Ruhun baxışları altında
“ANAMA
MƏKTUB”LARLA SÖHBƏT
Əbülfət MƏDƏTOĞLU
Birinci yazı
Adətən
içimə hopan və anbaan da qanıma, iliyimə işləyən
sözü, fikri, hadisəni, gördüyümü,
eşitdiyimi, bir sözlə, rəngindən, çəkisindən,
formasından asılı olmayan bir varlığı, bir mahiyyəti
yaşamaq, onu özündə daşımaq mənə
çox baha başa gəlir.
İnanın
ki, bu dediklərimi qanımda, ruhumda, canımda hiss etdikcə mən
də yavaş-yavaş özümdən xəbərsiz həmin
o mənə hopana, məni öz aurasına alana
köç edirəm. Necə deyərlər, dərzi
kimi iynəmi sancmışam yaxama, səyyah kimi
çantamı atmışam kürəyimə və
çıxıb gedirəm. Heç kimə
də heç nə demədən. Getdiyimi
bir Allah bilir, bir də özüm. Özümdən
də daha çox ruhum. Çünki məni getməyə
vadar edən, necə deyərlər,
yır-yığış hökmü verən Allah mənə
ruh vasitəsiylə həmin o hökmü icra etmək şəraiti
yaradır, imkanı verir... Və beləcə,
çıxıb gedirəm. Özü də
bax burda mütləq deməliyəm ki, mən gedəndə
necə deyərlər, ellikcə gedirəm, bütün
dünyamı özümlə aparıram. O
dünyamı ki, getdiyim yer qapısını o dünyanın
üzünə açıbdı. Orda mən yad deyiləm...
orda mən qonaq sayılmıram... və orda mənim öz
işim var... Mən də sözün qara fəhləsi kimi
qolumu çırmayıb orda qum ələyirəm...
palçıq qarışdırıram... daş yonuram...
divar hörürəm... Və bütün bunlar cümlələrə
çevrilir. Bu, Çin səddinin divarı
deyil. Bu, sözün divarıdı. Həmin divarın üstünə çıxmaq
olmaz. Çünki söz Allahındı,
yaradan Odur. O divardan sadəcə boylanmaq olar, əllərini
qaşının üstünə qoyub boylanmaq, lap uzaqlara
baxmaq olar... Orda nə görəcəksən, nə
görünəcək, bu da başqa bir dünyanın
sözüdü, dünyanın görüntüsüdü.
Ona qədər isə...
Hə,
bax indi mənə hopmuş, qanıma, iliyimə işləmiş
yazının, daha doğrusu, məktubun vərəqlərini
çevirirəm, say etibariylə cəmi beş
məktubdu. Amma bu beş məktubun vərəqlərinin
sayı bəlli olsa da, sözlərinin, cümlələrinin,
nöqtə-vergülünün sayı bəlli deyil. Özünə əziyyət verib saymağa da
ehtiyac yoxdu. Ona görə ki, o sözün hər biri
bir andı... o sözün hər biri bir sevgi ifadəsidi... o
sözün hər biri bir bağlantıdı... Və bu
dediklərimi bir məxrəcdə toplayan isə Ruhdu!
Özü də elə-belə ruh yox, ayaqlarının
altı cənnət olan Ana Ruhudu! Deməli, o məktublardakı
sözlər, işarələr iki dünyanın
arasındakı körpüdü. Körpünün bir
ucu burda, mənim, sənin, onun yaşadığı
dünyada ikinci minilliyini
aşıran Yer kürəsində, o biri ucu isə Tanrı dərgahında ayağının altında cənnət
olan Ananın ruhundadı, onun nəfəsində, onun
baxışlarında, onun təbəssümündə, onun
çöhrəsində, onun zəhmətində, onun
südündə, onun alicənablığında, onun
evdarlığında, onun ailəcanlığında, onun
ağbirçəkliyindədi. İndi
özünüz düşünün. Görün, bu beş məktubda nə qədər məqam
var, nə qədər gözlə görünməyən,
amma ruhun gedib gəldiyi yol var. Bu yol da elə-belə yol deyil.
