YAŞADIQLARIMI YENİDƏN YAŞADAN
KİTAB
Dostum, həmkarım Ziyəddin Sultanova kiçik bir məktub
Çoxdanın söhbətidi, lap çoxdanın. Onda dünya köhnə qanunlarla yaşayırdı. Adamlar köhnə dünyanın arzularını ürəklərində qanadlandırırdılar və bu köhnə dünyanın dayaq nöqtəsi imperiyanın baş şəhəri idi. Amma buna baxmayaraq, o köhnə dünyada söz hər şeydən urvatlı idi, sözün dəyəri, çəkisi var idi. Ona görə də sözə meyl salanlar, sözə ömrünü, gününü həsr edənlər cəmiyyətdə də sayılıb-seçilirdilər...
Təsadüfi deyil ki, söz adamı olmaq əslində bir şərəf idi. Və həm də bir şərəfli işin görünüb-görünməyən tərəflərini ürəkdən qələmə və vərəqə, oradan isə oxucuya qədər uzanan bir yolun yolçusunun nə boyda yükə çiyin verdiyini təkcə ifadə etmirdi, həm də onu kökləyirdi, onu ruha, cana hopdururdu, ona ikinci bir ömrün, ikinci bir yolun başlanğıcını göstərirdi. Bax, həmin o zamanın şinelindən çıxıb o köhnə dünyanın altından, üstündən xəbər tutan söz adamları həm də bir-birinə dayaq idi, bir-birinə güvənc yeri idi, bir-birinə əl uzadıb qayğı, diqqət göstərən bir Allah bəndəsi idi.
Mən bu birnəfəslik bir işi məqsədli şəkildə yazıram. Çünki barəsində söhbət açacağım insan həmin o köhnə dünyanı görən, həmin köhnə dünyanın şinelindən çıxan, üstəlik sözü ömrünə, gününə çevirən, özü sözün içində yaşayıb sözün ömrünü uzadan və bir də ümid, güvənc yeri olan ustad yazardı.
Bəli, mən bir neçə dəfə yazılarımda vurğulamışam ki, Azərbaycan jurnalistikasında sözünə və şəxsiyyətinə çox böyük önəm verdiyim, özümə müəllim hesab etdiyim söz adamlarının içərisində Ziyəddin Sultanovun ayrıca yeri var. Çünki bu insan sözün içini gördüyü kimi, şəxsiyyətin bütövlüyünü də elə biçimdə qoruyub saxlayır ki, ona toz da yapışmır. Hətta zaman-zaman apardığım müşahidələr əsasında bu qənaətə gəlmişəm ki, Ziyəddin müəllim öz yazılarıyla, öz təcrübəsiylə, öz iş üslubuyla jurnalistikanı yerdən özünün boyu qədər yuxarı qaldırır. İmkan vermir ki, sözə, jurnalistikaya çirk toxunsun, çirkli nəfəs dəysin. Və yaxud da kimsə onun üstündən tapdalayıb keçsin. Təbii ki, bu, həm peşəkarlıq tələb edir, həm sözə təkcə əyilmək yox, həm də əyildiyi sözü içində göyərtmək qabiliyyətinin mükəmməl olmasını ortaya qoyur. Görürsən ki, onun qələmi sözü yerdən necə qaldırır, sözə necə nəfəs verir, sözü necə dirildir, onu necə tər saxlayır. Bu tər söz də, bu diri söz də səni özünə çəkir, sən onunla nəfəs-nəfəsə dayanırsan, onunla həmsöhbət olursan və onu özünə hopdurursan və olur sənin sözün. Artıq müəllif Ziyəddin Sultanov öz missiyasını başa vurur. Oxucu onun sözünün daşıyıcısına çevrilir. Zənnimcə, ustadlıq da, peşəkarlıq da, məharət də elə budur...
