GÖYÇAY:
MÜASİRLƏŞMƏNİN YENİ
MƏRHƏLƏSİ
REGİON
(əvvəli ötən
sayımızda)
2015-ci ildə nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, yeni avtomobil yollarının çəkilişi sahənin inkişaına öz müsbət təsirini göstərmiş, nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 868 min ton yük, 131,8 min nəfər sərnişin daşınmışdır ki, bu da əvvəlki ilə nisbətən müvafiq olaraq 6,4 faiz və 6,0 faiz çoxdur.
Rayon əhalisinin elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüş, elektrik yarımstansiyalarında daha müasir avadanlıqlar quraşdırılmışdır.
Elektrik enerjisi ilə təminatının etibarlılığının artırmaq üçün ötən il 18 ədəd transformator məntəqəsi yeni transformator məntəqəsi ilə əvəz olunmuş, yeni yaşayış məhəllələrində 5 ədəd transformator məntəqəsi quraşdırılmışdır. Rayonun elektrik təsərrüfatında SİP kabellərdən istifadəyə başlanılmış, 771 ədəd metal dayaqlarla 23,9 km. uzunluğunda SİP kabellər çəkilmişdir. Şəhər əhalisinin təbii qazla təchizatının yaxşılaşdırılması üçün Zərdabi, Z.Nəcəfov, R.İsayev küçələrində yararsız qaz xətləri yeniləri ilə əvəz edilmiş, şəhər ərazisində 5 ədəd yeni qaz tənzimləyici şkaflar quraşdırılmış, bütün qaz tənzimləyici şkaflara və siyirtmələrə texniki baxış keçirilərək saz vəziyyətə gətirilmişdir...
Abadlıq və quruculuq işlərinin
möhtəşəmliyi
Hesabat dövründə abadlıq və quruculuq sahəsində xeyli işlər görülmüşdür.
Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə böyük tikinti və abadlıq işləri aparılmış, qısa müddət ərzində burada gənclər mərkəzi, bayraq meydanı və bayraq muzeyi inşa edilmiş, mərkəzin qarşısında ulu öndərin ağ mərmərdən abidəsi ucaldılmışdır. Heydər Əliyev Mərkəzinin qarşısındaki ərazi başdan-başa abadlaşdırılmış, yeni işıqlandırma sistemi qurulmuş, İtaliyadan gətirilmiş 500-dən artıq ağac və 10 mindən artıq gül və bəzək kolları əkilmiş, ərazidəki səkilərə 2800 kv.m. tamet piltələr, 1140 kv.m. bordürlər düzülmüş, 3330 kv.m. yaşıllıq ərazisi salınmış və şəhər sakinlərinin istirahəti üçün oturacaqlar düzülmüşdür. Mərkəzin qarşısında, həmçinin parkın ərazisində fəvvarə kompleksləri inşa edilmiş, ərazidə ana və uşaqların istirahəti üçün kafe istifadəyə verilmişdir. Hesabat dövründə şəhərin küçə və meydanlarının abadlaşdırılması və yaşıllaşdırılması istiqamətində daha çox iş görülmüşdür.
Heydər Əliyev prospekti, Natavan, Ə.Kərim, M.Hüseynzadə, Nizami, M.Ə.Rəsulzadə, R.Rza küçələri əsaslı yenidənqurulmuş, yol kənarı divarlar və səkilər müasir memarlıq baxımından üzlənmiş, yeni işıqlandırma sistemi qurulmuş, dam örtükləri təzələnmiş, çəmənliklər salınmış, küknar və bəzək ağacları əkilmişdir. Heydər Əliyev prospektində, Ə.Kərim, M.Ə.Rəsulzadə küçələrində çoxmənzilli binalar müasir memarlıq üslubunda yenidən üzlənmişdir. Stomotoloji poliklinikanın qarşısında fəvvarə kompleksi istifadəyə verilmişdir. Şəhərin N.Nərimanov, Atatürk, Füzuli, Qantəmir, R.İsayev, Bakı, Zərdabi, Z.Nəcəfov, 28 may, N.Rəfibəyli, Sabir, Ə.Cavad küçələrinə və ictimai həyətlərə 250 min kv.m. artıq yeni asfalt örtüyü salınmış, küçələrin böyük əksəriyyətində səliqə-səhman yaradılmış, divarlar qaydaya salınmış və rənglənmişdir.
