TEATRA BAĞLI BİR ÖMÜR

 

 ("Sənət fədailəri" silsiləsindən)

 

O, Akademik teatrın aparıcı aktyorlardan biri idi. Çox təvazökar, həm də ciddi insan idi. Taleyindən, səhnədə keçirdiyi əlli illik həyatından narazı deyildi, özünü xoşbəxt sanırdı. Haqqında nə radioda, nə də televiziyada bir veriliş getmədi, heç yaradıcılıq gecəsi də keçirilmədi. Bunun heç fərqinə də varmırdı. Söhbət Əməkdar artist Burcəli Əsgərovdan gedir.

Burcəli Əsgərov 1933-cü ildə Gürcüstanın Marneuli rayonunun Qasımlı kəndində anadan olmuşdu. Öz kəndlərində səkkizillik məktəbi bitirəndən sonra Qərbi Azərbaycanın Körpülü kəndində təhsilini davam etdirmişdi. Elə orta məktəbdə oxuyarkən ədəbiyyata böyük maraq göstərib, özfəaliyyət dərnəyində çıxış edib, onun şeir deməyi ədəbiyyat müəllimlərinin xoşuna gəlib. 1952-ci ildə orta məktəbi bitirəndən sonra sənədlərini M.Əliyev adına Teatr İnstitutuna təqdim edib, həmin il də arzusuna çatıb. Teatra marağı da elə kənddən başlanıb. Yaşlı bir ədəbiyyat müəllimi-Nadir Qiyasbəyli Burcəlidə olan teatr həvəsini şölələndirib, onun təhrikilə məktəb tədbirlərində şeir parçaları oxuyar, xırda rollar ifa edərdi. Və bu səbəbdən də məktəbi bitirəndə heç bir tərəddüd eləmədi, "mən aktyor olacağam" dedi.

Bu da Teatr İnstitutu. Dörd il sevimli müəllimlərindən - Rza Təhmasibdən, Kazım Ziyadvan, Mehdi Məmmədovdan sənətin sirlərini öyrənib. Və 1956-cı ildən ta ömrünün sonunacan Akademik teatrda çalışıb. Elə illər idi ki, cavan Burcəli teatrın korifey sənətkarları sayılan Ələsgər Ələkbərovla, Mustafa Mərdanovla, İsmayıl Dağıstanlı ilə, Hökumə Qurbanova ilə, Həsənağa Salayevlə, Barat Şəkinskaya ilə, Sidqi Ruhulla ilə, Ağasadıq Gəraybəyli ilə, Möhsün Sənani ilə, Rza Əfqanlı ilə, Yeva Olenskaya ilə bir səhnəyə çıxırdı. Həm tərəfi-müqabil olurdu onlarla, həm də öyrənirdi. O sənətkarların hər bir bir məktəb idi.

Deyirdi ki: "Mənim ürəyimdə onların hər birinin heykəli var. Oturub saatlarla hər biri haqqında gözəl xatirələr söyləyərəm. Məsələn, mən Kazım Ziyanı və Ələsgər Ələkbərovu necə unuda bilərəm? Kazım Ziya ərəb və fars dillərini gözəl bilirdi. Hələ əruz vəznində olan şeirləri onun kimi dürüst oxuyan görməmişəm. Kazım Ziya "Səhnə danışığı" adlı gözəl bir kitab yazmışdı və deyim ki, səhnə mədəniyyətini onun kimi bilən və anladan yox idi. Vaqifi o da oynayırdı, Ələsgər Ələkbərov da. Ancaq heç biri digərini təkrar eləmirdi. Kazım Ziya Vaqifi şair kimi oynayırdı, Ələsgər Ələkbərov isə qəhrəman kimi. Bu gün bəzi aktyorlara elə gəlir ki, səhnəyə çıxıb sözünü dedin, kifayətdi. Amma sözü demək asandı, gərək o sözü ürəklərə yeridəsən, duyğulara çökdürəsən, şüurlara həkk edəsən".

