Əli Vahid Çaylının söz qibləgahı
Nizaməddin
Şəmsizadə,
professor
Şirvan...g Ulu Məkan...g dahilər yurdu bütöv Azərbaycan! - Şeirinin Şirəsini buradan çəkib Əli Vahid Çaylı. Mən həmişə bu fikirdə olmuşam ki, insan yaşadığı cəmiyyətdən çox, doğulduğu təbiətə bənzəyir. Əli Vahid də belədi... Şirvan kimi təbii-təmiz, mərd və sərt, xeyirxah və təmənnasız. H.Heyil deyib ki, şairi tanımaq üçün onun vətəninə getmək lazımdır. Şairin şeirinin ruhu, hüsnü, zülalı, axar-baxarı onun doğulduğu təbiətdən gəlir. Şoran torpaqda lıqqa arx suyu içib bulağın gözəlliyindən yazmaq mümkün deyil. Oranın da öz təbiəti var. Allah özünü göstərmək üçün təbiəti yaradıb.
Əli Vahid Çaylı Şirvanın təbiətindən və Şirvanı əbədiləşdirən sənətindən - Xaqani, Nəsimi, Seyid Əzim, Sabir şeirinin ənənələrindən gəlir:
Şirvanın min illik şahlıq dövləti,
Xaqani, Nəsimi ölməz qüdrəti.
Seyidi, Sabiri ədəb sərvəti
Dahilər yurdudu söz qibləgahım.
və ya:
Şirin
notlar üstə dindirin məni,
Bircə Vətən deyə sevdirin məni.
Ana torpaq üstə öldürün məni.
Ağlamasın
doğma qardaşım mənim...
Şirvan ilahi söz məbədidir, Şirvan dövlətçilik
akademiyasıdır. Azərbaycan dövlətçiliyinin üç zirvəsi
var: Atabəylər, Şirvanşahlar və Səfəvilə!
Şirvanşahlar ən uzun sürən dövlətimiz
olub. Harada dövlətçilik var, orada böyük mədəniyyət
və ədəbiyyat var, zəngin məişət var...
Əli
Vahidin şeirinin qəlbi Vətən eşqi ilə göynəyir,
onun ən yaxşı şeirlərində zaman-zaman
yağmalanmış, infarkt keçirmək ürək kimi
param-parça olmuş Azərbaycanın xilasına haray var:
Vətən
eşqi, millət eşqi olmayana oğul demə,
Vətən, millət qisasını almayana oğul demə.
Bir
müqəddəs sevgi ilə doğma yurdu sanıb Kəbə,
Zaman-zaman ona səcdə qılmayana oğul demə.
Əli Vahidin Vətənə həsr olunmuş şeirlərini
bir yerə yığsan, bütöv bir Vətənnamə
alınar. Öz zəmanəsindən, dünyadan
narazılıq şairin, sənətkarın xisləti, məziyyətidir.
Belə narazılıq şairin mövqeyini-məramını
bildirir:
Bu
dünyadan çox bezmişəm,
Nə edibsə, mən dözmüşəm.
İncimişəm,
lap küsmüşəm,
Niyə mənə güzəşt etmir?
Dünya mənlə yola getmir.
Bu əbədi sual həmişə poeziyanı
düşündürüb, elə Əli Vahidin sələfi
olan böyük şirvanlılar - Xaqani, Nəsimi, Sabir də
zaman-zaman bu suala cavab axtarıblar. "Dünya duracaq yer
deyil, ey dil, səfər eylə!" - bu
Nəsiminin orta əsrlərdən gələn
harayıdı.
Hər xalqın taleyində tarixin, zamanın
günahları adlanan bir yalan qəbiristanlığı var.
Biz yalanları ümid edə-edə faktiki olaraq öz
ömrümüzü bada veririk. Şair bu həqiqəti duyur və
gələcək nəsilləri ümid donunda yalanlara
uymamağa çağırır:
İşlər
belə getsə olduq zay, oğul,
Bəs babalar dərdin kimə söyləsin?
Günahı
zamanda görmə, ay oğul,
Günahkar bizlərik, zaman neynəsin?
Şair həmişə
özünü yazır! - bu həqiqət
Əli Vahidin şeirləri üçün də səciyyəvidir.
Onun şeirlərinin bir çoxu avtobioqrafik
mövzudadır. Elə bil ki, şair onu
düşündürən suallara cavabı öz daxilində,
qəlbində, yaddaşında axtarır. Bu səbəbdən
də Əli Vahidin bəzi şeirlərində
özünü təhlil diqqəti cəlb edir:
Bacara
bilmirəm özüm-özümlə,
Arzular qəlbimdə dəstələnibdir.
