Sərgərdən - Hekayə
Azan səsinə oyandı. Dikəlib üst-başına düşən çörək qırıntılarını təmizlədi. Otaqda tək başına yaşayırdı. İçki şüşələri divarın dibində necə gəldi tökülüşüb qalmışdı. Heç birində bir damcı belə araq qalmamışdı. Dünən gecə həmişəki kimi yaman vurdu. Son zamanlar bir dəstə özü kimisi ilə şəhərin vağzalyanı ucuz kafelərindən birinə dadanmışdılar. Hərəyə beşdən-üçdən yığanda içki alıb içə bilirdilər. Hərdən bəxtləri gətirəndə tanışlar rast gəlir, onların stoluna zırpı araq şüşəsi göndərir, özləri də bəlkə də onlarla qoşulmağı özlərinə sığışdırmayıb çıxıb gedir, bir növ onlardan yaxa qurtarırdılar.
Dünənki içkidən başı
zoqquldayır, ağzı acı dadırdı. Bir azca araq, ya da
bir bakal olsaydı bəsiydi. Ancaq araq və pivə
üçün aşağı
düşməyə dəyməzdi.
Onsuzda bu vaxt bütün
dükanlar və kafelər bağlı olurdu.Təzədən gözünü
yumub yatmağa cəhd etmək də özünü aldatmaq idi. Fikirləşdi ki, görəsən
soyuducunun küncündə-bucağında
içki-zad qalmayıb
ki? Amma xasiyyətindən halı idi. Bu evdə onun
əlindən içki
dayanar? Əlinə içki düşən
kimi başına daş salırdı.
Yerində oturub dolabın
üstündəki siqaret
qutusunu açdı.
İçində iki-üç dənə
qalmışdı. Dükanlar açılana
qədər bir təhər başını
qata bilərdi. Ac qarnına çəkməyə
adətkardı. Ancaq nədənsə
bu dəfə siqaret çəkməkdən
vaz keçdi.
Ayağa qalxanda əyninə baxdı. Şalvarının böyür-başı çirklənmiş, maykasının
cırılmış parçası
sallanırdı. Ürəyi araq
üçün gedirdi.
Bu elə bil
duyğu idi ki, ondan qaçmaq
qeyri-mümkün idi.
Əlinə bir şey keçməyəcəyini ümidli
olmasa da hər ehtimala qarşı içki şüşələrini bir-bir
əlinə alıb silkələdi. İçində heç nə olmadığını anlayıb
onları bir-bir yerinə qoydu. Sonra hamama keçib həvəsiz halda üzünə su vurdu. Başını qaldıranda güzgüdə
özünü gördü.
Sifəti codlaşmış, gözünün altı torbalanmış, qara zolaqlar əmələ gəlmişdi, burnu isə heç deyiləsi deyildi. Buratina kimi burnu qıpqırmızı
idi, üzünü ağappaq tüklər örtmüşdü. Saqqalını sığalladı. Bir
an gülümsəniüb
qapını açdı.
Çölə çıxanda gözü
qaraldı, başı
fırlanır, ürəyi
bulanırdı. Təcrübəsindən bilirdi ki, bir
azdan bu keçib gedəcək.
Deyəsən, dünən içdiyi
araq heç fərli deyildi. Son vaxtlar araqların
da zayı çıxmışdı. Adamı kefləndirməkdən çox,
yuxu basırdı.
Bir az getmişdi
ki, yaxında üç-dörd adamın
oturduğunu görüb
ora tərəf getdi. Bu adamlar
onu görən kimi geri çəkildilər.
Onların içində
çəlimsiz, daha cavan oğlan üzünü turşudub:
Otur - dedi.
Həmin bu oğlan da,
burdakılar da namaz qılırdılar. Hamısının da Səlimdən zəhləsi gedirdi.
Tərslik onda idi ki, Səlimin də onlardan xoşu gəlmirdi. Bunlar namaz qılmaq adı ilə bütün əclaflığı
eləyirdilər. Pozğun kinolara
baxır, bundan zövqlə dostlarına danışır, yeri gələndə söyüş
söyürdülər. Səlim düzdü, namaz qılmırdı, ancaq onların belə hərəkətlərini həzm
eləyə bilmirdi.
Oğlanlardan ən böyüyü
əlini tərpədə-tərpədə
dayanmadan danışırdı:
Namaz qılmayanlar
kafirdirlər, onlar cəhənnəmə düşəcəklər...—
deyib özünü öyür, gələcəkdən
xəbər verirdi.
Yaxşı tanıyırdı. Qabaqlar içki içənin,
nəşə çəkənin
biri idi. İndi xalqa ağıl öyrədirdi. Səlim bu
oğlanın sözünü
eşidəndə elə
bil başından aşağı qaynar su töküldü.
Allax-bullax olmuş başı
elə bil özünə gəldi.
Əsim-əsim əsən
əlini oğlanın
çiyninə vurub qurumuş boğazını
arıtlayıb cod səslə
dedi:
- Sən yaman böyük danışırsan.
O nə deməkdi namaz qılmayan kafirdi?
Bu qəfil təmasdan
oğlan qorxdu. Elə bildi,
Səlim onu vuracaq. Əvvəllər onu məhlədə
vuran-tutan oğlan kimi tanıyırdılar.
Amma son vaxtlar Səlim adamlara dəyib-dolaşmırdı.
Bilirdi ki, bu qədər əclafı, oğraşı
döymək söyməklə
onları adam
etmək çətindi.
Oğlan duruxdu. Elə bil cavab tapmağa çətinlik
çəkirdi. Vəziyyətdən çıxmaq üçün
fikirləşdi. Bir-iki dəfə
istədi dillənsin,
sözü iri bir loxma kimi
boğazında ilişib
qaldı. Handan-hana
oğlan sifətini Səlimə çevirib:
- Səlim əmi, Quranda oxumuşam. Orda elə yazılıb.- deyə bildi.