Bu yol, məktub sahibinin vurğuladığı olumdan
ölümə olan yoldu... bu yol özündən özünə
yoldu... bu yol övladdan anaya yoldu... bu yol oğuldan anaya yoldu...
bu yol bu gündən həm dünənə, həm də
sabaha yoldu... Deməli, bu yolda bir
Zəmzəm şırıltısı, bu yolda bir layla
səsi, bu yolda bir xeyir-dua çələngləri, bu yolda
bir uğur diləyi, bu yolda bir “xoş gəldin” sədası
müşayiətçidi. Çünki bu
yolla keçib gedənlər öncə dediyim kimi, hara getdiklərini
bilirlər. Və bu yolla kimin gəldiyindən
də qarşılayanlar halidilər.
Düşünməyin ki, bütün bunlar bir pafosdu,
sözlərin bir-birinə calaq edilməsidi. Yox, əgər
belə düşünsəniz yanılacaqsınız və
sizin içinizdəki sevgi pardaqlanmayacaq, çiçək
açmayacaq. Çünki siz onun üstünə
şübhə toxumu səpirsiniz... onun üstünə qara
kölgə salırsınız və unudursunuz ki, yerdən
ruhun olduğu nöqtəyə qədər məsafəni
inamsız keçmək olmaz. Özündən-özünə
ümidsiz yola çıxmaq mümkün deyil. Deməli,
hər iki halda siz yarımçıq, tamlığını
itirmiş bir əşyaya, lap olsun bir canlıya çevrilə
bilərsiniz. Bu da olsa-olsa həyatda bir say göstəricisi ola bilər. Necə deyərlər,
Allahın sevdiyi, bəndənin görüşünə
qollarını açdığı insanlardan yox, sadəcə,
yer tutanlardan biri. Mən bunu kimsəyə
arzu etmərəm. Axı, yaranan sevilməlidi.
Çünki Yaradan onu məhz olumdan
ölümə qədərki yolu sevgiylə, ümidlə
keçib getmək üçün yaradıb. Və onun boynuna hamı kimi gərəkli olmaq,
hamı üçün yaşamaq donu da biçibdi. Mən bu məqamda bir sözün də ilməsinə
toxunmaq istəyirəm. O da həmin məktublarda
vurğulanan ad məsələsidi. Əslində
bu ad məsələsi o məktubların vərəqlərə
köçürülməsinə təkan verən bir şərtdi.
Və məktubların
müəllifi ilk sözünü məktubu oxuyanlara
çatdırmaq üçün bir neçə səmtə
əl atıb, diqqət yetirib. Onun biri də ad
məsələsidi. Və bu məsələni
çox sadə bir üsulla gətirib qoyub
gözümüzün qarşısına. Sonra bəzilərimizin bildiyi, bəzilərimizin bilmədiyi
bir işarəni, bir çınqını
alışdırıb hərəkətə gətirib.
Bu işarə, bu çınqı da “məktub”
sözüdü. Məktubun mənası
məhz burda açılıb. Axı, məktub
insanın alın yazısıdı, qədəridi, onun həyatıdı,
onun yaşamıdı və məktub həm də Uca
Varlıq tərəfindən yazılır, bir də o Uca
Varlığın yazdığını yer üzündəki
bəndələr kağız-qələm vasitəsiylə
bir-birlərinə çatdırırlar, bir-birlərinə
ötürürlər. Yeddi nəsil
ardıcıl olaraq bu məktublar vasitəsiylə bir-birində
yaşayır, bir-birinə köç edir. Üstəlik, bu ad həm də
sahibini göstərir, təqdim edir...
Bu yerdə “Məktub” müəllifinin bir fikriylə
müəyyən qədər razılaşmıram.
Çünki müəllif adın hər
şeyi ifadə etdiyi kimi, bəzən uğursuz da
olduğunu, yəni aid edilən fərdin o adı
doğrultmadığını da vurğulayır və
çox haqlı olaraq bunu şəraitlə də, mühitlə
də, məkanla da bağlayır. Amma bir gerçək də var ki,
o da atanın gözünü çıxarıb Koroğlu
olmaq istəyidi. Axı, onda Koroğlu demirlər, kor
kişinin oğlu deyirlər!!! Bax, bu mənada
adın işığı, adın rəngi, adın tutumu həmişə
sevinc gətirmir... həmişə adamın əlini Tanrı
ətəyinə çatdırmır.
Bütövlükdə isə həqiqətən ad çox böyük mənanı,
çox böyük mətləbləri ifadə edir. Bu bir
gerçəkdi!
Hə, mən
beş məktubdan söz açdım və
sözümün bir nöqtəsində ad məsələsini
qabartdım. İndi də keçirəm bu məktubun,
bu adın söykəndiyi, üz tutduğu, yol getdiyi mətləbə.