Bütün bunlarla yanaşı şəhər təsərrüfatının işində problemlər də vardır. Suvarma arxlarının mühafizə zolağı ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt edildiyindən, bir sıra yerlərdə mühafizə zonasında ticarət və xidmət obyektləri inşa edildiyindən arxların texnika ilə qazılmasında ciddi çətinliklər mövcuddur. Məişət tullantılarının və ayrı-ayrı həyətlərdən çirkab sularının suvarma arxlarına tökülməsi hallarına qarşı lazımi mübarizə aparılmır və bu sahəyə nəzarət etmək üçün şəhər bələdiyyəsinin və icra nümayəndəliyinin, bu sahəyə məsul olan təşkilatların məsul işçilərindən yaradılmış komissiyanın fəaliyyəti lazımi səmərə vermir.
Şəhərin ekoloji və sanitar vəziyyətinə nəzarət edilməsi sahəsində regional ekologiya və təbii sərvətlər idarəsinin, gigiyena və epidemiologiya mərkəzinin, profilaktiki dezinfeksiya şöbəsinin, rayon baytarlıq idarəsinin, şəhər icra nümayəndəliyinin, Göyçay bələdiyyəsinin fəaliyyətinə nəzarət gücləndirilməlidir.
Dövlət mənzil fondunun qorunması, ictimai həyətlərin səliqəli saxlanması sahəsində mənzil istismar sahəsinin fəaliyyətindəki nöqsanlar ləng aradan qaldırılır.
Yeni əkilmiş ağaclara qulluq göstərilməsi və mühafizəsi işi lazımi səviyyədə təşkil edilmədiyindən onların müəyyən hissəsi tələf olur.
Hesabat dövründə İkinci kənd investisiya layihəsi çərçivəsində rayonun kənd yaşayış məntəqələrində bir sıra işlər görülmüş, 10 kənddə layihələrin həyata keçirilməsi üçün icmalar yaradılmışdır. Layihə çərçivəsində Şəkər kəndində tibb məntəqəsi, Çaxırlı kəndində uşaq bağçası təmir edilmiş, Kürdşaban, Çərəkə, Kürdəmiş kəndlərində drenaj sistemləri, Ləkçıplaq kəndində suvarma sistemləri təmir edilmiş, Qarabaqqal, Cəyirli, Bəydövül kəndlərində icma abadlaşdırılması işləri aparılmış, Şəhadət kəndində kəndarası yol təmir edilmişdir.
Dövlət
Proqramının icrası
2016-cı ilin yanvar ayının 26-da pataxtdakı Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfransda iştirak etmişdir.
Dövlət başçısı konfransda çıxış edərək ölkənin iqtisadi vəziyyətini təhlil etmiş, mövcüd problemlərin aradan qaldırılması və görüləcək işlər barədə müvafiq tapşırıqlar vermişdir. Prezident ölkənin dayanıqlı inkişafının başlıca amili kimi sahibkarlarla geniş meydan verilməsinin, özəl sektorda məhsul istehsalının artırılmasının, bunun üçün dövlət qurumları ilə sahibkarların birgə fəaliyyətinin vacibliyini, sahibkarlara dövlət tərəfindən hər cür dəstəyin veriləcəyini bildirmişdir.
Hesabat dövründə "Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi sahəsində müəyyən işlər görülmüşdür.
Ölkəmizdə alternativ enerji mənbələrindən, xüsusən hidroresurslardan geniş istifadə edilməsi çərçivəsində Yuxarı Şirvan kanalının Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən əlverişli və münasib hissəsində inşa edilən 3 Mva gücü olan "Göyçay -1" su elektrik stansiyası istifadəyə verilmişdir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2016.-2 mart.-S.3.