QAX: İNKİŞAFIN TƏNTƏNƏSİ

REGİON

 

"...Qaxın çox gözəl təbiəti, gözəl iqlimi vardır. Əlbəttə ki, bunlar turizmin inkişafı üçün böyük potensialdır. Bütün bu şimal-qərb zonasının turizm imkanları çox genişdir. Əminəm ki, gələcəkdə bu istiqamətdə daha da böyük işlər görüləcəkdir".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Nə yaxşı ki...

 

... Nə yaxşı ki, bu yerlərdə dağlar, meşələr, çaylar, bulaqlar - bütövlükdə təbiət yalnız fəsillərə "tabe" olub özəlliyini əbədən qoruyub saxlayır, dəyişmir, doğallığını, sirli-sehrli cazibəsini bir an belə adiləşdirmir. Yoxsa, 10-15 il buralara yolu düşməyən, hətta burada yaşayıb bir müddət ayrılıqda olan, indi Qaxa gələrsə, vallah çaşıb qalar, elə bilər istiqaməti səhv salıb... bəlkə də gördükləri bir röyadır. Əgər min illərin bu sehrli yaddaş kodu - dəyişməz qalan dağlar, meşələr olmasa, əlbəttə ki... Bunlar təkcə urbanik təəssürat oyatmır. Bunlar həm də Qax rayonunun son dövrlər möhtəşəm inkişafı, eynilə respublikamızın timsalında yüksəlişin qanunauyğun dialektikasıdır, məhz ümumi tendensiyaların daha parlaq təzahürüdür. Dövlətimizin, cənab Prezidentimizin uğurlu daxilixarici siyasətinin nümunələrindən biridir bugünkü Qax rayonu. Elə cənab Prezidentin özü Qaxa səfərləri zamanı fəxr ediləsi nə qədər fikirlər söyləyib bu rayonun gözəlliyi və inkişafı haqqında. Bütün bunların şahidi olub da sevinməyə bilmirsən, qəlbin iftixar hissi ilə dolub-daşır hər zaman.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yüksək vəzifəli dövlət məmurlarının da tez-tez yolu düşür Qax rayonuna. Fevral ayının əvvəllərində MeliorasiyaSu Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin rayona gəlişi zamanı sakinlərlə keçirdiyi görüşlər, məhrəm söhbətlər hamının ürəyincə olmuş, qaxlılar ölkə başçısının ətrafında sıx birləşərək bütün məsələlərdə rəhbəri dəstəklədiklərini bildirmişlər.

Belə inamlı yanaşmalar rəhbərə rəğbət və minnətdarlığın ən gözəl nümunələridir. Rayonda keçirilən bütün iclas və yığıncaqlarda, eləcə görüş və söhbətlərdə məhz belə bir xoş əhval-ruhiyyə hökm sürür. 2015-ci ilin yekunlarına həsr olunmuş yığıncaqdakı kimi.

 

Uğurların təminatı

və problemlərin həlli yolları

 

Qaxda keçirilən ümumrayon yığıncağında geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev demişdir:

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2016-cı ilin yanvar ayının 10-da keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ötən ilin yekunları müzakirə olunmuş, cari ildə görüləcək işlər müəyyənləşdirilmişdir. Dövlət başçısı 2015-ci ildə dünyadaregionda iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyini, qanlı toqquşmaların davam etdiyini bildirməklə, yaxın Şərqdə gedən proseslər nəticəsində yüz minlərlə insanın həlak olduğunu, milyonlarla insanın qaçqın və köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırmışdır. Prezident İlham Əliyev vaxtilə ölkəmizin də bu problemlə üzləşdiyini, lakin daxili resurslar hesabına vəziyyətdən çıxdığını, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlərin görüldüyünü bildirmişdir. Hazırda qaçqınların üz tutduğu Avropada radikal qüvvələrin, islamofobiya meyillərinin güclənməsinin müşahidə olunduğunu deyən ölkə başçısı dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlığın Azərbaycanı da narahat etdiyini, ölkəmizin bu təhlükəli meyillərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracağını vurğulamışdır. 2015-ci ildə Azərbaycanın inkişaf etdiyini, qarşıda duran vəzifələrin icra olunduğunu bildirən Prezident İlham Əliyev dövlətimizin bundan sonra da regionda sabitləşdirici rol oynayacağını, risklərin azalmasına çalışacağını qeyd etmişdir.