Deməli, 80-ci illərdən bu günə qədər yaradıcılığını izlədiyim Ziyəddin Sultanovun sözünün demək olar ki, 95 faizi Qarabağ, Gəncəbasar bölgəsiylə bağlıdır. 80-ci illərin ortalarından isə o, bütünlüklə həyatını, yaradıcılığını Qarabağla bağladı. Artıq mən onun o zamankı "Kommunist" qəzetindəki yazılarını və həmin yazılardakı kəsəri indi də xatırlayanda, təbii ki, həm ideoloji cəbhənin bir dayaq olduğunu düşünməklə bahəm, həm də qələm adamının özünün məharətini paralelləşdirir və görürəm ki, Ziyəddin müəllim ondakı ruhla, təmkinlə, ustalıqla, özü də çəkinmədən yazmaq ənənəsini bu gün də "Xalq" qəzetinin səhifələrində oxucuya çatdırır. Yəni zaman dəyişsə də, üst qurum uçub dağılsa da, amma Ziyəddin Sultanovun qələmi öz sözünü gerçək, səmimi və qərəzsiz şəkildə bu gün də oxucu qarşısına çıxarır. Və nəhayət, elə bu məqamda mən qayıdıram Qarabağa. Çünki çox hörmətli həmkarım mənə təqdim etdiyi və səmimi avtoqrafla mənim üçün bir az doğmalaşdırdığı kitabının üstündə yazıb:
- Gəlin gedək Qarabağa!
Bəli, bu bir çağırışdı. Amma bu çağırış həm də Ziyəddin müəllimin yenicə işıq üzü görən kitabının adıdı. Mən bu kitabı daha çox gündəliyə bənzətmək istəyirəm. Özü də bir söz adamının, bir yazıçı-publisistin gündəliyinə. Çünki bu kitabda zaman məsələsi açıq-aydın özünü göstərir. O zaman, yəni gündəlikdə yaşayan, ona hopan və ondan bizə gələn zaman 1988-ci ilin 13 fevralından başlayır. Bilməyənlərə xatırladım ki, bu bizim tariximizin, zorən cəlb olunduğumuz müharibənin ilk işartısı və rəsmi qeydiyyata alınan nöqtəsidi. Doğrudur, ona qədər Dağlıq Qarabağın mərkəzində, yəni o vaxtkı Stepanakertdə fevralın 9-da 30-40 nəfərlik bir mitinq olmuşdu. Amma fevralın 13-də artıq mitinq edənlərin sayı 300 nəfəri keçmişdi. Ziyəddin Sultanov həmin 13 fevral 1988-ci il yazısıyla bizi Dağlıq Qarabağa aparır. Muxtar vilayətdə baş verənləri faktlarla, konkret ünvanları göstərməklə bizə o qanlı tarixin məqamlarını yenidən söyləyir, yenidən şərh edir, yenidən xatırladır. Və biz həmin o gündəliklə artıq Qarabağın necə ev-ev, kənd-kənd işğal olunmağa başladığını izləyirik. Çünki 13 fevraldan sonra Topxana gəlir. Topxanının ardınca insanların, özü də əliyalın insanların baş verənlərə bu və ya digər formada münasibətləri, həmin o münasibətlərin fonunda yaratdıqları birliklər, dəstələr, eləcə də fondlar ortalığa çıxır. Onda da məqsəd Dağlıq Qarabağın azərbaycanlı əhalisinə arxa durmaq, dayaq olmaqdır. Elə Ziyəddin Sultanovun həmin o xatirələrindən bir yarpaq da məhz "dayaq fondu"du.
Bəli, mən bu kitabı oxuyuram. Öncə dediyim kimi, bu gündəliyin içərisində Qarabağın ilk şəhidlərini - Bəxtiyar Quliyevlə Əli Hacıyevi görürəm. Onların öz qanlarıyla təkcə tariximizə yox, həm də sovet ideologiyasının qazanında əriməkdə olan milli kimliyimizə etdiyi təsiri, yatmış, az qala toz basmış torpaq sevgimizə səpdiyi oyanış harayı, özünə qayıdış çağırışı hər sözün, hər fikrin arxasından boy göstərir. Çünki Ziyəddin müəllim ilk şəhidlərimiz barəsində statistika, fakt yox, həm də bir könül yazısını mətbuat səhifəsinə çıxarır. Və oxuduqca müəllifin də oxucuyla eyni auranı yaşadığını aydınca görmək olur.
