HƏMİŞƏYAŞIL
KARANDAŞ
MƏKTUB
Hörmətli redaksiya, salam!
"Ədalət" qəzeti mənə təsisçi, tələbə ikən "Rast" povestimin qərəzli tənqidinə qarşı sovet sıxaclarından ehtiyatlanmadan etiraz səsini ucaldan Aqil Abbas, baş redaktor, Məmməd Araz yadigarı İradə xanım Tuncay və baş redaktorun müavini, redaksiyanın yorulmaz "yazı maşını" Əbülfət Mədətoğlu imzaları ilə əzizdir. Sevgimi etiraf etmək mənə xoş olardı.
2016-cı ilin yubilyarlarından (80 yaş) biri də mənəm. "Üstün" statusumdan istifadə edərək sizə hamının sevdiyi nadir istedad, orijinal üslub sahibi, vətənçi poeziyamızın bayraqdarı Məmməd Araz haqqında xatirələrimi göndərirəm. Onun vaxtilə xeyirxah əli mənə doğru uzanmasaydı, yəqin ki, indi bu məktubu sizə yazmaq imkanında olmayacaqdım. Əməlləri yaşayanın ruhu şad olur.
Bu xatirələr M.Arazın həyatına tanış olmayan bir bucaqdan işıq saldığı üçün oxuculara maraqlı görünə bilər. Çap amacı ilə yazımı "Ədalət"in ədalətli ünvanına göndərirəm.
Dərin hörmətlə: Qərib Mehdi,
"Məmməd Araz" mükafatı laureatı,
03 may, 2016, Gəncə şəhəri.
Qərib MEHDİ
(əvvəli ötən sayımızda)
Bir millət olaraq çatışmazlığımız nədədir? Cavab: unutqanlığımızda, özümüzü düşünməkdə və böyük dərd ətrafında birləşə bilməməkdə. Bax, buna görə də 50 milyonluq bir xalqın vətəni indiyədək parçalı vəziyyətdədir. Bu təhlükə hələ də başımızdan sovuşmayıb. Bu günün bəlası dünəndən gəlir. M.Araz dünənki bəlamızı bu gün üçün açırdı. Açırdı ki, ibrət dərsi götürək:
Məndən ötdü!.. Məndən ötdü...
Sevincə bax, qeyrətə bax!
Bunu yazan xilqətə bax!
Məndən ötdü...
Qulağımdan getmir bu səs,
Zərbələri qardaşına,
Sirdaşına ötürən kəs.
Elə bil ki, bax bu gecə
Qulağımın dibindəcə
Xətainin süqutuna qəh-qəh çəkdi.
Sonra, sonra
Səhərəcən başına yüz qədəh çəkdi.
O qəh-qəhin dalğasından
O məstliyin
baş
fırladan havasından qopan daşdı -
Azərbaycan
torpağında
Araz boyda şırım açdı.
Məndən
ötdü...
Bunu dedi
Şəki xanı,
Bunu dedi
Bakı xanı,
Bunu dedi
İbrahim xan, Fətəli xan, Kəlbəli xan...
Şair
bu dəhşətli mövqeyin acı nəticələrini
aşağıdakı ayıldıcı misralarla bitirir:
Səndən
ötən mənə dəydi,
Məndən
ötən sənə dəydi,
Səndən,
məndən ötən zərbə
Vətən,
vətən, sənə dəydi...
