Beşmərtəbəli evin altıncı mərtəbəsindəki dünya

 

Bir insan ömrünə neçə fəslin sığacağına zaman həmişə qərar verə bilmir, çünki özünü təqvimlərə, aylara, günlərə, saatlara məhkum edən zamanın da çərçivələyə bilmədikləri var. Bu çərçivəyə sığmayıb bütün zamanlarda adını yaşadan şəxsiyyətlər var... Onlardan biri olanuşaqdan böyüyə, ədəbiyyata yad, doğma hər kəsin tanıdığı, sözün həqiqi mənasında mənsub olduğu xalqının yazıçısı Anar martın 14-də ömrünün 78-ci baharını qeyd edir. Əsərləri, ssenariləri ilə təkcə Azərbaycanda deyil, keçmiş Sovetlərdə, türk dünyasında tanınan, müasir Azərbaycan ədəbiyyatının bayraqdarlarından olan xaıq yazıçısı Anarın çox zəngin yaradıcılığı var. Anar bəlkə də azsaylı yazıçılardandır ki, onun ədəbi sərvətindən oxucular yetərincə bəhrələnib, hərə özünə bu sərvətdən pay ala bilib. Bəzilərinin yaradıcılığına işıq tutub, bəzilərinin ədəbi zövqünü oxşayıb, bəziləri bu əsərlərdə özünü tapıb... Ən əsası bu zəngin yaradıcılıq xalqının, ümumilikdə onu oxuyan hər bir millətin ruhunu oxşayıb. Hətta bu gün ona çamur atıb, gözdən salmağa çalışanların da... Bu gün silahını bu ədəbi qayaya tuşlayanların bir çoxunu erkən gənclik illərindən və ya orta məktəb sıralarından tanıyıram. Və... Anarın kitablarını qucaqlayıb yatdığını, yemək yeyərkən belə ayrılmadığını, onun ssenarisi əsasında çəkilmiş filmlərini o vaxtın təkcə bir kanalında həsrətlə gözlədiklərindən xəbərdaram. Guya zamanla, ədəbiyyatı incələdikcə Anarın böyüklüyünü kiçiltmək istəyənlərin dar ədəbi düşüncələri isə günümüzün şöhrət iddiasında sabun köpüyü kimi parlayıb sönənlərdəndir. Nə insanın, nə də təbiətin silahı qayadan heçqopara bilməz və bütün zamanlarda daş susqunluğu ilə qarşısındakını kölgəsində uyudar.

 

Anar ədəbiyyata keçən əsrin 60-cı illərində gəlib. Bu dövrün ədəbiyyat təmsilçilərini təkcə Azərbaycanda deyil, bütün postsovet məkanında "60-cılar” adlandırırlar. Xalq şairi Sabir Rüstəmxanlı demiş, o dövrün gənc ədəbi nəsli xoşbəxt nəsil idi, çünki dahilərlə bir arada idi. 60-cı illərin yaradıcı gəncləri yaşlı, amma görkəmli ədəbi nəsillə çiyin-çiyinə çalışa bilirdilər. Günümüzdəki kimi belə görkəmli simalara barmaqla sayılacaq qədər deyildi.

Anar ədəbiyyatda fərqini öz mistik, fəlsəfi düşüncələri ilə qoydu. Daha bir fərqi isə bu fəlsəfi düşüncələrin sadə dillə, hər bir oxucuya əlçatan olması idi. Anarın istənilən əsərini oxuyanda özünü ifşa olunmuş kimi hiss edirsən, sanki bu əsəri yazarkən Anar məni tanıyıb, gizli duyğularımı qələmə alıb deyə, düşünürsən. Belə olmasaydı, ötən əsrdə də, bu günonun ən məşhur qəhrəmanlarından olan Təhminə uğrunda mübarizə getməzdi, "Anarın Təhminəsi mənəm” deyənləri də qınamalı deyil, çünki yazıçının təxəyyülü insan övladının gündəlik yaşayışından tutmuş, dörd divar arasındakı şəxsi həyatına, içinə həbs etdiyi gizli duyğularına qədər yol tapa bilir. Odur ki, qınaqlara tuş gələn Təhminə və Zaurun məhəbbəti, Əsmərin bütün həyatını kölgələyən yanlış qərarı, özünü sənətə qurban verib dəyərini almayan qoca aktyorun nisgili, səsinə aşiq olub xəyali abidəsini yaratdığımız telefon sevgilisi hər birimizin bir parçasına çevrilməyi bacarıb. Anarın beşmərtəbəli evin altıncı mərtəbəsində qurduğu sevgi dünyası, bu üzdən əlçatmaz olubbu mərtəbəyə qalxmaq istəyənlər isə qolunda güc tapmayanda yarıda qalıb, vaz keçiblər, sonra da atdıqları xırda daşlarla səmaya açılan pəncərədə iz qoymaq istəyiblər.

Azərbaycanın böyük şairlərindən olan Rəsul RzaNigar Rəfibəylinin vətənə həm övlad, həm qələm davamçısı olaraq bəxş etdiyi Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlayıb. 1960-cı ildə "Azərbaycan" jurnalında çap olunmuş "Keçən ilin son gecəsi" və "Bayram həsrətində" adlı ilk hekayələrindən artıq qələminin gücünü göstərib. Anarın Azərbaycandan savayı,  müxtəlif ölkələrdə də çoxsaylı kitabları nəşr olunur. Əsərlərinə filmlər çəkilir. Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra nüfuzlu teatrlarında yazıçının pyesləri tamaşaya qoyulub. "Şəhərin yay günləri", "Adamın adamı",  "Səhra yuxuları", "Sizi deyib gəlmişəm", "Təhminə və Zaur", "Keçən ilin son gecəsi", "Qaravəlli" tamaşaya qoyulub. Onlarla filmə ssenari yazan, "Dantenin yubileyi" filminin, habelə iki hissəli "Üzeyir ömrü" və "Qəm pəncərəsi" filmlərinin quruluşçu rejissoru Anar özüdür.

Anar həm ictimai xadimdir. 1991-ci ildə Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 1997-ci ildə Yazıçıların X Qurultayında yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri vəzifəsinə seçilərək , hazırda bu məsul vəzifədə öz işini davam etdirməkdədir. Müstəqil Azərbaycanın Milli Məclisinin ilk iclasını da Anar açıb. 1995-ci 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri seçilərək, mədəniyyət, tarix memarlıq abidələrinin qorunması haqqında, Kinematoqrafiya haqqında qanunların Milli Məclisdə qəbul edilməsində mühüm rol oynayıb.

"Ədalətqəzeti adından xalqımızın yazıçısına can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.  

 

Şəfiqə ŞƏFA

Ədalət.-2016.-15 mart.-S.4.