Neçə gündü təkrar-təkrar gözdən keçirdiyim bu kitabın hər bir yazısı mənə Qarabağlı günlərimi xatırladır, məni Qarabağa doğru yönəldir. Və elə bilirəm ki, tarix təkrar olur... elə bilirəm ki, mən Tuğdayam. Çünki Ziyəddin Sultanov bu kitabında kəndimin, yəni Tuğun necə yandığını təkcə yazmayıb, qələmə almayıb, həm də o informasiya xarakterli yazının alt qatında dövrə, həmin dövrün hakim dairələrinə, bütövlükdə vətəndaşları arxasız buraxan, taleyin axarına tapşıran rəhbərliyə sərt etiraz var. Özü də təsəvvür edin ki, bu yazı hakim partiyanın orqanı olan qəzetdə, yəni "Kommunist" qəzetində çap olunur. Deməli, 1991-ci ilin 30 oktyabrında gecə saatlarında yandırılan məşhur Tuğ kəndinin göz acıdan tüstüsü bir gün sonra "Kommunist" vasitəsilə hadisələrin gerçək üzünü görməyən və yaxud görmək istəməyən gözləri acıdır. Burada bir məqamı da vurğulamalıyam. Bu da kitabın tarixilik baxımdan özündə ifadə etdiyi fakt zənginliyidir. Yəni illər ötəcək, hər hansı bir araşdırmaçı Dağlıq Qarabağ hadisələrinə üz tutanda dağa-daşa düşmədən əlini uzadıb "Gəlin gedək Qarabağa" kitabını bir mənbə kimi götürüb istifadə edə biləcək. Çünki təkrar olsa da vurğulamalıyam ki, bu kitabda zaman öz ardıcıllığını kifayət qədər qorumaqla bahəm həm də hadisələr şahid-müəllif Ziyəddin Sultanovun faktlarına söykənir.
Sizə təqdim etdiyim "Gəlin gedək Qarabağa" kitabı bir də ona görə mənim üçün önəmlidi ki, son günlər, xüsusilə arxada qalan aprel ayında bizim Qarabağa dönüşümüzün mütləq olacağına inamı birə yüz artırdı. Ordumuzun göstərdiyi rəşadət, Müdafiə Nazirliyimizin, Ali Baş Komandanımızın qətiyyətli çıxışları, göstərişləri, eləcə də ölkə başçısının cəbhə bölgəsinə səfəri bizim Xankəndinə, Şuşaya bayraq sancacağımız günün nə qədər yaxında olduğunu hamıya, o cümlədən düşmənə də nümayiş etdirdi. Bax, bu mənada Ziyəddin Sultanovun 1988-1994-cü ilin avqust ayına qədər əhatə edən bu kitabı çox önəmlidir, təqdirəlayiqdir, həm də inamı, ümidi artıran söz çələngidi, fikir toplusudu.
Mən kitaba xeyir-dua vermiş "Xalq" qəzetinin baş redaktoru, "Əməkdar jurnalist" Həsən Həsənovun bir fikrinə diqqəti çəkmək istəyirəm: "...Əsər nikbin duyğularla sona yetir və oxucunu inandıra bilir ki, tezliklə torpaqlarımız yağı düşməndən azad olunacaq, qaçqın və məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdacaqlar". Məhz bir qədər əvvəl son hadisələrlə bağlı vurğuladığım fikrin təsdiqi olan bu iqtibası müəllif özü də təsdiqləyir və onu da bildirir ki, "mən Qarabağ müharibəsinin tarixinə aid gündəlik yazmamışam". Lakin mən bir oxucu olaraq müəllifin bu etirafı ilə tam razı deyiləm. Çünki bu kitab mənim gördüklərimin, şahidi olduqlarımın həm də xronologiyasıdır, necə deyərlər, həm də gündəliyidir. Təbii ki, mənim üçün.
O ki qaldı bu kitaba, mən müəllifə və oxuculara kitabın adından çıxış edərək, təkrar olsa da deyirəm:
- Gəlin gedək Qarabağa!
ədalət.-2016.-5 may.-S.3.