Təəssüf ki, illərdən, əsrlərdən
bəri davam edən acınacaqlı tendensiya bu gün də
olduğu kimi qalır. Erməni işğalçıları ilə
müharibə vəziyyətində ola-ola nə iqtidarla
müxalifətimiz, nə də ölkədışındakı
ayrı-ayrı qruplar halında fəaliyyət göstərən
diasporlarımız böyük məqsəd uğrunda bir
araya gələ bilmirlər ki, bilmirlər. Taleyinə ikifikirli cəmiyyətin şairi olmaq qisməti
düşüb Məmməd Arazın. İkililik
onun da həyatından gəlib keçir. Onların
mənfi çalarlısı ötəri olsa da, şair səmimiyyətə
sadiq qalaraq heç nəyi gizlətmir. İnsani
hissi olduğu kimi dilə gətirir. Bəzən
ürəyinin diktəsinə qulaq asa bilmir. Bəzən mülayim olmaq xatirinə boğazına
sarınan ilanı tumarlayır. Bəzən
haqq yolu göstərdiyi haqqını qamarlayır. Barışırmı M.Araz bu duyğularla?
Yox! O, ötərilərə, alçaldıcılara qəlbində,
beynində yuva qurmağa imkan vermir. Dərhal
özü üçün həyəcan təbili
çalır. Belə olarsa, "haqqın
yox, Məmməd Araz, haqqın yox yaşamağa!" deyir.
Şair ötəri hisslərin əlindən qurtulub
özünə qayıdan kimi öz insani və ədəbi
platformasını bəyan edir:
Sən məqamı
gələndə
Araza bənd
olansan,
Hər
sözün işığında
göyə bülənd olansan,
Sən
arzuya bələdçi,
şərə kəmənd olansan,
Haqqın
var, Məmməd Araz,
Haqqın
var yaşamağa!
Cəmiyyət pozulanda, insanlar yolunu azanda, zülm ərşə
dirənəndə Tanrının səbr kasası
daşır, yeni mizan yaratmaq üçün cəzaya əl
atır. M.Araz Tanrı cəzasına layiq olan bir cəmiyyətin
əhatəsində yaşamağa məhkum edilmişdi.
Cəmiyyəti bilərəkdən elə bir
oyuna salmışdılar ki, çıxış yolu
tapmağa yerdəki babalardan heç birinin gücü
çatası deyildi. Yuxarıdakı əlin
vasitəsilə idarə olunan işarəli təbliğat
maşını var gücü ilə bütün dünyaya
natəmizi pak kimi göstərirdi. Bəs,
əslində, bu cəmiyyətin sifəti necəydi? Onun ən doğrusunu ancaq M.Araz qələmi yaza bilərdi.
Yazdı da:
Gedir yal
davası, sümük davası,
Gedir
vurhavurla çəpik davası,
Gedir
milyonçunun qəpik davası,
Çürük
fikirlərin çürük davası...
Dünya
düzəlmir ki, düzəlmir, baba!
Bu bəlanın, bu faciənin analoji deyimi mənim də
sinəmi dağıdırdı. Ancaq mənim adım Məmməd
Araz deyildi. Mən o dərdi ancaq cibimin ən dərin
guşəsində gizlətdiyim qeyd dəftərçəmə
rəsm etməklə kifayətlənmişdim:
"Başdan-başa umacaqlı bir cəmiyyətin içindəyəm.
Bu cəmiyyət "rüşvət" adlı öz
aparıcı qanunu ilə yaşayır: işləyir. Verməsən, vəzifəyə qoymazlar, almasan, vəzifədə
saxlamazlar. Müdrik şair eybəcərliyin
önündə yox, fonunda yox, fövqündə
dayanırdı. Vətəni bölünməyə
öyrəncəli olan şair, mənəviyyat
bölücülərinə meydan verdiyi üçün gah
dünyanın yaxasından yapışıb mühakimə
edir, gah da ondan bir gərəkli nəsnə
ummadığı üçün üzünü yana çevirirdi:
İti
bazarında atından baha,
Mən belə dünyanın nəyindən
küsüm?!
