BU GÜNDƏN
SABAHA... ƏBƏDİYYƏTƏ"
Əjdər Qiyaslının yeni
kitabı
Mənə elə gəlir ki, Azərbaycanın
söz məkanında ən mülayim, ən səmimi və həm
də ən çox diqqət göstərən müəlliflərdən,
yazarlardan biri, bəlkə də birincisi Əjdər Qiyaslıdı.
Ona tanıdığım gündən birmənalı şəkildə
dərk etmişəm ki, bu insan hər kəsə müsbət
enerji ötürür, ətrafında həmişə səmimi
bir aura olur və uzun müddət də səni tərk etmir.
Doğrusunu
deyim ki, bunun səbəbinin, hardan qaynaqlandığını
uzun-uzadı düşünəndən sonra özüm
üçün müəyyənləşdirdim və bu qərara
gəldim ki, Əjdər müəllimin ruhundakı,
varlığındakı bütün bu müsbət
çalarlar iki reallıqdan bəhrələnir. Onun birincisi Əjdər
Qiyaslının tanınmış bir elm adamı, pedaqoq
olmasıdı. Yəni bu insan peşə baxımından
seçdiyi müəllimliyi şərəfləndirən və
bu şərəfi də ziyalılıqla birləşdirən
elm adamıdı. İkincisi, təbii ki, onun kövrək
duyğularıdı, onun şairliyidi. Bax, bu iki reallıq onu
bütöv bir enerji mənbəyinə çeviribdi. Və mən
də bu insanı tanıdığıma, onunla həm mətbuat
səhifələrində, həm həyatda görüşlərimdən
çox məmnunam.
Bir
müddət bundan öncə, daha dəqiq desəm, düz
bir ay bundan öncə Əjdər müəllim bizim
redaksiyamıza gəlmişdi. Çox səmimi bir avtoqraf
yazdığı yeni kitabını o mənə hədiyyə
etdi. Elə yanındaca kitabı vərəqlədim, onun
kövrək misralarına görə xoş olduğumu və
diqqətinə görə ona ehtiramımı bildirdim. Aradan
keçən bu zaman kəsiyində vaxt tapıb Əjdər
müəllimin kitabını bir oxucu diqqəti ilə
gözdən keçirdim. Gördüm ki, qocaman şairimiz bu
kitabını ömrünün çiçəkləyən
zamanında dünyasını dəyişmiş qızı
Nabit xanımın əziz və unudulmaz xatirəsinə ithaf
edib. Və bu kitabda onun poemaları və şeirləri
toplanıbdı. Şairin kitabın ilk səhifəsindəki
oxuculara ünvanlanan misraları özü-özlüyündə
kitabın ovqatını yaradır. Bilirsən ki, burada
hansı auranın qoynunda olacaqsan. Beləcə:
Sahilə
çırpılıb yetəndə kaman,
Dalğalar
gücünü dəryadan alır.
Dəyərli
şeirlə nurlanır səma,
Yaradan
yaşayır, yaranan qalır.
Həyatdan
silinmir nə vaxt, nə vədə;
Yaxşılar
yaddaşda dərin kök salır.
Necə
ki, həyat var... hər bir ölkədə,
Yaradan
yaşayır, yaranan qalır.
Bəli,
Əjdər müəllimin dediyi kimi, həqiqətən
yaranan qalırsa, böyük anlamda desək, izin, əməlin
qalırsa, deməli, onu yaradan, yəni sən də
qalırsan, sən də yaşayırsan.
Oxuduğum
bu kitabda Əjdər müəllimin vətən sevdalı, vətən
həsrətli şeirləri çoxluq təşkil edir. O
şeirlər Şuşaya, Ağdama, bütövlükdə
Qarabağa, işğal olunmuş torpaqlarımıza, şəhidlərimizə,
əsgərlərimizə ittihaf olunub. Qocaman şairimiz öz
hisslərini bir-birindən kövrək misralarla oxucuya
çatdırır. Məsələn:
Çəməndə
qönçəli tər gülü dərdim,
Sandım
ki, qəbahət eyləmişəm mən.
Gördüm
tez saraldı... çoxaldı dərdim,
Gül
məndən incidi, yoxsa çəməndən.
Və
yaxud:
Sızıldayır
həzin-həzin
Ürəyimdə
yaram dərin.
El-obanı
gedin, gəzin,
Çarəsini
tez göndərin.
Və
yaxud:
Qarabağ,
ay Qarabağ,
Gəl
qəlbimi ara, bax.
Canım
sənə qurbandı,
Yolum
düşsə hara, bax.
Mən
Əjdər müəllimin bu təzə kitabını onun
növbəti poetik uğuru kimi qiymətləndirir və
bundan sonra da öz ilhamının ifadəçisi kimi
oxucularını al-əlvan söz çiçəkləri
ilə sevindirməyi arzu edirəm. Və bilirəm ki, həmişə
baş verən hadisələrə şair həssaslığı
ilə yanaşan, müəllim müdrikliyi ilə qiymət
verən Əjdər Qiyaslı hələ bizi və
bütövlükdə ouxucularını çox sevindirəcək.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.-2016.- 29 iyul.- S.4.