ədəbiyyatına bəlkə də rəhbərlik edən rus ədəbiyyatının bayraqdarlarıdır.

Qeyd etdiyim dövrdə ənənəvi ailə institutu nəinki "üçüncü yamağa uğradı, hətta kökündən dəyişildi. "Gümüş əsr”in ədəbi təmsilçiləri bu dəyişiklikləri nümunə olsun deyə, öz həyatlarında tətbiq etməyə başladılar. Mənəvi normaları pozan poliqamik evlilikləri ilə müasirlərinin tez-tez heyrətləndirirdilər.

Bunların içərisində ən diqqət çəkən "nikahşair Vladimir Mayakovski ilə o zamanın ən yaxşı ədəbi dərnək və salonlarından birinin sahibəsi Lilya Brikonun qanuni əri ədəbi tənqidçi Osip Brik arasında olub. Mayakovski ilə Lilyanın münasibətləri başlayanda qadın ərdə idi və nikahını pozmağa da maraqlı deyildi. Dəli-divanə aşiq olan Mayakovski vəziyyəti olduğu kimi qəbul edir, amma sevgilisindən də ayrılmaq istəmir. Çıxış yolu kimi şair sevgilisinin evində yaşamağı görür. Osip Brikin də "xeyir-dua”sı ilə üçlük bir evin içində xoşbəxt həyat sürür. Üstəlik, münasibətlərini də gizlətmədən kübar dairələrə belə üçlük formasında təşrif buyururlar. Eyni zamanda, üçlüyün hər üzvünün də "anlaşmaya görə kənarda ayrıca sevgilililər mövcud idi ki, bu da onların xoşbəxtliyinə qətiyyən xələl gətirmirdi. Sonralar Lilya xatirələrində bu sevgi macərasına belə bəraət qazandırırdı: "Bəzən bilərəkdən Volodyanı o biri otaqda bağlayıb Osiplə sevişirdik. Aramıza gələ bilməyən Volodya hirsindən ağlayırdı. Amma növbəti gün bu qısa ayrılıqdan törəyən möhtəşəm şeirlər yazırdı. Yəni rus poeziyasına belə əvəzolunmaz xidmətlərim olub”.

Qəribəsi odur ki, Mayakovskinin alnına başqa üçbucaq məhəbbət də yazılmışdı. Onun daha bir taleyüklü sevgilisi olmuş aktrisa Veronika Polonskaya da ərli qadın idi. Onlar tanış olanda qızın 21, şairin isə 36 yaşı vardı. Briklə sevgi oyunundan yorulmuş şair, gerçək münasibəti bu sevgidə axtarsa da, alınmır. Veronika da ərindən ayrılmaq istəmir və şair taleyinin yenidən təkrarlanmasından depressiyaya düşür. Aktrisadan boşanmağı, hətta sənətini atmağı tələb edir, təəssüf  ki, rədd cavabı alır. Və sonuncu belə tələb dolu münaqişədən sonra özünü güllələyir.  

"Poeziyaya belə əvəzolunmaz xidmətləri” olan şairlərdən biri də şöhrəti sərhədlər aşmış Anna Axmatova idi. 1919-cu ildə Axmatova ikinci ərindən də ayrıldıqdan sonra yaxın rəfiqəsi – aktrisa, dövrünün ilham pərilərindən sayılan Olqa Qlebova-Sudeykinanın yanına köçür. Olqanın əri, bəstəkar Artur Lurye Annanın keçmiş sevgilisi olmuşdu və rəfiqəsi də bunu bilirdi. Odur ki, köhnə sevgi yenilənəndə bu Olqanı qətiyyən narahat emədi, əksinə belə münasibəti hər iki tərəfin yaradıcılığı üçün münbit şərait hesab etdi. Nəticədə, hər iki yaradıcı şəxsin ilham pərisi rolunu oynamaqla baş qəhrəmana çevrilirdi. Axmatovanın "Qəhrəmansız poeması”nın qəhrəmanı da elə rəfiqəsi idi. Amma filoloq Aleksandr Jolkovskinin iddiasına görə, bu üçbucaqda kişi əsas deyildi. Sevgi hissləri əsasən iki rəfiqənin arasında tüğyan edirdi. Bu münasibət ta Lurye Berlinə gedənə qədər davam etdi. Bir daha Rusiyaya qayıtmayan Burye "həyat yoldaşları”nı Berlinə çağırsa da yalnız Olqa bu çağırışa səs verdi. Axmatova Rusiyada qalıb yenidən ərə getdi.  

Yeri gəlmişkən, Olqa bundan qabaq rəssam Sergey Sudeykində ərdə olanda da belə üçbucaq formalaşdırmışdı: şair Mixail Kuzmini öz ailəsinin vazkeçilməz üzvü etmişdi. Hələ araya 4-cü üzv, 18 yaşlı gənc şair Vsevolod Knyazevdaxil olduqdan sonra bu roman faciəylə bitdi. Dəliqanlı yaşda olan şair dolaşıq vəziyyətə dözməyib özünü güllələdi. 

Şair Aleksandr Blok, onun arvadı – məşhur kimyaçı alim Mendeleyevin qızı Lyubov Mendeleyevadaha bir şair Andrey Belıy. Yəni əsrin əvvəlində səs salmış növbəti sevgi üçlüyü. Blok arvadına sırf alim atasına görə həddən artıq hörmətlə yanaşırdı, hətta ideallaşdırırdı. Nəticədə isə bu izdivac getdikcə platonikləşirdi. Bununla belə Blokun kənarda müğənni Voloxovaaktrisa Delmasla münasibətləri vardı. Nəhayət ədəbi dərnəklərin birində Andrey Belıy alim qızına aşiq olur və çılğın sevgi alovu tezliklə şəhər mühitini "bürüyür”. Blok isə bu "buynuzqoyma” prosesindən narahat olmadan, "tretiy lişniy” demədən özünü bu məhəbbətin dəryasına atır. Amma ənənəvi kişilik qüruru öz sözünü deyir. Tezliklə Blok arvadını şair dostuna qısqanır, deyilənə görə hətta duelə də çağırır (bu, dəqiq məlumat deyil). Amma fakt odur ki, Belıy da dostuna xəyanət etdiyi üçün özünü qınayıb depressiyaya düşür. Buna baxmayaraq, alim qızına olan məhəbbətindən də vaz keçmir. Lakin bu məhəbbət cəmi iki il çəkir. Sonra qanuni ər-arvadın yeni məhəbbət macəraları ortaya çıxsa da, bu, onların nikahını daha da möhkəmləndirir, hər halda 18 il birgə yaşayıblar. Hərçənd Mendeleyeva sevgililərinin birindən uşaq dünyaya gətirib.

Əslində üçbucaqlı siyahıda belə macəralar çoxdur. Mövzunu uzatmaq, hətta ardını növbəti buraxılışda davam etmək olardı. Nəzərə alsaq ki, bəzi oxucular poeziyanın özü ilə yanaşı, onun müəllifini də ilahiləşdirmək istəyirlər. Odur ki, şeytanilik zirvəsində olmuş şairlərin sayəsində bu ilahi mərtəbəyə gedən pillələri uçurmayaq.

 

Şəfiqə ŞƏFA

Ədalət.- 2016.- 29 iyul.- S.4.