Bir-birini
inkar edən hansı epitet qalıb ki, dünyaya
ünvanlamasınlar: yalan-doğru, gözəl-çirkin, vəfalı-vəfasız,
fani-əbədi və sairə. Bütün mənalarda
Bizi Biz eləyən dünyadır. İnsanın
naşükürlüyündən heç olmaz. Gəmidə
oturub gəmiçi ilə davaya çıxmağımız
az olmayıb. Bizi yedirdən,
boya-başa çatdıran ana dünyanın bizdən
övlad qədirbilənliyi ummağa haqqı var. Axı o
bizim doğulanda beşiyimiz, öləndə qəbir
evimizdir. Onu məhvərindən
çıxartmağa dəlilərin gücü çatmaz.
Onu "ağıllı dəlilərdən"
qorumaq lazımdır. Dünyadan bu qədər gileylənən,
umu-küsü edən M.Araz da elə bu mövqedən
çıxış edirdi:
Bəşər
çox təzadlar yükünü dartıb:
Dara da ilişib, çıxıb da dardan.
Ağıllı
azdıqca ağılsız artır,
Qoruyun
dünyanı "ağıllı"lardan!..
Keçmişli-indili imperiyalar, hökmdarlar onlarla cəsarət
oyununa girənləri, eyiblərini aləmə car çəkənləri
bağışlamamış və bu gün də bağışlamırlar. Deyəsən,
şairin gözünü qan örtmüşdü. O, əjdaha
ağzında qumru yuvası qurmaq həvəsinə
düşmüşdü. Sovet səltənəti
doğruçu yaradıcı-ziyalıların məzarlığını
yaratmağın klassik ustasıdır. Görəsən,
bu qorxulu, bu riskli oyunun necə qurtara biləcəyindən onun
xəbəri vardımı? Əlbəttə,
vardı. Ona görə də hərdən
özünün özünə xəbərdarlığı
eşidilirdi:
Nədir
itən, nədir qalan?..
Beş-on sözdür ümid - qalam.
Baş
aparsam, başsız qallam,
Yüyənimə qaytar məni.
Bu, tərəddüddür, yoxsa ehtiyatlılıq? Bu, geriçəkilmədir,
yoxsa həqiqət uğrunda manevr etmək? Şair iki
yoldan birini seçməlidir: ya
sağlamlığının, ya da sənətinin qeydinə
qalmalıdır. Şairin qərarı
ömürlü olsa, indiyədək qazandığı oxucu
rəğbətinə zərər gəlməyəcəkdimi?
İtki var, qazancdan xeyirlidir. Əsl sənətkar üçün faydasız
özünüqorumanın üzünə qapı çox
açıq qala bilməz. Budur, bunu
hamıdan yaxşı, vaxtında duyan müəllif onun qələmindən
gerçəyi oxumağa alışan oxucuları ilə həmişəlik
birlikdədir. M.Araz məşhur geoloq-alim Xudu Məmmədova
həsr etdiyi şeirində deyirdi:
Bax, donqar
dəvənin səbət yükünə,
Bənzəyir
içi boş şöhrət yükünə,
Ömür
karvanının sənət yükünə
Bir-iki
qeyrətli söz yükləməsək,
Sən kimə gərəksən, mən kimə gərək?!
Vacib haşiyə. M.Araza həsr olunmuş bu yazını
zaman şəkilçilərinə görə
uzlaşdırmağa əlim gəlmədi. Fikirlər gah keçmiş, gah da indiki zaman şəkilçiləri
üzərində ifadə olunurdu. Görünür,
bu da təbiidir. Cismaniliyə görə
M.Araz dünəndir. Sənətə
görə isə şair həm dünən, həm bu
gün, həm də gələcəkdir. Məhz
bu anlam cümlələrdə texniki tarazlığın
qarşısını aldı. M.Araz vətən
torpağının, təbiət gözəlliklərinin
vurğunuydu. Bu heyranlıq zaman-zaman qələmə
gəlirdi. Yeri düşmüşkən,
deyək ki, onun ixtisasca coğrafiyaçı olması
yazılarında öz təsirini göstərirdi. Bu təsir istər publisistik, istərsə də
poetik yazılarının ideyasına qaynaqlanır, ədəbi-bədii
məhsulun fərdiliyini, fərqiliyini daha da
artırırdı. O, təbiət mövzusuna da
müxtəlif rakurslardan - bucaqlardan baxa bilirdi. "Göy
göl" şeiri bir şair seyrçiliyinin,
heyranlığının məhsuludur:
Bir səhər
gördüm ki, durulub yatır,
Kəpəzin
dibində burulub yatır,
Qovulan
ceyrantək yorulub yatır,
Daş atdım, diksinib oyandı Göy göl.
