DAHA BÖYÜK UĞURLARA İDDİALI ZAQATALA...

 

 (əvvəli ötən sayımızda)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyəti və "RR" şirkətlər qrupu tərəfindən Zaqatala rayonunun Aşağı Tala kəndində "Şimal-Qərb" brendi altında Sosial Ticarət mərkəzinin tikintisi üçün torpaq sahəsinin ayırması və layihələndirmə işlərinə başlanılmışdır.

Layihəyə əsasən kənd təsərrüfatı bazarının, mebel satış mərkəzinin, yanacaqdoldurma məntəqəsinin, regional ticarət mərkəzinin, avtomobil bazarının, çörək zavodunun, dəyirmanın, quru meyvələrin istehsalı və qablaşdırılması obyektlərinin, tikiş fabrikinin, ət məhsulları mini zavodununsoyuducu kameraların, tir parkının, mövsümi məhsulların saxlanması üçün anbarların və soyuducu kameraların, regional tikinti materiallarının satışı bazarının, beton məmulatların istehsalı obyektinin tikintisi və 1100-1200 nəfər üçün yeni yerlərinin açılması nəzərdə tutulur.

Cari ilin ötən dövründə rayonda sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərilərək 28 layihə üzrə 258,0 min manat həcmində güzəştli kredit verilmiş, 10 sahibkarlıq obyektinin tikintisinə razılıq verilmişdir.

Daxili bazarı qorumaq üçün gətirilən bəzi mallara rüsumların artırıldığını, daxili istehsalçıların bundan sui-istifadə etməməli olduqlarını vurğuluyan dövlətimizin başçısı, Nazirlər Kabinetinin iclasında demişdir: ".... istehlak bazarına çox ciddi nəzarət olmalıdır ki, bəzi natəmiz sahibkarlar bundan istifadə etməsinlər. Çünki idxal olunan ərzağın, yaxud hansısa digər məhsulun qiyməti artarsa, onlar çalışa bilərlər ki, öz məhsulunun da qiymətini artırsınlar. Yəni, buna yol vermək olmaz. Həm yerli və həm də mərkəzi icra orqanları buna çox ciddi nəzarət etməlidir".

Ölkə prezidenti cənab İlham Əliyevin göstərişləri rəhbər tutularaq 9 ayda rayonda süni qiymət artımına yol verilməməsi məqsədilə istehlak bazarının qiymətinə və keyfiyyətinə nəzarət üzrə monitorinqlərin keçirilməsi təmin edilmiş, sağlam rəqabətin yaradılması və süni qiymət artımının qarşısının alınması üçün müvafiq tədbirlər görülmüşdürbu məsələyə diqqət daha da artırılmalıdır.

2016-cı ilin doqquz ayında büdcəyə vergi və tədiyyələr üzrə 5,2 milyon manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar 102,1 faiz icra edilmişdir. Gəlirlərin 9,6 faizi dövlət sektorunun, 90,4 faizi qeyri-dövlət sektorunun payına düşmüş, vergi qanunvericiliyini pozan 69 vergi ödəyicisinə 927,0 min manat həcmində maliyyə sanksiyası tətbiq edilmiş və həmin vəsaitin tam olaraq büdcəyə ödənilməsi təmin edilmişdir. Cari ilin hesabat dövründə mərkəzləşdirilmiş xərclərdən 11 milyon 120 min 801 manat subsidiya alınmış, büdcə xərcləri 16 milyon 294 min 793 manatya 92,6 faiz icra olunmuşdur...

 

Dövlət qayğısı sevinc

bəxş edir

 

Rayonda əhalinin rifah halının, onun maddi təminatının yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi, ünvanlı sosial yardımların, pensiyaların, əməkhaqlarının vaxtında verilməsi, aztəminatlı ailələrə qayğının artırılması daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 2016-cı ilin doqquz ayı ərzində 572 pensiya işi təyin edilmiş, 16645 pensiyaçıya xidmət göstərilmiş, 4,6 milyon manat məcburi dövlət sosial sığorta haqları yığılmış, proqnoz tapşırıqlar 89,2 faiz icra edilmiş, sığortaedənlərin sosial sığortaya cəlb olunması, məcburi dövlət sosial sığorta haqları ödəyicilərinin qeydiyyata alınması ilə bağlı 42 fiziki şəxsə qarşı maliyyə sanksiyaları tətbiq edilmişdir.

Cari ilin hesabat dövründə rayonda 4982 nəfərə sosial müavinət, 540 nəfərə prezident təqaüdü, 2082 ailənin 9023 üzvünə (hər ailəyə orta hesabla 153.36 manat) ünvanlı sosial yardım verilmiş, 212 nəfər kimsəsiz qocalara xidmət göstərilmişdir. Hesabat dövründə məşğulluq xidməti tərəfindən 2624 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 604 nəfər münasib işlə təmin olunmuş, 94 nəfərə işsizlik müavinəti təyin edilmişdir.

 

Kənd təsərrüfatında

yeni mərhələ

 

2016-cı ilin 9 ayında kənd təsərrüfatı məhsullarının istehsalı 90 milyon 886 min manat olmuşdur. Hesabat dövründə rayonda 38233 ton taxıl, o cümlədən 26933 ton buğda, 32090 ton qarğıdalı, 388 ton günəbaxan, 18512 ton kartof, 19065 ton tərəvəz, 8303 ton bostan məhsulu, 35 ton tütün, 18607 ton meyvə, 36.5 ton yaşıl çay yarpağı istehsal olunmuşdur.

İribuynuzlu mal-qaranın baş sayı 61399 başa, qoyun-keçilərin baş sayı 169326 başa çatdırılmış, rayonda 6723 ton diri çəkidə ət, 31833 ton süd, 16150 min ədəd yumurta istehsal edilmişdir.

Azərbaycan Respublikasının Prezident Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanovun rəhbərliyi ilə fəaliyyət göstərən işçi qrupu, 19 may 2016-ci il tarixdə Zaqatala rayonunda olaraq kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində aparılan işlərin vəziyyətini yerində öyrənmişdir. Daha sonra işçi qrupu Heydər Əliyev Mərkəzində təşkil olunmuş müşavirədə iştirak edərək ayrı-ayrı fermerlər və adamları ilə kənd təsərrüfatının, xüsusilə də tütünçülüyün və baramaçılığın inkişafına mane olan problemləri va onların aradan qaldırılması yollarını müzakirə etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq Zaqatala rayonunda da müvafiq tədbirlər görülmüşdür.

Belə ki, tütünçülüyün inkişaf etdirilməsi məqsədi ilə fermerlərlə geniş maarifləndirmə tədbirləri aparılmış, nəticədə 601,5 ha sahədə tütün əkilmişdir. Artıq, sahələrdən məhsul yığımına başlanılaraq 2802 ton yaşıl tütün "İntertobacco" MMC tərəfindən tədarük edilmişdir.

Hesabat dövründə 1,5 ton barama istehsal edilməsi nəzərdə tutulsada, proqnoz tapşırıqlar kümçülər tərəfindən bir neçə dəfə artıq yerinə yetirilməklə, 6 tondan artıq barama istehsal edilərək "Şəki-İpək ASC"-yə təhvil verilmişdir. Gələcəkdə istehsalın artırılması məqsədi ilə cari ilin payız mövsümündə rayonda 146000 ədəd tut tinginin əkilməsi nəzərdə tutulmuşdur.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDZADƏ

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Ədalət.-2016.-3 noyabr.-S.4.