Aybəniz
Əliyar
MƏNİ
Allah, elə-belə alma bu canı,
Bir soyuq baxışa tuş eylə məni.
Qara gecələri sevən gözəlin,
Gözündə bir damla yaş
eylə məni.
Elə ağrı ver ki, bilməsin heç kim,
Əqlimi
məhkum et, ruhumu küskün.
Əvvəl göyümü qur;
buludlu, çiskin,
Sonra bir havalı quş eylə məni.
Gözüm qəm aynası,
duman, çən axar,
Gah yerli, gah yersiz şimşəklər
çaxar.
Ürəyimi çıxar, qəlbimi
çıxar,
Beləcə bir qara daş
eylə məni.
***
Unudulmuş qadındır dəniz,
orda batanların cəzası olmaz...
Saçlarını
qürublarda darar,
Ətirlənməz sabahların sevgisində...
Gözlərinin aynasında
qaralar axşamların
xəyalı...
Çəkməz nəfsini
yeni sevdalar...
Unudulmuş qadındır dəniz...
Göylərə tutqunluğu qədər
dumduru, şəffaf...
Fırtınalar kimi coşqun,
Batırdığı gəmilər kimi hüznlü...
***
Bir ağ kağıza
yazacam adını,
atacağam pəncərəmdən
üzüaşağı...
Ucacaq payız yarpağı kimi,
bir gözəlin islanmış çətirinə
yapışacaq.
Rüzgar
götürüb ordan
oynadacaq havada,
sərçələr dimdikləyəcək
səkilərdə...
Yavaş-yavaş qaralacaq hava,
Düşəcək gecə,
Üşüyəcəksən mənsiz...
Darıxacaqsan...
Çıxıb ordan
elə bir quş dimdiyində,
bir dəli rüzgarla
döyəcəksən pəncərəmi
yenidən...
Pıçıldayacağam adını sənsizliyə,
elə həmin məhəbbətlə...
***
Sevilən qadının hər
telini
bir ulduz bəzəyər gecələr.
Yastığına dağılsa
yox olar zülmətin.
Əllərini tutsan
gözlərinə dolar şəfəqi...
Dodaqları arı şanı
kimi
diş-diş olar, öpsən...
Yuva-yuva
ballanar
dilindəki arzular, toxunsan...
Sevilən qadının ürəyi
uşaq beşiyi kimi ətirli olar...
Bətni
hamilə qadın kimi dolu...
Sevilmək arzusu
bitməz ki sevilən qadının...
Yenicə
dil açmış körpə kimi
şipşirin olar hər gün bir az daha...
Yenicə
ayaq açmış
körpə kimi
sənə gəlişi
heyran edər aləmi...
***
Gündəliyinin vərəqləri olsa
səndən yazardı,
Tənhalığının otağı olsa,
çəkilərdi içinə
ağlamaq istəyəndə...
Heç
əri də yox idi,
eləcə uşaqlarının
atası var idi evində...
Gecələr hələ
xatirələr demək
deyildi,
Gecələr elə
bir küncdə saralan ümidlərin
qara köynəyi idi.
***
Mənim
evimdə
sənin ayrıca
saatın var,
kiçik əqrəbi
sənsən,
böyük əqrəbi
mən,
hər saatda fırlanaram başına...
Mənim
evimdə
sənin ayrıca
saatın var,
qəhvəaltı saatın,
darıxdığın anlar,
gözlədiyin saatlar,
yuxuya getmək istədiyin dəqiqələr,
darıxanda ən uzaq məsafədə qalar,
gözləyəndə yaxınlaşar,
yuxuya getmək istəyəndə
bir-biriylə cütləşər
əqrəblər...
Mənim
evimdə
sənin ayrıca
saatın var,
gecələr səsi
qulaqlarımı deşər,
gündüzlər zamanımı
ayarlayar...
Sənin
saatınla yaşamaq nədir,
bilirsənmi?
***
Bir də arzular var, əlçatmaz...
Hər şey içində gerçək və doğru...
Sevmək
asan,
qovuşmaq ondan da asan...
Pəncərələri işıqlı,
qapısı daima açıq...
Gecə
bilməyən,
ağrı hiss etdirməyən...
Bir də arzular var, inanılmaz...
Xəyallarından çıxmayan qonaq,
ürəyində yerini rahatlayan
qərib bir aşiq...
Gəldiyi yollardan yorulmuş
kimi
son sığınacağı olduğun
duyğular dünyası...
Bir də arzular var, şipşirin...
Onun gülüşləriylə dolu,
istiliyiylə isinmiş,
anlayışıyla bol...
Gözlərinin sənə dikilən
ümid sancağı kimi
vüqarlı, şəffaf...
Həmişə ovucunun
içindəymiş kimi
həyəcanlı...
***
qağayı öpüşüydü
dənizlər,
günəşin gəlinliyiydi
qürublar,
kəpənək tozuydu güllər,
təsəlliydi ağrılar,
göz yaşları da kirpiklərin şəlaləsiydi,
dodaqların o söz
üçün rənglənmişdi
o gün,
xəyalın da məni ovutmaqdan ötrü
soyunmuşdu,
dağ-dağ, oymaq-oymaq
yaşamaq vardı bu həyatı,
hisslər şan bağlamışdı yenə
də,
arı tikanı idi sevgilər,
yarpaqların ayrılığıydı
payız,
məni sənə sevdirmək üçün
gəlmişdi bu səfər...
O UNUTDUĞUN QADINA...
Baxma ki, üşüyürsən,
Bir qadın
yanar oduna.
Biri səssizcə ağlayar,
Biri taxt qurar adına.
Biri görüşər... görüşər,
Biri eləcə öpüşər...
Biri yanından ötüşər,
Biri həkk
edər yadına.
Biri seçilməz çıraqdan,
Biri bilinməz
qonaqdan.
Biri naz edər uzaqdan,
Biri yetişər
dadına.
Biri ölər diri-diri,,
Biri də var... yoxdu yeri....
Amma çatmaz ki, heç biri,
O unutduğun qadına.
O GETDİ
Mən elə bilirdim getməyəcəksən,
Sən elə bilirdin qayıdacaqsan...
***
Üşüdü xəyallar bom-boş otaqda,
Olmadı bir dəfə qapını döyən.
Tale idimi bu, bəxt idimi bu?
Nə o deyən
oldu, nə də mən deyən.
Əvvəl nə idisə,
bilmədim nəydi,
İncə gülüş idi,
xoş ağız tamı...
Sonra bir ayrılıq qatarı gəldi,
Saldı yollarına intiharımı.
İnana
bilmədim qəlbimdəkinə,
Durmadan ağlıma
satdım özümü.
Onun gözlərindən qorxdum
elə bil,
Boğulmayım deyə atdım özümü.
Üşüdü xəyallar bum-buz otaqda,
Bağlı pəncərəmdən Günəş
dolmadı.
O getdi, onsuz da
mənim deyildi,
Ürəyi, ruhu da mənim olmadı...
ədalət.-2016.-12 mart.-S.13.