"AZƏRBAYCAN"

 

Arxada qalan may ayının 3-cü ongünlüyündə ən çox izlədiyimiz və böyük maraqla mütaliə etdiyimiz "Azərbaycan" jurnalının builki 5-ci sayı işıq üzü gördü. Təbii ki, hər bir sayında oxucular üçün maraqlı ədəbi nümunələr təqdim edən jurnal həm də yeni imzalara, yeni bölmələrə də xüsusi diqqət yetirir. Bax, bu mənada jurnalın builki 5-ci sayındı mən ilk dəfə olaraq qarşılaşdığım imzalar da var idi. Həmin imzalarla bağlı fikirləri bölüşməmişdən öncə necə deyərlər, qaydalara uyğun olaraq jurnalın ilk səhifəsindən fikirlərimi diqqətə çatdırmağa çalışacam.

Etiraf edək ki, bu gün yaradıcılığı, böyük söz dünyası müəyyən qədər arxa plana keçmiş, əslində isə özünün cənub mövzuları ilə, Təbriz çağırışları ilə, həmçinin qəzəlləri ilə dillər əzbəri olan, oxucu könülləri fəth edən xalq şairi Süleyman Rüstəm 110 illiyi ilə bağlı həm xalq yazıçısı Anarın həmişəki kimi böyük ürəklə yazdığı fikirləri, həm də şeirlərindən, qəzəllərindən nümunələr məndəki nostalji duyğuları bir daha oyatdı. Xüsusilə Anar müəllimin yazdığı "Süleymanla Süleymansız" başlığı çox mətləbləri büruzə verirdi. Jurnalın nəsr bölümündə Mübariz Cəfərlinin "İkinci Adəm" romanı, Atababa İsmayıloğlunun "Köləliyin ilk günü" hekayəsi, Laura Cəbrayıllının "Göz yaşı muzeyi" hekayəsi oxucuların diqqətinə təqdim edilibdi. 5-ci sayın poeziya bölümündə tanınmış şairlərimiz Yusif Həsənbəyin, Ağacəfərin, Rəşid Faxralının, eləcə də Eldar Səfa, Mənsurə Qaçayqızı, Məryəm Aslanqızı, Aqşin Evrənin şeirləri təqdim olunubdu. Həmin şeirlərin hər birində təkcə kövrək duyğular deyil, həm də insanı düşündürən, onun həyatının müəyyən detallarını qabardan fikirlər də ifadə olunur. Məsələn, Rəşid Faxralı yazır:

 

Bu ilin qışı tərs gəlib,

Qar düşəcək yolumuza.

Gözəli, göylərin nəyi

var, düşəcək yolumuza.

 

Əzəl başdan dünya-gidi,

Çoxdan pas atıb kilidig

Qar deyil, göyün sirridi,

Sirr düşəcək yolumuza.

 

istək yağa - təzə tərg

Gülümsəyə budaq - çətir

İl boyu gözlədim, yetər

Şeir düşəcək yolumuza.

 

"Azərbaycan" jurnalının xatirələr, duyğular bölümündə AMEA-nın müxbir üzvü, professor, millət vəkili Nizami Cəfərovun "Keçən günlərin "tərcümeyi-halı"" publisist yazısı çap olunubdu. Bu yazıda bir nostalji hiss hakimdi. Oxuduqca arxada qalan böyük bir zaman kəsiyini vərəqləməli olursan. Həmçinin jurnalda "dəyərli masa" bölümündə tənqidçi Nərgiz Cabbarlının koordinatoru olduğu layihə gerçəkləşdirilib. Bu layihədə xalq şairi, bugünlərdə 70 illiyini qeyd etdiyimiz Sabir Rüstəmxanlının "Şair və Şər" əsəri müzakirə edilibdi. Dəyərli masanın qonaqları AYB-nin katibi İlqar Fəhmi, filologiya elmləri doktoru İslam Qəribli, Asif Rüstəmli, Vaqif Yusifli, həmçinin əsərin müəllifi Sabir Rüstəmxanlıdı. Bu sayda tanınmış və Azərbaycanın ən dəyərli dostlarından olan Oljas Süleymenovun 80 illiyi ilə bağlı şair Məmməd İsmayılın ürək sözləri, həmçinin yubilyarın şeirləri də oxuculara təqdim edilibdi.

Yazının əvvəlində xatırlatdım ki, jurnalın bu sayında yeni imzalardan da xəbər tutmaq mümkündür. Bu mənada tənqidçi Bəsti Əlibəylinin təqdimatında türk şairi Dilavər Cəbəçinin barəsində məlumat verilib, onun şeirləri oxuculara təqdim olunubdu. Ümumiyyətlə jurnalın bu sayında ilk dəfə olaraq aktual bir mövzu "Tolerantlıq türkçülüyün və islamın kökündədi" adlı yazı təqdim edilib. Həmin məqalənin müəllifi Fərəh Cəlildi. Jurnalın bu sayını əldə edib oxuyan hər kəs Günel Natiqin, Ülkər Baxşəliyevanın, Paşa Əlioğlunun da bir-birindən maraqlı publisist yazıları və təqdimatları ilə tanış ola biləcəklər. Düşünürəm ki, bu dəfə də jurnalın redaktoru İntiqam Qasımzadə, baş redaktorun müavini Südabə Ağabalayeva və məsul katib Tofiq Mahmudov "Azərbaycan"ı sevənləri həqiqətən sevindirə bilib.

 

Ədalət.-2016.-1 iyun.-S.4.