Yeniləşən Salyan
"... Bu gün Azərbaycan təkcə neft ölkəsi deyil, bu gün Azərbaycan həm də kənd təsərrüfatı, sənaye ölkəsidi. Bizim kifayət qədər təbii, iqtisadi sərvətlərimiz, gücümüz, imkanlarımız var. Çalışmalıyıq ki, bundan sonra da qeyri-neft sektorunu daha da geniş əhatədə, daha böyük sürətlə inkişaf etdirib Azərbaycanın nemətlərini təkcə özümüzün, ölkəmizin bazarlarında deyil, həm də dünya bazarlarına çıxaraq".
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
Bu gün Azərbaycanda bir bayram əhval-ruhiyyəsi yaşanır. Təkcə paytaxtımızda deyil, demək olar ki, Azərbaycanın bütün bölgələrində, qəsəbə və kəndlərində hər kəs bir neçə gün sonra dünyanın şahidi olacağı Formula 1 oyunlarıyla bağlı xoş bir ovqat üzərində köklənib. İstər medianın, istər ictimaiyyətin, istər hətta sıravi Azərbaycan vətəndaşının sözü, söhbəti məhz bu oyunlarla bağlıdır. Təbii ki, Avropa oyunları kimi Formula 1-də Azərbaycanın ictimai-siyasi həyatında böyük hadisədi və bu hadisə həm də özü ilə birlikdə ölkəmizin coğrafiyasında da bir yeniliyin, bir idman coşqusunun müəllifinə çevrildi. Yəni hər bir Azərbaycan vətəndaşı bu oyunlarla hazırlıqla bağlı aparılan işlərdə həm iştirakçıya, həm də şahidə çevrildi.
Biz regionların inkişafına dair dövlət proqramının növbəti materiallarını hazırlamaq üçün Salyana üz tutmuşduq. Böyük çoşqu ilə keçəcək bu yarışları biz də yaxından izləyə biləcəyi. O cümlədən Salyanda da uşaqdan böyüyə hər kəs bu əlamətdar hadisənin onlara bəxş etdiyi sonsuz iftixar hissini yaşayacaqdır.
Bəli, bu xoş ovqatla Salyanı gəzib bu bölgədə son illərdə həyata keçirilmş yenidənqurmanı, tikinti-bərpanı, eləcə də insanların sosial-iqtisadi durumunun yaxşılaşdırılması üçün görülmüş işlərin ümumi mənzərəsi ilə daha yaxından tanış olmaq fürsəti qazandıq. Həmsöhbət olduğumuz rayon sakinləri, xüsusilə rayon icra hakimiyyəti aparatında çalışanşəxslərin verdikləri bilgilərdən öyrəndik ki, həqiqətən də indi Salyanda böyük və diqqətçəkən işlər görülür. Bu işlərin sırasında rayon mərkəzində aparılan quruculuq və abadlıq işlərinin xüsusi yeri var. Bu fikriləri dinləyərkən biz də təbii ki, daha böyük maraqla ətrafa göz gəzdirdik və gördük ki, həqiqətən də rayonun mərkəzində səliqə-səhman, abadlıq işləri hər kəsin üzünə gülür, hər kəsi özünə cəlb edir.
Bax, bu mənada ölkəmizin barlı-bəhərli bölgələrindən olan Salyan rayonunda, eləcə də onun mərkəzində yol tikintisi, küçə və səkilərin abadlaşdırılması əsas diqqət mərkəzində olan işlərdən sayılır. Əgər faktlara diqqət yetirsək, onda görərik ki, ötən ilin sonlarında və bu ilin birinci rübündə Salyan şəhərindəki Fikrət Zərgərli, Yunis Zərgərli, Mirbağır Ağazadə, Əlövsət Qasımzadə və digər küçələrin başdan-başa yenidən qurulması, yüksək səviyyədə asfalt-beton işlərinin görülməsi hər kəsin ürəyincə olmuşdu. Təbii ki, bu qədər böyük əhatəli işlərin qısa bir vaxtda başa çatdırılması çox sevindirici haldır. Xüsusilə həmin küçələrin səkilərinin də, eləcə də bu küçələr boyu uzanan divarların üzlərinin də təmir olunması, Daş piltələrin, ağ layların döşənilməsi həm görülən işin ömrünü uzatmış, həm də onun gözoxşayan olmasına təimnat vermişdi.
Bu gün Salyanda küçə və yolların abadlaşdırılması işi çox böyük bir ruh yüksəkliyi ilə davam etdirilməkdədir. Xüsusilə Ənvər Qasımzadə, Nəriman Nərimanov, Mirbağır Ağazadə və Yunis Zərgərli küçələrində həyata keçirilən həmin abadlıq və yenidənqurma sözün həqiqi mənasında insanların doğulduğu torpağı və onun inkişafına olan ürək dolu sevgisindən xəbər verir. Deməli, Salyan rayonunda adı çəkilən küçələrdə bu ilin birinci rübündə 1700 metr uzunluğunda qazıntı işləri aparılmış, üstəlik də 1857,5 km uzunluğunda hörgü işləri görülmüşdür. Bu işlərin aparılması isə öz növbəsində 810 kv.metr suvaq işlərinin də görülməsinə də imkan vermişdi. Əgər təkcə adı çəkilən küçələrdə görülən bu işləri dəyərləndirsək, onda məlum olar ki, rayonda 90376,67 min manatlıq abadlıq işi həyata keçirilmişdi. Təbii ki, həmin işlər bu gün də davam etdirilir və bu işlərin davam etdirilməsində də başlıca məram rayonun müasirləşməsi, abadlaşması və burda yaşayanların sosial durumunun yaxşılaşdırılmasıdır.
Salyanda olarkən diqqətimizi çəkən bir məqam da şəhər mərkəzinin yaşıllıqlara bürünməsi idi. Demək olar ki, bütün küçələrdə gül kolları, həmişəyaşıl ağaclar əkilmişdi. Maraqlandığımızı hiss edən rayon sakinləri bildirdilər ki, son illərdə rayonda 12 mindən artıq ağac və gül kolları əkilibdi. Təbii ki, bu da həm təbiətə olan sevginin bəhrəsidi, həm də aran bölgəsi sayılan Salyanda insanların istirahəti, bu bölgənin iqlim şəraitinin dəyişdirilməsinə olan bir təşəbbüsün real nümunəsidir. Hər halda yaşıllıq həmişə və hər yerdə insanlara müsbət enerji bəxş edir, onların ətrafında xoş bir aura yaradır. Bax həmin xoş məqamlardan biri də Azərbaycanın dəyərli söz adamlarından biri olan xalq şairi Xəlil Rza Ulutürkün adını daşıyan küçədə aparılan abadlıq və yenidənqurma işləridi. Xüsusilə bu küçədə tikilmiş beşmərtəbəli biznes mərkəzi bütövlükdə rayona bir yaraşıq verir, onun görkəmini daha da cilalayır. Deməli, yüksək arxitektura üslubu ilə tikilən və arxitektur nümunənin ətrafla kompleks yaratması özü-özlüyündə həm işin keyfiyyətindən, həm də bu işi görənlərin öz rayonlarını gələcəkdə daha da gözəl görmək istəyinin əyani nümunəsidir.
(Ardı var)
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2016.-1 iyun.-S.3.