Xalq şairi Söhrab Tahirin 90 illik yubileyi qeyd olundu
Martın
28-də Azərbaycan Yazıçılar Birliyində (AYB)
xalq şairi Söhrab Tahirin 90 illik yubileyinə həsr
edilmiş tədbir keçirildi. Adalet.az xəbər
verir ki, Söhrab Tahirin qələm dostları, yaxınları, mətbuat
nümayəndələrinin iştirak etdiyi tədbiri xalq şairi Sabir Rüstəmxanlı açaraq
səhhəti ilə əlaqədar yubiley mərasiminə qatıla bilməyən Söhrab Tahirə can sağlığı
arzuladı, onun salamlarını tədbir
iştirakçılarına çatdırdı. Söhrab Tahirin
yaradıcılığından danışan Sabir Rüstəmxanlı onun
19 romanın, cildlərlə
şeir kitablarının
olduğunu bildirdi.
Eyni zamanda, yaxın günlərdı
çap olunan 70 min misradan çox "Ata” poemasını da diqqətə çatdırdı:
"Söhrab Tahir həqiqətən də böyük şairdir. Araz dərdini, bölünmüş
Azərbaycan ağrısını
sözlə ovudan, tarixi hadisələri dəqiqliklə, böyük
məharətlə yazan
qələm sahibidir.
O, Pablo Neruda, Əziz Nesin
kimi XX əsr dahiləri ilə bir sırada duracaq ədibdir. Amma təəssüflər olsun
ki, xalqımız digər millətlər kimi fəal deyil, ona görə
də Söhrab Tahir dünyada layiqli yerini tuta bilməyib”.
Daha sonra AYB sədri, xalq yazıçısı
Anar çıxış
edərək bildirdi ki, həyati məşəqqətlər çəkərək
90 il yaşamağın
özü böyük
qəhrəmanlıqdır. Söhrab Tahirin böyük romanlarla yanaşı, kiçik misraları da hikmətli kəlamlar kimi xalqımızın yaddaşında
özünə yer edib. "İkiyə
bölünməkdən elə
qorxmuşam, çöpü
də ikiyə bölə bilmirəm” misrası bölünmüş
Azərbaycan dərdinin
bu böyük insanda necə dərin iz qoyduğuna
nümunədir.
Xalq yazıçısı
rəhbərlik etdiyi qurumun adından hədiyyəni Söhrab Tahirin oğluna təqdim etdi.
Xalq şairi
Nəriman Həsənzadə
Söhrab Tahirin bütöv bir dünya, epoxa olduğunu vurğuladı. Onun böyük qələm sahibi olmaqla yanaşı, həm də böyük şəxsiyyət olduğunu
dedi. Çəkdiyi əziyyətlərə baxmayaraq, həmişə
nikbinliyini, yumor hissini saxladığını
bildirdi. Onun azərbaycanlı
siyasi fəal seyid Cəfər Pişəvərinin yanında
çalışdığını, Bakıda müxtəlif vəzifələr tutduğunu
diqqətə çatdırdı.
AYB-nin Güney Azərbaycan bölməsinin
rəhbəri Sayman Aruz Söhrab Tahiri mənəvi atası kimi dəyərləndirdi. Onun cənubi azərbaycanlılara
yaşamaq, var olmaq uğrunda mübarizə apardığını
öyrətdiyini bildirdi:
"Onun bütün əsərləri şəxsi
müşahidələri əsasında
yaradılıb. Söhrab Tahir
əsl söz fədaisidir. Azərbaycanı birləşdirən qələm
simvoludur”.
Tədbirə qatılmış dünya
şöhrətli azərbaycanlı
Yaqub Zurufçu yaxın zamanlarda Söhrab Tahirin şeirlərinə həsr
olunmuş mahnılardan
ibarət disk çıxaracağını
diqqətə çatdırdı. Və o mahnılardan
birini – xalq şairinin məşhur şeirinə yazdığı
mahnıdan bir hissəni canlı olaraq zümzümə etdi. Həmçinin, şairin şeirlərindən
biri "Təzadlar” qəzetinin əməkdaşı
Elçin Məmmədli
tərəfindən səsləndirildi.
Tədbirdə xalq şairi Fikrət Qoca, tanınmış şərqşünas
Vasim Məmmədəliyev,
Dünya Azərbaycanlıları
Mədəniyyət Mərkəzinin
vitse-prezidenti Rasim Məmmədov və başqaları Söhrab Tahirin yaradıcılığı,
şəxsiyyəti haqqında
yüksək sözlər
deyərək, şairlə
səfərlər boyu
rastlaşdıqları maraqlı
əhvalatları, duzlu-məzəli
xatirələri bölüşdülər.
Şəfiqə
ŞƏFA
Ədalət.-2016.-29 mart.-S.4.