Mənim
həsrət dolu qəm nəğmələrim,
Könlümün səsinə bəstələnibdir.
Bu bənddə
iki mənalı motiv var: özünümühakimə -
şair özünü mühakimə edir və məlum olur
ki, onun şeirləri şairin könül səsinə bəstələnmiş
qəm nəğmələridir - Əli Vahidin şeirlərinin
əsas bədii-poetik məziyyəti məhz budur.
Qəm də ki, insanın ən doğma, ən səmimi
hissi, dahi Füzulinin sözləri ilə desək
"Şairliyin sərmayəsidir".
Bu gün Azərbaycanın ən böyük problemi, Azərbaycan
şairinin ən ağır dərdi Qarabağ taleyidir. Əli Vahid də
vətənkeş şair kimi bu tale yüklü problemi daim
göz önündə saxlayır, ona özünəməxsus
tərzdə yanaşır. Onu bu mövzuda
yazdığı şeirlərdə kişiliyin əsas şərti
olan, bizim milli mentalitetimizə xas qeyrət, namus söz
mizanına çəkilir:
Orda girov
qalıb ana-bacımız,
Gərək canımızda doşa qanımız.
Bəs hanı o namus, o vicdanımız?
Ölmək daha şərəf, öləydim gərək.
Çaylıyam,
sevirəm doğma Vətəni,
Vətəni uğrunda şəhid gedəni.
Görəndə
nankoru, şöhrət güdəni,
Ölmək daha şərəf, öləydim gərək.
Əlbəttə, biz şairin vətən
qarşısında qəhrəman babaların şəhidlərin
müqəddəs ruhu qarşısında xəcalət
hissini başa düşürük. Amma ölmək
asandır, ölmək dərdin əlacı deyil, yaşamaq,
mübarizə aparmaq lazımdır - Qarabağı azad etmədən
ölməyə ixtiyarımız yoxdur. Allah
bunu bağışlamaz, gələcək nəsillərin
qarşısında üzüqara olarıq.
Əli
Vahidə görə təbiətin insana bəxş etdiyi ən
ali hiss sevgidir. İnsanın gözəlliyi
onun bir-birinə olan sevgisi birgəliyidir:
Ağlar
qalan gözlər, nəm yaşı sevdi,
Biz niyə sevməyək bir-birimizi?
Qaya
uçdu düzə, daş-daşı sevdi,
Biz niyə sevməyək bir-birimizi?
Zirvəsi
əlçatmaz dağ, qarı sevdi,
Ölümü bilinməz sağ, yarı sevdi.
Ağac
çiçək açdı, bağ-barı sevdi,
Biz niyə sevməyək bir-birimizi?
Şeiri
oxuyub başa çıxırsan və sövq-təbii olaraq
bu sualı özünə verirsən: "Biz niyə sevməyək
bir-birimizi?" Doğrudan da biz niyə
bir-birimizi sevməməliyik - müasir multikulturalizm ölkəsində
insan-insanı, millət-milləti, xristian müsəlmanı...
sevməli, hamımız bir Allahın bəndəsiyik, onun mərhəmətinə
möhtacıq.
Əlbəttə, şair dostum, qonşum Əli Vahidin
bütün şeirlərini uğurlu sayıb, təqdir etmək
olmaz. Bir də
ona məəttəl qaldım ki, xasiyyətcə nikbin ruhlu,
xoşqun təbiətli həyatsevər bir adam
olan Əli Vahid poeziyanın sevgi, məhəbbət kimi əbədi
mövzusunda şeirlər yazmayıb.
Olma məhəbbətin
əsiri,
Dağılar ailənin sirri - beyti göstərir ki,
şair hətta məhəbbət mövzusunda yazmağı
ehtiyat edib, bir növ mənəvi babası M.Ə.Sabirin yolu
ilə gedib.
Bu il aprelin 1-də Əli Vahid
Çaylının 60 yaşı tamam olur. Aldadıcı
gündə dünyaya gəlib, bəlkə də onun
doğum xəbərini verəndə atası, qohum-qardaş
elə bilib ki, yalandı, inanmayıblar bu xəbərə... Amma Əli Vahid 60 ildir yalanı həqiqətə
çevirməklə məşğuldur. "Aldanm
ki, şair sözü əlbəttə, yalandır" -
deyib dahi Füzuli. Əli Vahid də bu
"yalana" inanıb 60 ildir yol gəlir. Yolçu
yolda gərək...