Səlim əsəbləşdi. Dünənki uşaq ona ağıl
öyrədirdi. İstədi deyə "Get, ağzının
qatığını sil”,
ancaq demədi. Nə fərqi vardı? Onsuz da qanan deyildi.
Başdan da onun-bunun fikri ilə oturub-duran, tutuquşu kimi başqalarının sözünü danışan,
öz fikiri olmayan adamlardan zəhləsi gedir, belələri ilə ünsiyyətdən qaçırdı.
Son vaxtlar isə
belələri sürü
kimi çoxalmışdı.
Hansının öhdəsindən gələsən? Hansının dərsini verəsən?
Yerindən durdu, başını götürüb harasa getmək istəsə də fikirini dəyişib təzədən
oturdu. Özünə
söz versədə
hiss edirdi ki, deyişmək üçün
içi gedir. Kimisə vurmaq üçün əli gicişir Qəzəbindən tükləşmiş
sifətini yolmağı
gəlirdi. Deyəsən içinin qəzəbi üzünə də vurdu. Gözlərini
elə iri bərəltdi ki, oğlan üzünü yana çevirəsi
oldu:
- Ə, oğraş, o harda yazılıb ə...?—Dik-dik
oğlanı başdan
ayağa süzdü.
Cavab qaytarsa çənəsinə
birini ilişdirişəcəkdi.
—Mən elə namaz qılmayan görmüşəm ki,
o sizin yanınızda
cənnətlikdi. Siz özüvüzü
öyürsüz ki,
biz belə namaz qılırıq, biz beləyik,
biz eləyik. Bütün günü
o pox-püsür şeylərə
baxan kimdi? Abrıvız olsun ə...
Namaz kimi müqəddəs şeyi siz oyuncağa
çevirmisiz.
Səlim bunu deyib üzünü
səki ilə gedən adamlara dikdi. Yoldan keçənlər
Səlimə sanki aydan gələn adam kimi
diqqətlə baxırdılar.
Səlimgilin oturduğu yerə bir yığın uşaq gəldi. Onlar gözlərini
Səlimə dikimişdilər.
Hamısının üzündə bu davanın nə ilə bitəcəyi marağı
donub qalmışdı.
Hətta
bəziləri artıq
nə baş verdiyini pıçıltı
ilə bir-birilərindən
soruşub öyrənmişdilər.
Səlim başını qaldırıb
tamaşaya durmuş uşaqlara baxdı. Onlardan biri ona tanış gəldi.
Cibini qurdalayıb bir əlli qəpik tapdı. Uşağı yanına çağırdı.
- Orxan, get mağazadan mənə çubuş
al.- dedi və qəpik pulları ona uzatdı.
- Səlim əmi, çubuş 2 manat olub e... - Orxan dilləndi.
Səlim titrəyən əlləri
ilə bir də cibini axtardı. İki manatı çıxardıb
uşağa uzatdı.
Bayaqdan Səlimlə
mübahisə edən
oğlanlar susub oturmuşdular. Sanki bundan
sonra nələr olacağını götür-qoy
edirdilər.
Bir azdan Orxan gəldi, əlindəki içki şüşəsini Səlimə
uzatdı.
- Təzə gətiriblər
- deyib geri çəkildi.
Səlim butulkanı bərk-bərk
silkələyib gözünü
bərəltdi. Butulkanın içindəki kiçik
burulğana baxıb:
- Yaxşı araxdı - dedi.
Oğlanlar bir az
da geri çəkildilər.
Səlim
içki şüşəsinin
qapağını burub
açdı və başına çəkdi.
İçdikcə gözləri qızardı.
Butulkanı bir kənara
qoyub o tərəf-bu tərəfə baxdı.
Elə bil nə isə
axtarırdı.
Bütün bədəni əsirdi. Dodaqları qapqara
olmuşdu. Ağzını
köynəyinin qolu ilə silib mübahisə elədiyi oğlanlara tərəf döndü:
Allah məni sevir. Arağı
əlinə alıb dedi:
İçirəm Allahın sağlığına!
Oğlanlar bir himə bənd
imiş kimi aradan çıxdılar. Səlimin qarşısında
tor çəkilmiş boşluq
yarandı. Elə bil
uzun bir kəndirin üstündə
yeriyirdi. Sonra başı
çiyninə düşdü.
Bir neçə
dəqiqəyə ətrafdakı
adamların sayı çoxladı. Bərbər, ətsatan, mağazaçı,
şofer--bir sözlə, hamı işini buraxıb ora toplaşmışdı.
Göy üzündəki günəş
də sanki binaların üstündən
gözünü bərəldib
Səlimə baxırdı.
Səlim
günəşi görüb
bağırdı:
- Çıxma, bat, bat günəş!
Qoy bura həmişəlik qaranlıq
qalsın!
Tamaşaya yığışanlar bu
oyuna baxmaqdan bezikib iş-güclərini
yadlarına salıb yavaş-yavaş dağlışmağa
başladılar. Hündür mərtəbəli binanın pəncərələrindən
nə olduğunu bilmək üçün
başlarını bayıra
çıxarmış arvadlar
da elə bil indi ayılıb
uşaqlarını evə
çağırırdılar. Uşaqlar bu cür maraqlı şeyi buraxıb getmək istəməsələr
də analarına hay verib evə dönməyə məcbur
idilər. O biri, işləməyən, bütün
gününü orda-burda
keçirən yekə
kişilər yenə
çayxanaya doluşub
səs-küylə damino
oynamağa başladılar.
Səlim diz çökmüşdü.
Ədalət.-2016.-1 noyabr.-S.4.