...Yel əsdi,
yarpaqlar suya töküldü,
Göy çitə tünd sarı güllər tikildi.
Buludla
ağladı, günəşlə güldü,
Deyəsən, bir kövrək insandı Göy göl.
Araz bir çay olaraq təbiətin möcüzəsidir. Ancaq zaman onun həyat rəmzi
olan su missiyasına siyasi don geyindirib. Çayın zorla boynuna
qoyulan ikinci vəzifə həssas şairin nəzərindən
yayınmır:
Bəxtimə
bir yazı qurumu dəydi,
Taxtıma
iki əl qırımı dəydi,
Gözümə
bir Araz şırımı dəydi,
Yüz Araz töküldü gözümdən mənim.
Bu səpkidə olan mövzunun bir başqa çalarında təbiətin aşınmasına, talanmasına qarşı torpaq oğlunun vətəndaş narahatlığı dayanır. Ekoloji hadisələr özünü iki formada büruzə verir. Birinci halda təbiət zəlzələlər, vulkanlar, tufanlar vasitəsilə öz-özünü silkələyir və tarazlayır. M.Araz bir şair və coğrafiyaçı gözü ilə bu dəyişməni, əvəzlənməni gözəl sezib. "Uçqun" şeirində oxuyuruq:
Ayırır bir dağı bir dağdan uçqun,
Qarın göz yaşını selə döndərir.
Qartal yuvasını dağıdan uçqun
Bir düzü sonalı gölə döndərir.
...Dağıdır
bir əli, tikir bir əli,
Onun daş biləyi, daş bənnası var.
Nə bərbad
edəndə çəkinir əli,
Nə abad edəndə təmənnası var.
Əzəmətli Kəpəz dağı uçdu, əvəzində
nazənin Göy göl yarandı. Sanki təbiət
qarşısıalınmaz cinayətini təmənnasız
mükafatla ödədi. İnsanın təbiətə
- öz xilaskarına vurduğu zərbəni heç nə,
heç kim sağalda bilməz. O, təkcə
gözəlliyi, yaşıllığı,
yaxşılığı və təmiz havanı məhv
etmir, həm də bəşərin gələcəyini təhlükə
qarşısında qoyur. Qəddarlığın
yerini qayğı tutmasa, bizə başqa müharibə
lazım deyil. Məmməd Araz insan tərəfindən
təbiətə dəyən bir xətanı, bir cinayəti
belə mənalandırır:
Bir
ağac yıxıldı yol qırağında,
Bir hənir yox oldu yol qırağından.
Bir igid
qaməti gərildi yerə,
Bir gəlin saçları sərildi yerə.
Bir bulaq
ağladı hey xısın-xısın,
Tutuldu gözləri o yetim qızın.
Qırıcı
qırğılar marıq itirdi,
Balalı sərçələr qoruq itirdi.
Baxışlar
zilləndi o aşan yerə,
Bir zaman nəşələr
toplaşan yerə
Baxdılar:
təəccüb... Baxdılar: təəssüf...
Bir vaxt
kölgəsində tumarlanırdı,
Bir vaxt
kölgəsində xumarlanırdı
Onlar, o
birilər... sənlər və mənlər,
Onun kölgəsində dinclik əmənlər...
(ardı var)
Ədalət.-2016.-5 may.-S.4.