Ötən il neftin qiymətinin düşməsinin və manatın devalvasiyaya uğramasının Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini deyən dövlət başçısı bunun səbəbinin kənarda yarandığını, neftin qiymətinin azalmasının iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu bildirmişdir. İclasda qeyd olunmuşdur ki, Azərbaycanın yerləşdiyi regionda geosiyasi gərginliyin artmasına baxmayaraq, 2015-ci ildə ölkə iqtisadiyyatının artımı, büdcə dayanıqlılığı təmin edilmişdir. Ümumi daxili məhsulun artım səviyyəsi əvvəlki illərlə müqayisədə az olsa da, ötən il ölkə iqtisadiyyatı artaraq ümumi daxili məhsul 1,1 faiz, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz olmuşdur. Kənd təsərrüfatında isə artım 6,6 faiz təşkil etmişdir. Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuş, bunun da yarısı xarici sərmayələrin payına düşmüşdür...

 

"Kənd təsərrüfatı ili" ...

 

... 2015-ci ildə respublikamızda olduğu kimi rayonumuzda da müvafiq sahələrdə bir sıra işlər görülmüş və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2015-ci il tarixli sərəncamı ilə " Kənd Təsərrüfatı ili" elan olunmuş hesabat ilində rayonda bitkiçilik və heyvandarlıq məhsulları istehsalının və emalının artırılması, suvarılan torpaqların su təminatının yaxşılaşdırılması sahəsində həlli vacib olan tədbirlər davam etdirilmiş, nəticə etibarilə xeyli uğur əldə edilmişdir. 2015-ci ildə 10867 hektar payızlıq əkin sahələrindən 28534 ton məhsul istehsal olunmuşdur ki, bunun da 15700 tonunu buğda, 12834 tonunu isə arpa məhsulu təşkil etmişdir. Tələb olunan bir sıra aqrotexniki tədbirlərin həyata keçirilməsinə daha ciddi yanaşılması, eləcə də hava şəraitinin əlverişli keçməsi nəticəsində taxılçılıqda orta məhsuldarlıq 26,3 sentner təşkil etmişdir ki, bu da 2014-cü illə müqayisədə 12,3 sentner çoxdur. 2015-ci ilin payızında 2016-cı ilin məhsulu üçün, əvvəlki təsərrüfat ilindən 2023 hektar çox olmaqla, 12890 hektar sahədə payızlıq taxıl, o cümlədən 8300 hektar sahədə buğda, 4590 hektar sahədə arpa əkini aparılmışdır. Hesabat ilində 7301 ton qarğıdalı, 2061 ton tərəvəz, 1800 ton bostan, 9704 ton meyvə, o cümlədən 3058 ton fındıq istehsal olunmuş,450 ton ətirli quru tütün tədarük edilmişdir.

Dövlət başçısının "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin icrası təmin edilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara ciddi əməl olunaraq lazımi sənədlər hazırlanaraq 2007-ci ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına 7,1 milyon manat, o cümlədən 2015-ci ildə 914 min manat məbləğində yardımın verilməsi təmin olunmuşdur. Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli 100 nömrəli qərarının icrası ilə əlaqədar rayonda taxıl toxumçuluğu ilə məşğul olan təsərrüfatlara satdıqları yüksək reproduksiyalı toxumlara görə 701 min manat subsidiyanın verilməsi təmin olunmuş, hesabat ilində satılmış 1500 ton kondisiyalı toxuma görə 111 min manat subsidiyanın verilməsi üçün sənədlər Respublika komissiyasına təqdim edilmiş, vəsaitin verilməsi təmin olunmuşdur.

2015-cü ildə Aqrolizinq ASC-nin Qax rayon "Aqroservis" filialı tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli qiymətlərlə satılması məqsədilə 540 ton azot, 135 ton ammofos gübrəsi gətirilmiş, il ərzində taxılçılıqla məşğul olan sahibkarlara 70 faiz güzəştlə 250 ton azot və 135 ton ammofos gübrəsinin satılması təmin olunmuşdur. Hesabat ili ərzində filiala məxsus texnikalar vasitəsi ilə rayonun ayrı-ayrı ərazilərində 680 hektar şum, 230 hektar səpin, 2100 hektar sahədə taxıl və qarğıdalı biçini aparılmışdır...

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2016.-2 mart.-S.4.