BAĞA BAXARSAN BAĞ OLAR
Ölkəmizdə neftdən asılılığı aradan qaldırmaq üçün dövlət səviyyəsində çox böyük layihələr və proqramlar gerçəkləşdirməyə başlanılıb. Təbii ki, uzun illər məmləkətimizin iqtisadiyyatında bir çox sahələrə bir o qədər də önəm və diqqət yetirilməyib. Ancaq son vaxtlar dünyanı bürüyən iqtisadi böhrandan sonra bizim ölkəmizdə də yeni inkişaf yolları və çıxış məqamları axtarılmaqdadır. Və nə yaxşı ki, bununla bağlı tez bir vaxtda hökumət tərəfindən ciddi addım atılıb.
Sirr deyil ki, uzun illər ayrı-ayrı fermerlərə və insanlara məxsus torpaq sahələri əkilməyib. Daha doğrusu, bəziləri digər sahədə yaşayış və dolanışıq olduğu üçün torpağı əkib-becərməyib. Və nəticədə isə müəyyən məhsulların qıtlığı və bahalığı yaranıb.
Fərəhlə deyə bilərik ki, Füzuli rayonunda da son vaxtlar ölkə prezidentinin qarşıya qoyduğu vəzifələr diqqət mərkəzinə çəkilib. Yəni ilk növbədə kənd təsərrüfatının - taxılçılığın, maldarlığın, tərəvəzçiliyin, üzümçülüyün, pambıqçılığın inkişaf etdirilməsi üçün çox böyük işlər həyata keçirilir. Bununla yanaşı, ayrı-ayrı şəxslərə məxsus olan həyətyanı sahələrin əkilməsinə, becərilməsinə və məhsulun yetişdirilməsinə rayon icra hakimiyyəti tərəfindən çox böyük qayğı göstərilir.
Bu məqsədlə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev digər icra qurumlarının nümayənədələri ilə birlikdə bütün kəndlərdə, yaşayış məntəqələrində camaatla görüşlər keçirib, onların arzu və təkliflərini dinləyib, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün onlara böyük dəstək olduqlarını bildirib. Hamıya yaxşı bəllidir ki, Füzuli rayonunun torpağı daha bərəkətli və daha məhsuldardır. Təkcə bir faktı qeyd edək ki, ötən il rayonda rekord miqdarda taxıl istehsal olunub. Elə bunun özü bir daha təsdiq edir ki, bu torpaq nə əksən, onu da yetişdirəcək və bol məhsul verəcək.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev kəndlərdə camaatla görüşü zamanı insanlarla sıx ünsiyyət yaranmasından və sahibkarlara lazımi şəraitin yüksək səviyyədə təşkil edilməsində heç bir problemin olmayacağını bir daha onların nəzərinə çatdırıb. Və bildirib ki, hər bir insan özünə məxsus olduğu torpaq sahəsini əkməli, becərməli və orda istənilən məhsulu yetişdirməlidir. Hökumət və dövlət də bu məqsədlə rayona çox böyük köməklik göstərir.
Aydındır ki, Füzuli cəbhə bölgəsi olduğu üçün prezident İlham Əliyev həmişə bu bölgəyə maddi və mənəvi cəhətdən böyük dəstək olub. Rayon icra başçısı da camaatla görüşündə bir fikri xüsusilə vurğulayıb ki, ölkə prezidentinin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində biz yaranmış iqtisadi böhrandan tez bir zamanda çıxış yolu tapacağıq. Bunun üçün hər kəs özünə məxsus torpaq sahəsini əkməli və becərməlidir. Məhz bolluğu da bu cür yaratmaq olar. Alı müəllim bizimlə söhbətində bir hadisəni xüsusilə xatırlatdı. O dedi ki, kəndlərdə görüşüm zamanı gördüm ki, bir qadının əlində "Fanta" var. Soruşdum ki, sənin həyətində ərik, şaftalı, alça, gilas, gilənar ağacları varmı? Qadın isə utana-utana dilləndi:
-Qağa, hər cür ağacımız var.
- Bəs onda niyə özünüz həmin ağacların meyvəsindən kampot bişirmirsiniz?
Həmin xanım güldü və yenidən dilləndi:
-Düz deyirsən, heç ağlımıza gəlmir. İndən sonra Allah qoysa, yay gələndə elə bağımızın meyvəsindən kamport bişirəcəyik. Tutdan doşab bişiririk, ancaq bir az tənbəllik edib kampot bişirməyə fikir vermirik.