Xoşbəxtlikdən mən Burcəli Əsgərovun Akademik Teatrda oynadığı rolların əksəriyyətini izləmişəm. Onun aktyor ampulası mənfi və müsbət rollar oynamasına baxmayaraq həmişə ciddi obrazlar üzərində köklənmişdi. Səsindəki amiranəlik, ötkəmlik buna imkan verirdi. Gah qəhrəman rollarını ifa edirdi, gah hökmlü müdir, gah müdrik bir qoca-el ağsaqqalı, gah mənfi bir tipacı, gah da hökmdar - amma hamısında ciddi idi. "Vaqif"də Eldar, "Maqbet"də Banko, "Bizim qəribə taleyimiz"də Ataxan, "Qılınc və qələm"də Atabəy Məhəmməd, "Dəli yığıncağı"nda Hacı Məhəmməd Əli, "İnsan"da Cəlal, "Yollara iz düşür"də Alxan, "Təhminə və Zaur"da Zaurun atası, "Göz həkimi"də Şahbazlv... Hələ teatr tamaşalarını demirəm. O roların hər birinə ürəyinin bir parçasını vermişdi. İlk rolu "Vaqif"də Əli bəy olub. O tamaşada Vaqifi Ələsgər Ələkbərov oynayırdı. Hər tamaşada onun əllərinin ağırlığını hiss edirdi. Ustadın sözlərini də unutmurdu: "Çox sağ ol, oğlum, yaxşı oynadın". "Vaqif"də o, Vidadini də, Eldarı da oynamışdı. Amma "Solğun çiçəklər"də oynadığı Bəhram rolu ona daha əziz idi.

Bu yaxınlarda "Ədəbiyyat qəzeti"ndə qocaman sənətkar-Xalq artisti Ağakişi Kazımovun Burcəli Əsgərova həsr etdiyi "Bir insan...gBir aktyor kimi..." adlı yazısını oxudum. Çox sevindim, "nə yaxşı ki, Burcəli Əsgərov yada düşdü, sağ olsun Ağakişi müəllim" dedim. O yazıdan bəzi fraqmentləri nəzərinizə çatdırıram: "59-cu ilin axırında teatrımız Moskvadan Ədəbiyyat və İncəsənət ongünlüyündən qayıdandan sonra B.Əsgərov Çin yazıçısı Tsao Yuyun "Tufan" adlı əsərində Da Xay rolunu oynadı. Deyərdim, ilk dəfə Burcəlinin yaradıcılığında əsaslı bir dönüş başlandı. Onun oynadığı rol çılğınlığı, faciəvi temperamenti ilə seçilirdi. Ardınca "Dağlar qızı"nda Kamil, "Hacı Qara"da Heydər bəy, "Səyavuş"da Bəhram, "Antoni və Kleopatra"da Pompey rollarını yaratdı... Bu rollar Burcəli Əsgərovun bir aktyor kimi teatrda layiqli yer tutduğunu sübut etdi. Xüsusilə, Heydər bəy obrazında Burcəli tanınmaz idi. Xalq artisti Azər Paşa Nemətovun hazırladığı "Hamlet" tamaşasında Burcəli Hamletin atasının kölgəsini oynayırdı. Mən bir çox tamaşalarda bu rolu oynayan aktyorları görmüşəm. Burcəlinin yaratdığı Kölgə həm davranışı, həm də səsi ilə möhtəşəm təsir bağışlayırdı".

"Göz həkimi" tamaşasında professor Şahbazov rolunu xatırlayıram. Bu rol sanki onun boyuna biçilmişdi. O qədər təbii oynayırdı ki, hər bir tamaşaçı həyatda belə bir ciddi, amma son dərəcə çılğın, yeniliklə barışmayan bir insanın varlığına qətiyyən şübhə etmirdilər. Əslində, Burcəli Əsgərov müasir həyatdan alınan tamaşalarda daha təbii görünürdü.

1997-ci ildə mən Burcəli müəllimdən o zamanın populyar qəzetlərindən biri olan "Panorama" qəzetinə müsahibə aldım. Amma o müsahibə bütünlüklə dərc edilmədi. Ona görə də müsahibədən yarımçıq qalan hissəni bu yazıya qatmağı lazım bilirəm.

- Siz teatrımızın bir neçə dövrünü yaşamısınız. Dövrləri müqayisə eləmək necə, ürəyinizdən keçirmi?