O ünvana ki, onun həm ad kimi mənası, həm varlıq
kimi mahiyyəti dünyanın bütün nöqtələrində,
dünyanın bütün insanları üçün eyni və
son dərəcə ləkə götürməyən,
müqəddəsdən də müqəddəs bir
varlığı təqdim edir. Bu da Anadır! Dinindən,
irqindən, dilindən asılı olmayaraq, bütün
insanlar üçün bu zərif məxluq müqəddəsdi,
güclüdü, dözümlüdü, səmimidi,
halaldı, pakdı, işıqdı, sirr yeridi, xilaskardı və
toplum halında Mələkdi! Az-çox
düşünmək, dərk etmək qabiliyyəti olan hər
kəs bilir ki, anadan əziz, anadan müqəddəs və nəhayət,
ana qədər də yanımlı, ana qədər də zəhmətkeş,
ana qədər də cəfakeş ikinci bir varlıq yoxdur.
Yeri gəlmişkən, biz doğulduğumuz məkana
da Ana Vətən deyirik. Müəllif də
bunu vurğulayıb. Çünki
doğulduğumuz məkan bizə ana qədər əzizdi,
doğmadı, bizi qoynunda bəsləyir, bizi ayaqda saxlayır,
bizi yaşadır və sonda da bizi yenə qəbul edir. Yəni canımız, varlığımız olan
ana ruhuyla bizi içində, dünyasında saxlayır.
Bizi yaşadan və bizi ayaqda saxlayan Ana vətən
isə sonda cismimizə sahib çıxır. Burda da biz
olumdan ölümə, həm də ölümdən oluma bir
yolçuluq etmiş oluruq!..
“Məktub”ları oxuyuram. Birinci məktubda mənim
bir oxucu olaraq anladığım məqam övladın ana ilə,
daha doğrusu, bu dünyanın insanının Tanrı dərgahında
olan ana ruhuyla söhbətinin şahidi oluram. Amma məlumdu ki, ruhlar danışmır, ruhlar hiss
etdirir. Müəllif də, yəni
oğul da ana ilə, daha doğrusu, onun ruhu ilə hal-əhval
tutur, danışır, sualların cavabını o
danışığın içərisində oxucuya
köçürür. Hiss edirsən ki, oğulun
sualının cavabı qarşı tərəfdən
növbəti sualda, növbəti cümlədə artıq
verilir. Çünki o məktubu yazan məqamda oğul da bu
dünyada olmur, oğul da məktubu ruhuyla yazır... ruhlar
görüşür, ruhlar söhbət edir... Hətta mənim
bir oxucu kimi çox yaxşı tanıdığım
görkəmli yazıçı-publisist, sözün,
jurnalistikanın mogikanlarından olan, möhrünü
jurnalistikaya, publisistikaya əbədi həkk etmiş canlı
klassikimiz Əli İldırımoğlunun məktubarxası
obrazı da o ruhların söhbətinə elə
qovuşdurulur, o söhbətlərdə elə iştirak edir
ki, bəzən mənə elə gəlir ki, Əli
İldırımoğlu ruhuyla bu məktubun yazılma prosesini
hətta, bu məktublaşmanı müşayiət edir. Və mən inanın ki, tam səmimiyyətimlə
deyirəm, məktubu oxuduqca elə hiss edirəm ki, dəyişən
səhifələri mən çevirirəm, vərəqləri
mən əvəzləyirəm bir-biriylə. Bu da elə-belə
mənim müəllifə və yaxud digər oxuculara xoş gəlmək
üçün dediyim söz deyil. Bu mənim də öz anama
içimdə yazdığım, misralara çevirdiyim
duyğuların başqa bir formasıdı, başqa bir şəkildə
ifadəsidi. Axı, əvvəldə
vurğulamışdım, dilindən, dinindən, irqindən
asılı olmayaraq hər kəsin, yəni bütün
insanların sevgisinin birləşdiyi ünvan Anadı! Məhz ona görə də Ana Tanrı dərgahında,
Cənnət bağında yaşayır. İstəyir bir övlad anası olsun, istəyir
on. Və yaxud da bəxtinə övlad
düşməsin. Amma onların həyatdakı,
cəmiyyətdəki qadın missiyaları təkcə
övlad dünyaya gətirmək deyil axı. Onlar zəif
və zərif cins olaraq əslində işıqdılar... əslində
gücdülər... əslində ikinci tərəfi, yəni
güclü cinsi idarə edirlər, ram edirlər, yönəldirlər.
