Bir evdə iki
şair olmaz
O, türk poeziyasının unudulmaz isimlərindən olan Camal Sürəyayla böyük bir sevgi yaşayıb. Poeziyaya, ədəbiyyata marağı olan bu qadın şair üçün tutunacaq budaq idi. Zuhal Təkkanat Camal Sürəyayla yaşadığı illəri ürəyinin dərinliyində gizlətməyib, "Yaşadığım illər” adlı kitab yazaraq öz sevgi əhvalatını oxucularla paylaşıb. Camal Sürəya onun üçün bir tərəfdən şair, digər tərəfdən isə unudulmaz bir sevgili idi...
Zuhal Təkkanat məşhur şairlə tanışlığından danışır: "Mən Camal Sürəyanı şair kimi, dərgi direktoru kimi tanıyırdım. "İstanbul” və "Cumhuriyyət” qəzetlərində mədəniyyət müxbiri olduğum dönəmdə Səlmi Andakla birlikdə çalışırdıq. O konsertləri, mən də sərgi və konfransları izləyirdim. Bunun sayəsində xeyli sənətçiylə tanış olmuşdum. Şişlidəki Sinematikdə Camal Sürəyayla tanış oldum. Ondan sonra bir çox yığıncaqlarda tez-tez qarşılaşırdıq. Tomris Uyar deyə biri var, o bir dəfə Camala "üzünə baxanda yanaqları qızaran bir insanla evlənə bilərsən” deyib. Bax həmin qız mən idim. Mənim də şeirə marağım var idi. "Kimi” deyə bir kitab da çıxartmışdım. Hətta şair bu kitab vasitəsiylə mənə yaxınlaşdı. Şeirlərim haqqında danışmaq istədiyini dedi. Sonra bir toplantıda mənə evlənmə təklif etdi, ancaq mən yeri və zamanı uyğun görmədiyim üçün qəbul etmədim”.
"Artıq mənim nişanlımsan, arvadım olacaqsan”
Camal Sürəyanın unudulmaz qadını münasibətlərinin daha da ciddiləşdiyindən bəhs edir: "Mənim üçün bu çox tələsik qərar idi. Amma sonradan daha da yaxın olduq. Məmur kimi çalışırdım və Camalı görmək üçün dərgiyə gedirdim. Arada Kapalı Çarşıya gedirdik. Heç yadımdan çıxmaz, bir dəfə mənə ayaqqabı və üzük almışdı. "Artıq mənim nişanlımsan, arvadım olacaqsan yaxında, get anana, atana de” – üzüyü barmağıma keçirib demişdi. Necə həyəcanlandım, necə xoşbəxt oldum, anlada bilmərəm. Ancaq buna baxmayaraq, sevincimi üzə vurmadım o anda. O gündən sonra Camala inanılmaz dərəcədə bağlandım. Tanışlığımızdan, gəzməyimizdən altı ay keçəndən sonra evləndik. Heç kimi çağırmamışdıq. Sadəcə üç şahid vardı. İşdən bir ay icazə almışdım, gedib evimizi hazırladıq, həyatımızı qurduq. Gözəl bir cütlük olmuşduq. Bir-birimizin gözünün içinə baxırdıq. Amma aradan bir xeyli vaxt keçdikdən sonra mən ilk ərimdən olan qızımı görməyə getdiyimdə Kadıköydəki evimizdə bir çox şair və yazıçının yığışdığını gördüm. Camal gizlətmirdi, amma mən çox qısqanırdım...”
"Qadınlara qarşı bəslədiyi hisslərə dözə bilmirdim”
"İki il keçəndən sonra hamilə qaldım. Hələ doğmamışdan Camal oğlan olacağını və adını Memo Əmrah qoyacağını dedi. Doğurdan da oğlan” – Zuhal Təkkanat Camal Sürəyayla yaşdıqları illəri anlatmağa davam edir:
"1967-ci ildə evləndik. 1974-də isə
ayrıldıq. Tam yeddi il
bir yerdə yaşadıq. Əlbəttə, Camal Sürəya
şair olaraq çox populyar idi və qadınların
marağındaydı. Məhz buna görə mən ayrılmaq istədim. Onun qadınlara qarşı
bəslədiyi hisslərə
dözə bilmirdim.
Ancaq Camal "mən səndən ayrıla bilmərəm”,
- deyirdi. Mən isə belə cavab verdim: "Bir kişinin aldadılan arvadı olmaqdansa sevilən dostu olmağı daha üstün tutaram”.
Camal Sürəyanın qadını
ayrılıq zamanının
çatdığını bildirirdi: "Artıq ayrılmaq lazımdı. Düz bir il ona ayrılmağımız
üçün yalvardım.
Və bir gün "artıq ayrılaq” deyəndə onu qucaqladım, "Bax indi dostuq”
dedim”.
"Ölənə qədər
heç ayrılmadıq”
Bundan sonra Zuhal Təkkanat
və Camal Sürəya dost kimi qaldılar: "Ölənə
qədər heç ayrılmadıq. Onun belə bir misrası
da vardı: "Biz heç ayrılmadıq, yazılmadı adlarımız
baş daşına...”
Gözəl bir evlilik həyatımız oldu.
Ondan sonra ayrı yaşasaq da, heç ayrılmadıq.
O evləndiyi qadınla
mənim yanıma gəlmiş, mən də oğlumla onun yanına getmişəm”.
"Bir evdə iki
şair olmaz”
Zuhal Təkkanat maraqlı bir olayı anladır: "Mən də şeir yazırdım. Məmur olduğum vaxtlar
öz imzamı istifadə etmirdim. Əlif Sorqun adıyla şeirlərim çapdan
çıxırdı. Bir dəfə Camal mənə dedi ki, bir
evdə iki şair olmaz. Bu sözə onda
çox incimişdim.
Məni alçaltdığını zənn
etmişdim. Bu sözlə məni yaraladı. Amma ayrılandan sonra
mənə çox dəstək oldu. 1990-dan üzü bəri yeddi şeir kitabım çapdan çıxdı.
Artıq məni də bunlar ovudur: yazmaq, oxumaq, özəl günlərdə olmaq...
Zuhal Təkkanatın son sözləri:
"Oğluyla münasibəti yaxşıydı. Memo ona "babamsan, atamsan” deyir, şair də cavabında "sən mənim hər şeyimsən” deyirdi.
Camal Sürəyanı itirdik. Üstündən yeddi ay, iki gün keçəndən sonra Memo öldü. Mən çox acılar çəkdim. Yaxşı ki, ilk evliliyimdən olan qızım vardı. O mənə dəstək oldu”.
Ədalət.-2016.- 4 noyabr.-S.4.