Adil Həsənoğlu

 

Yenə o dağ olaydı...

 

İki nakam Müşfiqin (şair M.Müşfiq

Zəngilanlı şəhid O.Müşfiq) əziz xatirəsinə

Yenə o dağ olaydı, yenə ətəklərindən,

zirvəni görüb mən,

"Babama bənzəri var" - deyib, qürurlanaydım,

yan-yana dayanaydım.

Yenə o dağ olaydı, əl atıb ulduzları,

Dərəydim gecəyarı,

Adı gizli o qızın saçlarına düzəydim,

Xəyallarda üzəydim.

Deyəydim ki, "gözəl qız, məni bilmə sən qərib,

Axşam tanrı göndərib!"

 

Yenə o dağ olaydı, qalxaydım dönə-dönə,

Boylanaydım Vətənə.

Yurdun təmiz havasın ciyərimə çəkəydim,

Dizi üstə çökəydim,

Göyə açıb əlimi, şükr edəydim Allaha,

Yaratdığı sabaha.

Anamın duaları, atamın alqışları,

Düşmənin qarğışları.

Qulağıma səs kimi dolaydı səhər-axşam.

Biləydim yaşamışam.

Bu dilək ruh diləyi, bu dilək tutmaz ağlı,

Bu dilək göyə bağlı.

Görmədiniz, mələklər məni yerdən götürdü,

Ucalığa gətirdi.

Burdan rahat görünür, o yurd yeri, o dağlar,

Odu sönmüş ocaqlar,

Düşmən tapdağı altda inildəyən torpaq da,

Qan ləkəli yarpaq da.

Yurd alınsın yağıdan, bircə ona möhtacam,

Onda rahat olacam.

Yenə o dağ olaydı, yenə qılınc, at səsi,

İgidlərin nərəsi.

Gah o dağdan gələydi, gah bu dağdan gələydi,

Qarabağdan gələydi.

Didəydi içimizi türklük, mərdlik qüruru,

Alaydıq Zəngəzuru.

Məzarından dikəlib dillənəydi Rəvan xan,

"Hədəfimiz İrəvan!

Tarixin gedişində yeni düzüm olmalı,

Göyçə bizim olmalı".

Yenə o dağ yerində qıy çəkir qoca qartal,

Millətimdə xoş əhval.

Boylanıram arxadan, neçə-neçə mərd gəlir,

Düşmən üçün dərd gəlir.

Torpağıma can verib damarımdan axan qan,

Yaşayır Azərbaycan.

Görürəm unutmayıb ağır olsa qədər,

Bizi bizsiz sevənlər.

Məzarım üstə güllər, hıçqırıqlı qız səsi,

Bir sevgi naməsi.

 

Yenə o dağ olacaq, yenə o bağ olacaq,

İsti ocaq olacaq.

Qocaların yerişi, sevənlərin görüşü,

Körpələrin gülüşü,

Yenə dən-dən olacaq, yenə həmən olacaq,

Yenə Vətən olacaq.

Elə bilməyin onda mən yoxam aranızda

İnanın sıranızda,

İlk sırada mən varam, ilk cərgədə özüməm,

Başın sağ olsun, Vətən!

 

ədalət.-2016.-5 may.-S.4.