Axtarsan
özündə həlli
İzi bəlli
olan elsiz məkan var,
Yurdun atıb gedən evsiz qalan var.
Qız, bəsdi
oxudun Şuşam var, xan var,
Şirvanşah
nəsliyəm izimdən bəlli,
Axtarsan taparsan özündə həlli.
Oğulsan
Vətənin xoş günün oxu,
Laləsin,
nərgizin dər, ünün oxu,
Quşların
nəğməsin bəz dilin oxu,
Dağların
zirvəsi düzündən bəlli,
Axtarsan taparsan özündə həlli.
Ordubadım,
Şirvanım bağlı elmdi,
Şəmkir, Tovuz, Qazax axar selimdi.
Azərbaycan anam - doğma dilimdi.
Ölməz
Vətənimin sahibi bəlli,
Türkəm, Türkoğluyam asandı həlli.
Şamaxılıyam,
Şirvan adım, sanımdı,
Şeyx İbrahim, Fərrux Yasar şahımdı.
Cismi bədənimdən
axan qanımdı,
Unutmaz
torpağın, şairi bəlli,
Axtarsan, taparsan özündə həlli.
Döyülməsə
əyilməz
Yaşamaq
yaşatmaq mərdin işidi,
Mənəm, mənəm deyən yarıtmaz onu.
Ölüylə
daş atmaq şərin işidi,
Yaxşılıq özünə yar etməz onu.
Birləşib
bir olsaq, düşmənimiz də,
Qərar tuta bilməz heç cərgəmizdə.
Nə coşar, nə daşar tam səbrimizdə,
Bu haləti görən unutmaz onu.
Bir vursa
ürəkdə, qəlbin nəbizi,
Kükrədər çayları, sakit dənizi.
Müqəddəs
sayılsa, elin hər izi,
Kədərin karvanı sarsıtmaz onu.
Əhdə
sadiq insan coşmaz heç vaxtı,
Səbirsizlik yolun aşmaz heç vaxtı.
Namərd
körpüsündə keçməz heç vaxtı,
Ən ağır sınaqlar yanıltmaz onu.
Acımaz
tabaqda mayasız xəmir,
Hakimləşə bilməz qərarsız əmr.
Döyməsən,
əyilməz çəkicə dəmir,
Əyilsədə belə, xar etməz onu.
Ağlamayın
məni
Ağlamayın
mənim qəbrimin üstə,
Dərddə dərd gətirər, inanın mənə.
Ağlamaq
yaxşıdır... sitəmin üstə,
Niyyət əhd yetirər, inanın mənə.
Analar
qalmasın gözləri yaşlı,
Olmasın
yolları kəsəkli, daşlı,
Yaşayaq
kişi tək, ağıllı
başlı,
Tası zər bitirər, inanın mənə.
Ehtiyacım
yoxdu gözlərdə yaşa,
Ömrümü vurmuşam çoxdandı başa.
Bürünmüşəm
bezə, ala, qumaşa,
Adım nam ötürər inanın mənə.
Fanilik son
deyil, o axirətdi,
Duyuram savabı, önəmli şərtdi.
Tanrı
diləyində yerim cənnətdi,
Ruhlar can
itirər, inanın mənə.
Şükür
İlahi, sənə Şükür
Göylərin
nuru bizə bəsdi,
Dağların yeli düzə əsdi.
Xain rəqiblərin
dilin kəsdi,
Şükür
İlahi, sənə şükür!
Əhdindən,
andından dönən çox,
Natəmiz
qanından ölən çox,
Ədalət
haqqını bölən çox,
Şükür
İlahi, sənə şükür!
Şər
işlərlə yoxdu aramız,
Yasaq edib bizə anamız.
Halalla
yaşayır balamız,
Şükür
İlahi, sənə şükür!
Dərs
almışıq ulularımızdan,
Tərdə axıb qollarımızdan.
Qeyrət
gördük dullarımızdan,
Şükür
İlahi, sənə şükür!
Əldə
qələmim sözün deyər,
Əli Vahidə, düzün deyər.
Vətənə
qurban-özün deyər,
Şükür
İlahi, sənə şükür!
Hər
soya qarışmaz adımız,
Ocaq
çatdıq, yandı yadımız,
Tamlandı
- tam oldu dadımız,
Şükür İlahi, sənə
şükür.
Ədalət.-2016.-30 mart.-S.4.