Bu cür səmimi söhbətlər insanlar arasında daha normal qarşılanır. Əlbəttə, başçı xalqa yaxın olanda, insanlarla sıx ünsiyyət yaradanda camaat da ruhlanır və ürəkdən bu torpağa, bu yurda bağlanır.
Öyrəndik ki, rayon icra hakimiyyəti hər həftə kəndlərdə gedən əkin, təsərrüfat işləri ilə maraqlanır. Hətta bu məqsədlə rayon icra hakimiyyətinin əməkdaşları hər gün kəndləri gəzir, əkilən və boş qalan torpaqlar barəsində başçıya məlumat verir. Təbii ki, bu da onunla bağlıdır ki, hər bir kənd adamı əkib-becərdiyi məhsuldan həm özü bəhrələnsin, həm də onu bazara çıxarsın. Yəni torpağın məhsuldar becərilməsi insanları müəyyən asılılıqdan və ələbaxımlılıqdan azad edəcək. Üstəlik də bu həm də işsizliyi, bekarçılığı aradan qaldıracaq.
Gözlənilir ki, bu il Füzulidə əvvəlki illərlə müqayisədə dəfələrlə çox kənd təsərrüfatı məhsulları - kartof, soğan, üzüm, mer-meyvə, bostan-tərəvəz məhsulları istehsal ediləcək. Bu bolluğun yaradılması həm də ucuzluğa gətirib çıxaracaq. Həmin məqsədlə rayonun yeni salınmış iki qəsəbəsində - "Qayıdış" və "Cobucuq" qəsəbələrində yeni bazar açılacaq. Bunun üçün bir çox işlər artıq gerçəkləşdirilib.
Yaxın gələcəkdə isə Füzulidə kompleks sənaye müəssisəsi tikiləcək. Bu sənaye müəssisəsində həm kənd təsərrüfatı məhsulları fermerlərdən və sahibkarlardan alınacaq, həm də orda emal olunacaq. Nə az, nə çox həmin sənaye müəssisəsində yeddi minə yaxın insan işlə təmin olunacaq. Bu isə o deməkdir ki, kəndli əvvəllər olduğu kimi əkib-becərdiyi məhsulu bazara çıxarmaqda və satmaqda çətinlik çəkməyəcəkdir.
Bu gün
Füzulidə çox yüksək ovqat və aura var. Çünki insanlar ölkə prezidenti
cənab İlham Əliyevə və onun rayonundakı səlahiyyətli nümayəndəsi
Alı Alıyevə böyük ümidlər
bəsləyirlər. Belə ki, ölkə
prezidentinin qarşıya qoyduğu
vəzifələr bu gün
Füzulidə çox yüksək səviyyədə
həyata keçirilir. Alı Alıyev
bizimlə söhbətində onu da qeyd etdi
ki, yaxın günlərdə onlar Fransanın Altgir
şəhərinə səfər edəcəklər. Həmin
şəhərlə Horadiz şəhəri
qardaşlaşacaq. Çünki
Fransanın o şəhəri də İkinci Dünya
Müharibəsində alman faşistləri
tərəfindən yandırılıb və
darmadağın edilib. Horadiz
isə erməni qəsbkarları tərəfindən
yandırılaraq külə döndərilib. İndi
hər iki şəhər tanınmaz dərəcədə
yenidən tikilib və abadlaşıb. Erməni
lobbisinin çox güclü nüfuzu olduğu bu yerdə əlaqələr
qurmaq və dostlaşmaq
Fransa-Azərbaycan münasibətində çox
böyük önəm kəsb edəcək.
Hər halda bu il ölkəmizdə "Multikulturalizm
ili" kimi qeyd edilir. Ona görə
də Fransanın şəhəri ilə Horadizin qardaşlaşması
bir daha Azərbaycanda multikulturalizmin
necə yüksək səviyyədə inkişafını
əks etdirir.
Bu yaz günündə
rayonda hara baxırsan orda bir yaşıllıq, bir gözəllik və bir işıq
var. Atalar çox gözəl deyib, "bağa baxarsan bağ olar, baxmazsan dağ". Deməli,
torpağı əkib-becərirsənsə,
onu qoruyursansa və orda həmişə
həyat var, yaşıllıq var, gözəllik var...
Ədalət.-2016.-30
mart.-S.3.