Bu, yaşama, inkişafa, formalaşmaya verilən
təkandı, göstərilən xidmətdi. Deməli, bütün hallarda ana da, bacı da,
qız övladı da o böyük sevginin
daşıyıcısıdı.
“Məktub”ları oxuyuram. O məktublar bir analı
dünyanın ayrı-ayrı anlarıdı. Qubadlıdan
başlayıb, Naxçıvandan keçib, Ağdamdan
ötüb Bakıya gəlib. Və bir də
Bakıdan köçüb, Ağdamdan keçib,
Naxçıvandan ötüb Qubadlıya qayıdıbdı.
Yəqin bu yol sizə bir az qəribə gəldi.
Amma yox, bu qəribə deyil, bu bir gerçəkdi.
Axı yol olumdan ölümədi, ölümdən
də oluma. Məktubun
ünvanlandığı ana Qubadlıda doğulub,
Qubadlıda sevib ailə qurub. Və sonra
ömür-gün yoldaşıyla gəzib
Naxçıvanı, Ağdamı, Bakını. Gəzib, keçib, köçüb gəldikcə
də övladlarını, o cümlədən də məktubun
müəllifini özü ilə gətirib - əvvəl
qucağında... sonra əlindən tutub... sonra yanaşı
addımlayıb... sonra da böyütdüyü ağacın
əhatə dairəsində kitablara sığmayacaq
anların məktuba çevrilməsinə səbəbkar
olub. Yəni mahiyyətə çevrilibdi! Ona görə
də o Ananın övladına, xüsusilə ailənin
böyüyünə, yəni Əli
İldırımoğluna olan bir qadın, bir ailə
xanımı, bir ev təsərrüfatını
idarə edən insan kimi obrazı çox bütövdü,
kamildi. O anada iddia yoxdu! O anada sevgi var! O anada tələb yoxdu! O anada
qayğı var! O anada hərislik yoxdu! O anada gözütoxluq
var! O anada təkəbbür yoxdu! O anada hamilik var! O anada
qamarlamaq, yığmaq, toplamaq yoxdu! O anada olanı
paylaşmaq, bölüşmək, hamını yerli-yerində
görmək ustalığı var! Elə bil
ki, Allah onu bu dünyaya ehtiyacı olanın əlindən
tutmaq, ac olanın süfrəsinə çörək qoymaq,
yıxılanın qolundan tutub qaldırmaq, xəstənin dərmanını
çatdırmaq, əzilənin haqqını qorumaq
üçün göndərib. Elə bil ki, Allah o
ananı qonşuları, qohumları, el-obanı bir-birinə
bir az da doğmalaşdırmaq, bir az da
mehriban etmək üçün göndərib. Elə bil ki, Allah o ananı şam kimi
alışıb günəş kimi işıq saçmaq,
ailəsinin, övladlarının, ətrafının
dünyasını işığa qərq etmək
üçün göndəribdi.
Bütün bunları mən o məktublardan oxudum, o məktublardan
götürdüm. Elə birinci məktubda mən tam əmin
oldum ki, ad məsələsi elə-belə deyilmiş. Çünki o ananın özü ruh şəklində
övladında, doğmalarında, onu tanıyanlarda
yaşadığı kimi, onun adı da övladının nəvəsində
yaşayır. Ruh ölmədiyi kimi, ad da ölmür və...
Mən bu yazını elə burdaca yarımçıq
saxlayıram.
Çünki o biri məktubların hər
birindəki oxşar məqamlardan başqa elə məqamlar
da, elə nöqtələr də var ki, onu bir yazıda ifadə
etmək, yəni içimə, canıma, qanıma hopanı təzədən
qələmə, kağıza gətirmək çox çətindi.
Adamın, yəni bu məqamda şəxsən
mənim buna fiziki gücüm çatmır. Çünki başımın üstündəki o
ruh, gözümün qarşısındakı qaçqın
anam bomboz bozarmış saçlarıyla,
qırışmış çöhrəsiylə və quyu
dibinə düşmüş gözləriylə mənə
baxır. Bu baxışların altında “Məktub”ları birnəfəsə
öz bildiyim, duyduğum, anladığım kimi ifadə etmək
çətindi. Yaman çətindi. Ona görə də bu yarımçıq
yazının ardını gözləyin.
Ədalət.-2016.-11 iyun.-S.8.