- Hər dövrün öz xüsusiyyəti var. O illərdə (50-70-ci illərdə) az qala bütün Bakı teatrla nəfəs alırdı. Tamaşadan bir saat əvvəl teatrın qarşısında izdiham yaranırdı. Ələsgər Ələkbərovun Vaqifini görməyən, Otellosuna baxmayan tamaşaçı özünü bədbəxt hesab edirdi. O illərdə aktyoru qiymətləndirirdilər, şərəfləndirirdilər. Dönə-dönə şahidi olmuşam ki, Ağasadıq Gəraybəylinin, İsmayıl Osmanlının, Möhsün Sənaninin, İsmayıl Dağıstanlının pərəstişkarları küçədə onların qabağını kəsir, minnətdarlıq edir, sorğu-suala tuturdular. Aktyor maddi cəhətdən az-çox təmin olumuşdu. Teatr hər bir evin-ailənin mövzusuna çevrilmişdi. Bəs indi? Az qala bütün Bakı böyük bir bazara dönüb. Və hamı dövrünmü, zəmanəninmi, ehtiyacınmı quluna çevrilib. Aktyor var ki, dolana bilmir, sənətindən ayrılır, başqa sahə ilə məşğul olur, toylarda tamadalıq edir. Yaxşı ki, son aylarda teatra maraq bir az artıb. Mən elə bilirəm, maddiyyata çox meyl edənlər yavaş-yavaş mənəviyyata qayıdacaqlar.

-Heç olubmu ürəyinizdən keçən bir rolu sizə verməyiblər?

- Çox olub. Amma bunlar haqqında danışmağı qeybət hesab edirəm. Nə veriblər oynamışam, çalışmışam yaxşı oynayım. Bir də ki, mən heç bir rejissoru qınamıram. Rejissor qurucudur, onu bənna ilə müqayisə etmək olar, binanı tikərkən hansı materialdan necə və nə cür istifadə eləməyi özü yaxşı bilir. Rejissora da bu mənada irad tutmaq olmaz. Tamaşa hazırlanandan sonra onun quruluşunda yaxşı və qüsurlu cəhətlər üzə çıxır.

- Həyatdan vaxtsız köç edən sənət dostlarınızı necə, xatırlayırsınızmı?

- Deyin ki, xatırlamadığınız günlər olubmu? Mən sözün əsl mənasında nəhəng aktyor olan Səməndər Rzayevi necə unuda bilərəm? Azərbaycan teatrı onun simasında nələr qazandı və nələri itirdi - bax, bunu teatrşünaslar dönə-dönə araşdırmalıdırlar. Hamlet Qurbanovu necə? Belə bir aktyor bir də dünyaya gələrmi? Bəs Hamlet Xanızadəni necə? "Qətl günü"ndə o, öz taleyini oynamırdımı? Bu sənətkarlar öz ölümləriylə teatr tariximizin sonrakı səhifələrini boş qoymadılarmı?

- Burcəli müəllim, cavanlardan kimə daha çox ümid bəsləyirsiniz?

- İstedadlı cavanlar çoxdur. Nurəddin Quliyev, Telman Adıgözəlov, İftixar Piriyev, Əlvida Cəfərov, Şahin Cəbrayılov...gAmma bu cavanlara etimadsızlıq buzunu hiss edirəm. Siz bilən, Telman Adıgözəlovu Azərbaycan tanımır? Çox gözəl tanıyır. Amma onun potensialı tam şəkildə üzə çıxmalıdır.

-Sizə baxanda aktyor olduğunuzu unuduram. Çox ciddi, sərt adama oxşayırsınız..

-Mən həyatda da ciddiyəm. Bu ciddilik səhnədəki oyunumda da özünü göstərir. Neçə ildir İncəsənət Universitetində dərs deyirəm. Müəllim kimi də ciddiyəm. Bu mənim həyat və sənət qanunumdu. Həkim oğluma, müəllim qızıma da, həyat yoldaşıma da bu ciddiliyi aşılaya bilmişəm.

-Sonuncu rolunuz?

-İnsan-sənətkar bütün ömrü boyu İNSAN rolunu oynayır. Konkret teatra gələndə "Fərhad və Şirin"də Azər baba rolundayam. Gəlin, tamaşa eləyin.

Və mən o tamaşaya getdim. Burcəli Əsgərovun Azər babasını gördüm.

Səkkiz ildən sonra isə qəzetlər onun ölüm xəbərini verdilər. Allah rəhmət eləsin!

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

Ədalət.-2016.-30 mart.-S.3.